İkinci hissə, beşinci fəsil
Страница 2 из 2 · 50%
Günlərin birində... çiskinli payız günlərinin birində işin axırında, asılqanın yanında yağmurluğunu alanda Cəfər gördü ki, Gülmirə yenə ondan yayınmaq istəyir; onda Cəfər qara yağmurluğunu geyinib kənara çəkildi, gözlədi ki, o da geyinsin. Gülmirə qapıya sarı yollananda Cəfər ona yaxınlaşıb yavaşca:
– Tələsmirsən ki, qızım? — söylədi. Gülmirə özünü itirən kimi oldusa da, buna sevindi də. Cəfər qımışıb: — Səninlə bir az söhbətim var, qızım, — deyə onunla yanaşı addımladı.
– Yox, Cəfər müəllim, heç yana tələsmirəm. — Ürəyinə damanı dilinə gətirdi: — Elə mən də istəyirdim sizinlə söhbət eləyim.
– Yox əşi? — deyə Cəfər kişi bundan bir sevinc duydu və çox sevdiyi ifadəsini işlədib: — Vay sənin! — deyə əlavə elədi.
– Ürəkdən ürəyə yol var, buna deyiblər ha...
İri, lay şüşəli qapıdan həyətə çıxdılar. Daş pillələr narın yağan yağışdan islanmışdı. Hava elə təmiz və saf idi ki, bütün günü kitabxanada, şöbədə işləyən Cəfər və Gülmirə az qala bihuş olacaqdı.
– Ah, əcəb gözəl havadır. Adam özünü quş kimi yüngül hiss eləyir. Bu şərtlə ki, ürəyində qubar olmaya, — dedi Gülmirə və bununla da söhbətə körpü salmaq istədi. — Düz demirəm, Cəfər müəllim?
– Düz deyirsən, qızım. Elə mən də o qubar barədə səninlə danışmaq istəyirəm.
Gülmirə əvvəlcə döyükdü; onun o qədər qubarı vardı ki, Cəfər hansını nəzərdə tuturdu? Ancaq o dəqiqə kişinin hansı nöqtəyə toxunduğunu anladı, bir az toxtadı.
– Mən çoxdan sənə göz qoyuram, qızım, — o, nəhayət əsl mətləb üstünə gəldi, — görürəm çox fikir eləyirsən. Salman əmin səni çox pis vəziyyətdə qoymuşdu. Mən bilirəm sənin fikrin deyil bu. Bu, Salmanın fikri olub, qızım. Ona görə, sən bunu özünə dərd eləmə, onsuz da sənin dərdin böyükdü. Bununla özünü bir az da üzmə. Sən hələ cavansan, sənin həyatın hələ qabaqdadı. Bir aldandın, bir də aldanma. Müdrik bir kəlam var. Yadında saxla həmişə: «Allah məni birinci dəfə aldadana lənət eləsin, ikinci dəfə aldansam isə, Allah mənim özümə lənət eləsin...»
Gülmirə sevinc içində:
– Nə yaxşı sözdü, ay Cəfər müəllim! — dedi. — Yadda saxlamalı sözdü.
– Hə... Yadında saxla, qızım.
– Onda bu söz də düz imiş; «Sənə bir yaxşı söz deyən səni özünə qul eləyə bilər».
– Bəli, onda da bir hikmət var.
– Ah, bizim, xüsusən cavanların belə hikmətli sözlərə nə qədər böyük ehtiyacımız var. Çox şey eşidirik, çox kitab oxuyuruq, ancaq içində yaddaqalan sözlər azdı, Cəfər müəllim.
– Sözü eşitmək bir şeydi, qulağından sırğa eləyib asmaq ayrı şeydi, qızım, həyat ağıllı adamlar üçün qiymətlidir; xoşbəxt o adamdı ki, heç nəynən satılıb alınmayan ömrünü təmiz başa vurur, dünyadan köçəndə alnıaçıq gedir. Dünyada təmizlikdən tükənməz sərvət yoxdur. Nə qədər xərcləsən qurtarmaz, hələ uşağına, nəvənə, nəticənə də bəs eləyər, qızım.
– Düzdü, Cəfər müəllim. Son illər başıma gələn hadisələr məni sanki yuxudan ayıltmışdır. Elə bil mənim içimi tamam dəyişiblər, içərimdə özümün də xoşuma gələn təzə, təmiz bir adam oturub sanki. Mən beş-altı il bundan qabaq tanıdığın Gülmirə deyiləm daha. Çünki məni bir dəfə aldadıblar — Allah aldadana lənət eləsin, sən deyən kimi, ikinci dəfə aldansam, qoy Allah mənə qənim olsun.
– Mən çox şadam, qızım. Sevinirəm ki, sən məni belə düzgün başa düşdün. Daha xırdalama olub keçənləri, unut getsin, dərd eləmə özünə. Elə etsən, sənin bu qoca Cəfər müəllimin də rahat yaşar. Mənim ömrümü oğurlayıblar qızım, bir məqalə nədi ki, onun yanında?
Nərimanov prospektində adam çox idi. Ayrı yer olsaydı, Gülmirə qollarını onun boynuna salıb bir ata kimi üzündən öpərdi. Hayıf, yeri deyildi: o, hədsiz sevinc içində, ürəyinin başında haçandan bəri gəzdirdiyi ağır daşı yerə qoyub yüngülləşmiş adam kimi ancaq:
– Çox sağ ol, Cəfər müəllim, — dedi. — Ömrün uzun olsun... Yoxsa mənim ürəyim partlayırdı. Küsmüşdüm aləmdən. Murdar kimi baxırdım özümə. Düzdü, bu yuyulan ləkə deyil. Amma bir özüm bilirəm ki, günahsızam. Bir də bunu bilirəm ki, sən mənim bu səhvimi bağışlamısan. Bu, mənim bəsimdi, bu, mənim sakit və bundan sonra düşünə-düşünə yaşamağım üçün kifayətdi.
Şüşə bazarın yanına çatanda, ayrılmaq istərkən birdən Cəfərin yadına Mirzə Yanarın əsəri məsələsi düşdü. O, təbiəti etibarı ilə belə şeylərlə maraqlanmazdı. İş çoxdan bağlanmışdı, komissiya səhv etdiyini etiraf etmişdi. Gülmirə Salmandan üzr istəmişdi, o da alicənablıq göstərərək bağışlamışdı onu. İki ay bundan qabaq həll olunmuş məsələnin nəticəsi isə hələ də Cəfərə aydın olmadığından soruşdu:
– Mirzə Yanarın kitabının taleyi necə oldu axırda, qızım?
Gülmirə əhvalatı təfərrüatı ilə danışdı;
– Sübut eləyə bilmədik, Cəfər müəllim. Öz xətti imiş... Nadirədən aldım Salmanın o vaxtkı əlyazmalarını, tutuşdurduq, ekspert yoxladı — onun özünün imiş. Mən pis vəziyyətdə qaldım, Cəfər əmi. Üzr istəməli oldum axırda...
– Hm... Mirzə Yanarın öz taleyi kimi, kitabının da taleyi dumanlı oldu, qızım. Siz Salmana heç cür sübut eləyə bilməzdiniz. Lap onun — Mirzə Yanarın xətti də olsaydı, sübut eləyə bilməzdiniz... Salman ayrı təbiətli adamdı, sudan quru çıxmağı bacarır; daha gecdi, o əsər Mirzə Yanarın özü kimi məhv oldu. Daha göydən fələk də gəlsə, Salmanın boynuna heç nə qoya bilməz... Özü bilər, vicdanı bilər. Əgər vicdanı varsa, əzabı ona bəsdi. Hər dəfə Mirzə Yanarın adını eşidəndə... — onun adını isə tez-tez eşidəcək — o, əriməlidi, ölməlidi, yerə girməlidi. Bu ad onu həmişə, bütün ömrü boyu təqib edəcək həyula kimi...
– Deyirəm, Cəfər müəllim, bir möcüzə baş verə, bir də görək ki, budu, Mirzə Yanar özü gəlib çıxdı. Onda görəsən Salman neylər?
– Eh, qızım, həyatda elə möcüzələr olmur. Şair çox yaxşı deyib: «Gələn qalmaz, gedən gəlməz, əcəb sirr!»
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-besinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Zümrəyin yeddisi çıxandan, yasa gəlib-gedənlərin əli-ayağı çəkilib ara seyrələndən sonra, sakit və hüznlü yay axşamlarından birində qəryədar Qulam ağsaqqallarla birgə Cahan arvadın qapısına gəldi. Elməddin də onların arasında idi. Belə yerlərə başıləçəkli getməməli idi. Ona görə Səbihəni götürməmişdilər. Amma Səbihə çox can atırdı ki, minnətə gedən dəstəyə qoşulsun, Cahan arvadın ayağına yıxılsın, yalvarsın, oğlunun günahından keçməsini xahiş eləsin... Lakin qəryədar Qulam məsləhət bilməmişdi. Arvad kəsilə-kəsilə qalmışdı. O biri yandan da Elməddinin Cahan arvadın qapısına getməsi özü də xata idi. Ancaq Elməddin heç nəyə baxmadan getmişdi. Səbihə oğlu qapıdan çıxanda nigarançılıqla dedi:– Oğlu öldürülmüş ana, balası öldürülmüş ilan kimi, canavar kimi quduz olur, bala. Arvadın əlindən xata-zad çıxar, ehtiyatlı ol.
Birinci hissə, doqquzuncu fəsilİçəridə, pəncərənin ağzında yanan çırağın öləziyən işığı səkidə salınmış süfrənin üstünə düşürdü. Kasalara çəkilmiş şorba soyumuşdu. Üzbəüz oturmuş Səbihə və Əfsanəni fikir aparmışdı. Yusifin başına qəza gələni onlar iştahayla, ürəklə bir loğma kəsməmişdilər. Çörək-xörək ortalığa gəlirdi, amma doyunca yeyən olmurdu.İndi də gəlin-qayınananın boğazından tikə keçmirdi. Nigarançılıq üzürdü. Elməddinin getdiyi bir aydan çox idi. Keçini, inəkləri satmış, qəryədar Qulamdan da on beş min rupi borc götürüb Yusifin işinin dalınca Süleymanşəhrə getmişdi. Bu pulun kifayət etməyəcəyini Elməddin irəlicədən bilirdi, — onunla ölüm işini yuyub-təmizləmək mümkün deyildi. Amma Elməddin yenə getməyi, öz qardaşlıq borcunu imkanı daxilində yerinə yetirməyi lazım bilmişdi. Budur, indi Elməddindən də bir xəbər-ətər yoxdu. Nə təhər oldu, məhkəmə Yusifin cinayəti barədə nə hökm çıxartdı. Bəlkə, allah üzünə baxdı, ölüm hökmü kəsmədilər?
Birinci hissə, onuncu fəsilDeyirlər, gözləmək ölümdən betərdi. Bu, doğrudu. Bəs arzuları, həvəsləri, ümidləri öldürən dəhşətli ölümün özünü gözləmək necə?? Bir var ki, bilməyəsən o qorxulu kabus səni nə vaxt yaxalayacaq, sinənə çöküb şirin canını alacaq — yuxudamı, yoldamı, iş başındamı? Ölüm hələ əsl siması ilə sənin təsəvvüründə canlana bilmir.Bir də var ki, öləcəyini bilirsən. Bunu sənə rəhmsizcəsinə və ya bəlkə də haqlı olaraq elan eləyiblər. Bax, bu zaman sən ölümün qanla dolu gözlərini aydın görə bilirsən, soyuq, öldürücü nəfəsini üzündə duyursan — rəngin getdikcə ağarır, saralırsan, solursan. Sənin fikrində ancaq bir şey dolanır — ölüm... Məhz bu zamam insan mənən, ruhən, fikrən ölməyə başlayır.
Birinci hissə, on birinci fəsilQətl meydanına çoxlu adam toplaşmışdı. Ədnan kəndinin məmə yeyəndən pəpə yeyənəcən bütün camaatı bura yığışmışdı. Bu o yer idi ki, burada Yusif Zümrəyi öldürmüşdü. Cahan arvadın ciddi tələbi və təkidi ilə, Yusif gərək burada öldürülə idi.Əmniyyə idarəsi rəisinin müavini başda olmaqla polis dəstəsi, vilayət məhkəməsinin nümayəndəsi, cəllad Cabbar və həbsxana mollası qətl mərasimini qanun əsasında yerinə yetirmək üçün saat doqquzda gəlmiş, lazımi işləri görmüş, meydanda Yusifin qanı töküləcək çuxuru qazdırmış, polis nəfərlərindəi ibarət dairə yaratmışdılar.
Стихи других поэтов
Əlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.