Страница 2 из 2 · 50%

Kərbəlayı Qubad. Nə olacaq? Razı oldu, qurtardı getdi.

Mərcan bəy. Ə kişi, nə deyirsən? Razı oldu?

Kərbəlayı Qubad. Əlbəttə oldu, oynaya-oynaya oldu.

Mərcan bəy. Ə kişi, qəribə sən hünərlisən!

Kərbəlayı Qubad. Rəhmətlik oğlu, dəvə kimi nərildəmişəm, xoruz kimi banlamışam, qoç kimi mələmişəm, zarafat deyildir!

Mərcan bəy. Yəni dedi ərimdən boşanıb gələrəm?

Kərbəlayı Qubad. Bəli, bu gün səndən talaq alacaqdır.

Mərcan bəy. Ay bivəfa arvad!.. Hər halda, balam, Allah səndən razı olsun, mən ki səndən razıyam.

Kərbəlayı Qubad. Bəs pulu nə vaxt verəcəksən?

Mərcan bəy. Elə ki arvad sənin evinə gəldi, haman dəm yüyür gəl pulunu al!

Kərbəlayı Qubad. Çox gözəl.

Mərcan bəy. Yəni lap razı oldu?

Kərbəlayı Qubad. Səni aldatmıram ki, indi bir hovur arvad səndən talağını istəyəndə görərsən. İndi mən gedirəm, sabah işi lap təmizləyərik. İndi tələsiyirəm.

Mərcan bəy. Niyə tələsiyirsən?

Kərbəlayı Qubad. Gedirəm Sijimqulu bəyin yanına. Deyəsən, o da arvadından narazıdır, boşamaq istəyir.

Mərcan bəy. Çox əcəb! (Kərbəlayı Qubadı yola salır.)

Minnət xanım (pərdənin dalından çıxır). Qoçaq Gülpəri oyun oynadı, indi qaldım mən özüm. (Mərcan bəy daxil olur. Acıqlı o yan-bu yana gəzir.) Bu saat mənim talağımı ver!

Mərcan bəy (kənara). Kişi doğru deyirmiş. (Ona) Hə!.. Özgə ərə getmək istəyirsən?..

Minnət xanım. O sənin borcun deyil, bu saat mənim talağımı ver!

Mərcan bəy. Baş üstə, hazır olum, gedək talağa. (Gedir.)

Gülpəri daxil olur.

Minnət xanım. Ay Gülpəri, bərəkallah, çox yaxşı iş gördun. İndi mənim işim qalıbdır. Mən bu saat gedəcəyəm atam evinə, ancaq bir hovur buraya gəlib, sonra yenə gedəcəyəm. Sən sabah mənim çarşabımı geyərsən və qapının ağzında gözlərsən, mən ərimdən talağ kağızımı alıb sənə verəcəyəm. Onu da yanında saxlarsan, sonra hər nə lazımdır mən sənə deyərəm.

Gülpəri. Baş üstə, xanım.

Minnət xanım. İndi get, ərim səni burada görməsin.

Gülpəri gedir.

Mərcan bəy (daxil olur). Gedək talağa.

Minnət xanım. Bu saat. (Gedir.)

Mərcan bəy (fikirli). Ay bivəfa arvad! Gör, sən Allah, məni qoyub Kərbəlayı Qubada gedir. Məni, məni ki, iyirmi üç yaşında bir nazənin dərdimdən ölür. (Tələsik) Aha, saat neçədir, o vaxta bir saat qalıbdır, zərər yoxdur, qurtardım Minnətin üzündən, qurtardım! Bir saatdan sonra bir nazənin sənəm gələcəkdir. O mənə aşiq, mən ona aşiq. Əlbəttə, insan gərək arvada əvvəlcə aşiq ola sonra ala, yoxsa görməz-bilməz alırıq, sonra da peşman olub qovuruq. (Çağırır.) Səfi! Səfi! (Səfi gəlir.) Xanım hazırdırmı?

Səfi. Bəli, hazırdır!

Mərcan bəy. Çox yaxşı. İndi sən bu otağı təmizcə süpür, bir saata qədər qurtar və sonra qapı döyülən kimi, gəl mənə xəbər ver. Mən də bu saat gəlirəm. (Gedir.)

Səfi. Baş üstə!

(Musiqi)

Elə ki, ər axmaqdır,
Onun payı toxmaqdır.
Dəyirman öz işində,
Baş ağrıdan çax-çaxdır. (2 dəfə)
Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?!

(Musiqi)

Millətpərəst olmaqlıq,
Xalqın evin yıxmaqlıq –
İkisi də bir işdir,
O da, bu da – axmaqlıq! (2 dəfə)
Ay Mərcan, vay Mərcan, gəl görüm nə gündəsən?!

Mərcan bəy gəlib keçir öz otağına. Qapı döyülür, Səfi qapını açır. Minnət xanım yaxşı libasda daxil olur.

Səfi. Buy, xanım, heç sizi tanımadım!

Minnət xanım. Sus!.. (Üzünü açır.) Səfi! Get Mərcan bəyə söylə ki, bir nəfər arvad gəlib onu görmək istəyir. Ancaq mən olduğumu demə ha! Anlayırsan nə deyirəm?

Səfi. Arxayın ol, xanım, yaxşı anlayıram. (Gedir.)

Minnət xanım. Bu libasda o məni tanımaz, gərək bir qədər ehtiyatlı olam.

Səs gəlir, Minnət xanım bərk-bərk gizlənir.

Mərcan bəy (titrəyə-titrəyə daxil olur). A... a... Nazənin sənəm! Mənə kağız yazan sənsənmi?

Minnət xanım. Bəli, mənəm!

Mərcan bəy (ağlamsınır). Mən sənə aşiq olmuşam, dərdindən ölürəm, ya məni öldür, ya dirilt!

Minnət xanım. Xeyr, əvvəl mən sənə aşiq olmuşam. Mən səni əvvəl ibtidadə gördükdə qəlbimin içinə bir zərrəyi-eşq daxil olub, bədə o zərrə mürur-zaman ilə tövsi edib, bir atəşi suznak oldu və fikrimi etraf-binnar etdi.

Mərcan bəy (kənara). Paho! Görünür, bu da qəzet oxuyanlardandır.

Minnət xanım. İndi gəlmişəm ki, görüm sən də məni sevirsənmi? Çünki sən məni görübsən.

Mərcan bəy. Ey nazənin sənəm! Mən səni görməmişdən sənə aşiqəm, ancaq urus demişkən: интересно знать, mən səni nərədə görmüşəm?

Minnət xanım. Bir gün sən at ilə gedirdin, mən də balkonda oturmuşdum, gilas yeyirdim; sən ötən zaman mən sənin başına bir danə gilas atdım, sən başını yuxarı qaldırıb məni gördün.

Mərcan bəy (şadlığından bilmir nə qayırsın). Vay, dədəm vay! Sən o nazəninsən? Yəni mən bu qədər xoşbəxt olmuşam! Yox, yox!.. Mən bu qədər xoşbəxtliyə davam gətirə bilmərəm! Yox, yox!.. Mən dəli olaram, özümü itirmişəm! Hanı mənim başım? Mən haradayam? Bura haradır? (Ora-bura yüyürüb, divardan bir şey tutur.) Elə bildim taxtabitidir. Bax, eşq vurub məni dəli edibdir! Ey nazənin sənəm! Bir ləhzə üzünü açıb mənə göstər.

Minnət xanım. Yox, bu səfər əlimə bax! Hələ üzümü görməzsən, ancaq o vaxt ki, mənim kəbinimi kəsdirərsən. Mən buraya gəldikdə bütün qonaqların içində üzümü açıb sənə göstərərəm ki, xalq sənin taleyinə həsəd aparsın!

Mərcan bəy (kənara). Vaxsey, anam qurban! (Ona) Ey nazənin sənəm! Bəs nə vaxt kəbinimizi kəsdirək?

Minnət xanım. Üç aydan sonra.

Mərcan bəy. Vay, dədəm vay!.. Üç aydan sonra! Yox, bu xoşbəxtlik məni dəli edəcəkdir!

Minnət xanım. Üç aydan sonra mənim kəbinimi kəsdir, mənim tərəfimdən hər kəsi istəsən vəkil elə, mənim adım Bədigülcamaldır. Üç aydan sonra qonaqların hazır olsun, mən öz adamlarım ilə gələcəyəm. Hələ ki, xudahafiz!.. (Tez çıxıb gedir.)

Mərcan bəy. Yox, getmə, sən getsən mənim canım gedər. Üç aydan sonra... üç ay, üç ay!.. Ey fələk!.. Mən sənə nə etdim ki, sən məni bu qədər xoşbəxt elədin? Yoxsa mənə sataşırsan? Yox, yox! Sataşma!.. Bəli, getdi, getdi. (Oxuyur.)

Getsən o qədər ağlaram, aləm olu dərya,
Axırda olursan qərq o dəryayə, yavaş get!

(Çağırır.) Səfi! Səfi!

Səfi (daxil olur). Bəy, nə buyurursan?

Mərcan bəy. Get, hamını buraya çağır. (Səfi gedir.) Bəxtim qudurubdur, amma qorxuram içindən bir xəta çıxa... Xeyr, nə xətası vardır?! Bir göyçək arvaddır rastıma çıxıbdır, alıram. (Nökərlər daxil olurlar). Ay uşaqlar, heç dünyada xoşbəxt adam görübsünüz?

Hamı. Xeyr, ağa!

Mərcan bəy. Di görün! O xoşbəxt adam mənəm!

Hamısı. Allah səni həmişə xoşbəxt eyləsin!

Mərcan bəy. Bu yavuqda mənim toyumdur. Taza arvad alıram, ona görə sizin hərənizə bir abbası pul bağışlayacağam.

Hamı. İltifatın artıq olsun! (Onlardan biri gülməyini saxlaya bilməyib pıqqıldayır.)

Mərcan bəy. Ha? Nə oldu? Nə üçün gülürsən? Mənə sataşırsan?

Nökər. Xeyr, ağa, səni xoşbəxt görüb şadlığımdan gülürəm.

Mərcan bəy. Qoçaq, sənə iki abbası verəcəyəm. (Hamı gülür.) Siz nə üçün güldünüz?..

Hamı. Ağası xoşbəxt olan adamlar əlbəttə gülərlər.

Mərcan bəy. Qoçaqlar, sizin də hərənizə iki abbası verəcəyəm. İndi hərəniz hər nə bilirsinizsə oxuyun, mən də qulaq asım. (Nökərlər səs verib hərə bir şey oxuyur.) Yox! Bu olmadı! Heyvan deyilsiz ki, uluyursunuz? Tək-tək oxuyun.

Bir nökər. Ağa, istəyirsən mən sənə bir türk havası oxuyum.

Mərcan bəy. Oxu!

(Musiqi)

Nökər. Mən bir türkəm, dinim, cinsim uludur. (Oxuyub qurtarır.)

Qeyri nökər. Ağa, istəyirsən mən sənə bir fars havası oxuyum.

Mərcan bəy. Oxu!

(Musiqi)

Nökər. Eşqin, eşqət pənceyi darəd ahəni. (Oxuyub qurtarır.)

Səfi. Ağa, istəyirsən mən sənə bir urus havası oxuyum.

Mərcan bəy. Oxu görək!

(Musiqi)

Səfi (oxuyur). Пой, ласточка, пой! (Oxuyub qurtarır.)

Bir nökər də. Ağa, istəyirsən mən sənə bir gürcü havası oxuyum.

Mərcan bəy. Oxu! Oxu!

(Musiqi)

Nökər (oxuyur).

Qurban olum səni doğan anaya,
Səni, doğdu, məni saldı bəlaya...

Mərcan bəy. Bunlar hamısı çox gözəl, indi bizim öz Qafqaz havamızdan bir şey oxuyun!

(Musiqi)

Xor.

Eşitmişik xanımı yola salmısan, (2 dəfə)
Xanım getcək, kim, sən tənha qalmısan.
Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy!

(Musiqi)

Biz sənin üçün çalıb, gülüb, oxuruq, (2 dəfə)
Heç fikir etmə kim, sən tənha qalmısan.
Ay Mərcan bəy, ay Mərcan bəy, ay Mərcan bəy!

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tələbələr məsələsi

Qəzetəmizin dünənki nömrəsində ədib və müəllim möhtərəm Firidun bəy Köçərli cənabları oxuyan uşaqlarımızın müşkül halından bəhs edib, onlara bir çarə arayırlar. Ədadı məktəblərdə və seminariyalarda oxumaq istəyən, lakin pulsuzluq ucundan böylə nemətlərdən məhrum qalmış uşaqların halı nə qədər müşküldürsə, “student” namilə ali məktəblərdə oxuyan və ya oxumaq istəyən cavanlarımızın əhvalı daha ağır, daha müşküldür.Bundan əvvəl studentlərimizə ianə verib kömək edənlər yenə azçox olurdu, amma hal-hazırda bu ianə mənbəyi hər yerdən quruyubdur, odur ki, təhsili-ali şövqündə olan tələbələrimizin ədədi gündən-günə artmaq əvəzinə gündən-günə azalmağa üz qoyubdur. Bu xüsusda “Kaspi” qəzetəsində müsəlman tələbələrindən Hacınski cənabları öz zavallı yoldaşlarının ağır halından bəhs edib, camaatı ianiyə təklif eləyir. Lakin iş burasındadır ki, belə ianələr ilə bu mühüm işə əncam vermək olmaz. Burada elə bir iş görməlidir ki, mövcud tələbələrimiz maddi cəhətdən arxayın olub, təhsillərini bitirməklə bərabər, ali məktəblərə girmək istəyən cavanlarımız dəxi bu yolda maddi cəhətdən məmaniyət görməsinlər.

3 мин
Ordan-burdan 44

Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:

1 мин
Ayrı söhbət

Rəmazan günü, bir nəfər “bizim adam” ilə bir nəfər yevropalı bir müsəlman şəhərin Quba meydanı və ya bazarbaşı kimi bir yerinə tərəf gedirlər.Və görürlər ki, orada bir xeyli camaat dövrə çökübdür. Yevropalı güman edir ki, burada mitinq qurulubdur.

1 мин
Ordan-burdan 45

– Daha bəsdir, ay alçaq xuliqanlar, ey millətin xari və zəlil olmağını özləri üçün mənfəət bilən alçaqlar! Daha bəsdir, milləti əlinizdə alət və oyuncaq qayırıb o fitnə və fəsadlarınızı əmələ gətirmək! Qorxun o gündən ki, camaat ayılıb siz dəlilərin nə cürə şeytan olduğunuzu duya və başa düşə. Nə üçün xalqı iqva eyləyirsiniz? Neçin qoymayırsınız ki, xalq öz işinə, öz gücünə məşğul olsun. Nə üçün camaatı aldadırsınız? Nə üçün tazə tərəqqi başlamaq istəyən camaatın içinə pürxaşlıq və şuluqluq salmaq istəyirsiniz? Camaatın tərəqqisini sizin qurdlu və xain qəlbiniz qəbul etmirmi? Nə üçün işıq gələn yerə murdar barmağınızı tıxırsınız? Ey xain öküzlər! Vallah, əmin olun ki, çox meydan sürə bilməyəcəksiniz, zəmanə öz işini edəcəkdir və pislik sizin özünüzə qalacaqdır.Rəfiqim bu sözləri deyib acığından dodaqlarını çeynəməyə başladı, soruşdum: Nə olub, nə üçün ağzından od yağdırırsan? Rəfiqim cibindən qəzetini çıxardıb qabağıma qoydu və Tehrandan gəlmiş teleqramı göstərdi. Oxudum. Orada yazılmışdı ki, bəzi adamlar Tehran məscidlərində Tağızadə cənablarına qarşı sözlər və moizələr söyləyirlər.

2 мин

Стихи других поэтов