I

«Qoca baxdı əsasına,
Gördü hələ yeyilməyib.
Qoca baxdı çarığına,
Elə bil heç geyilməyib».

Sonra durdu ta zənd ilə
Bir özünə baxdı,
Bir də baxdı yola.
Dedi: – nə ola, ola!
Üz tutdu səhraya sarı,
Ağır-ağır qalxdı-endi,
Daş asılmış ayaqları.


Az getdi, çox getdi,
Kiçildi, gözdən itdi.
Səhra uçsuz-bucaqsız,
Yanır odsuz-ocaqsız.
Hələ Nuh əyyamında
Yuxarı dəyirmanda
Üyüdülmüş, ələnmiş
Kəhrəba yağıb göydən,
Dörd bir tərəf dən-dən,
Göz-göz olmuş,
Narın közlərdi hey…
Göz işlədikcə,
Tutub düzü-dünyanı.

Tanrının da əlləri qarsıb deyirlər,
Hamarlayanda bu böyük səhranı.


«Yorğun qoca, təşnə qoca!
Var get, öz işinə qoca!
Bəri başdan, sən bunu bil,
Düznəqulu vaxtı deyil.
Nə işin var bu səhrada azasan?
Zaman o zamandır ki,
İş görmək çətindi,
Söz demək asan!»


Üzdəymiş qocanın bəxti,
birdən-birə,
axşam vaxtı,
uzaqda, hardasa
ilğım göründü gözünə,
fırlanırdı fırfıra tək
buludların arasında.
Gah sağda görünürdü,
Gah solda görünürdü.
Gizlənpac oynayırdı sanki,
Yorulmuş qoca ilə.
Gah göyə bülənd olurdu,
Gah yerdə sürünürdü.


Heç nəyə baxmırdı qoca,
quma bata-bata,
yıxıla-yıxıla gedirdi.
Ayağının altında
geriyə qaçırdı səhra.
İnad qoca, yorğun qoca,
Az getdi, çox getdi,
İlğımı qova-qova
Gəlib çıxdı bir vahəyə.
«Bura cənnətmiş, ayə!
Bu zəm-zəm, bu da xurmalıq!»

III

Durdu, nəfəsini dərsin bir anlıq,
Dincəlsin bir hovur.
Ovuclayıb su çilədi,
Ürəyinin başına.
Zərrəcə əsər eləmədi,
qəlbinin atəşinə.
Söndürə bilmədi yanğısını.


Unutdu, hardan gəldiyini unutdu,
Unutdu, hara getdiyini unutdu,
Unutdu bu qoca dünyanı.
Bu dünya bir yanıqlı «aha» dəyməz,
Bəlkə də yazığı gələr Allahın,
Bu qərib səyyaha dəyməz.


Əyilib ayaqlarına baxdı
xəbərləşdi,
hal-əhval tutdu,
giley-güzar elədi.
Dedi: Ay öküzlər,
Hara gətiribsiz məni,
Bura haradı?
Bu səhra nə səhradı?
Ayaqlar durdular, şinidilər,
Qocanın üzünə şax baxdılar.
İkisi də birdən:
«Bizi bura sən gətirmisən!» –
Dedilər.
Sonra çəkildilər bir qırağa.
Baş endirdilər,
Bardaş qurub əyləşdilər
Qumun üstə.
Sızıldadılar sızım-sızım.
Qoca, guya eşitmədi,
Ayaqlarının sözünü.


Əllərinə tutdu üzünü,
Dedi: Boş-boşuna nə yellənirsiz,
Nə uzanırsınız ora-bura?
Bura haradır?
Bu səhra nə səhradır?
Əllər qalxdı-endi, əsə-əsə,
qocanın sözünü kəsə-kəsə:
«Bura elə sən dediyin,
o üzünə keçmək istədiyin
həmin səhradır» – dedilər.
Sonra da
qocanın üzünə baxıb,
susdu əllər.


Qoca durdu hirsli-hirsli,
Gəzişdi sağa-sola.
Bir qulağını bir əliylə tutub çəkdi.
«Sənin bu boyda olmağın müsibətdi,
görəcəkdi.
eşitmədinmi,
küləyin vıyıltısını?!»
«Eşitdik» – dedi qulaqlar.
«Amma, bizə nə?
Ayağın var, əlin var,
Onlar olan yerdə biz nəyik?
Qolubağlı qara quluq,
iki qara fəhləyik».


Qoca indi də
zənd ilə baxdı,
gözlərinin içinə.
«Sizi kor olasız!» – dedi.
«Görmədinizmi bu boyda səhranı?»
Gözlər dilləndi:
«Biz görmədik, görmədik,
Bəs sənin fəhmin hanı?!»
Qocanın xətrinə dəydi
gözlərin cavabı,
amma açıb-ağartmadı.


Baş başdadı,
Başını qaldırıb,
başını tapdı.
Gördü baş da, bu səhrada çaşbaş qalıb.
Dedi: «Min bir gecə» nağılını
elə əvvəldən mən başladım, mən.
Qoca sevindi:
Boynuna aldın ki, axır
Çoxdan bilirdim, axı!
Başıma nə gəlibsə elə başdan gəlib, başım!
Ağır-ağır, yavaş-yavaş
Tərpəndi baş.
«Yox-yox» – dedi, –
«Sən qoymadın
dinc yaşayım.
Eşit qoca!
Elə əvvəllər də
hər yerdə naşı həkimlər olub,
zalım hakimlər olub,
nadan müəllimlər olub,
yenə də olacaqlar.
Camaatı aldada-aldada
camaata qarışıb,
dolanacaqlar.
Qayıt evinə, kişi!
Tök ətəyindən daşı,
Sənəmi qalıb,
dünyanın işi?!»


«Gəzdin İranı, Turanı bitdə-bitdə,
Bağdadda oldun hətta.
Gördün burdakıları
ordakılardan betər».
Yol boyunca hər mahalda,
hər vilayətdə,
hər şəhərdə,
hər kənddə
istədiyini görmədin,
Daha da artdı dərdin.

Qayıt burdan, yoxsa sənə
havayı gəzmək qalacaq.
Bu səhra –
yanmış dünyaların külüdür.
Sənə bu səhrada azmaq qalacaq.
Dünya binnət olandan
Doğru danışanların
ya özləri azırlar axırda,
ya onları azdırırlar.
Budur, bizə gəlib çatan,
Elə ilğım kimidir
axtardığın – həqiqət.
Gah göydədir, gah yerdə,
Gah ordadır, gah burda.
Amma, heç harda yoxdur.
Özündən çıxma, dayan,
Dinc dur, sakit otur!
O nədirsə bitməz bu torpaqda.
Qapı-qapı düşüb
Gündüzün günorta çağı
Çıraqla da
Axtarsan tapmazsan.
Qayıt, öz elinə, obana, insan!»
Baş sözünü deyib, yana əyildi,
düşdü özü durduğu boyunun üstə.
Qoca kor-peşman
geriyə qayıtdı asta-asta.

IV

Bir də baxdı əsasına,
Gördü hələ yeyilməyib,
Bir də baxdı çarığına,
Elə bil heç geyilməyib!
Dedi: «Nə ola, ola!»
Yenə düzədi yola.

V

Hələ də yol gedir qoca,
Gedəcək, dünya durduqca.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов