İkinci hissə, birinci fəsil
Страница 7 из 15 · 40%
– Nə bilim? — dedikdə, gizli bir maraq hissilə alışıb-yanan və nəyin bahasına olursa-olsun, bu hərflərin müəmmasını elə indicə açmaq həvəsini heç cür boğa bilməyən Xəzəngül şux bir ədayla:
– Yaxşı, — dedi, — sən də fikirləş, mən də. Görək kim birinci tapacaq?
– Yaxşı.
Susdular. Müəllim lövhədə misal eləyən şagirdə nəyi isə başa salırdı, onun dediklərindən «sinus», «kotangens», «kvadrat» sözlərini qulaqları çalırdı. Taxtanın yarıdan çoxu cürbəcür rəqəmlərlə dolmuşdu. Ancaq Xəzangüllə Əsədin fikri burda — o dörd hərfin üstündə cövlan eləyirdi.
Qız ha düşünürdü onlara düz-ağıllı bir məna verə bilmirdi.
Əsəd isə elə görkəm almışdı ki, guya fikirləşir: həqiqətən də fikirləşirdi, ancaq o hərflərin nə demək olduğunu yox, (bunu onsuz da bilirdi) orda yazılanları dilinə gətirsə, Xəzangülün bunu necə qarşılayacağını götür-qoy eləyirdi. Axırda özünün qorxaqlığından zəhləsi getdi və yazdığını düppələndüz qıza deməyi qərara aldı.
– Nə oldu, tapmadın? — Xəzangül hövsələsizlik göstərdi.
– Tapmışam deyəsən.
– Hə, nədi? — Xəzangülün səsindəki sevinci duymaq çətin deyildi.
Əsəd ürəkləndi, şəhadət barmağını «M» hərfinin üstünə qoyub dedi;
– «M» — «mən» deməkdir.
– Mən isə «Məhəbbət» kimi oxuyurdum…
– Yox, «mən» deməkdir.
– Bəs «S»?
– «S» «Sənə» deməkdir.
– Aha... Deməli, mən sənə... sonra?
– Sonra gəlir «Q» — «qurban» deməkdir...
– Oho, Bəs «O»?
– «O» da ki «olum» deməkdir, Xəzan...
Xəzangül hərflərdən gözlərini çəkmədi;
– Deməli, hamısı bir yerdə… — deyə həyəcanla pıçıldadıqda Əsəd ona imkan vermədi və ürəyində indiyəcən azı min dəfə təkrar etdiyi, Xəzangülə deməyə cəsarət eləmədiyindən titrək əlilə qara taxtanın üstünə qazdığı o cümləni ilk dəfə qızın özünə söyləməyə tələsdi:
– Hamısı bir yerdə — «mən sənə qurban olum» deməkdir, Xəzangül.
Bayaqdan onsuz da həyəcanlanmış, gərgin dəqiqələr keçirmiş Xəzangülün əsmər yanaqları nar çiçəyi kimi qızardı, partanın üstündəki əlləri əsdi və o, bilmədi əllərini harda gizləsin; gah aşağı, dizlərinin üstünə qoydu, gah da üzə çıxartdı. Əsədin çox böyük çətinliklərdən, ruhi sarsıntılardan sonra dediyi o bircə cümlə müəllimin səsini batırdı. O sehrli cümlə elə bil havaya hopmuşdu, dər-divara yazılmışdı, lövhəyə yazılmışdı — qızın qulaqlarında tez-tez səslənirdi, qəşəng, iri, qırmızı hərflərlə yazılmış şəkildə gözünə dəyirdi hər yerdə. «Mən sənə qurban olum», «Mən sənə qurban olum»...
Bu səsdən başqa səs yox idi sinifdə. Və tək sinifdəmi! Xəzangül ilk dəfə onu sevən bir adamın dilindən eşitdiyi o şirin, o serhli sezlərin əfsununa düşmüşdü və onu nəhayətsiz dərəcədə bəxtəvər eləmişdi — hələ heç kəs heç vaxt onu belə sevinclərə qərq eləməmişdi. Yadına gəlirdi: o zaman bu səadət o qədər böyük idi ki, bircə anlığa düşünmüşdü ki, bundan sonra, bəlkə bütün ömrü boyu, heç kəs Xəzangülü bu qədər xoşbəxt eləyə bilməz. Hətta Əsədin özü də.
Xəzangül məsudluğunun coşğun dalğaları qoynunda üzə-üzə bir az utancaq, bir az bəxtiyar baxışlarla qanrılıb Əsədə baxdı və nə isə minnətdarlıq bildirən sözlər demək istədi, ancaq gülümsünməklə kifayətlənib susduqda Əsəd məftun nəzərlərini ona zillədi: Əsəd həmin cümləni təzədən təkrarən dilinə gətirmək istədisə də, bacarmadı. Lakin Xəzangül o sözləri Əsədin işıqlı, xoşbəxt gözlərindən bir də oxudu: «Mən sənə qurban olum».
Vaxt elə bil, onların istəyincə nizamlanmışdı, köklənmişdi: bu iki cavanın həsbi-halı buraya çatanda zəng çalındı və yaxşı ki, çalındı, çünki onlar sözlərini deyib eşitmişdi, artıq gəlməyə ehtiyac yox idi...
Zəng çölə vurulanda Xəzangül tələsik ayağa qalxdı, qabağına çıxan uşaqları o yan-bu yana itələyə-itəlayə bayıra qaçdı. Qızın bu hərəkətinin nə demək olduğunu, əlbəttə, Əsəd o anlarda heç cür heç yerə yoza bilməzdi. Ürəyi, sevinci, məhəbbəti yerə-göyə sığışmayan Əsəd, balaca, qatlama partanın arxasında sığınıb oturmuşdu və sinifdə deyən-gülən, oynayan uşaqlara heyran-heyran tamaşa eləyirdi. Beş-on dəqiqədən sonra Xəzangül qayıdıb gələndə Əsəd onun belə tələsik gedişinin səbəbini anladı; o, əl-üzünə çırpmağa gedibmiş. Çünki gicgahlarından sallanan xurmayı tellərin ucu yaş idi, sifəti, xüsusilə yanaqları qızıl əhmədi alma kimi alışıb-yanırdı. Uzun kirpikləri aşağı enmişdi, uzaqdan baxanda adama elə gəlirdi ki, gözlərini yumub, indicə partalardan hansınasa toxunub yıxılacaq. Partaların ortası ilə üzü bəri addımlayanda da, keçib yerində oturanda da Əsədə gözünün ucuyla da baxmadı. Utanırdımı, sevinirdimi? — bunu Əsəd ha çalışdısa, müəyyən eləyə bilmədi və yaman nigaran qaldı. Sonrakı dərsdə də belə oldu. O gün onlar beləcə də ayrıldılar, Xəzangül çantasını götürüb gedəndə həmişə «xudahafiz» — deyərdi, indi onu da demədi.
Əsəd pərt olmuşdu, yəqin eləmişdi ki, Xəzangül inciyib, küsüb ondan, sabah yəqin rəfiqələrinə də əhvalatı açıb danışacaq; sözbaz, adam ələ salmağa bəhanə axtaran qızlara da elə bir him gərəkdi, sonra səni elə bəzəyib-düzəsinlər, sarısınlar ki, ömrün boyu dadı damağından getməsin. Fikirli-fikirli evə qayıdarkən yol uzunu belə düşünüb peşmançılıq çəkən Əsəd, nəhayət, axşam yata bilməyib çarpayısında qovrulanda bu qərara gəldi ki, səhər dərsdən sonra qalacaq, o hərfləri yazdığı kimi pozacaq; qoy qalmasın... Amma ertəsi gün Əsəd dərsə getmədi — doğrusu, qorxdu. Bu fikir onun beynində möhkəm kök salmışdı ki, Xəzangül elə dünən, rəfiqələrinə qoşulub dərsdən gedərkən əhvalatı onlara danışıb yoxsa onlar niyə elə şaqqanaq çəkib gülürdülər? Əsəd qızların səsini on beş-iyirmi addımlıqdan eşitmirdimi?.. Qəribə idi ki, bu gülüş o, səhər yerindən qalxıb dərsə getmək istərkən birdən-birə yadına düşdü və onun əl-ayağını süstəldib təzədən çarpayıya uzanmasına səbəb oldu... Və bütün günü ürək sıxıntısı ilə, çırpıntılar içində oturub gözlədi ki, indicə yoldaşlarından biri başılovlu gələcək və «bu işi sən tutmusan, Xəzangül səni bütün sinifdə biabır elədi!» — deyəcək... Belə olsa, əlvida məktəb, əlvida Xəzangül.
Lakin axşamacan kimsə gəlmədi. O biri gün Əsəd, qorxa-qorxa məktəbə yollananda ayağının biri gedirdi, biri yox, ürəyinin içini yeyirdi. O qədər ləng addımlamışdı, hətta dərsə də gecikmişdi.
Sən demə, Əsədin ehtiyatı, təşvişi əbəs imiş. Heç nə yoxmuş. Sinif həmin sinif idi, uşaqlar həmin uşaqlar idi: nə ələ salan vardı onu, nə gülən vardı... Ayaqları əsə-əsə keçib yerində oturandan sonra, rahat nəfəs aldı və ancaq bu zaman Xəzangülün hənirtisini yanında duyub ürəkləndi, sirriii açıb başqalarına demədiyi üçün ona dərin bir minnətdarlıq hissi varlığını gəzib, dolaşdı. Bu zaman Xəzangülün pıçıltısını eşitdi:
– Dünən dərsə niyə gəlməmişdin, Əsəd?
Əsədin qulaqları güyüldədi, ağlına gələn ilk yalanı uydurdu:
– Xəstə idim.
Xəzangül narahatçılıqla:
– Haran ağrıyırdı ki? — deyə soruşdu...
– Başım... azca ağrıyırdı, keçib getdi...
– Daha xəstələnmə. Yaxşı? Mən icazə vermirəm.
Əsəd bəxtiyarlıqla gülümsündü:
– Baş üstə.
Xəzangülün «Daha xəstələnmə. Yaxşı? Mən icazə vermirəm»— sözlərində ürəyi vardı. Qayğıkeşliyi, mehribanlığı, hələ desən, lap məhəbbəti də vardı. Xəzangül qüruruna sığışdırıb Əsədə deyə bilmədi ki, bəs dünən çox nigaran qaldım səndən yana. Gözüm elə qapıdaydı. Ürəyimə min cür şey gəlirdi. Heç bilmədim dərsdə necə oturmuşdum. — Qız bunları söyləmədi.
Əsəd rahat-rahat nəfəs alıb çantasından çıxartdığı kitabı partanın üstünə qoyanda... birdən donub qaldı. Onun da qarşısına, qara taxtaya həmin dörd hərf qazılmışdı. Oğlanın gözləri alacalandı, hərflər gah böyüdü, gah kiçilib bir-birinə qarışdı. Gicgahları tez-tez vurmağa başladı. Sonsuz sevinc içində dönüb Xəzangülə nəzər saldı — onda bir qımıltı görməyib təzədən hərflərə baxdı. Yox, bu, yuxu deyildi, onun da qarşısına «MSQO» yazılmışdı. Qəribə idi, o hərflər səsə çevrilmişdi, sözə dönmüşdü, Xəzangül o sözləri indi Əsədə pıçıltı ilə deyirdi elə bil: «Mən sənə qurban olum», «Mən sənə qurban olum»...
Əsədə sanki cəsarət verdilər. O, çiyni ilə Xəzangülün qoluna ehmalca toxundu və xəbər aldı:
– Bunu sən yazmısan?
—…
Xəzangül başını qaldırdı, Əsədin işarə elədiyi yerə baxmadan öz qabağındakı hərfləri göstərdi:
– Bəs bunu sən yazmısan?
—Niyə gözlərini döyürsən? Səndən söz soruşuram, bunu sən yazmısan?
Əsəd qeyri-iradi:
– Hə, — söylədi.
Xəzangül güldü:
– Onu da mən yazmışam, — dedi.
Baxışları bircə anlığa rastlaşdı. Əsəd titrək səslə:
– Çox sağ ol, Xəzan, — dedi. Bu sözlərdə təsəvvürə sığmayan bir minnətdarlıq, yerə-göyə sığmayan bir sevinc yaşamaqdaydı.
– Dəyməz, Əsəd. Taxta məktuba taxta məktubla da cavab vermişəm, — dedi Xəzangül və yenə güldü. Əsəd də güldü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-vefalim-menim-ikinci-hisse-birinci-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Birinci hissə, üçüncü fəsilGülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Birinci hissə, dördüncü fəsilYara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?
Birinci hissə, beşinci fəsilSən demə, Ceyhun gəlibmiş. İşıqları yandırmadan öz otağına keçmiş, plaşını, kostyumunu soyunaraq döşəməyə atmış, köynəyini, corabını çıxarmağı unudaraq çarpayısına uzanıb yatmışdı. Nadirə işığın düyməsini basdı — oğlunu bu halda görcək ürəyinin başı soyuldu. İçib, sərxoşdu — anasının gəlişindən heç xəbəri də olmadı.Ceyhunun rəngi qızarmışdı. Xoruldayırdı. Sifətinə işıq düşəndə kirpik də çalmadı. Demək, bərk yatıb. Nadirə xanım yaş içində boğula-boğula xeyli oğluna tamaşa elədi; əvvəl istədi qolundan tutub qaldırsın, dişinin dibindən çıxanı desin, lap bir-iki şillə də çəksin. Sonra bu fikrindən daşındı — bunun heç bir xeyri olmayacaqdı, çünki özündə deyildi Ceyhun.