İkinci hissə, altıncı fəsil
Страница 2 из 2 · 50%
– Salman Qurbanzadə kimdi?
– Professordu. Siz... Salman Qurbanzadəni tanımırsınız?
– Yox, bacı... Mən neftçi babayam. Bu elm adamlarını çox az tanıyıram, demək olar ki, heç tanımıram. Yeganə tanıdığım adam Orxandı! Onu da televiziya vasitəsilə ilə tanımışam. Dayım haqqında…Yəqin Orxan sizə deyib. Mirzə mənim dayım idi. Bəli, onun haqqında, yetmiş illiyi münasibətilə televizorda danışırdı. Çox yaxşı danışdı, sağ olsun. Bəli, onda dayımın əsərini götürüb gətirdim Orxan müəllimin yanına... Sonra da vaxt..
Gülmirə onun sözünü kəsdi:
– O əlyazması sizin əlinizə hardan keçmişdi?
– O vaxt dayımı aparmamışdan əvvəl, özü gətirib vermişmiş bacısına, yəni mənim anama. «Saxla» deyibmiş..! Uzun illər onun sandığında qalmışdı... İrəhmətlik bir dəfə mənə əhvalatı danışmışdı. Sonra Allah irəhmətinə getdi... Orxan müəllim televizorda danışanda birdən yadıma düşdü, dedim o bilər bu nəmənədi... Gətirdim verdim ona...
Gülmirə mətbəxdən-çaydanın dızıltısını eşidirdi, sonra su qaynadı, daşdı... Çay dəsgahı açmaq fikrindən daşınmışdı deyə durmadı və fikrini yekunlaşdırmaq istədi:
– O vaxt dayının Salman Qurbanzadə adında bir dostu və tələbəsi olub. Əsər yazıb veribmiş dayına, oxusun, fikrini desin.. Sonra kişini aparıblar, əsərin bir nüsxəsi də gedib düşüb ananın sandığına....
Kişi qeyri-iradi ayağa qalxdı. Bu hərəkəti elə qəfil oldu ki, Gülmirə səksəndi də.
– Siz nə danışırsız, bacı?.. Belə çıxır ki, dayım iki daşın arasında Salmandı — nədi, onun əsərini gətirib verib bacısına ki, saxla, ələ keçməsin? İrəhmətlik dayım irəhmətlik anama hələ bunu da deyib ki, mənim dünyada qoyub gedə biləcəyim ən böyük yadigarım budu, bacı, onu qoru, özünə də qismət olmasa, uşaqlarına vəsiyyət eləyərsən — dünya həmişə belə qalmaz, vaxt gələr, üzə çıxarmaq mümkün olar. Sizcə o, bunu başqasının kitabı haqqında deyərdi?.. Yox, yox, bacı... Bir yaxşı-yaxşı fikirləşin.
Gülmirə donub qalmışdı. Ortalıqda dayanıb təəccüb ifadə edən gözlərini geniş açmış kişiyə baxırdı, fikri isə... o əsərlə bağlı söz-söhbətin ətrafında dolaşırdı. Bu məsələ yenicə yatmışdı, neçə aydan bəri davam eləyən mübarizə Salmanın xeyrinə həll olunmuşdu. Salman qalib kimi çıxmışdı meydandan, Gülmirə gözükölkəli. Salman yəqin unutmuşdu bu ittihamı, çünki ondan daha böyük dərdi vardı Salmanın. Gülmirə isə məğlubiyyətinin əzabı içindəydi hələ də. Təzə-təzə unutmağa çalışırdı. Qəribə idi ki, elə bu gün, cəmi bir neçə saat bundan qabaq o, Cəfərlə söhbət eləyəndə, dünyagörmüş kişi heç vaxt unutmayacağı bir söz demişdi:
«Əgər vicdanı varsa, əzabı ona bəsdi. Hər dəfə Mirzə Yanarın adın eşidəndə — onun adını isə tez-tez eşidəcək — o, əriməlidi, ölməlidi, yerə girməlidi. Bu ad onu həmişə, bütün ömrü boyu bir həyula kimi izləyəcək!»
Deyəsən bu sözlərda qəribə bir hikmət var axı. Yoxsa, indi Salmanın təzəcə unutmağa calışdığı bu məsələnin üstünə təzədən qayıdan tapılmazdı belə olmasaydı! Doğrudan da, bax bu zahirindən, hərəkətlərindən özünün də səbəbini anlamadan zəhləsi getdiyi bu uzun adamın sözlərində böyük həqiqət var idi. Buna biganə qalmaq namərdlik olardı. Gülmirənin qanı yenə cuşa gəlmişdi. Yox, burda nə isə açılmaz bir düyün var. Salman nə isə ustalıqla ört-basdır edir!! Ancaq o biri tərəfdən də, sübutla, dəlillə Salman işin içindən quru çıxır. Gülmirə eşitdiyinə inansın, yoxsa gözü ilə gördüyünə? Çaş-baş qalmışdı Gülmirə. O da qalxdı, hiss edilmədən fırlanıb imdad, kömək diləyən nəzərlərlə Orxana baxdı. Orxan heç nə deyə bilmədiyindən susurdu.
Uzun çəkən sükutu kişinin cod səsi pozdu:
– Bunları sizə Salman Qurbanzadə deyib?..
– Hə, — Gülmirə ixtiyarsız söylədi.
– Hardadı o? Harda işləyir?
Gülmirə Salmanın iş yerini dedi. Və dərhal peşman oldu. Hər şey təzədən başlanacaqdı. Gərək deməyəydi, gərək sadəcə deyəydi Orxan ölüb, bütün sirlər də onunla gedib. Salman yenə Gülmirədən şübhələnəcək. «Gedib adam axtarıb tapıb, şahid gətirib! — deyəcək. Təzədən küsəcək.» — Sonra isə içərisindən ayrı, daha ayıq bir səs eşidirdi: «Yox, qoy getsin yanına, danışsın, aydınlaşdırsın. Buna bu kişinin tam haqqı var. Dayısıdı Mirzə Yanar!. Burada mənlik nə iş var ki!! Yox deyəsən, Salman bu çirkin işi tutub. Öz qara əməlləridi onu belə təqib edir. Cəfər demişkən, bəlkə də ömrünün axırına qədər də təqib edəcək!».
Kişi, görünür, Gülmirənin sözlərini yaxşı həzm eləyə bilməmişdi, qara sifətində bir narazılıq ifadəsi var idi. Gülmirənin qırımından bu məsələ ilə bağlı çox şey bildiyi anlaşılsa da, danışmağa çətinlik çəkdiyini, nədənsə tərəddüd etdiyini başa düşüb:
– Orxan müəllim nə vaxt qayıdacaq, inşallah?! — dedi və cavab almamış davam elədi — o, gələndə gələrəm, məni düz-ağıllı başa salar ki, iş nə yerdədi. Görüm bu Salman Qurbanzadə kimdi, nə deyir? Özüm gedib onunla danışaram... Gecmi qayıdar, Orxan müəllim?
Gülmirə servanta söykəndi və ürəyindən qan ağlaya-ağlaya:
– Orxan... heç vaxt... gəlməyəcək, qardaş! — dedi — O, ölüb... Çoxdan ölüb!
– Nə?
Kişinin gözləri heyrətdən böyüdü...
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-altinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Doğma kənd üçün, Ədnan üçün bu qədər bərk darıxdığını indiyəcən Elməddin belə dərindən hiss eləməmişdi. Əslində orda onun heç nəyi qalmamışdı. Boş, kimsəsiz evlərindən başqa heç nəyi... Bir də uşaqlığı, dərdsiz-qayğısız günləri qalmışdı orada, ilk eşqə düşdüyü o əzablı-şirinli günlər qalmışdı orada. Hərdən o kənd üçün, onun güllü-çiçəkli torpağı üçün burnunun ucu göynəyir, varlığını bir həsrət yandırırdı, ancaq işinin çoxluğu, vaxtının azlığı tezcə bu göynərtini, bu həsrəti yuyub aparır, unutdururdu.Ancaq bu gün, şəhərə, qardaşı Mümtazgilə gəzməyə gəlmiş, Ətiqullanın səyi nəticəsində tapışıb qabaq-qənşər oturmuş qəryədar Qulamla söhbət eləyəndə Elməddin bir daha dərk elədi ki, doğulub böyüdüyü, ömrünün iyirmi üç ilindən çoxunu qoynunda keçirtdiyi o Ədnandan ötrü nə qədər də möhkəm darıxıbmış! Qəryədar Qulamla görüşü az qala onun üçün toy-bayrama çevrilmişdi, üzü də, gözləri də gülürdü. Elə bil, ən doğma adamını tapmışdı bu yad şəhərdə, sevincək olmuşdu; bu iki ildə qəryədar Qulam elə bil heç dəyişməmişdi, ağ qaşları altında parıldayan xırda, qonur gözləri elə əvvəlki kimi sakit-sakit, nüfuzedici baxışlarla Elməddinə, evinin əşyalarına tamaşa eləyirdi. Təkcə o vaxt dəngil-düngül qara tükləri olan saqqalı dümağ ağarmışdı. Yerişi, hərəkətləri gümrah idi. Yenə məntiqlə, sərrast danışır, ağ sədəf təsbehini aramla çevirirdi. Elməddin neçə il əlinin altında işlədiyi, xasiyyətinə, rəftarına yaxşıca bələd olduğu qəryədar Qulama baxıb elə hey gülümsünür, kənddə ondan sonra baş vermiş hər şeyi mümkün qədər öyrənmək ümidilə gözünü onun ağzına dikib dururdu. Qəryədar Qulam isə, təbiətən azdanışan, daha çox ürəyində həsb-hal etməyi xoşlayan adam olduğundan, öz aləmində ən mühüm hesab elədiyi məsələləri Elməddinə çatdırırdı:
Birinci hissə, doqquzuncu fəsil«Baği-bala» restoranında, irilaylı pəncərənin qabağında qoyulmuş stol arxasında iki nəfər oturmuşdu — Ətiqulla ilə Elməddin. Qəryədar Qulama — əmisinə nə qədər demişdisə də, kişi boyun qaçırmış, «namazımın vaxtı keçir!» — deyə bəhanə edərək Ətiqulladan, Elməddindən aralanmışdı.Ətiqulla hündürlükdə, dağın ətəyində yerləşən, ətrafı yaşıllıqlar içində itib-batan, göz-könül oxşayan «Baği-bala» restoranına tez-tez gəlməyi xoşlayırdı. Bura səliqəli idi. Xidmətçilər abırlı-başlı idi. Yeməkləri də dadlı, ləzzətli olurdu. Üstünlüklərindən biri də bu idi ki, yaxşı xarici içkiləri, pivələri vardı. Xaricilər də gəlib-gedirdi bura, ona görə növbənöv şərab tapmaq olardı burda. Kababın xoş iyi adamın burnunu qıcıqlandırırdı. Tikə, döymə kababı xüsusən gözəl bişirirdilər.
Birinci hissə, onuncu fəsilDünya xanım az bir müddət içində təzə həyata, ev-eşiyə isinişmişdi, uyğunlaşmışdı. Elə sərbəst gəzib-dolanırdı ki, deyirdin bəs on ildi bu evdə, bu adamların arasında yaşayır. Deyib-gülən, dərd-qəm çəkməkdən uzaq, «bu gün varsan, gününü xoş keçir, sabah nə olacaq, olacaq» — deyə düşünən bir qadın təsiri bağışlayan Dünya xanım Nəcməddinin cah-calalını görüb az qala ağlını itirmişdi. Yatıb yuxuda da görə bilməyəcəyi, təsəvvürünə belə gətirə bilməyəcəyi bir səadət, bəxtiyarlıq onun cavan könlünü sehrli-sirli duyğularla doldurmuş, əvvəllər dörd divar arasında təklikdən, qüssədən solğunlaşmış sifəti indi çıraq kimi yanmağa başlamış, qara gözlərinə sanki nur seli axıb tökülmüşdü. Bəxtəvərlik onsuz da gözəl olan Dünyanı daha da gözəlləşdirmiş, sonalaşdırmışdı. O, nağıllardan, əfsanələrdən uça-uça gəlib bu həyət-bacaya, Nəcməddinin çiyninə qonmuş bir mələk kimi öz qoca ərinin ömrünü də nağıllaşdırmış, əfsanələşdirmişdi. Nəcməddin təzə eşqə düşən bir cavan oğlan təki xəyalpərvər olmuş, nikbinləşmiş, geyim-keciminə, yeməyinə xüsusi fikir verməyə başlamış, hərəkətlərində, yerişində-duruşunda çeviklik əmələ kəlmişdi. Taleyindən, yaradanından isə elə razı idi ki... «Yaradan var, vallah, var!—deyirdi öz-özünə. — Məni unutmadı o, səadət verdi mənə, ömrümü-könlümü işıqla-sevinclə doldurdu mənim. Səni tanımayana lənət, ya rəbbi!» Nəcməddin Dünyanın böyür-başında yenicə ailə qurmuş cavan ər kimi hərlənir, xəlvətə düşən kimi gəlini sonsuz bir həvəs və eşqlə bağrına basıb öpür, qucağına götürüb körpə uşaq sayağı fırladır, çarpayının üstünə atıb başını sinəsinin üstünə qoyub sevincindənmi, həyəcanındanmı titrəyə-titrəyə onu əzizləyir, nəvazişlər içində itirib-batırır, sonra ipək təki yumşaq saçlarından tutmuş ayaqlarına qədər duz kimi yalayırdı; yorulub qalxanda isə Dünya xanım kişinin gözlərindən axan yaşı görüb təəccüblənirdi. Bütün bu müddət ərzində sonsuz nəvaziş içində, əzizlənmələr içində əriyib yumşalmış, uşaqlaşmış, gülməkdən, qıdıqlanmaqdan uğunmaq dərəcəsinə gəlmiş Dünya xanım dünyada heç qadının heç bir kəs tərəfindən belə dəlicəsinə sevilə bilməyəcəyi hissindən sonsuz dərəcə biixtiyar olaraq Nəcməddnnin yaşarmış gözlərindən öpə-öpə, onun mirvari göz yaşlarını, demək olar ki, dili ilə qurudaquruda deyirdi:– Daha niyə ağlayırsan, ay dəli?
Birinci hissə, on birinci fəsilGecə saat onu keçmişdi. Divar saatının yeknəsəq çıqqıltısından başqa otaqda heç bir səs-səmir eşidilmirdi. Bəbir barmaqlarının yazmaqdan keyidiyini hiss eləyirdi, ancaq fikirlərini kağıza köçürmək, «Nə etmək lazımdır?» adlı nəzəri-siyasi məqaləsini qurtarmaq istəyirdi. Dörd sutka idi ki, yazırdı, həvəslə, şövqlə yazırdı, Söz üçün axtarmırdı, çünki hər şeyi ölçüb-biçmiş, demək olar ki, əvvəl beynində yazmışdı. Məmləkətin iqtisadi-ictimai vəziyyəti ona beş barmağı kimi bəlli olduğundan heç bir çətinlik çəkmir, faktları kəskin dillə qələmə alır və yazdığı çap olunandan sonra qopacaq hay-küyü, tufanı göz önünə gətirir, ürəyi həm fərəh, həm də kədər hissilə dolurdu. Ona görə sevinirdi ki, onu oxuyan nə qədər adamın gözü açılacaq, tərəfdarları, dostları çoxalacaqdı. Kədərlənirdi, ona görə ki, düşmənləri də çoxalacaqdı; özü də bunlar adi düşmənlər olmayacaqdı; pullu, vəzifəli adamlar olacaqdı, hökumət olacaqdı; şübhəsiz, şahənşahın da qəzəbinə səbəb olacaqdı bu məqalə. Amma çəkinmək lazım deyil, hücumu bir an da zəiflətmək olmaz, geri çəkilmək olmaz — Bəbir belə düşünürdü və yazırdı. Nəhayət, son cümləni yazıb nöqtəni qoydu. Sonsuz sevinc içində şirin-şirin gərnəşib keyimiş barmaqlarını açıb yumdu, qaraya baxmaqdan, yuxusuzluqdan şişib qızarmış gözlərini ovuclarının içi ilə ovxaladı...Yazılmış vərəqləri dəcləyib bir-birinin üstünə yığaraq fərəhlə baxıb gülümsündü... Xəyala getdi... Qəzet səhifələri... Sonra əl-əl gəzən qəzetləri... gördü...
Стихи других поэтов
Yarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
Vətən“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi