Baş xiyabanda
Qaramat bir yuxudan oyandım, işığı yandırdım – başım ağrıdan çatlayırdı.
Bu şiddətli baş ağrıları vaxtaşırı gecələrimin ayaqdaşıdır.
Küt və kənək bir ağrı qoşa çəkiclə sağdan və soldan gicgahlarımı döyəcləyirdi, qalxdım üst köynəyimin döş cibindən ağ bir həbin ancaq bir qəlpəsini tapdım ki, onu da udmaq üçün stol üstündəki qrafində su yoxdur.
Bu qürbət şəhərdə hərbi xidmətdə olan bir neçə yoldaşla bərabər əlahiddə bir evdə yaşayırdıq, evdə su lüləsi yoxdu, qonşu evdən aldığımız quyu suyunu qaynadıb içirdik.
Şinclimi çiynimə saldım, ikinci mərtəbədəki otağımdan qaranlıq həyətə düşdüm, çox uca hasarlarla dövrələnmiş həyət ortasında kiçik bir hovuz vardı, səhərlər o hovuzdan götürdüyümüz su ilə əl-üzümüzü yuyurduq. Gecə çox şaxtalı idi və hovuzdakı su donmuşdu, yumruğumla buzu sındırdım, cibimdə ilişib qalmış həb qəlpəsin uddum, üstündən bir ovuc buzlu su içdim.
Geri döndüm, otağıma qalxdım, var-gəl eləməyə başladım ki, ağrı bir az səngisin, sonra təzədən yıxılıb yatım, adətən dərman atandan yarım saat sonra başım yavaş-yavaş ağrının qurğuşun çəmbərindən xilas olurdu.
Amma indi yarım saat keçmişdi və kiçik bir həb qəlpəsinin kənək bir ağrıya dişi bata bilməmişdi.
Geyindim, aşağı düşdüm, həyətdən keçdim, uzun və qaranlıq dəhlizdən küçəyə çıxdım. Gecənin bu aləmində ki axşamdan qar yağmışdı, sonra şaxta bərkimişdi, qaranlıq küçədə ins-cins yoxdu.
Və bu şəhər yalnız bir küçəsində, baş xiyabanında həmişə izdihamlı və işıqlı idi, bütün digər küçələrində, dalanlarında, döngələrində axşamdan kimsəsizləşirdi və qaranlığa batırdı, yalnız baş xiyabanında çoxmərtəbəli idi və ordakı binaların pəncərələri küçəyə baxırdı, balkonları küçənin səkiləri üstündə qərar tuturdu, evlərin ümumi giriş qapıları həmişə açıqdı, bütün digər küçələrindəki bir və iki mərtəbəli evlərin isə səhər uca hasarların arxasındakı həyətlərdə gizləmişdi və bu həyətlərdən küçələrə, dalanlara, döngələrə doğru uzanan xəfə dəhlizlərin giriş qapıları gecə-gündüz bağlı olurdu.
Sonra bu şəhər yalnız baş xiyabanda gecədən xeyli keçənə kimi oyaq qalırdı və səhərlər orda, baş xiyabanda bir az ləng yuxudan oyanırdı, bütün digər küçələrində isə axşamdan yatırdı və səhər hava azacıq işıqlanan kimi ayağa qalxırdı.
Və nəhayət bu şəhər yalnız baş xiyabandakı bir əczaxanasını bütün gecəni səhərə kimi açıq saxlayırdı ki, indi gecənin bu aləmində mən ora – baş xiyabana, – şəhərin səhərə kimi açıq saxladığı o əczaxanaya doğru gedirdim...
...Və baş xiyaban gecənin bu gec saatlarında həmişəki kimi yenə çıraqban idi, amma başqa vaxt gecə yarıdan sonra da burda dolaşan baxışları çağırışlı bədbəxt kölgələr indi bu şaxtalı gecədə yox olmuşdu və hər axşam burda sızıldayan, ağlayan divar dibləri də artıq susmuşdu və boşalmışdı.
Gündüzlər şəhərin digər məhəllələrində və örtülü bazarında sədəqə üçün uzanan əlləri boş qalan dilənçilərin bir çoxu axşamlar çox tez kimsəsizləşən digər küçələrdən bura, baş xiyabana doğru yönəlirdilər, ayaqyalın, başıaçıq uşaqlar, cındır çit çadralı qadınlar, çiyni mitil yorğanlı qocalar burda divar diblərində düzülüb oturdurdular və bu divar dibləri xüsusilə soyuq qış gecələri yüz ağızlı fəryadla şəhərin baş xiyabanındakı izdihamından mərhəmət diləyirdi.
İndi isə şaxtalı bir gecənin bu aləmində ki, əl açmaq üçün şəhərin baş xiyabanında ins-cins qalmamışdı, şəhərin dilənçi uşaqlarından kiçik bir oğlanın ilişib burda, baş xiyabanda qalması çox təəccüblü idi.
Və şəhərin sahibsiz, sərsəri, ac itlərindən böyük bir sürü o uşağı mühasirəyə almışdı.
Ayaq saxladım, uşaq sürü içində fırlanırdı, sağa dönürdü, sola dönürdü və əlindəki çörəkdən qopartdığı tikələrdən sürüdəki ac itlərin hərəsinə bir pay düşməsinə cəhd edirdi.
İkinci bir çörəyi isə uşaq sol qolu altında bərk-bərk qoltuğuna sıxmışdı.
Düşünmək olardı ki, kimsəsiz bir uşaq çörəyə möhtac olduğu kimi bir parça qarşılıqlı şəfqətə də möhtacdır və yəqin mehrini özü kimi hər yerdən qovulan, ac qalan, soyuqdan titrəyən bu sərsəri itlərə salmışdır.
Əczaxanaya çatmışdım, içəri girdim.
Gecə aptekçisi rəngimə baxan kimi əhvalımın nə yerdə olduğunu fəhm elədi, tanış idik, vaxtaşırı qocadan nevraljin adlanan başağrısı dərmanı alırdım və üst köynəyimin döş cibində ehtiyat saxlayırdım.
Salamlaşdıq və qoca bu şəhər sakinlərinə xas olan xüsusi bir nəzakətlə iltifat göstərdi.
– Çay süzüm, – dedi, – elə burda bir pay nevraljin atın!
– Təşəkkür eləyirəm, – dedim, – bir stəkan su.
Başımı geri qanırdım ağ nevraljin tozun dilimin üstünə səpdim, suyu başıma çəkdim.
– Əyləşin, – dedi qoca, – bugünkü Tehran ruznamələridir, axşam avtobus gətirdi, baxsanız, başınız bir az qarışsa, ağrı fövrən izalə olub gedər!
Alçaq miz üstündə bir yığın Tehran qəzetləri vardı, və ən üstdəki qəzetin birinci səhifəsində çəkilmiş karikaturada ağ bir qoyun göy çəmənlikdə ot qırpırdı, amma sağında və solunda iki boz qurd şöngüyüb göz-gözə oturmuşdu, sağdakı gözünü soldakına ağartmışdı ki, dinc otur, həddini bil, soldakı da sağdakına meydan oxuyurdu ki, xam xəyala düşmə, boğazında qalar və beləliklə o qoyun çox xoşbəxt idi ki, keşiyində dayanmış iki qurd arasında öz qoyun səadətinə qovuşmuşdu...
Başımı qaldırdım gecə aptekçisinin üzünə baxdım, qocanın işıldayan gözlərində cinlər oynayırdı...
Nevraljin tez təsir eləmişdi, ağrının dişi sınmışdı və indi geri çəkilmişdi, hardasa sonuncu bir nöqtəyə ilişib amanatabənd qalmışdı
Gecə aptekçisi ilə xudahafizləşib yenidən baş xiyabana çıxdım.
Xəfif, amma şaxtalı bir külək şəhərin digər qaranlıq küçələrində və dalanlarında özünü ora-bura çırpıb geri dönmüşdü və indi burda – baş xiyabanda itlərə çörək paylayan o uşağı qabağına salıb hara isə qovurdu.
Uşaq ayaqyalın və başıaçıqdı, gah yorturdu, gah dayanıb arxasınca salıb apardığı itləri səsləyirdi və indi qoltuğundakı ikinci çörək də yox olmuşdu, sürüdəki itlərin sayı isə bir az da çoxalmışdı.
Yenə düşünmək olardı ki, bu səxavətlə ki, uşaq bu gün diləndiyini bu ac itlərə paylamışdı, özünə heç bir şey saxlamamışdı, sabah sədəqə üçün açılan əli boş qalardısa (və belə günləri az olmurdu və az olmayacaqdı) onda bu it sürüsünə mehribanlığı uşağa çox baha tamam ola bilərdi.
Və bu zaman uşaq birdən yox oldu.
İrəlidə üç mərtəbəli binada bir ticarət şirkəti yerləşirdi və uşaq o binanın giriş yolundan içəri girib yox olmuşdu və bütün sürü də uşağın dalınca içəri cummuşdu.
Gəlib o binanın qarşısına çatmışdım ki, arxadan yortub gələn gecikmiş, daha iki it də az qala ayaqlarıma dolaşaraq yanımdan sivişib özlərini dəhlizə salmışdılar.
Bu nə sirr idi?
Bir an tərəddüd elədim, sonra dəhlizə girdim.
İçəri çox kiçik bir elektrik lampasilə işıqlanmışdı və əvvəlcə dəhlizdə nə uşağı gördüm, nə it sürüsünü. Bəlkə yuxarıya, ikinci mərtəbəyə qalxmışdılar? Amma yuxarıda ikinci mərtəbənin koridor qapısı gecələr bağlı olmalı idi və pilləkənin üst meydançasına bu it sürüsü sığışmazdı.
Birdən pilləkən qanadının arxasından gələn bir hənirti diqqətimi cəlb elədi, irəli getdim, pilləkən qanadının arxasına keçdim.
Sürünün bütün itləri burda idi, sıxılmışdılar bir-birinə, biçimsiz bir kütlə halında yerə döşənmişdilər və o uşaq da bu sürünün ortasında yumaq kimi bükülmüşdü, dizlərin qucaqlamışdı, böyrü üstə yıxılıb yatmışdı.
Və sirr bundan ibarətmiş ki, bu, şaxtalı qış gecələrində soyuqdan donmamaq və isti bir bucaq tapıb yatmaq üçün uşaq boğazından kəsərək gündüz diləndiyini bu sürüyə paylayırmış və olbəttə ki, səhər tezdən şəhər hələ oyanmamış yenə bu sürünü dalınca salıb baş xiyabandan uzaqlaşacaqdı...
Şəhər isə sabah yenə baş xiyabanı davranış və qilü-qalı getdikcə müasirləşən bir izdihamla dolduracaqdı, ağır yerişli sakinlərini baş xiyabanda çevik yerişə təhrik edəcəkdi, dini təəssübkeşlik təzahürünə baş xiyabanda yol verməyəcəkdi, bir yandan baş xiyabandakı əyinləri qaradonlu, başları ağpapaqlı xaçpərəst rahiblər monastırından ucalan çan səslərinə qulaq asacaqdı, bir yandan da ölkənin müqəddəs şəhərinə gedən mömin zəvvarlarını mərsiyə sədaları ilə o, monastır yanındakı döngədən xarici markalı avtobuslarla yola salacaqdı və baş xiyabanda yerləşən bir çox kinoteatrların əlvan afişalarındakı çılpaq qadınlarla, hər iki əlindəki tapançadan atəş açan bədheybət quldurlarla və ağzından od püskürən əjdahalarla tamaşaçı çağıran Qərb filmlərini bütün günü və gecəni nümayiş etdirəcəkdi, musiqili, nəğməli restoranlarını, sarı bülbüllü çayxanalarını müştərilərlə dolduracaqdı və bu şaxtalı gecədə sərsəri itlərlə qucaqlaşıb yatan o kiçik övladına bir gün ağlamağı yalnız bundan ibarət olacaqdı ki, baş xiyabanda dilənən bəzi dilənçilər kimi o uşağa da əl açıb sədəqə aldığı vaxt fransızca “mersi” deyə təşəkkür etməyi öyrədəcəkdi...
Təbriz, 1945
Kitabxana.az · https://kitabxana.az/ru/works/enver-memmedxanli-bas-xiyabanda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Azərbaycan dağları. Bilalabad kəndi.Gecədən xeyli keçmişdi. Bütün kənd yatmışdı. Quşbaşı qar yağırdı.
Bakı gecələriYadımdan çıxmayıb ki, o ulduzlu avqust gecəsi ki, yuxarıda göy qübbəsi “min bir çiçəkli, min bir yarpaqlı” idi, aşağıda isə bir dağ kəndi çoxdan işıqlarını söndürmüşdü, ertədən yuxuya getmişdi, amma kəndin yuxarı başında, meşə ətəyində, bizim evdə hələ də yeddilik çıraq yanırdı.Anam heybəmi ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi.
AyrıldılarYarı yoldan geri qayıtdılar. Qalın meşələrlə örtülü Qaraquş dağlarının başına qalxdıqları dik cığırla indi üzüaşağı enirdilər. Hər ikisi susmuşdu. Yalnız ayaqları altında sınan quru çör-çöplərin çatırtısı, cığır qırağından qopub aşağı diyirlənən xırdaca daşların cığıltısı eşidilirdi.Adilə diqqətlə ayaqları altına baxırdı, ehtiyatla addımlayırdı, ipək donunu kol-kosdan qoruyurdu. İlyas isə qızın qolundan tutmuşdu ki, çınqıllı və çox əynəmli enişdə sürüşməsin və o vaxt ki, özü sürüşürdü, sol əlini atıb cığır qırağındakı ağacların yerə əyilmiş budaqlarından yapışırdı və sağ əli ilə sürüşüb gedən qızı geri dartırdı, ayaq üstündə saxlayırdı.
Buz heykəlQırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərilə tənha bir kölgə hərəkət edir.