Öz məişətimizdən bir dram
Əvvəlinci məclis
İki uşaq:
Hümmətəli. Ədə, Həsən bəy, gəl mazı-mazı oynayaq.
Həsən bəy. Nədən oynayaq?
Hümmətəli. Lopuxdan oynayaq. Hərgah mən udsam, sənə dörd lopux vurum, hərgah sən udsan, mənə üç lopux vur.
Həsən bəy. Əh, mən lopuxdan oynamaq istəmirəm...
Hümmətəli. Di yaxşı, neynək, lopuxdan oynamırsan, gəl üz əlləmədən oynayaq. Hərgah mən udsam, sənin üzünü əlləyim, yox sən udsan, əvəzində mənim üzümü əllə.
Həsən bəyin anası. Ədə ey, o nə yava-yava sözdür ki, mənim uşağıma deyirsən? Heç utanmırsan? Gedib indi bu saat nökərə deyim, gəlsin səni başına alıb elə yerə vursun ki, pırtdanağın çıxsın? (Hümmətəli qaçır, Həsən bəy də anasının yanına gəlir.)
İkinci məclis
(polisxana)
Pristav Həsən bəy. Gətirin görüm o dükançını! (Dükançı Hümmətəlini gətirirlər, pristav Həsən bəy onun üstünə çığırır.) Ədə, sənin adın nədir?
Dükançı Hümmətəli. Bəy, məni tanımırsan? Bahalıq ili sizinlə qapı-qapıya olmurduqmu?
Həsən bəy (acıqlı). Adını de görüm nədir? Artıq zəvzəmə!
Hümmətəli. Vuy, ay Həsən bəy, nə tez bizi yaddan çıxartdın, uşaqlıqda elə il uzunu bir yerdə oynamırdıqmı? Yadındadırmı, bir dəfə də anan Şərəfcahan xanımın mənə acığı tutdu ha!
Həsən bəy (yasavullara). Vurun bu zəvzəy oğlu zəvzəyi. (Yasavullar vururlar.)
Hümmətəli. Əşi, daha niyə vurursunuz? Qoy adımı deyim dayna! Adə vurmayın, adım Hümmətəlidir, atamın adı... yavaş vur a zalım oğlu – Molla Cəfərdir, dayım mırığ Səfi, vay gözüm töküldü – ala itdən məşhurdur...
(Pərdə düşür.)
Üçüncü məclis
(Beş ildən sonra, bazarda. Həsən bəy qulluqdan qovulmuş, əynində köhnə palto Hümmətəlinin dükanına tərəf gedir.)
Həsən bəy. Salaməleyküm, Hümmətəli!
Hümmətəli. Əleykümməssəlam, bəy! Ancaq, sən allah, dükanın qabağını kəsmə, müştərilər səni görəndə hürkərlər.
Həsən bəy. Əşi, nə yaman kəmiltifat olmusan. Di, elə isə o üç qəpiklik papirosun birini ver, gedirəm Kəsbər gilə.
Hümmətəli. Buyur! (Verir.)
Həsən bəy. Sağ ol, qayıdan baş üç qəpiyini verərəm.
Hümmətəli (əlini uzadır). Bəy, bir o papirosu bura ver!..
Həsən bəy. Neyniyirsən?
Hümmətəli. Sən bircə mənə ver. (Alır, qoyur yerinə.) Havaxt pulun olsa gəlib apararsan!
Həsən bəy. Əşi, zarafat eləmə, bura ver, axşamdan boğazım göynəyir.
Hümmətəli. Yox Həsən bəy, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. Bir də məndən sənə əmanət, heç papiros çəkmə! Vallah... adama çox zərərdir, nahaq yerə döşünü tutur, onun əvəzində həmişə adət elə fındıq ye.
Həsən bəy (gedə-gedə). Ey bivəfa dünya. (Gedir.)
Hümmətəli (çırtıq çalıb oxuyur)
Yadındadır lopux-lopux, ay balam,
Mənə vurdun lopux-lopux, ay balam.
Ay ölləm, ölləm, gedərəm Elxana...
(Pərdə düşür.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/hacibeyov-oz-meisetimizden-bir-dram
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Rəfiqimdən məktubƏzizim Filankəs, bu günlərdə mənim başıma məzəli bir iş gəldi ki, xəlvətcə sənə nəql edəcəyəm.
Ordan-burdan 119“Molla Nəsrəddin”Dövlət dumasını bağladılar...
Ordan-burdan 120Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.
Ordan-burdan 121ƏşarBəli, doğru deyirlər ki;
Стихи других поэтов
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,