Страница 1 из 6

Hələ XX əsrin əvvəllərində böyük Cəfər Cabbarlı demişdi:

«…Söyləmişəm bu sözü məxluqa mən,
Ay Babacan, bir, iki, üç kərə.
Anlamayır ta, deməsəm bir sözü
Allah aman, bir, iki, üç kərə…»

İndi də mən bu «qarşı sözünə qarşını» üçüncü kərədir yazıram. Əgər qarşı tərəf bu yazını da qarşısına qoyub, oxumasa, hər qarşısına çıxan «mənim sənə qarşı məhəbbətim var», deyəcəksə…

Onda böyük Cəfər Cabbarlı haqlı imiş. Bu haqda ilk yazım 30 aprel 2004-cü ildə «Ədəbiyyat» qəzetində çıxıb, indiyədək bir tük qədər də irəliləyiş yoxdur. Əksinə, təhriflər daha da çoxalıb. Əvvəllər dilçi alimlərimiz dözməzdilər. Amma indi susurlar. İndi əsrin, ilin, günün bu çağında dilimizin bütün qadağalardan azad olduğu vaxtda. Savadlı-savadsız bütün jurnalistlər, radio-televiziya aparıcıları, sinxron tərcüməçilər, reklamçılar, hətta yazıçılar da qəzet və jurnallarda, telekanallarda «qarşı» sözünü yersiz yerə işlədirlər. Misal çəkirəm: «Əlliyə qarşı yüz çoxdur» – deyilməz. Əlliyə nisbətən yüz çoxdur və ya ən sadəsi – «əllidən yüz çoxdur» – deyərlər.

Türk dillərinin əksəriyyətində «qarşı» sözü var. Qarşı dağdan külək əsdi, qarşıma çıxdı və s. Yoxsa « hər hektardan 80 sentnerə qarşı yüz sentner taxıl götürülmüşdür» – yanlışdır! Burdakı «qarşı» rus dilindəki, «protiv»dən gəlir. Dilimizi elə bu cür gəlmə sözlər korlayır.

Torpağımızı qoruya bilmədik. Heç olmasa dilimizi qoruyaq ki, gələcəyə üzü ağ gedək. «Qatara qarşı gedirəm» – deyilməz. «Qatarı qarşılamağa gedirəm», «qatarın qabağına çıxıram» – deyərlər, amma demirlər!

1 oktyabr 2004-cü ildə yenə «Ədəbiyyat» qəzetində ikinci yazım dərc olundu. Bir də təkrar edirəm. «Söz baş ucaldandı! Azərbaycan türkcəsi Azərbaycan Respublikasının dövlət dilidir. Əgər dilin əvvəlində dövlət sözü yazılıbsa, deməli, dil də dövlətdir. Biz – bu dövlətin sahibiyik! Biz bu dövləti qoruyub saxlamalıyıq! Dil – xəzinədir! Bədxərclik və ya yersiz qənaət etməyə haqqımız yoxdur. Bu sərvəti biz yerində və ən vacib məqsədlər üçün sərf etməliyik. Amma olduğu kimi sadə və aydın. Dil – işləndikcə cilalanır, gözəlləşir. Dili olduğu kimi işlətmək, onun kəpənək qanadlarındakı zəri dağıtmamaq şərtilə qorumaq – onun zərif ləçəklərinə ehmalca toxunmaqla gözəlliyini saxlamaq – bizim gündəlik işimiz olmalıdır».

Son illərdə dilimizdə bir hərc-mərclik, səliqəsizlik, çaşqınlıq yaranıb. Savadsızlıq ayaq tutub yeriyir. Bu çaşqınlığa səbəb nədir? Qəzetlərin çoxluğumu, yoxsa senzuranın yoxluğumu? Nəyə görə dildə dərəbəylik hökm sürür. Özəl nəşriyyatların öz dili. Telekanalların öz dili. Məktəblərin, şirkətlərin, idarələrin öz dili. Dilimizi şikəst eləyən reklamların da öz dili! Bu qədər dili olan bir dilin özgələşməyinə nə qalır ki?!

İmkanlı adamlar elə bilirlər ki, dili də pul ilə aldadıb, qul eləmək olar.

Dil – əyilməz! Dil ər oğlu ərdir! Şan-şöhrətə aldanmaz! Dil – mərddir! Dil – Dədə Qorquddur, Füzulidir, Sabirdir.

Dil – Metedir, Atilladır, Babəkdir.

Dil – Ox-yaydır, qılıncdır, güllədir.


Mən – ucsuz-bucaqsız bir dənizin sahilində dayanmışam. Dənizə xırda-xırda daş atıram. Dənizin üzündəki su dairə-dairə, çevrə-çevrə, halə-halə böyüyür. Deyirəm, qoy böyüsün bu çevrələr, bu sahildən o sahilə çatsın. Qoy bu çevrələri o sahildəkilər də görsün!


Dil də dəniz kimidir. Ona axan çaylar da onun qollarıdır, onun ləhcələridir. Hər yerdən, hər səmtdən axıb tökülür dənizə.

Dəniz qurumadığına görə dil də qurumur.

Dil – dənizdir! Təbii, geniş, ucsuz-bucaqsız, sahillərinə sığmayan, aşıb-daşan, təzə çaylardan, bulaqlardan su içən, təzələşən, yeniləşən, köhnə sularını da öz dibində əzizləyib saxlayan, yaddaşına həkk eləyib qoruyan. Hərdən coşan, hərdən sakitləşən – Dəniz!

Dalğa-dalğa bölünən, zərrə-zərrə səpələnən, sonra yenə bütövləşən, birləşən – Dəniz!

Üstünə atılan zibilləri – yad sözləri götürməyən, özünə yaraşdırmayan, kobud və pis səslənən sözləri seçib, dənizi zibilləyənlərin üzünə çırpan – əbədi, möhtəşəm, mötəbər – türkün özü kimi fırtınalı, coşqun, aşqın-daşqın – Dəniz!

Dalğalarıyla, qollarıyla, bütün sularıyla bir yerdə olan və bir olan Dəniz!

Bu Dil – dənizi, dəniz – dili biz qorumasaq, kim qoruyacaq? Yoxsa, Avropa? Ya Avropada təhsil alıb gələn xristianlaşmış türk törəmələri?

Pulu, alveri, biznesi – millətdən üstün tutan kosmopolitlər nə bilir dilin qədrini?!

«Gecən xeyrə qalsın» yerinə «bay-bay» – işlədən bu qoçaqlar bay-bay eləyib, yatsalar yaxşıdır.

Onlara görə – Dəniz dil ola bilməz. Dəniz, o adamlara yalnız gəlir mənbəyidir. Balıqdır, neftdir, yosundur, gəmidir, plyajdır. Dəniz necə dildir ki, danışmır.

Dəniz danışır, cənablar!

Hörmətli əfəndim, paşam, ağam, bəyim, xanım, gözüm, canım – dəniz danışır. Sən – eşitmirsən. Sən başa düşmürsən dənizin dilini. Bu səbəbdən dənizin dili olduğuna inanmazsan!


İndi də bir-iki addım quruya qayıdaq! Quruda bəlkə də hər şey öz qaydasındadır – görünür. Doğrudan da ancaq görünür. Quruda haqq söz qalıb quruya-quruya, işə keçmir.

Nahaqq söz – hər yerdə meydan oxuyur. Kitab çoxdur, qəzet çoxdur, telekanal çoxdur, amma haqq yoxdur. Nahaqq haqqı boğub. Özünü haqq kimi aparır. Bu ikiləşmədən hər şey ikiləşib.

Xeyir – şərə, gecə – gündüzə qarışıb. Di, gəl bunları bir-birindən ayır görüm!

Mən bir qəzet müxbirinə: «ölkədə demokratiya yoxdur» – dedim. Dedi: Var! Onda mən də dedim ki, demokratiya dağa yağan qar kimidir. Uca yerlərdə uzaqdan görünür. Uca yerlər, var-dövlət, mal-pul, iş sahibləri timsalındadır. Amma dərə-təpə, uçurum və yarqanlarda qar adda-budda gözə çarpır. Bütün bu kələ-kötür yerlər qara camaat kimidir.


İndi avqust ayıdır. Gün başımızı deşir. Soyuq ayran tapılmır. Tapılsa da çox bahadır. 200 qramlıq ayran, iki çörəyin, hətta dörd çörəyin pulunadır. Su da od qiymətinədir. Əvvəllər iki qəpiyə, sonralar beş qəpiyə satılan su indi bir manatadır. Bəzi yerlərdə lap bahadır. «Su – ehsandır» demişlər, satılmaz! Amma satılır. Su satılmasa bəs işbazlar bu qəsrlərini hansı pulla ucaldarlar. Şamaxıda böyük şair Mirzə Ələkbər Sabirin qəbrinin üstünü götürmək, 70 il ərzində nə sovet hökümətinin, nə də sonrakı bu illərdə bir kimsənin yadına düşmədi. Doğru deyiblər ki, «El üçün ağlayan gözsüz qalar».


İnsanlar bu nəfslərini yenməyincə, haqq öz yerinə dönməyincə, elə-belə olacaq.

Bu yazının da xeyri olmayacaq. «Qarşı» sözü də harda gəldi işlənəcək. Dil qarışacaq.

«Qarşı» da bəhanədir. Dil – elə qarışıb ki, qarşı bu qarışıqda toya-bayrama getməlidir.

Küçələrdə «Flaminqo», «Pinqvin» və s. quş adları ilə xeyli bar, kafe restoran var. Məgər öz quş adlarımız yoxdur ki, bu əcayib adları başqa dillərdən gətiririk küçələrimizə. Turac, kəklik, qumru, torağay, göyərçin, qızıl qaz. Bunların nəyi pinqvindən əskikdir?! Məgər öz dilimizdə şəlalə adları yoxdur?! Şəlalə sözünün elə özü bir ad deyilmi?!

Ordan-burdan, xəritələrdə şəlalə adları axtarırlar. Doğma Vətənində Qaşaltı, Daşaltı, Təngəaltı o qədərdir ki! gəzib-görüb, götürmək lazımdır. Krımda – orda da türklər yaşayır. Krım tatarlarının dili ilə bizim dilimiz ikiyə bölünmüş bir damcı su kimidir. Krımda – şəlaləyə «Uçansu» deyirlər. Necə də şairanə addır! Götür qoy restoranına! Bu şəlalə Baxçasaray şəhərinin altındadır. Uca, sıldırım bir qayadan – «Qaragölün» gözü qabağında özünü dərəyə atır. Baxırsan doğrudan da su uçur.

Uçansu – budur! Yoxsa ki, Niyaqara?!

Niyə qara axı? Bu ki, lap ağ oldu. Gör, Kanadada yaxud Amerikada «Göygöl» adlı restoran varmı? Telekanallar bir-birinə aman vermədən bar-bar bağırırlar ki: «Pompey» adında bir restoran peyda olub. Pompey kimdir? İstilaçı Roma sərkərdəsi. İkinci mənada bədbəxt bir şəhər. Vuzuvi vulkanı püskürəndə lava altında qalmış, qocalarıyla, uşaqlarıyla, bütün sakinləriylə bir yerdə məhv olmuş bir şəhər.

Burda şadlıq eləyənlər o şəhəri yada salırlarmı, görən?

Biri də var – Giləvar. Hamı bilir ki, giləvar külək adıdır. Amma, efirdə iddia edilir ki, bu tarixi abidədir. Tarixi abidə Qız qalasıdır, Çıraqqaladır. Giləvar qurudan əsən küləkdir. Bu cür qoyma adların və adqoymaların ən qəribəsi – Titanikdir. Titanik faciə sözünün sinonimidir. Nəhəng bir gəmi, nəhəng bir okeanda batıb. Yüzlərcə adamı da özü ilə bərabər soyuq sularda batırıb. Bunun adını əbədiləşdirmək üçün muzey yaradarlar. Yoxsa ki, restoran? Əgər o bina möhtəşəmdirsə elə yalxı Titan ola bilərdi.

Bu da dilimizə tərcümədə Nəhəng, Azman deməkdir. Əsli qədim yunan əsatirlərindən gəlir. Hələ Neolit, Atlant və bunlara bənzəyən onlarca ünvanın adını çəkmirəm.

Bilmirəm bu adları bizə Avropa qəsdən sırıyır, yoxsa özümüz könüllü olaraq bu adlara sırınırıq. Hər ikisi ola bilər.

Qardaş, bir vaxt İstanbuldan böyük türk şairi Tofiq Fikrətin:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов