(İlk məhəbbət haqqında daha bir hekayə)

Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.


Haftalana getmişdim. Gözlərimə inanmadım. O vaxtkı yastıyapalaq evlər hanı? Hanı mənim qaldığım fəhlə yataqxanası? Hanı iş yerim – Neft kəşfiyyatı İdarəsi? Hanı o işıq dirəkləri, hanı çəkdiyim məftillər? Hanı işığa dönmüş günlərim, aylarım. İllərim? Hanı mənim on yeddi yaşım?

Yalnız bir neçə qoca gördüm o günlərdən qalma. O da kurortun parkında. Bir də birmərtəbəli ev qalmışdı o günlərdən. Mənimlə yaşıd olardı. Sızım-sızım sızıldayırdı. O evin işığını mən çəkmişdim. O aşıqları mən vurmuşdum divara işıq xəttini divarın küncündə döndərmək üçün. Eləcə də qalıblar o küncdə… Yorğun, yetim, bir az da kədərli, bir qədər də solğun, solmuş-saralmış… Çünki işsiz idilər. İndi təzə suvağın altı ilə təzə işıq xətti çəkilmişdi. Gözə görünmürdü xətt.

Sonra gəzib-dolandım o doğma yerləri addım-addım, küçə-küçə. Yaşıllığa qərq olmuş beşmərtəbəli, doqquzmərtəbəli evlər gördüm. Düzülmüşdülər yan-yana sıra dağlar kimi. Heç kəs də məni tanımırdı. 35 il əvvəl burda işıqçı işləyən qərib, yetim – yeniyetmə bir gənc kimin yadında qalardı ki?! Bir evə dəyməliydim. Gəlməyimdə məqsədim fəhlə dostum İmranı görmək idi. O, burda qardaşıgildə yaşayırdı. Soraq-soraq tapdım o evi. Beşmərtəbəli müasir daş evdi. Aşağıda lap pilləkanın ayağında bir qadın dayanmışdı. Tez-tez yuxarı baxıb kimisə çağırırdı. Bazardan gəlirdi. Yanında iri, ağır bir səbət vardı. Axtardığım adamı soruşdum, dedi – burda olur, ya dörddə, ya beşdə.

Sonra dedim: «Bacı, verin səbəti mən aparım». Dedi: «Çox sağ olun, zəhmət çəkməyin, qızı çağırmışam…». «O gələnəcən, mən kömək eləyərəm» – deyib, ərklə səbəti götürüb yuxarı qalxdım. Mən qabaqda gedirdim. Qadın da birayaq-birayaq: «Heç yaxşı olmadı» – deyə-deyə arxadan gəlirdi. 3-cü qata çataçatda bir qızla üz-üzə gəldim. Səbət əlimdən düşəcəkdi az qala. Özümü güclə saxladım. Surahıya söykəndim ki, yıxılmayım. Aman Allah, bu qız Rəbiyyədir!

– Əmi, səbət bizimdir?

Dinmədim. Bir daha baxdım, bir də dönüb aşağı baxdım. Əsl Rəbiyyə aşağıda idi. Görün necə də dəyişib. Ah!.. Zalım dünya! Mən də qocalmışdım, dəyişmişdim, o qədər yox. Amma o!.. Mən onu tanımadım, o da məni tanımadı. Görünür, bu da yazılıbmış alnımıza.

Bu qız onun qızıdır. Bu gözəllikdə, bu yaşda elə bu boy-buxunda idi onda… bir alma iki yerə bölünüb elə bil, bir parası solubsaralıb, bir parası necə vardısa eləcə də qalıb. Səbəti ikicə pillə qaldıra bildim. Qollarım sustaldı. Qoydum yerə. Arxaya baxmadan tez-tələsik iki bir, üç bir pillələri bir baş yuxarı yüyürdüm.

Yaramın közü qopdu. Yaddaşım oyandı. Gör nə düşdü yadıma.

«İlk məhəbbət kor olur» deyirlər. Amma mənim ilk məhəbbətim həm kor idi, həm də lal. Rəbiyyəni sevəndə mənim vur-tut on yeddi yaşım olardı. O, yeddinci sinifdə oxuyurdu, mən oxumurdum. Qəsəbə montyoru idim. İşıqçı idim. Fəhlə idim.

Bir dəfə yuxarı məhəllənin işığı dolaşmışdı. İşığı söndürüb qapı-qapı, həyət-həyət, küçə-küçə gəzməli oldum. Onda görmüşdüm Rəbiyyəni. Elə baxa-baxa qalmışdım ona.

– Oğlan, kimi axtarırsan? Oğlan, lalsan?

Tərs kimi işıq onların həyətində dolaşmışdı. Montyor kəmərimi bağladım belimə, qarmaqları ayağıma keçirdim. Amma dirəyə qalxa bilmədim. Gözümü zillədim qızın gözlərinə.

Həyət sükuta qərq olmuşdu. Buludlar göyə yapışmışdı elə bil. Nəfəs dərmədən üz-üzə dayanıb, bir-birimizə baxırdıq. Axırda qız çiynini çəkib naz ilə dedi: «Heç bu boy-buxunda montyor olar, ay camaat?!» Sonra da gözlərini istehza ilə süzdürüb evə girdi. Ay buludun arxasında gizləndi. Gözlərimi sildim. Bir də eyvana baxdım.

Birdən-birə həyəti səs bürüdü, hardasa uzaqda Murov dağın ətəklərində buludlar guruldadı. Külək əsdi, yarpaqlar xışıldadı. Aman tapıb dirəyə qalxdım, dolaşmış məftili açdım. Məftil boşalmışdı. Çəkib bərk-bərk bağladım aşığa. Elə tarım çəkdim ki, tar siminə bənzədi. Mizrab vuran olsaydı, səslənərdi. İlk məhəbbət üstə köklənmişdi bu məftil.

Yerə endim. Kəmərimi açdım, qarmaqları tərsinə çevirib, bir-birinə vurdum. Bu işıqçı dilində «iş qurtardı, vəssalam!» işarəsi idi. Qız yenə eyvanda göründü. Acıqlı-acıqlı ona baxdım, düşündüm: «Sizin ucbatınızdan iki saatdır ki, qəsəbə işıqsız qalıb. Hələ qardaşı da kinomexanikdir. Görmür ki, məftil sallanıb, dolaşıb…» Danışmaq istədim, dinə bilmədim. Amma yenə gözlərim qamaşdı, dilim tutuldu. İmtahan idi elə bil.

Qız soruşdu: «Oğlan, işıq yanacaq?» Qız yəqin ki, məni ələ salırdı. Axı, necə olur ki, mənim dilim bir kəlmə söz tutmur. Bu qız dil-dil ötür. Ürəyimdən keçən bütün sözlər elə ürəyimdəcə qalır. Qapalı bir çevrədə dövr eləyir, səsə çevrilmirdi. Odur ki, dinməzsöyləməz üst-başımı çırpıb həyətdən çıxdım.

Heç on dəqiqə keçməmişdi ki, qəsəbə işığa qərq oldu. Nəhayət, dilləndim, mən sözümü dedim. Görəsən, Rəbiyyə bildimi bu eyhamı, üç dəfə yandırıb-söndürdüyüm «işıq salamı»mı başa düşdümü? İstəsəydi dünyanın bütün işıqlarını onların həyətində yandırardım. Təki, Rəbiyyə elə kənarda durub baxaydı.

O ilk görüşdən sonra tez-tez bu həyətə gələr, məftilləri yoxlamaq bəhanəsilə Rəbiyyəni görərdim. Görərdim… Amma kəlmə kəsməzdim. Rəbiyyə nəsə soruşardı. Mən susardım. Durub baxardım. Çıxıb gedərdin. Yaxınlaşmağa cəsarətim çatmırdı. Mən həyətin aşağı başında durardım, Rəbiyyə eyvanda. Yuxarı başda. İlk məhəbbətin adətidir. Yüksəkdə durur həmişə. Görürsən gözünün qabağındadır, əl uzatsan əlin çatar deyirsən, amma əlin çatmır. Məğmunsan elə bil. Bu minvalla çox keçdi.

Bir axşam Rəbiyyəni istədi ürəyim. Ürəyimə nə qədər dedim ki, bu vaxt evləri doludur adamla. Sabahadək döz! Ürəyim: «yox!» dedi ki, «yox!». Gərək elə bu axşam onu görəm, görməsəm partlayaram. Bilmədim ki, neyləyim. Bəxtim onda gətirmişdi ki, mən işıqçıyam. Qəsəbənin bütün oğlanları Rəbiyyəyə vurulmuşdu, amma heç biri onun həndəvərinə gələ bilmirdi. Rəbiyyə ev qızı idi, başı aşağı məktəbə gedər, evə qayıdardı. Çox zaman böyük bacısı ilə gedib-gələrdi. Rəbiyyənin qardaşı Nazim dəliqanlı bir cavan idi. Qəsəbədəki davaların hamısında olmasa da, yarısında onun əli vardı.

Hə, mənim ürəyim çırpınıb yerindən çıxırdı. Rəbiyyənin ürəyi daşa dönərdi, bu vaxt heç gözünün ucu ilə də mənə baxmazdı. Nə kökə düşərdim onda?! Bu vaxt, şər qarışan çağı evə, həyətə getmək olmaz, axı! Yadıma düşdü ki, bu gün klubda «Hind sərdabəsi» kinosunu göstərəcəklər. Bu gün özü də birinci gündür. Kino yaxşı olanda Nazim öz qohumlarını da çağırardı. Ata-anası, böyük bacısını zalda əyləşdirərdi. Rəbiyyədən başqa. Rəbiyyəni öz yanında «kinobudka»da saxlayardı. Rəbiyyə iki saat kiçik pəncərədən baxırdı kinoya, cınqırı belə çıxmırdı.

Mən qəsəbə klubunun qabağına gəldim. Meydanda köhnə kətilin üstünə qoyulmuş ucadandanışan bar-bar bağırırdı. Kinoya çağırırdı adamları. Rəbiyyəgildən bir kimsəni görmədim. Qanım qaraldı. Ürəyimə nə deyim indi. Kinonun başlanmasına beş dəqiqə qalır. Bilet alıb zala girdim. Beş dəqiqə skamyalara göz gəzdirdim. Kino başlanar-başlanmaz zaldan çıxdım. Hirsimdən kino biletini tikə-tikə elədim, səpələdim yerə. Getdim yataqxanaya. Elə çarpayıya uzanmaq istəyirdim ki, dostum Təvəkkül gəldi. «Fərid, Rəbiyyəni gördüm, kinodadır» – dedi (dostlarımdan hansı Rəbiyyəni harda görsə mütləq mənə deməli idi).

Diksindim, yerimdən dik durdum. Bircə bundan qorxurdum. Rəbiyyə «kinobudka»dadır. «Yaxşı, mən indi necə gedim ora?! Nazim deməz ki, nə var, bala?!» Kino göstərəndə Nazim ora heç kəsi buraxmazdı. Papiros kötüyü atılsa, ya kibrit çəkilsə yanğın törəyər. O zamanların kinolenti oda yamanca həssas idi. İynə ucu boyda qığılcımdan od tutub alışardı. Ürək özü görmək istəyir Rəbiyyəni, necə görməyi də özü öyrətdi mənə. «Bir çarə, bir əlac, bir yol var ancaq! Heç olmasa onca dəqiqəliyə qəsəbənin işıqlarını söndürüm gərək! Qoruyucu yanır bəhanəsi ilə gəlib budkanı yoxlayım. Eşidənbilən məni qınasa da, Nazimin acığına gərək elə belə də eləyim. Kinonun şirin yerində işıqlar sönəndə hamı Nazimə «pinəçi» (sapojnik) deyə qışqıracaqlar, qoy qışqırsınlar, təki mən Rəbiyyəni görüm».

İlk məhəbbətin bu ilk məkridir. Bu ilk müqəddəs yalandır – məhəbbət naminə. Bu ilk şıltaq addımdır məhəbbət naminə. Bu ilk günahdır – məhəbbət naminə. Bütün qəsəbəni qaranlıqda qoymağa əlim gəlmədi. Yalnız kluba gedən xətti açdım. Yataqxanalar da bu xəttin üstündə idi. «Eybi yoxdur. Uşaqlar inciməzlər, bilərlər ki, ərk eləyirəm».

Nazim qaça-qaça gəldi: «Ə, Fərid, işığı yandır, camaat klubu dağıdır». Dedim: «Kinobudkaya baxmalıyam». Dedi: «Ora heç də-dəmi də qoymaram!» Dedim: «Onda qal qaranlıqda». Dedi: «Yaxşı, Fərid, yadında saxla!»

İlk məhəbbət ilk acısını içirtdi mənə. Hələ bu harasıdır, oğlan!..

Mənim anam yaman tərs arvad idi. Tərsliyindən bir az da mənə vermişdi. Dedim: «Nazim qoruyucu dözmür, yanır. Başa düş, mən mütləq kinobudkaya baxmalıyam». Dedi: «Fərid, Fərid, sən yaman tərs adamsan. Yaxşı, gedək! Bir şey tapmasan, özündən küs!»

Getdim kinobudkaya kinogöstərən aparatları, gücləndiriciləri, açarları yoxladım. Budkada köhnə otuzluq lampa yandırmışdılar. Bu lampa işığında Rəbiyyənin gözlərinə baxa bilmirdim, yana-yana qalmışdım. Əcəb işdir, səni görmək üçün işığı söndürmüşəm. İşığı söndürüb, səni görmürəm. Az qala işığı söndürməyimə peşman olmuşdum.

Rəbiyyə onsuz da hər şeyi başa düşmüşdü. Gözlərindən razılıq yağırdı. Mən görürdüm bu parıltını, o da razı idi, mən də. Gözümdolusu gördüm Rəbiyyəni. Rəbiyyə bir küncə qısılmışdı, hürkmüş ceyran kimi oğrun-oğrun baxırdı mənə. Əllərim yalandan nəyi isə axtarırdı, gözlərim doğrudan da istədiyini tapmışdı. Ürəyim arzusuna çatmışdı, elə arxayın döyünürdü ki, guya, bu görüş əbədi olacaq.

Rəbiyyə gözucu Nazimə də baxırdı ki, görəsən o, bu oyunu başa düşübmü? Bəlkə Nazimin də ürəyinə nəsə dammışdı. Amma özünü o yerə qoymurdu. Mən özümü doğrudan da işıqçı kimi aparırdım. Hətta, Nazim bir anlığa kinobudkadan çıxdı, tez də qayıtdı. Bəlkə eşidib bilmək istəyirdi ki, biz bir-birimizlə danışırıqmı?! Onsuz da mən Rəbiyyəni görəndə dilim tutulurdu. Rəbiyyə də burda su-surdu. Nazim bu lal məhəbbəti bilsəydi qiyamət qoparardı. Ürəyimdə tutduğum vaxt gəlib çatdı. Bir şey tapmadım. Kinobudkadan çıxdım.

Nazim ürəkləndi: «Fərid, gördün ki, məndə heç nə yoxdur! Get başqa yerdə axtar dolaşığı!»


İşıqlar yandı. Zal sevincindən uğuldadı. Əl çaldılar, «ura» qışqırdılar. «Hind sərdabəsi» tamaşıçıların başını qatdı. Heç kəs bilmədi ki, bu on dəqiqə qaranlıq hardan çökmüşdü? Niyə çökmüşdü? Bunu bir mən bilirdim, bir Rəbiyyə. Bir də bizim ilk, bu kor, bu kar, bu lal, bu yazıq məhəbbətimiz. Bir də dostum Təvəkkül bilirdi bu işi. O gün işıqlar sönəndə – sonralar zərbi-məsəl olmuş bu sözləri Təvəkkül demişdi: «İşiniz olmasın, bu Fəridin ilk məhəbbətidir, «göz vurur!».

Bakı, 1982

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов