Söz də adam kimidir. Ağıllısı var, dəlisi var. Yerlisi var, gəlməsi var. Yerlisi var, yersizi var. Sözün də halal-haramı, çölü-içi var.

Sözə ehtiyatla yanaşmaq, sözü yerində işlətmək, düzgün tələffüz etmək gərək, yoxsa söz səndən inciyər. Kim düz danışa bilmirsə öz savadsızlığını, nadanlığını büruzə vermək istəmirsə qoy danışmasın, ağzına su alıb, otursun evdə.

Danışan kimi özünü satacaq. Söz – onu ifşa edəcək.


Yerində deyilən söz, düzgün tələffüz edilən söz, adamı kamillik mərtəbəsinə qaldırır. O «kəlam» əvəzinə «kələm» deməyəcək. Amma yersiz deyilən, təhrif edilən söz adamı quyunun dibinə salır.

Söz – baş ucaldandır. Azərbaycan türkcəsi – Azərbaycan türklərinin, Azərbaycan Respublikasının dövlət dilidir. Əgər dilin əvvəlinə dövlət sözü yazılıbsa deməli, dil də dövlətdir. Biz də bu dövlətin sahibiyik. Bu dövləti qoruyub saxlamalıyıq. Dil xəzinədir, biz xəzinədarıq. Bədxərclik, ya qənaət eləməyə haqqımız yoxdur. Bu sərvəti yerində və ən vacib məqsədlər üçün sərf eləmək – bu dili olduğu kimi işlətmək, onun kəpənək qanadlarındakı tozu dağıtmamaq şərtilə qorumaq, onun zərif ləçəklərinə ehmalca toxunmaqla gözəlliyini saxlamaq bizim gündəlik işimizdir.


Ta qədimdən, tarixin əvvəlindən çiyin-çiyinə, əl-ələ üzü bəri gələn türk dövlətlərinin dilləri içərisində ən zəngin, ən zərif, ən geniş imkanlı, ən kamil dillərdən biri bizim Azərbaycan türkcəmizdir. Bu dildə ən incə mətləbləri açmaq, ən mürəkkəb hadisələri izah etmək olur. Bu dil yüksək bədii imkanlar və heyrətamiz elmi kəşflər dilidir. İşləndikcə daha da parlaq olur.

Di, gəl bu son illərdə dilimizdə bir hərc-mərclik, səliqəsizlik, çaşbaşlıq yaranıb. Savadsızlıq ayaq tutub yeriyir. Bu çaşqınlığa səbəb nədir? Qəzetlərin, çoxluğumu, yoxsa senzuranın yoxluğumu? Nəyə görə dildə dərəbəylik yaranıb?

Özəl nəşriyyatların öz dili, radio və tele-kanalların öz dili, hər qəzetin öz dili, məktəblərin, idarələrin, şirkətlərin öz dili, dilimizi şikəst eləyən reklamların da öz dili var. Bu qədər dili olan bir dilin özgələşməyinə nə qalır ki?!

Qardaş, başa düşmürəm, Avropa şurası bizim qəzetlərin adlarına niyə qarışır? Niyə qəzetlərimizin çoxunun adı əcnəbi dillərdən götürülüb: «Ekspress», «Kompas», «Kredo», «Kokteyl», «Palitra» və s. Məgər öz dilimizdə qəzet adına yaraşan sözlər yoxdur?! Biz bir dəfə (bu çoxdan olub) «Kredo»nun adını özlüyümüzdə dəyişib «Humay» qoyduq. Amma hələ də «Kredo»dur ki, «Kredo».

Radio və telekanalların adları üçün də müvaffiq sözlər tapılmayıb görünür. Bu kanalların da, məktəblərin də, baxçaların da, idarələrin də, şirkətlərin də adları bizə yaddır. İçimiz bir başqadır, qabığımız bir başqa. Bəlkə də Avropa şurasının bundan xəbəri yoxdur, bəlkə də var. Bəlkə də elə özümüz o tərəfə meyilliyik. Restoranların, barların, şadlıq saraylarının adları üçün də bir-birindən gözəl, gözqamaşdırıcı sözlər seçilib, gərək yanında lüğət kitabı gəzdirəsən ki, bunları başa düşəsən! «Neolit», «Planet», «Oazis», «Flaminqo» və onlarca belə adlar. Göydəki bütün ulduzların adları, qlobal (kürəvi) adlar.

Ağ işığın parçalanması (spektr) ilə yaranan rəngbərəng, çilçıraqlı lövhələr bəzəyir bu binaların damlarını. İstər-istəməz, Ana dilindən, hesabdan «iki» alan, nəğmə dərsində nəğmə oxuyan – o uşaq yada düşür.

«Dərsdən iki ala-ala,

Necə oxudun, bala!»

O uşaq indi böyüyüb, ancaq xasiyyəti, vərdişi hələ də qalıb.

Bir-iki ay bundan əvvəl «Ədəbiyyat» qəzetində «Qarşı sözünə qarşı» adlanan çox kiçik bir yazı dərc elətdirdim. Bu «qarşı» sözünün qarşılarına gələn hər sözə qoşub yersiz işlədənlərə bir xəbərdarlıq idi. Mən elə bilirdim ki, kimsə bu atmacanı oxuyub, nəticə çıxardar və indən belə «qarşı» sözünü öz yerində işlədərlər. Amma təəssüflər və heyiflər olsun ki. belə olmadı. Heç kəs nə radio, nə televiziya aparıcıları, nə qəzetçilər, nə də yazıçılar o atmacanı oxumayıblar. Ya oxuyublar, elə biliblər ki, bu bir zarafatdır. Yenə də öz bildiklərindən əl çəkməyiblər hətta, öz səhvlərinin sayını daha da çoxaldıblar. Ya, bu minvalla açıq-açığına «qarşı» sözünə qarşı çıxmaq istəmirlər, ya elə açıqca belə danışırlar.

«Qarşı» sözü – «qarşı dağlar»da, «qarşı-qarşıya gəldim» və üzbəüz qarşılaşmaqdan xəbər verir. Əksər hallarda bu söz əvəzinə, yerinə, rus dilindəki «protiv» mənasında işlənir.

«100 t. qarşı 150 t. çuğundur yığılmışdır» yox, burda «100 t. əvəzinə 150 t. çuğundur yığılmışdır» deyilməlidir. Yaxud, «vətənə qarşı məhəbbətim var». Burda da qarşı sözü artıqdır. «Vətənə məhəbbətim var» deyilməlidir. Bu qisim məna təhriflərinə tez-tez və çox yerdə rast gəlirik. Lap möhürə çevrilib, hara gəldi vururlar.


Dilimizi təkcə «qarşı» qarışdırmır. Gör bir nələr olur. Hər gün telekanallarda dişin minasından (vurğuya fikir ver) danışılır. Amma mina (dişin emalı) deyəndə çaşıb mina (partlayıcı qurğu) deyirlər. Vurğunu düz vurmurlar, adamın ağzında mina partlayır. Eləcə səhvən də Sima (üz mənasında) sözünü, Sima (ad mənasında) kimi tələffüz eləyirlər. Esse sözü də həmçinin. Ya İngiltərə əvəzinə İngiltərə deyirlər. Vurğunu sonuncu ə-nin üzərinə vurmaq lazımdır.

Sonra oxuyuram, «canlı yayım», «canlı yayım» olmaz, canım! «Canlı yayım» olursa, «cansız yayım» da olmalıdır onda. Burda «birbaşa yayım» daha dəqiq, daha düzgün olardı. Hərdən bir bu ifadəni ANS-də görürəm.

Ya oxuyuram, «burda məktəb ləvazimatları satılır». Əgər ləvazimat sözündə «at» şəkilçisi varsa («at» ərəbcə cəm çəkilçisidir) onda «lar» – cəm çəkilçisinə ehtiyac yoxdur. Bir sözdə iki cəm şəkilçisi olmaz. Telekanallarda bəzən əlaqə əvəzinə alaqa, ərazi əvəzinə, arazi deyirlər, bəzən də Müşfiq əvəzinə Müşviq yazırlar.


Əvvəllər diktorlar və aparıcılar vaxtaşırı orfoepiyadan (sözün deyilişi) imtahan verirdilər. İndi bu gözəl adət unudulub. Əvvəllər bu sənətlərə filfakı bitirən ya jurnalist ixtisasına yiyələnən adamları cəlb eləyirdilər. İndi kim gəldi işə götürürlər, hətta üç aylıq jurnalist kurslarını bitirənləri də! Deyirlər ki, demokratiyadır. Bir də görürsən aparıcı «qəlb» sözünü deyə bilmir, deyir «ğəlb». «Qəşəng» deyə bilmir, deyir «ğəşəng». Qənaətə – ğənaət, qələbəyə ğələbə deyir. Bu cür aparıcıya nə deyəsən?! Dilimizi hara aparır görəsən?!

Bu adam türk dilini bilmirsə, qoy gedib başqa dillərdə danışsın, bildiyi dillərdə aparıcı olsun.

Bir də görürsən «8 xətt 3» (8/3) demək istəyir, deyir «8 drob 3». Bizim lüğətimizdə «drob» sözü yoxdur.

«Mesaj» sözü başına götürüb aləmi, telekanalları, qəzetləri. Bu sözün lüğəti mənası sifariş deyilmi? Ya da bu sözün ən sadə, ən loru deyimi «ismarıc»dır.

«Şarm» – deyəsən, heyrət və təəccüb bildirir. Heyrət və təəccüb varımızdırsa «şarm»ı neynirik.

«Eksklyuziv» – məxsusi deməkdir. «Şans» – bəxt, tale, bu qədər yad sözləri niyə işlədirik. Guya bu sözləri işlədəndə biz savadlı oluruq? Əsla, yox! «Qatılmaq», yoxsa «qoşulmaq»? Əhməd də bu dəstəyə qatıldı, yoxsa qoşuldu. Bizcə naxıra qatılmaq məqbuldur.


İndiyədək işlətdiyimiz «güşə» sözünü («Arağı tök şüşəyə, çək özünü güşəyə», yəni bir küncə) atıb, «köşə» sözünü niyə gətiririk. Bəs, onda köşə çarığı neyləyək?!

Güşə sözü ilə bağlı idiomalar, xalq deyimləri, hətta qarğışlar necə olsun bəs? Onları da unudaqmı?

O köşələrdə (burda səhifənin küncündə) dərc olunan yazıların bir çoxu, bir köhnə çarığ tayına belə dəyməz. Əgər belədirsə, sözümüzü niyə dəyişirik?

Bir dəfə Kiprdə bir xanım qız, axşamüstü bizə «bay-bay» deyib getdi. Səhər dedim: «Qızım, «bay-bay» ingilis sözüdür. Türkcə gecəniz xeyrə qalsın demək olar». Dedi: «Bilirəm, amma bu sözə öyrəşmişik».


Yad sözə öyrəşməyin! Sözlər xasiyyətimizi də dəyişə bilər. Şəhərə çıxıram. Minlərcə dükan lövhələri hamısı əcnəbi dillərdə: ingilis, rus, fransız, alman və s. Küçələrdəki minlərcə ofis, idarə, şirkət adlarını Avropa şurası qoyub bəyəm?

Reklamların dili lap biabırçılıqdır. «Susuzluğuna güvən», «dərmanların yeni nəsli», «dadlı paltar yuyan toz» və bu cür onlarca reklam. Eşidəndə adamı od götürür. Dilimizin adi qayda-qanunları da pozulur, məna da!

İngiliscəni, ruscaya, ruscanı almancaya, almacanı fransızcaya qatıb, bütün bunlara türk libası geyindirib efirə buraxırlar.

Bu bizim qərbə baxıb, qərbləşməyimizin yoxsa, qəribələşməyimizin təzahürüdür.

Cümlələrin xəbəri, mübtədası bilinmir. Malı bu dillə tərifləməzlər, balam!

Ey dəni sünbül edən,

Ey xəmiri acıdan!

Qurtar bizi bu nadan,

Yarımçıq reklamçıdan.


Allah qurtarsın bizi, bu super market, mini market, şopların əlindən. Ana dilimizdə dükan adları görək, ürəyimiz açılsın. Moltanı, dilində yox, öz dilimizdə aydın, rəvan reklamlar eşidək.

Bir neçə kəlmə də telekanallarda göstərilən (dublyaj) filmlərinin dili haqqında. Telekanallarda göstərilən tərcümə filmlərinin dili əksər hallarda hərfi (söz-söz) tərcümədən uzağa getmir. Fikir və məna təhrif olunur. Məsələn, nümunə kimi bir misal çəkirəm, «on dokladıval» – ifadəsini, «o, məruzə elədi» tərcümə eləyiblər. Bu doklad, o dokladdan deyil, burda «o, dedi» və yaxud «o, xəbər verdi», «o məlumat verdi» demək olardı. Bu üsulla mətndə «on v poezde exal zayçom» – cümləsi varsa, «o qatarda dovşanla birlikdə gedirdi» – tərcümə olunacaqdı. Amma bilmək gərəkdir ki, bu ifadə rus dilində idiomadır. Xalq deyimidir. Yəni, o, «biletsiz minib qatara», «biletsiz sərnişin» deməkdir bu ifadə. Bunu da bilmək üçün rus dilini bilmək gərək, səbr, vaxt və savad gərək! Sonra da tərcüməyə girişmək gərək!

Amma son illərdə yalnız «Klon» teleserialın tərcüməsi təqdirəlayiqdir. Burada ədəbi dilimizin və folklorumuzun imkanlarından müəyyən miqdarda bəhrələnmişlər. Azərbaycan türkcəsinin şəhdi bir az qorunub saxlanmışdır.


Səni 70 il əsarətdə saxlayan qırmızı imperiya belə sənin qəzetlərinin və dükanlarının adlarını rusca yazdırmırdı. Onda «sovet xalqı» idi. Nə istəsə eləyə bilərdi, amma eləmədi. İndi sən müstəqilsən, azadsan. Müstəqil və azad ola-ola bu qədər asılı olmaq nədən?

«Asılı olmaq» yazdım. «Asılılıq» yazmadım. «Asılılıq» sözündəki «lılıq» şəkilçisi sözü bulandırır, ağırlaşdırır.

Adam öz dilini, millətini və nəhayət, dövlətinin dilini gözünün bəbəyi kimi qorumalıdır.

Məndən deməkdir, səndən eşitmək. Göz sənindir, istəyirsən qoru, istəyirsən qoruma! Amma söz – hamımızındır, təkcə sənin deyil. Sən də sözü elə de ki, qulağımız cingildəməsin. Deyə bilmirsənsə kənara çəkil! Qoy başqası desin! Qoy sözü bilən desin! Qoy sözü bilib, deyə bilən desin!

«Ədəbiyyat» qəzeti, 01 oktyabr, 2004

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов