Qürbət ellərdə yadi-vətən
Karpatda ikən
Karpatın dağları nigahımda –
Dursa dursun da pişgahımda –
Könlümün gözləri sənə baxıyor,
Dodağım mədhini sənə oxuyor.
Karpat üstündəyəm, fəqət üzümü,
Könlümü, ruhumu, iki gözümü
Daima döndərib də səmtinə mən,
Oluram sacidin, a şanlı vətən!
Qibləgahi-rahi-nigahimsən,
Ey vətən, ülvi səcdəgahımsən.
Sənə bir xidmət eyləsəm, a vətən,
Şu həyatımda bəxtiyarəm mən.
Ey vətən, sən özün də mədəri-can,
Sənə layiq pərəstişi-vicdan.
O beşlik ki, bizi qucaqlardı,
Səndə nabit olan ağacdan idi.
Yaşa, ey şanlı yurdumuz, əbədi!
Məhdimiz, ləhdimiz, qəzamizsən,
Xüldzari-fərəhfəzamızsən.
Pərvərişyabi-ne'mətin oluruz,
Sonda mədfuni-türbətin oluruz.
Tənim olsun dəfin xakında,
O gözəl xaki-tabnakında,
Race' olsun sənə bu qəlb, bu tən,
Mətlə'i-şəms olan ziyalı vətən.
Ünsürün ünsüri-şücaətdir,
Bu sözüm doğrudur, həqiqətdir.
İşte tarixlər də anlatıyor,
Ya nasıl Qafqaz irqi şanlatıyor:
Ey bizə saheyi-həyat vətən,
Səndə doğmuş bu qəlbü can, bu bədən.
Sənsən işte bu cismə nəş'ətgah.
Sənə mə'tufdur həmişə nigah.
Cənnət olsa bütün yer üstü yenə,
Bizə lazım o səndəki sinə.
Çünki aşiq sənə təbiətimiz,
Sənsən aramgahi-xilqətimiz.
Ən gözəl cənnətim mənim vətənim,
Mayeyi-ruhü mayeyi-bədənim.
Karpat üstündəyəm, könül səndə,
Sevdiyim qönçə səndə, gül səndə,
Ən gözəl çöhrələr qucağında,
Canlı güllər yaşar o bağında.
Xaki-pakında hurilər yaşayır,
Şəkli-insanda hurilər yaşayır.
Cismlənmiş gözəl-gözəl ərvah,
Səndədir həp bədayei-əlvah
Kuhi-Qaf işte Qafqazın dağıdır,
Cənnət işte bu Qafqazın bağıdır,
Anladım doğrudan nədir huri:
Qafqazın düxtərani-məsturi.
Şübhə yoxdur, şu örtü də yanacaq.
Onu yaxmaqlığa gərək qanacaq.
Cəhl əliylə urulmuş o rubənd,
Bilgi hazır edər o cəhlə kəmənd.
Qafqaz, ey sevgili, gözəl mədər!
Fitrətən çox dəyərli, çox dilbər!
Ey vətən, ey zəmini-pürqiymət,
Qucağındır həqiqətən cənnət.
Dağların sərbülənd, sərbəsəma,
Pək gözəldir o səndəki sima.
Ey zəmini-behişt olan Qafqaz,
Yer üzündə yegənə bir almaz.
Mə'dənin, mənbəin, füyuzun var,
Hələ bakir qalan künuzun var.
Göylərin pak, yerlərin fəyyaz.
Mö'tədildir havaların qış-yaz.
Xameyi-qüdrətin gözəl əsəri,
Məxzəni-fitrətin işıq gühəri.
Axıyor hər yerində abi-həyat.
Nurlu Qafqaz! Nə yerdədir zülmat?!
Dağlarındır mənabei-ənhzar,
Bağlarındır səhaifi-əzhar!
Ərimiş bir gümüş kimi abın,
Şe'rzadır ləyali-məhtabın!
Lövheyi-dilfürüzi-dünyasan,
Sən təbiət yerində hüsnəsan!
Sən ki, ənmuzici-lətafətsən,
Mənbei-rövnəqü təravətsən!
Çox gözəldir baharın, əzharın!
Səni dərk etməyir sənin yarın.
Ey olan həmvisalı əğyarın!
Sübhi vardır bu leyleyi-tarın.
Səni bir gün çocuqların biləcək –
İşte bir söz ki, doğrudur, gərçək.
