Daş balkon
Bu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.
Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Balaca qızlar yamanca şeytan olur. Həm özlərini atalarına çox istədirlər, həm də özləri atalarını çox istəyirlər.
Ayselin beş yaşı ola-olmaya.
Bu, qəmli hekayədir. Amma insana gərəkdir belə hekayə. Həyat özü yazıb bu hekayəni. Qoy bütün uşaqlar Ayselin dərdinə ortaq olsunlar. Böyüklər də inansınlar ki, ürək hiss eləyir kədəri. İstər uşaq olsun, istər böyük – ürəyə damır acı xəbər.
Kədər uşaq ürəyinə daha tez yol tapır. Yumruq boyda, ləkəsiz bir almadır, tərtəmizdir uşaq ürəyi. İynə ucu boyda da qurd düşməsin gərək bu almaya.
Aysel yandırdı bu ocağı, odunu mən gətirdim. Aysel açdı bu bulağın gözünü, suyunu mən yönəltdim. Aysel tapdı bu ulduzu, mən gördüm. Gördüyümü yazmaya bilməzdim. Eşitdiyimi danışmaq istədim hamıya.
Mən uzaqda olanda qoca, xəstə atam ürək ağrısından keçinibmiş. Bir gecəlik qonaq imiş atam bizim evdə. Əbədi ayrılığın bu son gecəsində bacılarım ağı deyib ağlayırmış.
Aysel də tez-tez tabutu tərpədib, «dur ayağa, bəsdir gizlənpaç oynadın» – deyibmiş. Nə qədər onu başa salıblar ki, orda heç kim yoxdur, inanmayıb, deyib, «onda bəs atam hanı?»
Mən uzaqdan qayıtdım. Özümü son ayrılıq saatına yetirdim. Evdə adam çox idi. Aysel məni görmədi. Adamlar yığışdı. Qohumlar, dostlar tabutu qaldırıb maşına qoydular.
Evə qayıdanda Aysel məni gördü. Mən də onu gördüm. Amma dindirə bilmədim. Dayanıb uzaqdan matdım-matdım mənə baxırdı. Gözlərindən təsəlli yağırdı. Qəhər boğurdu məni. Birdən ox kimi üstümə atıldı. Dizlərimi qucaqlayıb səssizcə ağladı. Sonra için-için: «Bir də gizlənpaç oynama!» – dedi.
Dedim: – Yaxşı, qızım, oynamaram, sən get oyna!
Dedi: – Harda oynayım, axı? Görmürsən adamları?
Onu heç cür ovundura bilmədim.
Birdən bir addım geri çəkildi. Əlinin dalıynan yanağındakı göz yaşını sildi. Düz gözlərimin içinə baxıb dedi: – Ata, uzağa getmə, səndən küsərəm.
Dedim: – Getmərəm, qızım!
Sonralar hər dəfə evdən bir yana gedəndə Aysel məni yola salardı. Dayanardı pilləkənin başında əl eləyərdi, nigaran-nigaran baxardı, susardı həmişə.
Hərdən bir lap liftin qapısınadək ötürərdi məni.
Bir dəfə də əliylə işarə elədi ki, əyilim. Əyildim. Pıçıltıyla dedi:
– Daha liftə minmə, yaxşı?!
Dedim: – Yaxşı!
Dedi: – Liftə minəndə birdən yox olursan. Gizlənpaç oynayırsan mənimlə elə bil!
Dedim: – Yaxşı, gizlənpaç oynamaram, liftə də minmərəm.
Ayselin hardan yadına düşdü bu lift? Demə, gizlənpaçdan gözü elə qorxubmuş ki, liftin qapıları bağlananda «atam gizləndi» deyərdi hər dəfə.
Günlər keçdi. Get-gedə adamlar seyrəldi. Yalnız qohumlar qalldı. Onlar da azaldı. Uzaq qohumlar da getdilər. Qalanlarını Aysel tanıyırdı. Bir-bir baxırdı adamların üzünə. Xiffət eləyirdi. Kimisə axtarırdı.
Bir gün məndən soruşdu:
– Ata, bəs babam hanı?
Dedim: – Uzağa gedib, gələcək.
Dedi: – Baba uzağa getməsin!
Dedim: – Deyərəm ona, qızım.
Dedi: – Bəlkə o, liftə minib?
Dedim: – Yox, qızım.
Dedi: – O da liftə minməsin.
Dedim: – Yaxşı, qızım, deyərəm liftə minməsin.
Çox-çox sonralar bir dəfə qəbiristanlığa – babanın məzarını ziyarətə getmişdik. Evdə heç kəs olmadığından Ayseli də özümüzlə aparmalı olduq.
Məzarın dövrəsinə daş məhəccər çəkilmişdi. Daş məhəccərin bu üzündə dövrə vurub durmuşduq. Kimsə için-için ağlayırdı. Aysel bir-bir hamıya baxdı. Sonra ağlamsına-ağlamsına məndən soruşdu:
– Bu daş balkon kimindir?
Dedim: – Bir adamın.
Dedi: – Bilirəm bir adam kimdir.
Dedim: – Kimdir?
Dedi: – Babam!
Dedim: – Bunu sənə kim deyib?
Dedi: – Elə, özüm bilirəm. Baba onda gizlənpaç oynamışdı ha, gəlib sonra burda gizlənib.
Bu yaşda baba itirməklə Aysel ən yaxın sirdaşını, oyun yoldaşını, etibarlı dostunu, üstəlik yüzlərlə təzə nağıl itirdi…
Bir cüt mehriban, qabarlı əl yoxdur indi. o əllər ki, daraq olardı, Ayselin saçlarını qarışdırardı, sonra da darayardı, sığal çəkərdi…
Baba o «daş balkon»dan boylana bilməz bir də. Bunu balaca Aysel başa düşmüşdü.
Burda bitir bu qəmli hekayə – Ayselin hekayəsi.
Bakı, 1979-1980
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-das-balkon
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hələ XX əsrin əvvəllərində böyük Cəfər Cabbarlı demişdi:«…Söyləmişəm bu sözü məxluqa mən,
Bu yer məşğuldur(Replika)*Çox işlənən bir sual-cavabdı bu!
Müşviq, yoxsa müşfiq, əhməddə, yoxsa əhməd də və yoxsa ilə iki toponimMüşviq yoxsa Müşfiq?Sevimli şairimiz Mikayıl Müşfiqi kim tanımır ki? Di, gəl, bu başı bəlalı şairin adını aparıcılar, qəzetçilər, hətta müəllimlər də düz demir.
İki toponimBaba Zənan, yoxsa Baba Sənan? Salyan rayonunun yaxınlığında Baba Zənan adlı bir dağ var. Bu adı tərcümə eləyəndə Baba Zənan təxminən «Qadın Baba» dağı olur. Baba qadın olmaz ki? Bəs, bu nə deməkdir? Bir bunun mənasını açmaq istəyən yoxdur, bəyəm? Baba Zənan yer adı bu vaxta qədər nəşr olunan bütün xəritələrdə bu şəkildə yazılıb. Bütün Azərbaycan və rus coğrafiya dərsliklərində də eynən bu cür öyrədilir.Yalnız M.B.Baharlının kitabında həmin bu dağ Baba Sənan adlandırılmışdır. O yazır ki, «Salyanlı qocalarla söhbət etdik, onlar dedilər ki, bəli, orda (bir) pir vardı. Baba Sənan piri. Elə ona görə də bizlər o dağa Baba Sənan deyirik. O adı xəritəyə salan şəxs dili bilmədiyindən Sənanın yerinə Zənan yazmışdır və bu təhriflə ədəbiyyata daxil olmuşdur». («Azərbaycanın bəzi coğrafi adları» kitabı. Maarif nəşriyyatı, 1972, səh. 57). Bu kitabı yazanlar 1954-cü ildən bu suala cavab axtarırlar. O vaxtdan 55 il keçir. 55 ildir ki, alimlər nigaran qalıblar. Halbuki, cavab o sözün özündədir. Amma bu təhrifi nə bu adı xəritəyə salan şəxsin, nə də Salyan qocalarının adlarına çıxmayın. Onların zərrə qədər də suçları yoxdur.
Стихи других поэтов
Gənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Dərdli nəğmə(“Turan düdüyü”)**Nargin əsirlərinin dilindən*
VəsiyyətVurma əl türbətimə, türbəti-Adəm də mənəm,Nə o dünya, nə bu dünya, iki aləm də mənəm.