Baba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.

Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.

Bu təhrif – bir deyim xətasıdır. Əvvəl, bunu deyirəm ki, Salyan yaxınlığında, Xəzərə yaxın yerdə bir yox, iki dağ var. Birinə Ba-ba Zənan, o birinə Kənizədağ deyirlər. Sözlərə fikir verin! İndi də gedib salyanlı qocalardan soruşsaq, deyəcəklər ki, «Bu Baba Zənandır, bu da Kənizədağ!» Çünki, salyanlı qocalar, hətta şair Oqtay Rza da tut bağına – tutabağ, tatar məhləsinə – tataraməhlə, motalpapağa – motalapapaq deyir. Tut, tatar, motal sözlərinə mütləq «a» hərfini artırırlar. Elə bu adətlə də hər gün gördükləri dağlara Baba Zənan və Kənizədağ deyiblər.

Baba Zənan və Kənizədağ sözlərindəki – Babadakı ikinci «a», Kənizədağdakı kənizdən sonrakı «ə» əlavədir, qoşulmadır. Bu cür «a», «ə»lər indiki halda ləhcə fərqidir. Qonşulardan keçmədir, (qıza, əkilə) filoloji məsələdir. Başqa bir məqalənin mövzusudur bu.

Mətləbdən uzaq düşməyək. Gəlin, Babadan ikinci «a»nı ataq. Qalır «Bab». «Bab» – ərəbcə qapıdır. Bab Zənan – zənan qapısı deməkdir.

Babnan başlayan daha bir məşhur coğrafi toponim var. Babəlməndab boğazı – yəni göz yaşları (Aralıq dənizindədir) boğazı.

İkinci dağdakı Kəniz sözündən sonra yazılan «ə»ni atanda Kənizdağ qalır.

İstər-istəməz bir sual çıxır meydana. Axı, niyə bu dağlara Zənan qapısı və Kənizdağı deyiblər. Çünki, bu dağlar az qala üzbəüz dayanıblar. Uçatağlı qala divarlarına bənzəyirlər. Bu nəhəng alaqapının o üzündə Xəzər çırpınırdı. Təlatümlü, tufanlı Xəzər! Orta əsrlərdə elə bu sahildəcə Bəndər var idi (Bəndər farsca liman). O zamanlar əsir götürülmüş azərbaycan qız və gəlinlərini bu bəndərdə gəmilərə doldurub Ərəbistana. İraqa, İrana, Türkiyəyə aparırdılar. Bu əsir qızları ərəb xəlifələrinə, İran şahlarına, Türkiyə sultanlarına kəniz göndərirdilər. Sinədağlı anaların, qolubağlı ataların ah və nalələrindən bu dağlar belə adlandırılmışdır. İndən belə bu toponimləri xəritələrdə öz adları ilə göstərmək, yazmaq lazımdır. Bab-Zənan və Kəniz dağı. Qoy, tarixçilərimiz bir də qayıdıb, bir daha dərdlərimizi bitdə-bitdə araşdırsınlar. Bu dağlar – tarixi yaddaşımızdır, ibrət dərsidir bizim üçün.

Dünya millətləri içərisində ən dəqiq, ən yaşarı, ən qayım, ən bədii toponimlər türklərə məxsusdur. Babilistandan tutmuş Kamçatkaya, Qafqazdan Çin səddinə qədər, Dərbənddən İran körfəzlərinədək, Altaydan Dəşti-Qıpçağa, Macarıstanacan səpələnib bu toponimlər.

Minlərcə Ağsu, Göygöl, Hammardabanlar var yer üzündə. Bütün bu adların üstündə, ətrafında və içində qələbə ilə bitən yürüşlərin, hərbi səfərlərin, sevinc ilə kədərin, acılı-şirinli günlərin ruhu yaşayır. Hər yer adının əks-sədası var. Hər yer adında millətin kodu var.

Toponim – «tapa bil» sözünə bənzəyir. Bu yer adlarını coğrafiya alimləri dilçilərlə, tarixçilərlə birgə tapmalıdırlar. Bu yer adlarını yüz ölçüb-bir biçmək gərək! Nə qədər yer adı var ki, hələ də mənası tapılmayıb.

Çay qayaların altı ilə axırsa, gün işığı görmürsə ya Qaraçaydır, ya da Qarasu. Əgər çay qayaların gündüşən tərəfindən axırsa ya Ağçaydı, ya da Ağsu.

Toponimii tətqiq eləyən alim mütləq dili, ədəbiyyatı, folkloru bilməlidir. Toponimlər hərf-hərf, heca-heca sökülüb, yenidən yığılmalıdır. Ta başa düşülüncə. Toponimlər dilimizdir, yaddaşımızdır, tariximizdir. Millətin doğma yerlərə vurduğu möhürdür, nişanədir. İşarədir.

Yer adlarını qoruyub saxlamaq, yeri qorumaq, Ana yurdu qorumaqdır!

«525-ci qəzet», 24 sentyabr, 2009

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов