“Müəllimlər öz işlərini qoyub özgə işlərlə məşğul olurlar”

Boşboğazlar

Dərs

Müəllim (klasa daxil olarkən). ...(15 manat dükançı Cəfərə)... Oturun! (11 manat yarım da çörəkçi Vəliyə) ...Duanı oxuyun görüm! (Bu elədi 26 manat yarım)... Çox yaxşı. (18 manat evyiyəsi... Keçən səfər 3 manat da borclu qalmışdım. Bu elədi) Kim dərsini deyər?.. (Bu elədi) Oxu görüm. (21 manat, o da 43 manat yarım)... Həsən düz otur, biclik eləmə! (Qəssaba gərək verəm 12 manat beş şahı.)... Otur yerə, indi sən oxu.

Şagird. Bir gün Həsən atasına dedi ki, ata, mənə də çeşmək al, mən də sənin kimi kitab oxuyum.

Müəllim (öz-özünə). Budur, bizim Mecid neçə vaxtdan bəri yalvarır ki, ata mənə bir çəkmə al, yazıq lap ayaqyalındır... Amma hanı pul?!

Şagird. Atası gedib oğluna bir əlifba kitabçası aldı.

Müəllim (görünür ki, kişinin pulu var imiş).Yaxşı, otur. Sən oxu! (Suçuya 3 manat 87 qəpik verilməlidir, neftçiyə 4 manat 20 qəpik).

Şagird. Dedi ki, ata, mənə bir çeşmək al.

Müəllim (şagirdə). Yox, çəkmə al.

Şagird. Mirzə, xeyr, çeşmək al.

Müəllim. Hə, hə çeşmək al. Oxu... (Bu səfər də mənə 25 manat çatmır, onu nə tövr eyləyim?)

Şükür, dinc otur, qulağını çəkərəm! (...manat). Açın kitabları. (Yəni 25 manat çatmayacaqdır... Heç kəs də borc vermir.) Qulaq asın, təzə dərs verirəm. (Nə qayırım ev kirayəsi olmasa idi, yenə bir tövr əl-əl baş-başa çıxmaq olardı.) Düz oturun, yaxşı qulaq asın! Bu saat hesaba məşğul olacağıq! (Cibimizdə olmayan pulu əqlimizdə hesablamaq genə təsəllidir.)

Sizə bir hesab məsələsini deyəcəyəm: bir kişi (kişi şəhərimizin atasıdır) ildə... yaxşı qulaq verin! İldə... Həsən, düz otur, qələmi qoy yerə, hələ qulaq as! Hə... ildə... dürüst-dürüst qulaq verin, amma qorxmayın!.. İldə 20 min manat nəqd pul alır!!!

Şagirdlərin bəziləri. Vaxsey!!!

Bəziləri. Vay dədə vay!!!

Bəziləri. Pah atanın evinəcən!

Müəllim. Bəs ildə.

Şagirdlər. Mirzə, daha demə, qorxuruq!

Müəllim. Yox, qorxmayın, heç bir xətası yoxdur. Ancaq onu bilin ki, ildə 20000 min manat nəqd pul alır!!

Bütün klas. Vaxsey!!!

Bir şagird. Mirzə, bəs onu nə tövr sayır?

Müəllim (acı gülümsünür). Hey, yüz o qədərini saya bilər! Yaxşı, bir də bir ayrı kişi var ki... (məsələn, mən yazıq ildə doqquzca yüz manat pul alır... Hələ onu da nə tövr alır...) Bu az pul alan kişinin hər ay 25 manat borcu olur.

Şagirdlər. Yazıq!

Müəllim. Əlbəttə, yazıq!

Şagird. Mirzə, o çox pul alan kişi öz pulundan bir az ona versə nə olar?

Müəllim. Ay balam, nə olacaq, çox yaxşı iş olar, amma elə dərd burasıdır ki, məsələyə yaxşı qulaq asın, ayrı söz danışmayın!

Şagird. Mirzə, bəs məsələdə nə sual olunur?

Müəllim. Hə, indi sual olunur ki, həmin o 20000 manat pul alan, öz aldığı puldan 6-ca min manat kəsib versə, neçə yüz nəfər 900 manat alan kişini borcdan xilas edə bilər?

Bir şagird. Mirzə, əvvəlcə de görək, bu az pul alan kişi ki, bir ayda 25 manat borca düşür, ildə nə qədər borc eləyir?

Müəllim. Bərəkallah! Bəs onu nə tövr bilək? (Hərçənd mən yaxşı bilirəm.)

Şagird. Bir ayda 25 manat borc, bir ildə yəni 12 ayda eylər: on dəfə 25-250; iki dəfə də 25-50. 250. O da 50, eylər 300 manat.

Müəllim. Çox yaxşı, sonra?

Şagird. İndi görək, 6000-in içində nə qədər 300 var. 6000-ni 300-ə böləndə eylər... eylər 20.

Müəllim. Bəs nə məlum oldu?

Şagird. Məlum oldu ki, əgər o 20000 manat pul alan, öz pulundan...

Müəllim. İnsafa gəlib...

Şagird. İnsafa gəlib, öz pulundan...

Müəllim. Yox, sən insafa gəlib demə, onu mən deyirəm.

Şagird. Elə durduğu yerdə öz pulundan 6000 manat kəsib versə, o halda 20 nəfər 900 manat alan...

Müəllim. Və borca düşən...

Şagird. Və borca düşən adamları, borcdan xilas eylər.

Müəllim. Və o adamlar da borcdan xilas olandan sonra öz işlərini yaxşımı görərlər.

Şagirdlər. Bəli!

Müəllim. Əlbəttə, yoxsa yazıq borc fikrinə düşsün, yoxsa öz fikrinə düşsün.

Bir şagird. Mirzə, axı o çox pul alan adam öz pulundan 6000 kəssə, onda bunun pulu azalar!.. 14-cə min manat qalar.

Müəllim (onun üzünə bir qədər baxıb). Sənin atan dumda qlasnı deyil ki?

Şagird. Bəli, bəzi vaxt duma gedir.

Müəllim. Deyirəm axı... doğrudur. Pul bir qədər azalar, amma iş yaxşı yola gedər. Məsələ həll olundu. Amma... (Hər halda bu ay da 25 manat borc gəlir, vallah bilmirəm nə tövr eyləyim.)

İdarədən. Yazıq müəllim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов