Xoş gəlmisən, Nərgizim
Страница 4 из 20 · 15%
Yadındadımı, Toğrul, bir dəfə otaqda ikimiz tək olanda, dilim dinc durmadı, səndən xəbər aldım.
⎯ Bəs niyə evlənmirsən, Toğrul?
Sən başını qaldırıb nüfuzlu baxışlarını gözlərimin içinə elə zillədin ki, nə gizlədim, ürəyim nanə yarpağı kimi əsdi: heç kəs nə tələbəlik illərində, nə də sonra, mənə o cür baxmamışdı. O baxışların altında bədənimin birdən-birə isindiyini, başımın fırlandığını hiss edib sanki ani, şirin, heç vaxt təkrar olunmayacaq bir yuxuya getdim. Bu elə yuxu idi ki, onu görən bir daha görə bilməz. Nələr yox idi o bir anlıq yuxuda, ilahi? Sənin kimi zahirən quru, ciddi bir adamın elə şairanə, elə mənalı baxa biləcəyini mənə irəlicədən desəydilər, qətiyyən inanmazdım. Çünki o an sən tamam başqa bir adama çevrilmişdin, başqa insan olmuşdun. Mən səni sanki indicə gördüm. Nəhayət, əslində ayılmaq istəmədiyim o şirin röyadan iradəmin gücünə zorla ayıldım və qeyri-iradi gülümsünərək dedim:
⎯ Niyə elə baxırsan, Toğrul?
Sanki sən də yatmışdın: səsimdən səksənib ayılan kimi oldun və utancaq bir tərzdə:
⎯ Heç, - dedin – Bağışla. – Sonra sualımı cavabsız qoyduğunu xatırlayıb günahkar təki: - Evlənəcəyəm, Nərgiz – dedin. Gərək burda mən susaydım, gərək səndən əlavə sorğu-sual etməyəydim. Ancaq uşaqlıqdan təbiətimə xas olan hər şeylə maraqlanmaq, hər şeyin axırına çıxmaq adətim burada da özünü göstərdi:
⎯ Qızın var?
Utana-utana:
⎯ Var – söylədin.
⎯ Çox sevirsən onu?
⎯ Nə qədər sevdiyimi mən heç vaxt ifadə edə bilməyəcəyəm.
⎯ Sən ki, qələm sahibisən.
⎯ Əsil sevgini nə qələm, nə dil olduğu kimi heç vaxt söyləyə bilməyib.
⎯ Gözəldi?
Ani sükutdan sonra:
⎯ Sənin kimi gözəldi, Nərgiz – dedin – Səninki kimi qara qaşı, uzun kirpikləri, qumral saçları var. Sifəti də səninki kimi ağappaq qar kimidir. Dodaqları da səninki kimi zərif və gözəldir, Nərgiz.
⎯ Deyirsən eynilə mənə oxşayır?..
⎯ Hə, lap elə bil sənsən, Nərgiz!
⎯ Boy-buxunu da?
⎯ Boy-buxunu da.
⎯ Mən onu tanıyıram?
⎯ Tanıyırsan.
Mən fikrə getdim: qız tanışlarımı, rəfiqələrimi bir-bir yada saldım. Yox, onların arasında elə adam yox idi ki, sən deyən sayaq, eynən mənə oxşamış olsun. Birdən ürəyimə nagahani bir hiss axıb doldu: sən məni deyirsən. Ancaq bu fikri özümdən tez uzaqlaşdırmağa çalışdım. Bu, ağlasığan şeyə oxşamırdı. Düşünürdüm ki, sən mənim Bünyadla nişanlandığımı bilməmiş olmazsan. Ürəyimə axıb dolan bu şübhəni həmişəlik özümdən uzaqlaşdırmaq üçün sənə belə bir sual da verdim:
⎯ Onun da gözünün altında xalı var?
Sən mənə yox, stolun üstündə hərəkətsiz qalmış əllərinə baxa-baxa:
⎯ Hə – dedin – Onun da gözünün altında yaraşıqlı bir xalı var, Nərgiz.
Mənə indi hər şey aydın idi; sən məni deyirdin, sən…
Dodaqlarıma istehzalı bir təbəssüm qondu.
Sən pörtmüşdün, qızarmışdın. Tutqun halda:
⎯ Aydın olmağı yaxşıdır. Biz daha uşaq deyilik ki… - dedin.
Sən bilməmiş deyildin ki, mən kimin qızıyam. Nədənsə o zaman elə düşünürdüm ki, böyük adamın qızı olduğum üçün çox adam mənə ürəyini aça bilməyib, hələ də aça bilməyəcək. Sən bilməmiş deyilsən ki, mən Bünyadın…
Mən nazir qızı idim. Sən atamı yaxşı tanıyırdın. Ad-sanını, şan-şöhrətini eşitmişdin. Uzun müddət mən elə bilirdim ki, böyük adamın qızı olduğum üçün hamı mənə hörmət və hətta pərəstiş eləməli idi. Atamın vəzifə sahibi olması məndə özümü başqalarından ayırmaq kimi pis bir qürur doğurmuşdu. Sonralar, ağlım kəsəndə bu hisslərlə bir zamanlar yaşadığıma görə özüm-özümdən utanmağa başladım və bacardıqca sadə, yoldaşlarımla, tanışlarımla qaynayıb-qarışmağa, mehriban olmağa çalışdım və buna tez bir zamanda müvəffəq oldum. Hamı mənim sadəliyimə və istiqanlılığıma görə mənim xətrimi istəməyə başladı.
Ancaq mən bir şeyi ürək ağrısı ilə ilk gənclik çağlarımda hiss edirdim: o da bu idi ki, çox cavanlar – bəlkə də mənə elə gəlirdi – mənə yaxınlaşmağa, ürəklərini açmağa cürət etmirdilər.
Sənin ürəyindəki o hissi anlayanda çoxdan unutduğum bir hiss – mən böyük adamın qızıyam, hər yetən cürət edib mənə söz deyə bilməz – hissi ürəyimdə baş qaldırdı və mən qürurla dedim:
⎯ Sən qurd ürəyi yemisən, Toğrul.
Sən son dərəcə həssas adamsan, nəyə işarə elədiyimi başa düşdün və dedin:
⎯ Mən heç kəsdən qorxmuram.
⎯ Heç kəsə ehtiram da eləmirsən?
⎯ Məhəbbət gələn yerdə ehtiram ehtiramla ayağa durur, Nərgiz.
Mən də susdum, sən də. Sifətinə baxırdım; həyəcanlı idin. Qələm tutduğun əlin əsirdi. Sanırdım ki, təkcə əlin yox, bütün vücudun titrəyir.
Kədərlənmişdin: ölüm hökmü gözləyən adama oxşayırdın. Sanki sənin taleyin bu hökmdən asılı idi, ya məhv olmaq, ya da yaşamaq. Sən ikincini gözləyirdin, mən isə birinci hökmü verməli idim. Bunu mənim vəziyyətim tələb edirdi, ayrı çarəm yox idi. Ona görə bacardığım qədər mülayim, xoş bir ahənglə:
⎯ On gündən sonra səni toyuma dəvət eləyirəm, Toğrul,
– dedim – yəqin Bünyad özü də sənə deyəcək.
⎯ Necəə?
Artıq sən heç nə demədin, daha doğrusu, deyə bilmədin. Başını əllərinin arasına alıb alnını stolun şüşəsinə dayadın. Mənim ürəyim sənin halına yandı. Birdən-birə elə dediyimə, sənin ümidlərini puça çıxardığıma peşman oldum. Ancaq gec idi, sözümü demişdim. Və belə də etməli idim. Sən bu həqiqəti bilməli idin. Gec-tez bilməli idin.
Neçə dəqiqədən sonra sən başını qaldıranda elə bil gözlərinə qan sağılmışdı. Rəngin ağappaq ağarmışdı. Mənə baxırdın, ancaq sanki məni görmürdün, elə bil, otaqda hər şey ərimişdi, yox olmuşdu, hətta mən də. Mən səsimi çıxardıb soruşanda ki:
⎯ Sənə nə oldu, Toğrul? – Sən səksəndin və kirpiklərini qırpıb üzümə baxdın, ancaq dinmədin.
⎯ Sənə nə oldu, Toğrul? – deyə təkrar xəbər alanda sən gözlərini yumub astaca:
⎯ Heç nə… - deyə bildin. Araya ağır, ürəküzən bir sükut çökdü.
Haçandan-haçana dilləndin:
⎯ Bünyad kimdir?
⎯ Bünyad? Tanımırsan? – mən gülümsündüm və bununla da aradakı gərginliyi azaltmağa çalışdım. ⎯ Bünyad sənin qəhrəmanındır. Haqqında keçən il oçerk də yazmışdın ki.
⎯ Hə. Hə. O… Bünyad İslamov…
⎯ Bəli. Özüdür ki, var… O mənim nişanlımdır. Özü də sənin xətrini bilirsən necə istəyir? Sənin yazdığın oçerk yaman xoşuna gəlib. Elə hey deyir Toğrul canlara dəyən oğlandır. Yaxşı qələmi var – deyir. Yəqin bilirsən, oçerk «Kommunist» qəzetində çıxandan az sonra onu Bakı Sovetinə deputat da seçdilər. Deyir, Toğrul mənim haqqımda yazmasaydı, çətin məni deputat seçərdilər.
Sən ah çəkdin.
⎯ Bəs belə… Demək o, sənin nişanlındır…
⎯ Bəli…
⎯ Bəs bunu indiyəcən niyə mənə demirdin, Nərgiz?
⎯ Nə münasibətlə deyəydim. Elə belə, lapdan-şapdan deyəydim ki, Bünyad mənim nişanlımdır?!
Sən mənə baxırdın, ancaq məncə, dediklərimi eşitmirdin, ya da başa düşmürdün. Sən fikrində nəsə arayırdın. Taqətsiz halda, demək olar ki, zorla ayağa durdun və yuxusuz, yaxud sərxoş adamlar kimi ayağa qalxdın və səssiz-səmirsiz otaqdan çıxdın… Və o gün həmişəlik yadımda qaldı, Toğrul.
MƏN: Nərgizin söhbəti bura çatanda, Toğrul düyməni basıb maqnitafonu söndürdü. Gözlərini maqnitafonun lentinə zilləyib fikrə getdi. Xəyal onu Nərgizin xatırladığı o günə – o unudulmaz, sarsıntılı günə çəkib apardı.
TOĞRULUN DÜŞÜNCƏLƏRİ: ⎯ Elə bilirdim o məşum günü təkcə mən unutmamışam. O gün sənin də yadında qalıb, Nərgizim. Onda sənin sözlərin başıma çəkic kimi dəydi: gicəlləndim, gözlərimdən od çıxdı. Ruhum sanki bədənimdən uçub getdi, quru gövdəm, taqətsiz, sümük yığınından ibarət olan quru canım stolun arxasında qaldı. Başım uğuldayırdı, elə bil, təyyarədə uçurdum.
Mən bu dəmdə dünyada hər şeyini-ümidini, inamını, var-yoxunu itirmiş adama bənzəyirdim. Sənin mənim ürəyimdən xəbərin yox idi ona qədər, Nərgizim. Sən bilmirdin ki, mən çoxdan, lap çoxdan sənə vurulmuşam. Mənim yanıma, Akademiyaya gələn gündən vurulmuşam. Əvvəllər anlamırdım sənə vurulduğumu. İdarədə otura bilmirdim. Gecələr yaxşı yata bilmirdim. Səbəbini arayırdım, tapılmırdı. Bircə bunu anlayırdım ki, həyatımda nəsə çatışmır. Amma nə? Tez-tez yadıma düşürdün, ancaq bu nigarançılığımın səbəbinin sən olduğunu dərk etmirdim.
Bir dəfə səni küçədə gördüm. Qabaqda gedirdin. Arxayın-arxayın. Səni görən təki nədənsə ürəyim içəridə elə bərk çırpındı ki, düzü, özüm də qorxdum. Təpədən dırnağa bədənimi bir titrətmə-sarsıntı bürüdü və mən, elə o anda, həyatımda məhz sənin çatışmadığını anladım.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elibala-hacizade-xos-gelmisen-nergizim
Другие произведения автора
Dünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Üçüncü hissə, altıncı fəsilBu hadisə gündüz saat on birdə baş vermişdi, on ikidə isə kənddə, Nəzərin evində telefon cingildəmişdi, bağçadan «qaçıb» həyətə-bacaya baş çəkmək üçün gəlmiş Bikə xanım dəstəyi götürmüşdü:⎯ Bəli. Hə, mənəm.