Страница 3 из 3 · 67%

Hüsn bağında gəzəsən,
Gülü sünbül dərəsən.
Sən kimi bir gözəli
Bağın içində görəsən.

G ü l n a z. Baxasan gül yanağına, olasan məstu xumar.
B i r y e r d ə. Deyəsən heç bir işrət olmaz, sən öləsən!

M u s i q i

S ə n ə m.

Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?
Qorxmayırsanmı ki, axırda gələ başa kələk.

G ü l n a z.

Sənə yüz yaşlı dul arvad yaraşar, ey dəyənək!

B i r y e r d ə. Üzünü it də görərsə yalamaz, sən öləsən!

M u s i q i

M ə ş ə d i İ b a d.

Görürəm kim, mənə sən çox yetirirsən gözünü.
Qorxuram kim, ki axırda itirəsən özünü.

G ü l n a z.

İstəyirsənmi, sözün mən deyərəm lap düzünü,

B i r y e r d ə. Sən kimi bir qocaya qız yaramaz, sən öləsən!

G ü l n a z (Dururlar). Hələ ki, xudahafiz, biz gedək.
M ə ş ə d i İ b a d. Ay çox sağ olun, allah pənahında olasınız! (Gedirlər). Bir dəli şeytan deyir ki, ikisini də birdən al!
R ü s t ə m b ə y (daxil olur). Necədir, qızı bəyəndin?
M ə ş ə d i İ b a d. Qızı da bəyəndim, hələ desən qulluqçunu da!
R ü s t ə m b ə y. Bir beş-altı yüzdən keç, onu da sənə peşkəş eləyim.
M ə ş ə d i İ b a d. Yox, o hələ sonranın işidir. Yaxşı, indi hələ ki, mən getdim!
R ü s t ə m b ə y. Yox, Məşədi, bir az dayan!
M ə ş ə d i İ b a d. Nə var ki?
R ü s t ə m b ə y (yalançı sədaqət ilə). Məşdi İbad, sənin üzünə demirəm, amma, sən bunu bil ki, mən sənin qohumluğunu özüm üçün böyük bir fəxr bilirəm. Ona görə bir balaca şadyanalıq edək. Bir neçə nəfər dost-aşna cağırmışam, indi bu saat gələrlər, oturub söhbət edərik.
M ə ş ə d i İ b a d. Rüstəm bəy! Çox adamlar mənimlə qohum olmaq istədilər, hətta qubernatın dilmancı Cəfər bəyin xalası oğlu Daşdəmir bəyki, mənə iki min manat pul verəcəkdir və səkkiz yüz otuz altı manat on dörd şahı mamiləsi edir, keçən gün mənə deyirdi ki, bir qızım olubdur, qoy böyüsün, sənə verəcəyəm. Amma mən hər adamla qohum olmaq istəmirəm. Qərəz…. Qonaqların kimdir?
R ü s t ə m b ə y. Birisi millətpərəst Həsənqulu bəydir ki, sən onu tanıyırsan.
M ə ş ə d iİ b a d. Yaxşı tanıyıram, mənə iki yüz manat da verəcəkdir.
R ü s t ə m b ə y. Birisi qəzetçi Rzadır ki, tanıyırsan, birisi qoçu Əsgərdir ki, onu da tanıyırsan. Biri də intelligent Həsəndir ki, onu tanımazsan. Çünki o bir qədər mərdimgirizdir, çox oxuyub deyən bir qədər başı xarab olubdur. (Qapı döyülür). Aha, gəldilər. Buyurun-buyurun!

Qapı açılır, H ə s ə n q u l u b ə y, R z a, Ə s g ə r, H ə s ə n və xor daxil olurlar. Sonra səhnənin ortasında üç-üç, durub, guya söhbət edir kimi oxuyurlar

M u s i q i

H ə s ə n q u l u b ə y.

Deyirlər ki, toy olacaq.

R z a b ə y.

Məşdi İbad qız alacaq.

Ə s g ə r.

Söylə görüm toy haçandır?

H ə s ə n b ə y.

Doğrudurmu toy olacaq?

H a m ı.

Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

R ü s t ə m b ə y.

Allah qoysa, tez toy olar.

R z a b ə y.

Söylə görüm toy haçandır?

M ə ş ə d i İ b a d.

İnşallah, tez toy olar.

H ə s ə n b ə y.

Doğrudurmu toy olacaq?

H a m ı.

Bəs nə vədə, bəs nə vədə toy olacaq. (2 dəfə)

H ə s ə n q u l u b ə y.

Yəqindir ki, bu toyda….

Ə s g ə r.

Bu toyda….

H ə s ə n b ə y.

Bu toy, bu toy, bu toyda….

H a m ı.

Cib dolacaq, dolacaq pullar ilən. (2 dəfə)
Bəs nə vədə, nə vədə toy olacaq. (2 dəfə)

M u s i q i

R ü s t ə m b ə y. Həzərat! Əhvalat özünüzə məlumdur. Mən gözümün ağır-qarası olan bir qızımı, bax, bu kişiyə ərə verirəm.
R z a b ə y (kənara). Kişiyə yox, kişinin puluna.
R ü s t ə m b ə y. Və özüm də bu qohumluğu özüm üçün….
R z a b ə y. Pul dağarcığı hesab edirəm.
R ü s t ə m b ə y. Böyük bir şərəf hesab edirəm.
H a m ı. Əlbəttə, əlbəttə. Allah mübarək eləsin!

Bu əsnada nökərlər daxil olub, stol qururlar və üzərinə butulka, stakan və "zakuska" düzürlər.

R ü s t ə m b ə y. Həzərat! Təvəqqə edirəm stola əyləşin; bir qədər boğazımızı yaş edək.

Hamı oturur, M ə ş ə d i İ b a d d a n başqa.

R z a b ə y. Bəs Məşdi İbad?
M ə ş ə d i İ b a d, Xeyr məni bağışlayın, mən pəhrizəm. Siz öz işinizlə məşğul olun, mən buradaca əyləşərəm. (Bir tərəfdə bir kresloda əyləşir).
H ə s ə n q u l u b ə y. Həzərat! Təvəqqə edirəm stakanlarınızı doldurasınız və mənə də izn verəsiniz ki, bir neçə kəlmə söz deyim.
H a m ı. Buyur, buyur.
H ə s ə n q u l u b ə y. Həzərat! Özünüzə məlumdur ki, dünya getdikcə xarablaşır, yəni mən onu demək istəyirəm ki, bu dünya getdikcə xarab olur; öylə ki, hamının qəlbi pozulub, min cür hiylə ilə dolur, yəni mən onu demək istəyirəm ki, bu dünyada təmiz və saf qəlbli adam tapmaq çətindir.
M ə ş ə d i İ b a d (kənara). Ələlxüsus mənim kimi axmağı ki, sənə iki yüz manat verib, iki ildir ki, ala bilmirəm.
H ə s ə n q u l u b ə y. Yəni mən onu demək istəyirəm ki, bu qədər çirkin ürəkli və qara qəlbli adamlar içində bir nəfər də saf dərun və qəlbi pak adam görmək necə böyük xoşbəxtlikdir. İndi mən onu demək istəyirəm ki, həmin o kənarda oturan Məşədi İbad həmin saf dil adamların ən böyüyüdür, ona görə qalxızaq bu badəni onun sağlığına. Yaşasın Məşədi İbad!
H a m ı. Yaşasın, yaşasın, Məşədi İbad!
Ə s g ə r (Ayağa durur, çox bərk danışır). Günlərin bir günü, axşam saat doqquzda bazardan gəlirdim. Ada, bir də gördüm ki, birisi dalımca gəlir. Bir az getdim gördüm ki, yenə gəlir. Dedim, yəqin ki, mənimlə düşməndir, o saat piştovu belimdən çıxartdım (göstərir), çəkdim yuxarı ayağa, dedim: ədə, dayan! Bir də gördüm dalımca gələn götürüldü; ədə, dayan, ədə dayan!… Dayanmadı, part, bir güllə!… Bir də gordum: sarap!… Yıxıldı yerə. Dedim, baxım görüm kimdir? Bir də gordum kim?… Həmin bu Məşdi İbad! Dedim, yəqin kişini öldürmüşəm. Amma, allahdan olan kimi, güllə dəyməmişdi. (Gəlir yanına). Sağ ol Məşdi İbad! Sağlığına içirəm.
M ə ş ə d i İ b a d. Çox sağ ol! (Kənara). Heç görün dəxli var?!
R z a b ə y (durur). Əfəndilər, müsaidənizlə bir qaç kəlmə söz ifadəsinə əşəddi ehtiyacım vardır. (Heç kəs dinməyir). Əfəndilərim, sükut eyliyirsiniz, əcəba, müsaidə vermiyorsinizmi! (Yenə heç kəs dinmir). Əfəndilər, bir də cavab verməyəcək olsanız, bu mübhəm sükutinizi kəndim üçün böyük bir həqarət ədd edəcəyəm. Bəkləyürəm, əfəndilərim! (Yenə heç kəs dinməyir). Rüstəm bəy, bəndənizi təhqir etmək fikriniz var idisə, nə üçün bunu xanənizdə icra ediyorsiniz, bunu başqa bir yerdə əda etmək qabil dəyildimi?
R ü s t ə m b ə y. Çox sağ ol, çox razıyam!
R z a b ə y (acıqlı). Canım, siz anlamıyorsınızmı ki, mən nə diyorəm; ya həqarətmi? Oylə isə, mən burada oturmam? (Tələsik papağını geyir).
R ü s t ə m b ə y. Rza bəy, hara buyurursan?
R z a b ə y. Canım, mən həqarət qəbul edən adam deyiləm, on dəqiqədir ki, sizdən söz deməyə izn istəyirəm, amma cavabında dinməyirsiniz; bu böyük həqarətdir, sabah bunu qəzetəmdə yazaram.
H ə s ə n q u l u b ə y. Deməli, sən bizdən izn istəyirmişsən? Əşi, vallah, mən elə bildim ki, sən nitq söyləyirsən, başa düşə bilmədim.
O b i r i l ə r i. Vallah, biz də başa düşmədik.
M ə ş ə d i İ b a d. Axı, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, nə deyirsən. Mənim özüm tarix-nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin? (Rüstəm bəy durub Rzanı oturdur).
R ü s t ə m b ə y. Sən allah, bizi məyus eyləmə, bağışla, anlamadıq. Bisavad adamıq.
H ə s ə n b ə y (ayağa durur). Ğaspoda, mənə pazvolt eyləyin, bir-iki kəlmə Rüstəm bəy haqqında söz söyləyim!
H a m ı. Buyur-buyur!
M ə ş ə d i İ b a d. Görək, bu nə deyir?
H ə s ə n b ə y. Ğaspoda! Platon demişdir ki, çelovek civotnoye obşestvennoye, yəni insan bir sürü heyvandır.
M ə ş ə d i İ b a d. Heyvan özünsən!
H ə s ə n b ə y. Məşhur uçonıy Darvin də bütün hamıya dokazat eylədi ki, insan meymundan əmələ gəlibdir. Darvinin bu sözü ilə saqlasitsya olmaq üçün gedib Afrikadakı "buşmen"lərə və "kontintot"lara baxmaq lazım deyil. Ancaq dovolno çto, bizim bu məclisimizdə oturan Məşədi İbada baxmaq lazımdır. (Hamı başını aşağa salır). Bu sözlər ilə mən Məşədi İbadı askarbit eyləmək istəmirəm, mən özüm də meymuna bənzəriyəm. Amma bir o qədər yox. No Məşədi İbad isə lap aranğutan meymunudur ki, durubdur. Mən yenə povtarit eyləyirəm ki, mənim qəsdim Məşədi İbadı askarbit eyləmək deyildir. Ancaq mən onu yetirmək istəyirəm ki, pozvolte, Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir.
M ə ş ə d i İ b a d. Mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurasan.
H ə s ə n b ə y. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır. Bəs nəyi? Neujeli Məşədi İbadın pulu, malı, dövləti? Xeyr, xeyr; Rüstəm bəy pulagir adam deyildir. Nakones, bəs nəyi? Bu saat ərz eyləyim. Bax, biz burada şərab içirik, amma Məşədi İbad içmir. Deməli, Məşədi İbad nədir? Məşədi İbad istinni müsülmanindir; i tak, Rüstəm bəy öz qızını, mənim mneniyama görə, Məşədi İbadın istinni müsülmanin olmağına görə veribdir, ona görə yaşasın Rüstəm bəy!
H a m ı (yavasdan). Yasasın, yasasın!…
R z a b ə y. Maşallah bu kəlama!
H ə s ə n q u l u b ə y. Daha nitq demək lazım deyildir. Duraq ayağa!
H a m ı. Duraq! (Dururlar).
Ə s g ə r. Yavaş-yavaş getmək vaxtı dəyildirmi?
H a m ı. Bəli, vaxtdır.
H ə s ə n q u l u b ə y. Rüstəm bəy, xudahafiz (əl verir). Məşədi İbad, xudahafiz (əl verir).
Ə s g ə r. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz.
H ə s ə n b ə y. Rüstəm bəy, xudahafiz, Məşdi İbad, xudahafiz (əl verir).
M ə ş ə d i İ b a d (acıqlı). Cəhənnəm ol o yana, mürtəd! Mənə meymun deyib, sonra da əl verirsən?
R ü s t ə m b ə y. Nə oldu, nə oldu?
H ə s ə n b ə y. Pozvolte, pozvolte, ya yemu zadam merzavsu!

Hamı yığılır. "Nə oldu, nə oldu?" deyib, aralaşdırırlar, şuluqluq düşür.

M u s i q i

H ə s ə n b ə y.

Mən sənə tay-tuş deyiləm, vurram başın, (2 dəfə)
Darbadağın lap dağılar, rədd ol burdan. (2 dəfə)

H ə s ə n q u l u b ə y.

A gedə, Həsən, bəs deyilmi, eyb olsun ki,
İntiligent ola-ola savaşırsan. (2 dəfə)

M ə ş ə d i İ b a d.

Qoy məni bir ağzın əzim bu mürtədin, (2 dəfə).
Meymun özü ola-ola mənə deyir.

H a m ı.

A gedə, ayıbdır sizə bu rəftar, rəftar, (2 dəfə)
Xalqın evində dava etmək pis şeydir.
Xalqın evində dava etmək pis şeydir.
Adama yaraşmaz, adama yaraşmaz,
Adama yaraşmaz, maz, maz, maz, maz, maz….

P ə r d ə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü məclis

Ə s g ə r i n evində vaqe olur. Ev yaxşı bəzənib, Ə s g ə r özü dəxi yaxşı geyinibdir.Ə s g ə r. Biçarə Gülçöhrənin başına əngəllər açdım. İndi yazıq qız elə bilir ki, doğrudan da onu özgəsinə ərə verirlər. Amma əcəb sözü üstə dayanan qızdır. Xoşluqla ərə getməyə razı olmadı, odur ki, atasının təvəqqəsinə görə, adam göndərmişəm ki, gedib götürüb qaçsınlar. Zərər yoxdur; bir-iki saatdan sonra mənim kələyimin üstü açılar, onda qız da sevinər, mən də sevinərəm, atası da sevinər, hamı sevinər. Amma ürəyim çox bərk tələsir, istəyirəm ki, qızı tez gətirsinlər ki, yazıq daha əzab çəkməsin. Amma qəribə iş gördüm ha. Evlənmədim-evlənmədim, axırda bu kələklə evləndim. Heç pis eləmədim, yaxşı elədim. Allah Süleymanın atasına rəhmət eləsin, əcəb şey öyrətdi. İndi heç olmasa görüb sevdiyim qızı alıram, qız dəxi məni sevir!… Qərəz, gedim xalam dediklərimi düzəldibdirmi? (Gedir).

191710 мин
Əsli və Kərəm

4 PƏRDƏLİ 6 ŞƏKİLLİ OPERAİŞTİRAK EDİRLƏR

19121 мин
Birinci pərdə

Z ə n g i d ə, padşahın xəzinədarı olan keşiş (Arsen) xanın imarəti həyətində vaqe olur. Həyət gözəl bir bağçadır ki, içində cürbəcür ağaclar və güllər vardır. Sağ tərəfdə keşişin evi görünür, içəri daxil olmaq üçün qapısı vardır. Sol tərəfdə başı qarlı və dumanlı dağlar görünür. K e ş i ş i n q ı z ı (Əsli) bağçada bir sərv ağacının dibində oturubdur. Ətrafda k e ş i ş ilə bərabərq ı z l a r və o ğ l a n l a r oynayıb gülməkdədirlər. Keşiş qapısının ağzında əyləşib, bağçaya tamaşa edir.

19128 мин
İkinci pərdə

BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.

19129 мин

Стихи других поэтов