Bir qaranlıq gecəydi, tutmuş idi –
Vətənin, millətin səhərlərini,
Qoymayırdı görünsün əxtərini,
O qaranlıq ziyani udmuş idi.


Göz-gözü görməyirdi, müzlim idi,
Vətənin sübhə bənzər əndami,
Solğun idi cəmali-gülfami,
Qucağı növhəzari-matəm idi.


Birdən əsdi nəsimi-canbəxşa,
Tarümar eylədi səhabləri,
Şö'ləndirdi afitabləri,
İnqilab, təcəddüdünlə yaşa!


Üfüqi-haldən təbəssüm edən –
Nədir o şə'şə'ati-hürriyyət?
Parla, ey bariqati-hürriyyət,
Parlasın zülmətə qünudə vətən!


Gözümüz ağlayırdı sən güləsən!
Nə qədər göstərirdin istiğna!
Füqərani bəyənməz əhli-qina,
Sən də məğrureyi-qinami, nəsən?


Əcəba ağlamazmıdın, gözəlim,
Görmüş olsaydın ol şəhidanı,
Uğurunda axan qızıl qanı,
Bir qızarmazdımı üzün, a gülüm?


Ən böyük müstəbiddsən cana,
Qırdırırsan günahsız əhrarı,
Əşkbar eyləyirsən ənzarı,
Rəhminə afərin, həzar sənə!


Bu qədər matəm eylədi millət,
Şimdi də gülmək istəyir könli,
Var vüsali-həqiqətə meyli,
Olma bais fəraqə, ey afət!


Əsiyor dillərə nəsimi-həyat,
Bağizari-xəyali güldürüyor,
Fikrinə tazə ruhlər veriyor,
Dirilir kainati-hissiyyat.


Gülüşünlə gülür əməl çiçəyi,
Millətin çöhrəsi olur xəndan,
Yolunu gözləyirdi müştaqan,
Göydə idinmi, ey yerin mələyi?


Yüksəlir fikirlər "hilal" kimi,
"Şirü xurşid" şö'lədari-zəfər,
Millət olduqca nurinə məzhər,
Müstəbiddən qaçır zilal kimi.


Sənə qarşı əgərçi çox hürüyor,
Mahparəm, kilabi-istibdad,
Onlar etdikcə hürməyin müzdad –
Milləti nuri-təl'ətin bürüyor.


Sən qədəm qoyduğun xərabə zəmin.
Mədəniyyətlə şən olur, abad,
O zəminlər, o mülklər, o bilad –
Oluyor feyzin ilə xüldi-bərin.


Rəhgüzarında parlayır imran,
Şəhpərindən həyatlər süzülür.
Nəğəmatınla mürdələr dirilir,
Bir mücəssəm həyat olur o cahan.


Hanki Tur olsa mə'kəsi-nurun,
Dəlinir pərtövünlə sinələri,
Çıxıyor ortaya xəzinələri,
Kaşifisən künuzi-məsturun.


Səsinə səs verən dirilmişdir,
Nəğməzadır lisani-hürriyyət,
Pürsədadır cahani-hürriyyət,
Qulağa almayanlar ölmüşdür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине