“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.

Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..

Quldurların “tərəqqi”sini puç edib, “tənəzzülünü” istəyirsinizsə, quldurluq mərəzinin dərmanını yaxşı bilən əhaliyə ixtiyar verilməsini tələb edin. Şən, heysiyyət, qazaq, filan heç bir vaxt el divanının yerini verə bilməz. İştə, “gulturnı” olub bunu anlamalıdır!


Qəzet xəbərlərinə nəzərən, dünyanın hər yerində müsəlmanlıq çoxalmaqdadır. Yaponiyada, İngiltərədə, Rusiyada, Qafqazda və s. yerlərdə hərdən eşidirsən ki, filankəs, filan ailə, filan kənd islam dinini qəbul edibdir. Bu bizim üçün böyük bir bəşarətdir. Lakin dərd burasıdır ki, “taza” müsəlmanların ədədi çoxalmaqda ikən, “köhnə” müsəlmanlar bir-birinin canına düşüb, ölüb-öldürməklə öz ədədlərini azaltmaqdadırlar. İndi aləmi-islam altı yırtıq bir qaba dönübdür ki, bir başından dolur, o biri başından boşalır. Bir tədbirli adam da yoxdur ki, “qabın” yırtıq yerinə bir “yamaq” salsın. Odur ki, müsəlmanların ədədi də artmır...


1906-cı il sənəsi aprelin 17-ci günündə, axşam saat 18-də, Qafqazda, Bakı şəhərinin Nikolayevski küçəsində qəribə bir hadisə vüqua gəldi.

Bakıda okolodoçniklərindən bir nəfəri (ehtimal, pristavlıq mənsəbinə çoxdan bəri göz qıcıdan nəfəri) Kazımovun kitabxanası qabağından keçərkən gözünə bir qırmızı şey dəydi. Bu isə cənab okolodoçniki dərin bir fikrə saldı. Eşitmişdi ki, qırmızı rəng revolyusiya (inqilab) əlamətidir!

Ha... görünür ki, Kazımovun kitabxanasında revolyusiya var, – deyə cənab okolodoçnik 5-6 qaradavoy çağırıb, qəflətən kitabxanaya hücum etdi və kitabçıdan “qırmızı revolyusiyanı” tələb elədi. Lakin... məlum oldu ki, qırmızı görünən şey “revolyusiya” deyilmiş, “Molla Nəsrəddin” imiş və qırmızı görünən ancaq onun sir-sifəti imiş. Məəhaza okolodoçnik cənabları qırmızı “Molla Nəsrəddin”dən ürküb binəvanı kanfiskavat edibdir...

İndi zavallı “Molla Nəsrəddin” dustaqdır... Həbsxanada oturub, öz-özünə fikir edir, əcəba ərbabi-hökumət bu qırmızı şeylərdən əcəb yaman ürkürmüş?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Ordan-burdan 102

Dünən “Proqress” qəzetunin 46-cı nömrəsində oxudum ki, guya Gəncə quberniyasının məktəb direktoru Livitski uçitellərə kağız göndərib deyir ki, gərək uşaqlara mənim kitabımdan dərs deyəsiniz. Bu belə.İndi gələk cənab Livitskinin kitabına. Cənab Livitskinin kitabı... O kitabdan müsəlman uşaqlarına dərs verən uçitel gərək müsəlmanca bir söz danışmasın. Yəni özünü elə göstərsin ki, guya heç əbədi müsəlmanca bir söz bilmir və dərsi də “lal qaydası” ilə versin. Bu da belə.

3 мин
Ordan-burdan 103

Müəllimlər ictimainə dairTəvəqqe eləyirəm ki, bu yazdıqlarımı elə tez-tez və tələsə-tələsə oxuyasınız ki, guya, daldan sel gəlib sizi basacaqdır və əgər mümkün olsa, bunu oxuduqda gözlərinizi bərəldib, ağzınızı köpüklədin.

1 мин
Ordan-burdan 104

Hər kəs istəyir ki, istibdadın və üsuli keyfi-mayəşanın əməlini gözü ilə görsün, buyursun gəlsin bizim Bakıya. Bakıya gələndən sonra, bilirəm ürəyi qısılacaqdır, çünki bu saat Bakı qızmağa başlayıbdır. Və ürəyi qısılandan sonra durub bayıra çıxacaqdır və qabağına gələn adamlardan soruşacaqdır ki, burada sizin gəzməli yeriniz haradır? Deyəcəklər ki, məsələn, “pasaj qabağı”. O da o saat gedəcək “pasaj qabağına” və görəcəkdir ki, doğrudan da pasaj qabağında o qədər adam var ki, “iynə salsan yerə düşməz”. Bir qədər burada gəzib görəcəkdir ki, xeyr ürəyi lap pis qısılır, çünki bir tərəfdən Bakının istisi, bir tərəfdən adamların istisi onu hal təbindən çıxardacaqdır. Belə olan surətdə onun yadına düşəcəkdir ki, Bakıda dərya var və bu dəryanın kənarı var ki, ona uşaqdan tutmuş böyüyə kimi hamı müsəlmanlar “naberejni” deyirlər. Gedəcək ora, bir qədər orada gəzəcəkdir, amma bir qədərdən sonra baxıb görəcəkdir ki, naberejnini hökumət qazaqları töylə qayırıb at saxlayırlar və pis iyi də başa çökübdür və özü də hiss edəcəkdir ki, günün hərarəti onun beynini bişirir, bir az da gəzsə, gic qoyun kimi fırlanmağa başlayacaqdır. İş belə olanda, qabağına gələn bir allah bəndəsindən soruşacaqdır ki, ay balam, bu sizin şəhərinizdə heç ağacdan, bağdan, zaddan yoxdur, adam gedib bir az kölgələnsin? Allah bəndəsi deyəcəkdir ki, var. Bu soruşacaqdır ki, hardadır? Allah bəndəsi cavab verəcəkdir ki, filan yerdədir. O da filan yerə gedib axırda bağı tapacaq. Amma görəcəkdir ki, qapısı bağlıdır. Gedəcək o biri qapısına, görəcək o da bağlıdır. Gedəcək üçüncü qapıya, görəcək o da bağlıdır. Soruşacaq ki, ay camaat bəs, bu bağa hardan girim? Deyəcəklər ki, matroslar zabastovka eləyibdirlər, deyəcək bəs, bunun bağa nə dəxli var? Deyəcəklər ki, nə bilək! Deyəcək, bəs bu bağı şəhər üçün kim saldırıb? Deyəcəklər ki, şəhər upravası. Deyəcək bəs şəhər upravası bağın bağlanmasına nə deyir? Deyəcəklər ki, heç zad demir. Deyəcəkdir ki, bəs, buna publika, camaat nə deyir? Deyəcəklər ki, camaatın başı qarışıqdır. Soruşacaqdır ki, nəyə? Deyəcəklər ki, öz işlərinə. Soruşacaqdır ki bəs, işləri nədir? Deyəcəklər ki, qara pul güdmək və bir də adam öldürmək. Onda binəva qərib əhvalatı bilib deyəcəkdir ki, bəs elə isə, görünür, burada hökumət əhlinin keyfi kökdür.

2 мин
Birinci şadlıq

Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.

1 мин

Стихи других поэтов · Сатира