Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlər
Страница 6 из 6 · 83%
Bir də görürsən, bölgənin birində gözəl səslənən, mənalı bir söz, başqa bir bölgənin dilində pis səslənir və mənasızdır. Məs: Özbək dilində böyük sözü – ələngə kimi işlədilir. Ələngə – bizdə iri sümüyə deyirlər. Elə sözlər var ki, özbək deyəndə azərbaycanlı utanır, azərbaycanlı deyəndə özbək utanır. Türkiyə türkcəsində pıçıldamaq əvəzinə fısıldamaq işlənir. Pıçıldamaq «pıçıltı» sözündən yaranıb. Pıç-pıç danışmaq nəşvü-nüma tapıb. Amma fısıldamaq pıçıltını vermir. İlan fısıldayar. Ya kök adam fıs-fıs nəfəs alar.
Başqa bir söz! Türkiyə türkcəsində mırıldamaq sözü var. Bizə görə it mırıldayar, ya pişik. İnsan zümzümə edər, mızıldayar. Ortaq dil olanda bu cür sözlər mürur – zamanla öz-özünə dəyişəcək, cilalanacaq, hamarlanacaq, dəqiqləşəcək, təbii seçmə qanunu ilə iki sözdən biri qalacaq. Hər iki tərəfin işlətdiyi sözə çevriləcək. Ortaq dil – hər iki dili təmizləyəcək. Bəzi sözləri biz «Y» hərfi ilə yazırıq. Məs: Yaponiya. Türkiyə türkləri isə «J» ilə – Japoniya yazırlar. Biz «geoloji» yazırıq, onlar «jeoloji». Ayrı cür, fərqli yazılan bu sözlər də ortaq dil olanda bir cür yazılacaq.
Türkiyə türkcəsində əvvəllər «salam» əvəzinə «gün aydın» işlənərdi. Bizim böyük sənətkarımız Cəfər Cabbarlının pyeslərindəki adamlar (surətlər) bir-biriləriylə «gün aydın»la salamlaşırdılar. Nədənsə indi Türkiyədə «salam» əvəzinə «mərhəba» işlədirlər. «Mərhəba» – ərəbcə «xoş gəldiniz» deməkdir. Bu söz ən çox «əhsən» və ya «afərin» əvəzində işlədilir. Bu salamların içində bizə ən doğma olanı, ən aydını elə «gün aydın»dır. Gün aydın! Gözəl səslənir! «Gün aydın»a qayıtmaq lazımdır!
Bu işi elm və sənət adamları, şair və nasirlər, ədəbiyyatşünaslar, dilçilər, jurnalistlər, siyasətçilər, tele və radio aparıcıları, kəndçi və fəhlələr görəcəklər. Amma ən ağır yük yenə qara camAatın, sadə xalqın çiyninə düşəcək. Çünki, dilin sadəliyi və kamilliyi ümumxalq işidir. Xalq kimdir? Elə bu sadə adamlar.
Şərqdə türk dilini hünər dili adlandırırlar. Qərbdə alman dili komanda dili olduğu kimi. Bu günlərdə Yazıçılar Birliyinin Natəvan klubunda böyük türk şairi, istiqlal marşının müəllifi Məhməd Akif Ərsoyun 100 illik yubileyi keçirilirdi.
Türkiyənin dövlət himni – istiqlal marşı oxundu. Hamı ayaq üstə idi, fərağat durmuşdular. Əzəmətlə səslənən himnin akkordları altında hamı özünü əsgər bilirdi. Əmr olunsaydı elə burdan bir başa Qarabağı azad etmək üçün yollanardıq. Sözlərin zəhmi, siqləti, həcmi, tutumu zalı bürüdü. Səs aşıb-daşdı açıq pəncərələrdən çölə atıldı, küçə dolusu axaraq dənizə qarışdı. Biz görməsək də bildik ki, dənizi də oynatdı, qaynatdı. Sim kimi tarıma çəkilən səs dalğaları – dənizi də dalğalandırdı. Vətən gəlib keçdi göz önündən, türk döyüş tarixi vərəq-vərəq oxundu. Çanaqqala şəhidləri ayağa qalxdılar sanki. Məhməd Akif Ərsöy göründü gözümüzə. Zalda bir ukraynalı jurnalist qadın var idi. Türk dilini bilməyə-bilməyə bilənlərin ağzından alıb, bizimlə bərabər himnin sözlərini təkrar edirdi.
Səhərisi gəldi şair Abbas Abdullanın yanına, gəlib təəssüratını danışdı. Dünənki günün böyüklüyündən, o himnin sözlərində ox-yay, qılınc, güllə səsləri eşitdiyini dedi. Himnin çoxdan yazıldığına baxmayaraq, hələ qocalmadığını bildirdi. Türk dilinin səfərbərlik və sirayətedicilik qüdrətindən danışdı. İlk dəfə idi ki, bir slavyan qadının türk dilinə bu boyda məhəbbət bəslədiyini gördüm. Bir daha inandım ki, türk Allahın Yerə göndərmiş olduğu əsgəridir. Haqq və ədalət qoruyucusudur.
«Hunlar fırtına kimi görünür və uçan quşlar kimi yox olurdular. Tanrının dövlət günəşini türk bürclərindən doğurmuş olduğunu və onların mülkləri üzərində göylərin bütün qatlarını saxladığını gördüm. Zəmanəmizin xaqanlarını onların arasından çıxardı».
Qaşqarlı Mahmud
«(Yerin) altını üstünə çevirən, qırıb-tökən, silib-süpürən, qasırğanı səhər yeli ilə yumşaltmaq olarmı? Qorxunc daşları qabardaqabarda yürüyən bir dənizi dərhal sakitləşdirmək mümkündürmü?! İldırımı külə çevirmək imkanı vardırmı?!
İnsanlar və hətta təbiət «yox, yox, yox» deməkdə tərəddüd etməz, deyilmi?! Halbuki, mən qasırğaların səhər yelinə, coşmuş dənizin sevimli bir gölə, ildırımın külə çevrildiyini gördüm.
Türkdən bəhs edirəm. Düşmənə hücum edərkən qorxunc bir dənizə və (amansız) bir ildırıma bənzəyən türkdən».
Torkvato Tasso
Azərbaycan – dünya türkləri evinin qonaq otağıdır, desəm yerinə düşər. Təbiətinə, sərvətinə, qüdrətinə, keçmişinə, bu gününə, mərifətinə, mədəniyyətinə, sənətinə və gözəlliyinə görə bu təşbeh ona yaraşır.
Babilistandan gəlib Altaya və Sibirə gedənlər, Azərbaycandan keçib gediblər. Bu ölkə Şərqin qapısı olduğu üsün qonşular arası kəsilmədən bu qapını döyüblər. İndi də döyürlər. Ərəblər, farslar, ruslar, ermənilər, bu torpağa həmişə pis niyyətlə baxıblar. Müstəmləkə gözündə görüblər bu cənnət torpağı. Biz qapımızı dost üzünə açmışıq. Düşmənlə qılıncla danışmışıq. Bu məmləkət böyük Turanın bir parçasıdır.
Dağlarıyla, çaylarıyla, düzləriylə türkə layiq bir ölkədir. Bu ölkədə yaşayan türklər də bu torpağa layiqdirlər. İndən belə də bu torpaqla bağrıbadaş olacaqlar… Torpaqla xalqın bu məhəbbəti dünya xalqlarına görkdür, nümunədir.
Azərbaycan – türk üzüyünün gövhər qaşıdır.
Azərbaycan – türk ağacının şah budaqlarından biridir.
Bir az da tərcümədən danışaq.
Dilimizdə xeyli qələti-məşhurlar var. Gün çıxıb. Gün batıb, un üyünüb, ölü ölüb və s.
Amma indi qəsdən rus dilindən hərfi tərcümə yolu ilə elə sözlər uydururlar ki, adam lap məəttəl qalır. Qələti məşhurlar bu qələti eləməzlər. Məs: «Oddan təhlükəlidir» – «oqneopasno» sözündən əmələ gəlib. Bilmək olmur ki, «təhlükəli» nəyə aiddir?! Benzin sisternasına, qaz balonuna yaxud onlardakı mayelərə, yoxsa toxunduğu nəyəsə?! Bu sözü aydınlaşdırmaq lazımdır!
Oddan qoru! Odda yanan. Odahəssas. Odqapan. Oddanalışan. Oda həris. Oda mütamail. Hansını istəyirsən seç, götür. «Oddan təhlükəlidir» demə. Dünyada ən qorxulu fəlakət elə oddur. Odur ki, «oddan təhlükəlidir» ifadəsi səhvdir. Burda söhbət oddan qorxmaqdan gedir. «Oddanqoru» daha dəqiq olardı.
Bir neçə kəlmə də yer adları barədə.
Bir alim İstanbul sözünün mənşəyini tapıbmış kimi danışırdı, deyirdi ki, İstanbul, guya «stan» və «bul» sözlərinin birləşməsindən əmələ gəlib. «Stan» – yer, «bul» – tap deməkdir. Yəni yer + tap, qədim bir şəhərin adı Yertap ola bilməz. İstanbul Konstantinapol sözünün təhrif olunmuş, türk dilində eroziyaya uğramış, sadələşdirilmiş, türkcələşdirilmiş variantıdır. Bu ad göydən düşməyib. Bu şəhər Bizans imperiyasının paytaxtı Konstantinapol adlanırdı. Soltan Mehmət Fateh bu yeri tapmayıb. 1453-cü ildə qurbanlar bahasına fəth eləyib. Konstantinapol dönüb olub İstanbul.
«Kürdəmir» sözünü də bir vaxt «Kürə dəymir» kimi başa düşürdülər. Dilimizdə Kürdəmir, Kürdmaşı, Kürdəxanı yer adları da var. Bu sözlərin mənası elə adlarının üstündədir. Sözləri hecalara ayırıb bir sözdən başqa sözlər yaratmaq olmaz. Kürdəmir elə Kürdəmirdir. «Kürə dəymir» – uydurmadır. Bu cür yer adı olmaz ki?!
Yenə tərcüməyə qayıdıram. ASE-də işləyirdim. Coğrafiya şöbəsindən mənə çaylar haqqında məqalələr gəlirdi. Burda çayın adı, eni, uzunluğu, dərinliyi, gəmi üçün yararlılığı və bir də axırda rusca «lesasplav» sözü yazılardı. Mənim gözəl ensiklopediyadaşlarım bu son sözü «meşə axıdılır» tərcümə etmişdilər. Meşə də axar?! Meşə – bitən, ayaq üstə dayanan ağaclar toplusuna deyərlər. Bəs çayda axıdılan nədir? Taxta-şalbandır (kəsilmiş ağacdır). Taxta-şalban biri-birinə dəmir qarmaqlarla bərkidilir, sal kimi çay boyu üzü aşağı axıdılır.
Və yenə həmin şöbədən mənə bir məqalə gəlmişdi, təəccüb elədim. Yolun çiyni! (Şosse yolunun çiyni var – guya). Dedim, bu söz hardandır? Dedilər, rus ensiklopediyasından. Bəlkə də orada «pleço doroqi» – sözü işləyir. Bizdə işləməz. Yolun köbəsi, zehi, qırağı, ortası olar, amma çiyni olmaz. Mən bu sözdən bir lətifə də düzəltmişdim.
Bir gün işə gecikmişdim. Həmkarlar komitəsinin sədri (elə coğrafiya şöbəsinin müdiri o idi) məndən soruşdu ki, niyə gecikmisən? Mən özümü itirmədim, dedim, işə gəlirdim, bir də gördüm asfalt yol qalxıb, durub ayaq üstə. Dedim: Yat aşağı, keçim gedim. Dedi: Yatmaram! Dedim: Adam-zadsan bəyəm, niyə ayağa durmusan? Dedi: Yolun çiyni varsa, mən onda adamam.
Şöbə müdiri arif adam idi. Eyhamı göydə tutdu, başa düşdü. Gecikməyimi mənə bağışladı.
Bir əhvalat da fikrimdən çıxmır. «Gənclik» nəşriyyatında tərcümə şöbəsində işləyirdim. Bir gün nəşriyyatın direktoru mənim yanıma bir gənc qız göndərdi. Dedi ki, bu qızın bacarığını yoxla. Böyük adamın qızıdır. Soruşdum hansı dili bilir. Dedi, rus dilini. Gəldi, dedim, bir səhifəlik mətn verəcəyəm, tərcümə elə, baxaq. Dedi, müəllim çoxdur. Dedim, yaxşı, onda yarım səhifəlik yazı verəcəyəm. Dedi, bu da çoxdur. Yadıma düşdü ki, böyük adamın qızıdır. Dedim, yaxşı onda sənə tək bir söz verəcəyəm. İki saat da vaxt. Hətta istəyirsən lüğətlərə də bax. Dedi, lüğətlər lazım deyil. Söz verdiyim sözü verdim. «Neprislonyatsya». Dedim, bu mürəkkəb sözü tərcümə elə. Dedi, yaxşı. Kağız gələm istədi, verdim. İki saat keçdi. Durdu mənə yaxınlaşdı. Yazdığı vərəqi mənə verdi. Oxudum. Məni ildırım vurdu. Dedim, qəşəng qız, sən Axundov adına rus dili institutunu bitirmisən. Beş il oxumusan. Bir sözü tərcümə etməkdə çətinlik çəkirsən.
Bir də oxudum tərcüməni: «Fil yanında durmamaqlıq». Dedim, bərəkallah, qızım! Bunu sənə kim öyrədib? Dedi, müəllimim deyib ki, rus dilindən cümləni və ya sözü azərbaycan dilinə çevirəndə axırdakı sözü və ya hərfi əvvələ gətir. Mən də elə elədim. «Ne» ayrı çastitsadır. Qoy hələ burda qalsın. Sonra gəlir «slon» – fil, sonra gəlir «pri» – yanında, sonra da gəlir «yatsya» – bu da inkar bildirən mamaq-məmək şəkilçisidir. Yuxarıdakı «ne» – çastitsasını sözə qoşanda olur «fil yanında durmamaqlıq!»
Bu da bir əhvalat. Yenə həmin şöbədə işləyirdim. Gördüm bir tərcüməçi yazıb ki, «Durna su içmək üçün quyunun dibinə enibqalxırdı». Söhbət rus kəndlərində su quyularının üstündə quraşdırılmış mancanaqdan gedir. Bu mancanaq bir ayağı üstündə dayanan durnaya oxşadığından «juravel» – deyirlər. Doğrudan da durna deməkdir. Amma quyuya enib-qalxan durna deyil. Su qabıdır və zəncirdi.
Keçən yazımda «dovşanı qoltuğuna vurub qatarda gedən adam»dan yazmışdım. Rus dilində «on poexal zayçom» – o deməkdir ki, o biletsiz sərnişindir. Yəni, dovşan kimi qorxa-qorxa vaqonun bir küncündə gizlənib gedir. Bu söz – idiomadır. Bunu hərfi tərcümə eləmək olmaz. Gərək qarşılığını tapasan.
Bu qədər bəsdir, gələn yazı üçün də qoy bir az söz qalsın.
Dil bilməyən aparıcını işə götürürlər. Əvvəllər belə deyildi. İşə girmək istəyəni imtahan eləyərdilər, sınağa çəkərdilər. İndi baxır qırımına, durumuna, qohumuna, dost-tanışına, bəlkə də lap puluna! Odur ki, bu adam dili bilməyə-bilməyə dil-dil ötür. Di, gəl buna dil yetir. Sözün düzünü desən işin bitir.
Yenə qayıdıram «qarşı» sözünü yersiz yerə işlədənlərin üstünə. Özünüz bilin, siz nə qədər səhvlərinizi təkrar ertsəniz, mən də bu sözləri tapıb təkrar-təkrar sizə deyəcəyəm. Siz təkrarı sevirsiniz, görürəm. Mən də! İkimiz də təkrarı sevirik. Amma, fərqli.
Bir bu qədər dərdi, mən bir yerə necə yığdım, bunu bir Allah bilir, bir də «qarşı» sözü! Keşkə, sabah qəzetlər də, telekanallar da «qarşı» sözünü yerində işlədəydilər. Onda mən nəyi bəhanə edib, dördüncü məqaləmi yazacaqdım, bilmirəm.
İyul-avqust, 2005
Kitabxana.az · https://kitabxana.az/ru/works/fikret-sadiq-ucuncu-kere-qarsi-sozune-qarsi-ve-basqa-derdler
Клавиши ← → для перехода, R — случайное стихотворение