Страница 4 из 7 · 43%

⎯ Qanını qaraltma, a bala. ⎯ demişdi. ⎯ Bu nərd də həyat kimidi. Kimi udur, kimi də uduzur. İki güləşənin biri yıxılmalıdı.

⎯ Elədi, Qasım dayı. Bir də mən pərt deyiləm. Onsuz da siz məni çox vaxt udursuz. Deməli, səhər dərsə gecikməyəcəyik.

⎯ Dərslərin nə təhər gedir, a bala? ⎯ deyə birdən Qasım kişi söhbətin səmtini dəyişmişdi.

⎯ Pis deyil, Qasım dayı. Oxuyuram də. Müəllimlər nə verir, onu da eləyirəm, oxuyuram, öyrənirəm.

⎯ Yaxşı eləyirsən, bala. Ancaq təkcə kitab oxumaq, hələ oxumaq deyil. Sən bunu başa düşürsən?

⎯ Nə təhər yəni, Qasım dayı? ⎯ Turxan başa düşmüşdü ki, Qasım kişi sözlü adama oxşayır. Ona görə əlini üzünə dayayıb diqqətlə qulaq asmağa başlayanda o, boğazını arıdıb:

⎯ Gərək təkcə müəllimlərin dedikləri, kitabların yazdıqları ilə kifayətlənməyəsən, oğul. Əgər istəyirsən ki, kamil insan, kamil ziyalı olasan, onda gərək həyatın özünü də oxumağı bacarasan, bala. Çünki ən böyük kitab ⎯ həyatın özüdü: onu oxuya bilmədinsə, uzağa gedə bilməzsən. Belə də, olarsan adi bir adam, adi bir müəllim, adi bir alim uzaq başı. Amma həyatın özünü oxuyan, mənim aləmimdə, yetkin, kamil bir şəxsiyyət ola bilər. Mən istəyirəm sən məhz o yolnan gedəsən, Turxan.

⎯ Çox sağ olun, Qasım dayı.

⎯ Bilirsən mən bunu sənə niyə görə deyirəm? Ona görə deyirəm ki, sən çox ağıllı oğlansan. Sənin gələcəyinə mən tamam ayrı cür baxıram, oğul. Ayrısı olsaydı, mən bu sözləri heç dilimə gətirib deməzdim də. Amma sən…

⎯ Çox sağ olun, Qasım dayı. Elə mən də sizin dediyiniz yolla getmək istəyirəm. Ancaq… hiss eləyirəm çətindi. Həyatın özünü oxumaq lazımdı deyirsiz. Düzü, mən belə görürəm, qoymurlar həyatın özünü oxuyasan.

⎯ Kim qoymur?

⎯ Kim? ⎯ Turxan baxışlarını qaldırıb sınayıcı nəzərlərlə müsahibinin gözünün içinə baxmışdı. ⎯ Elə özümüz. Sən, mən, o. Biz, hamımız.

⎯ O, çox dərin dedin, oğul. ⎯ Qasımın xırda, qonur gözləri parıldamışdı. ⎯ Xırdalasaydın, pis olmazdı, bala.

⎯ Siz dünya görmüş kişisiz, Qasım dayı. Bu şeyləri siz məndən də yaxşı bilirsiz, başa düşürsüuz. Düzü, mən görürəm, sizin ürəyiniz doludu, ancaq açılmırsız, oxu atıb yayını gizləyirsiz, ya məni uşaq hesab eləyirsiz, ya da…

⎯ Ya da nə, Turxan?

⎯ Ya da o ki, siz mənə inanmırsız, Qasım dayı.

⎯ Hmm. ⎯ Qasım kişi burda bir «Avrora» yandırmışdı və qalxıb otağın küçəyə açılan yeganə pəncərəsinin nəfəsliyini açıb təzədən qayıdaraq yerində oturmuşdu. ⎯ Sən lap gözündən vurdun, oğul. Düz deyirsən, indi adamlar bir-birinə inanmır, oğul. Bunun da səbəbi odur ki, indi düşündüyünü demək, dilə gətirmək çox qorxuludur. Gedib satırlar, yazırlar. Bir də görürsən sənin illərlə çörək kəsdiyin, oturub-durduğun bir dostun, yoldaşın səni yaxşıca satırmış. O qədər oğullarımızı aparıblar o yolnan ki, adını heç dilinə də gətirə bilməzsən. Kim eləyib bunu? Amerikadan gəlib eləyiblər? Yox, mənimki, səninki özü eləyib. Elə bil heç o özü bu torpağın oğlu deyil, elə bil o heç sənin danışdığın dildə danışmır, elə bil heç o, bir Azərbaycan qadınının döşündən süd əmməyib. Adamların gözü qorxub, bala. Odu ki, məni qınama. Sən düz tutubsan və mən sənin bu həssaslığını yüksək qiymətləndirirəm. Sənə də məsləhətim budu ki, hər yetənin qabağında ürəyini süfrə kimi açma. Bizim xalqımızın başına tarix boyu nə gəlibsə, nə gətiriblərsə, öz qəlbiaçıqlığımızdan, qonaqpərvərliyimizdən gətiriblər. Özü də ağacı qurd içindən yeyən kimi, bizi də öz qurdumuz yeyib içimizdən.

⎯ Elədi, Qasım dayı.

⎯ Adamların ürəyində elə bir biganəlik toxumu əkiblər ki, heç kəsin heç nə vecinə deyil. Hərə ancaq özünü düşünür. Bilirsən niyə belədi?

⎯ Niyə?

⎯ Ona görə ki, kitabda, qanunda hər şey bizimdi, amma həqiqətdə heç nə bizim deyil. Məsələn, kolxoz hamınındı, ancaq eyni zamanda heç kəsindi: ona görə kimin əlinə harda nə keçdi, aparır, qardaş. Zavod bizimdi, amma eyni zamanda bizim deyil. Torpaq bizimdi, ancaq eyni zamanda bizim deyil. Mən neftçiyəm. Nefti mən çıxardıram, amma neft mənim deyil.

⎯ Neft dediz, yadıma düşdü, Qasım dayı. Bu nefti nə qədər çıxardacaqsınız? Yəni bunun bir qurtaran vaxtı olacaq ya bunun, necə deyərlər, dibi quyudadı? Baxıram, elə hey qazırsız, hey qazırsız. Əvvəl təkcə Bakını qazırdız. İndi o dəmir buruqlar ayaq tutub Azərbaycanın az qala hər guşəsinə qədəm basıb. Dənizin içinə doğru addımlayır o dəmir ayaqlar. Dayandım demirsiz. Bəs axı gün gələcək, qurtaracaq, tükənəcək. Heç ola bilməz ki, qurtarmasın, tükənməsin. Bəs iyirmi il, otuz il, əlli il, nə bilim yüz il sonra bu torpağın övladları neynəyəcək? Yenə otuz-qırx il qabaqkı kimi çıraq işığına oturacaq sizin gələcək nəvələriniz, nəticələriniz, kötücələriniz? Yəni doğrudanmı bizimkilərdən heç kəs bu barədə fikirləşmir görəsən?

Qasım kişi bədəninə iynə batırılmış kimi dik qalxıb, niyə durduğunu başa düşməyərək təzədən oturmuşdu: elə bil, görünməz, güclü bir əl onun təkləri cod, dəniz havasında, şaxtada, küləkdə yanıb tunclaşmış sifətinə taraz bir şillə çəkmişdi və o, bir neçə saniyə dinib-danışmağa söz tapmamışdı. Araya uzun bir sükut çökmüşdü və məhz bu zaman, Qasım kişi ürəyinə axıb dolan qorxu hissindən qar altında qalmış adam kimi üşümüşdü: «Göndəriblər bu oğlanı yanıma. Gör nələr danışır bu? Yox, qarantiyası olmasa əlində qələt eləyər belə şeyləri dilinə gətirər. Bəlkə də cavandı, heç o qorxunu duymur, qanmır, elə sadəcə düşündüyünü deyir? Allah, indi nə biləsən bunun qarnındakı-nı?» ⎯ deyə bir neçə an tərəddüd içində Turxanın qəzəbdənmi, çarəsizlikdənmi yanıb par-par parıldayan gözlərinin içinə baxmışdı və birdən o gözlərdə daxili bir yanğı görüb rahatlanmışdı: «Yox, o satqın ola bilməz. Yazığın ürəyindəki dilindədi. Bir də daha ara açılıb ⎯ onsuz da sözümü demişəm» ⎯ deyərək Turxanın sualına cavab vermişdi:

⎯ Niyə yoxdu, ay oğul? Var. Amma nə olsun ki? Heç nə eləmək mümkün deyil.

Sonra Qasım kişi illər boyu ⎯ elə Turxan yaşda olandan ta bu günə qədər bax indicə danışdıqları bu məsələlər barədə düşündüyündən danışmışdı. Sadəcə danışmamışdı, az qala kişi ağlayırdı danışanda. Sən demə, belə düşündüyünün də ağrısınıacısını az çəkməmişdi. İnstitutu qurtarandan az sonra irəli çəkiblərmiş ⎯ ağıllı, qabiliyyətli mütəxəssis olduğuna görə, torpağın üzünə baxan kimi, hər cür aparatdan da dəqiq harada neft ola biləcəyini gözüyumulu təyin eləmək qabiliyyətinə görə. Balaca bir briqadası varmış: kəşfiyyat işlərini aparırmış. Bir gün elə həmin briqada üzvləri arasında ürəyini ağrıdan və indi Turxanla danışdıqları bu məsələdən söz salır və deyir ki, Amerika indi bizdən ⎯ Sovet İttifaqından neft alır. Siz elə bilirsiz Amerikanın nöyütü yoxdu? Var, istədiyin qədər var. Amma özününkünü saxlayır hələ. Kəşfiyyat aparırlar neft yataqları olan yerlərdə, onların ehtiyatlarını müəyyən eləyib xəritələrində nişanlayırlar və saxlayırlar. Gələcək üçün saxlayırlar. Lap elə bu bizim bəyənmədiyimiz İranda. Orda da belə eləyirlər: yataqlarının hamısını istismar eləmirlər, qardaş. Biz isə neynəyirik? Hamısını tapan kimi başlayırıq torpağın qanını sormağa, planlarımızı artıqlamasıyla doldurmağa, əvəzində isə mükafat alırıq: pul mükafatı, qırmızı bayraq. Bakı nöyütü dünyanın ən keyfiyyətli nöyütüdü. Biz isə onu su qiymətinə veririk, gedir. Bəs sabah neyləyəcək bizim xalq?

Gələcək nəsillər üzümüzə tüpürüb gorumuzu söyəcək: onları soyuq ocaq başında, çıraq işığında qoyduğumuz üçün. Əgər istəmiriksə bu torpağın sabahkı övladları bizi lənətlə yad etsinlər, biz indidən bir tədbir görməliyik, qardaşlar. Hər iki yataqdan biri ehtiyat saxlanmalıdı. Əgər qeyrətimiz varsa, ancaq bu yolla getməliyik. Belə demişmiş Qasım kişi o vaxt. Demişmiş, ancaq heç nə eləməmişmiş. Düz bir həftə sonra… onu işdən çıxardıblar. Yerinə «Azneft»in bir işçisini qoyublar. ⎯ Leonid Kursantov adlı bir nəfəri. Briqada əvvəl ⎯ Qasım kişinin vaxtında yalnız özümüzünkülərdən ibarət imiş. Dağıdıblar və onu internasional bir kəşfiyyat dəstəsinə çeviriblər. Sonra da qəzetlərdə bu internasional briqadanı o ki, var tərifləyiblər.

⎯ Deməli, kimsə, sənin elə öz dəstəndən gedib xəbər verib. Elə deyil?

⎯ Əlbəttə. Ancaq bilmədim kim idi, hansı əclaf idi.

⎯ Nə fərqi vardı? Hər halda özümüzünkü idi və o da özünü yəqin bu torpağın oğlu hesab eləyirmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Birinci hissə, on birinci fəsil

Elməddin imtina sənədini, idarənin, seyfin açarlarını Zərrintac xanımın gözünün qabağında stolun üstünə qoyandan, ertəsi günü talağı geri oxutdurandan sonra da milyoner qızı nə eşitdiklərinə, nə gördüklərinə inanmaq istəməmişdi. Doğrudur, o, evdən çıxan kimi Zərrintac xanımı ağlamaq tutmuşdu, ha eləmişdisə, gözlərilə bacara bilməmişdi. Onlar söhbət etdiyi müddətdə yan otaqda dayanıb Elməddinin dediklərini eşidən, işin axırının belə qurtaracağını ağlına belə gətirməyən və buna görə də qulaqları guruldayan, çox sözü ayırd eləyə bilməyən Siminbər özünə gələndə artıq Elməddin çıxıb getmişdi. Zərrintacın hönkürtüsünə içəri girən Siminbər Elməddini orada görməyib ətrafa baxınmış, görməyib təəccüblənmişdi. Adi olaraq, qız ürəyində ondan incimişdi də: «Gedirsən, heç olmasa xudahafizləşəydin mənimlə, Elməddin!» — deyə fikrindən keçirmişdi. Ancaq bilməmişdi ki, Elməddin bu xanimanı tərk eləyəndə elə pərişan, elə həyacanlı idi ki, Siminbərlə xudafizləşmək belə yada düşməmişdi; onu ancaq küçədə, iti addımlarla getdiyi zaman xatırlamışdı, təəssüf eləmişdi, geri qayıtmaq isə mümkün deyildi. Siminbər bunu bilmirdi.. O, Zərrintac xanımın yanında dayanaraq təsəlli vermək istəmişdi, lakin deməyə söz tapmamışdı. Eləcə: —Ağlama, xanım!—söyləmişdi. Zərrintac xanım özünü Siminbərin yanında sındırmamaq üçün arada olan söz-söhbəti dilinə gətirməmişdi. Həqiqətdə o, Elməddini tamam-kamal atacağını heç xəyalına da gətirmirdi. Qulağı ilə eşitdiklərinə, gözü ilə gördüklərinə inanmaq istəmirdi. Buna Elməddinin «kişilənməyi», adicə şıltağı kimi, baxırdı: «Məni qorxuzmaq istəyir. Gözümün odunu almaq istəyir. Amma bacarmazsan, Elməddin. Mən Nəcməddinin qızıyam, mənimlə sən bacarmazsan!» — deyirdi öz-özünə. Hətta talağı geri oxunandan sonra da uzun müddət özünü tox tutmuşdu, ürəyində sınsa da, çəksə də, üzə vurmamış, deyib-gülmüşdü; sanki heç bir şey olmamışdı. Talaq nə idi ki, quruca kağız deyildimi, məgər insanları bir-birinə bağlayan kağızdı?! Yox, o, ümid eləyirdi ki, hər necə olsa, gec-tez Elməddini öz ayağına gətirəcək, təslim edəcək. Arada bu qədər var-dövlət var. Hələ bu var-dövlət bir yana dursun, Zərrintac kimi gözəl, cavan gəlindən kim imtina edər? Gərək nə qədər nadan olasan ki, taleyin sənə bəxş etdiyi belə cah-calaldan, belə gözəl bir can sahibindən imtina edəsən!—Zərrintac belə fikirləşmişdi. Lakin vaxt dolanıbkeçdikcə Elməddindən səs-səmir çıxmadığını görəndə narahat olmağa başlamışdı. Siminbər də çıxıb gedəndən, lap tək-tənha qalandan sonra o, bərk sarsılmış, qəlbində Elməddinə dərin nifrəthissləri duymuşdu. Yaralanmış aslana dönüb gizli-gizli inləmişdi. Elməddin onun poladdan möhkəm olan qürurunu yaman sındırmışdı. Hərdən belə düşünürdü ki, indiyə qədər bir yana qalsın, bundan sonra yaşayacağı illərdə də heç kəs onu belə alçalda bilməz, bilməyəcək də. Bu, çox ağır bir zərbə idi ki, Elməddin ona vurmuşdu. Zərrintacın bədbəxtliyi bunda idi ki, özündə heç bir günah görmürdü. Xasiyyətindəki tündlüyü, «mənəm-mənəmliyi» başa düşmürdü, elə bilirdi ki, var-dövlət, gözəllik qadının ən ümdə keyfiyyəti və bəzəyidir; bunlara malik olan qadın hakimi-mütləq ola bilər, onun hər sözü qanun olmalıdı. Daha anlamaq istəmirdi ki, qadını gözəl edən, sevdirən, əziz eləyən onun var-dövlətindən, gözəlliyindən çox ürəyinin gözəlliyidir, hisslərinin səmimiliyidir, məhəbbətidir. Bax, bunu o, başa düşə bilmirdi.

7 мин
Birinci hissə, on ikinci fəsil

Günortanın cırhacır vaxtı idi. İçəridə — otaqlarda, eyvanda bürküdən oturmaq mümkün olmadığından Əbdül ərik ağacının dibinə yığışmışdı: uşağın asma yüyürüyünü yam-yaşıl yarpaqlar arasında ərikləri saralıb yetişməyə başlayan ağacın yana əyilən iri budağından asmış, balaca Nəcməddini də nazik ipək tor köynəkdə yüyürükdə yatırmış, özü də balaca, girdə mizin arxasında oturmuşdu. Mizin üstündə çaynik, piyalə və şəkərdan vardı — piyalədəki yaşıl çay çoxdan soyumuşdu. Ərik ağacının sol tərəfində dördbucaq şəklində gül kolları əkilmişdi — həmişəbahar gülləri idi. Zahirən ləkə oxşayırdı. Ancaq əslində bu, lək deyildi, bu, Dünyanın qəbri idi və indi dünyada Əbdüldən başqa heç kəs bilmirdi ki, burada, bu həmişəbahar güllərinin arasındakı qara torpaq altında Dünya xanım uyuyur. Buranı Əbdül öz əlləri ilə belə səliqə-sahmana salmışdı və onun üçün nə qədər ağır olsa da hər gün bir neçə dəfə bura baş çəkir, yanında oturur, çıxan alaq otlarını vurur, gülləri sulayır, dilinə bircə söz belə gətirmədən ürəyində özü ilə, Dünya xanım ilə, ağayi Nəcməddin ilə danışır-danışır və bir də görürdü ki, gözlərindən yaş axır. Qəlbi sıxılıb hövl eyləyəndə o, ya yerdə palaz üstündə oynayan, ya beşikdə uzanmış körpəni götürüb bağrına basır, öpüb-oxşayırdı.Əvvəllər, hələ ağayi Nəcməddin sağ olanda Əbdül Dünyanın qəbrinin üstünə az-az, ancaq gül kolu əkmək, onlara su vermək bəhanəsi ilə gəlirdi. Özü də gündüzlər, gecələr isə, öz hücrəsinə çəkilməmişdən qabaq, dərdli-dərdli, təəssüf hissi ilə başını yırğalaya-yırğalaya bu ərik ağacının dibinə baş çəkər, qəbrin ayaq tərəfində xeyli dayanar, xəyalında Dünyanı məzardan çıxarır, gah öpüb-oxşayır, gah da nifrətlə acı sözlər deyib ürəyini boşaltdıqdan sonra gedib yatırdı. Ağayi Nəcməddin də dünyadan köçəndən, qonaq-qaranın, Elməddinin, Zərrintac xanımın əl-ayağı çəkiləndən, o, balaca Nəcməddinlə burada tək qalandan sonra isə həyət-baca suyu sovulmuş dəyirmana oxşayanda, kişi tənhalaşanda beyni ayazımış, hissləri durulmuş, başına gələn qəzavü-qədər barədə arxayın-arxayın düşünməyə macal tapmışdır. Və Əbdülün ürəyində böyük bir cinayətin gizli məhkəmə prosesi başlanmışdı. Bu məhkəmə prosesinin iştirakçıları Nəcməddin, Dünya xanım, Vəlixan və Əbdül özü idi, şahid-filan yox idi — bəzi işlər balaca Nəcməddinin gözü qabağında olmuşdu, ancaq o şahidlik eləyə bilməzdi, çünki onun gözü ilə gördükləri hələ yaddaşının maqnit lentinə həkk olunmamışdı, olunanı da o, hələ insan dilinə tərcümə eləməyə qadir deyildi, çünki bu dili o özü də bilmirdi hələ.

14 мин
Birinci hissə, on üçüncü fəsil

...Bu gün Zərrintac xanım işdən gələn kimi hamamı yandırıb çimmişdi. Uzun tiftikli qətfədə yataq otağına getmiş, iri bədənnüma güzgünün qabağında qurulanmış, öz mərmər bədəninə, sinəsinə kənar adam gözü ilə baxıb öz gözəlliyindən ləzzət alsa da, kövrəlmişdi də. Elməddin burda olanda belə hallarda onun yanında dayanır, qurulanmağına kömək eləyir, alt paltarını geyməyə imkan verməmiş, qucağına alaraq çarpayısının üstünə gətirir, «neynirsən geyinirsən, onsuz da soyunduracağam!» — deyib özü də yanına girirdi. Bu anları indi o qəribə bir nisgil və həsrətlə xatırlayırdı. Güzgü qabağında özünü tək görüb sinədolusu ah çəkdi və əlini uzadıb çarpayının başına atdığı paltarlarını həvəssiz-həvəssiz geyindi. Kresloda oturdu, boş, sahibsiz çarpayıya baxdı, gözləri doldu. Böyründəki radioqəbuledicinin düyməsini burdu və otağa Rəxşanənin məlahətli səslə oxuduğu mahnının ilıq nəfəsi doldu. Zərrintac xanım ağır əhvali-ruhiyyəsini unutdu, azca yüngülləşdi və qeyri-iradi yan otağa tərəf:– Simin, mənə bir piyalə çay gətir! — dedi və səsindən özü də səksəndi. Səhv elədiyini, hissə qapılıb hər şeyi unutduğunu xatırlayıb köksünü ötürdü. Və qalxıb özü üçün çay gətirdi. Ancaq çay içmək həvəsi öldü nədənsə. Piyalədəki çaya baxa-baxa fikrə getdi. Rəxşanə oxuyurdu, Zərrintac xanımın kədəri getdikcə artırdı. Təklik hissi bütün vücuduna hakim kəsilmişdi — inan ki, bu an, bax elə bu dəm Elməddin qapını açıb içəri girsəydi, Zərrintac durub qabağına qaçar, onun uca boynuna sarmaşıb: «Xoş gəlmisən, əzizim — deyərdi. — Bağışla məni, bilməmişəm. Keç günahımdan». Ancaq Elməddin gəlmirdi. Gəlməyəcəkdi də. Bu həqiqəti bir daha dərk edib Zərrintac məst adam kimi ayağa qalxdı, küçəyə baxan pəncərənin qabağına addımladı, şəhadət barmağının ucu ilə tül pərdəni aralayıb çölə baxdı. Hava qaralmışdı. Cadədən tək-tük maşınlar, piyadalar keçib-gedirdi. Lap pəncərənin qabağından keçən iki kişidən birinin bu sözlərini eşitdi:

14 мин
Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 мин

Стихи других поэтов