Hələ cahildir, ah, evladın,
Çox da ənvərdir əhli-irşadın.
Səni görməkliyə nəzər lazım,
Səni idrak üçün də sər lazım.
Hələ bizlərdə yox o sər, o nəzər,
Bizə sən küskün olma, ey mədər!
Ey vətən, ey beşik həyatım üçün,
Yenə sən aç qucaq məmatım üçün!
Mədfənim səndə, məqbərim səndə,
Öləyim səndə, son yerim səndə –
Olsun, ey mədəri-müqəddəsü pak,
Qucağında qucaqlasın məni xak.
Tənimi bəslədin, böyütdün sən,
Qucağında gözəl isitdin sən.
Əmdiyim südlə, içdiyim suyu mən –
Borcluyam həp sənə, sevimli vətən!
Olmuşam ne'mətinlə pərvərdə,
Unudulmaz hüquqi-mədər də.
Qucağın bəsləyən şu evdalın –
İstəyir parlasın gözəl adın.
Səni parlatmağın təriqini mən –
Anlayıb bilmişəm, zavallı vətən!
Ən böyük xidmət istəyirsən, ana,
Bunu çoxdan düşünmüşəm rə'na.
İşte sinən məadini-sərvət,
Səndə çoxdur xəzaini-ne'mət.
Örtü altındadır xəzinələrin,
Həp qaranlıqdadır dəfinələrin.
Səndə pək çox təbii sərvət var.
Bizdə də bilgi yox, cəhalət var.
Cəhlimiz çox, kəmalımız yoxdur.
Uçmağa şəhbalımız yoxdur.
Seyr üçün asimani-ürfani,
Görməyə kainati-rəxşani –
Pərü bali-kəmal lazım, ana,
Anlamışdır bunu əzim, ana!
Ey vətən! Səndəki füyuzatı,
Səndə mövcud olan künuzatı –
Əldə etməkliyə kəmal gərək,
Yüksəlişçin də pərrü bal gərək.
Ey vətən, ey zəminlərin gözəli,
Mislini görmədim cahan gözəli!
Yerlərin cənnəti mənim vətənim,
Fərzdir xidmətin ölünçə tənim.
Səni sevmək təbii imanım,
Ey mənim qiblegahi-vicdanım!
Qürbət ellər əgərçi oldu yerim,
Sənə aid bütün düşüncələrim,
Ey məni bəsləyən çəmənzarım,
Ey xəyali-rəfiqi-əfkarım.
Karpat üstündəyəm, könül səndə,
Tairi-dil o gülşən üstündə.
Sən yuvam, laneyi-həyatımsan,
Bağizari-tərənnümatımsan.
Məni şair doğan anam səndə,
Əbədiyyət məzarı sinəndə.
Çox uzaq olsa da, bu tən səndən,
Könlüm ayrılmayır, vətən, səndən.
Dustlər səndə, səndə yaranım,
Ey mənim aşiyani-zişanım!
Sənsən öz oğlunu qucaqda tutan,
Bəsləmək üçün əkməyin yaradan –
Və açan süfrəni həyatı üçün,
Qucağın son yeri məmatı üçün.
Ey xəzanı gözümdə fəsli-bahar,
Ey gözəl torpaq, ey sevimli diyar!
Sən kitabi-türab içində nəsən,
Ey gözəl parça, qit'eyi-əhsən!
Hüsnlər qaynayır zəmin indən,
Mənbei-hüsnsən, a şanlı vətən!
Dağların ziqürürü pürəzəmət,
Eyləyir ərz çöhrəyü qamət.
Yüksələnlərdə var qürüri-vücuh,
İstəyir adəm olsun, istəsə kuh.
Gözəlin, yüksəyin təbiətidir –
Kibr satmaq həmişə adətidir.
Sən də, ey kuhi-zişükuhi-vətən,
Həm gözəlsən və həm də yüksəksən.
Yakışır cisminə böyük əzəmət,
Ey uca boylu, heykəli-qüdrət.
Çünki var səndə qaməti-bala,
Ziqürür olmağın deyil bica.
Ey vətən, ey zəmini-müstəsna,
Sən gözəlsən, fəqət ki, biz ə'ma,
Açılanda üyuni-əhli-vətən,
Görəcəklər ki, sən nə dilbərsən.
Şəhri-Ensteri
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-qurbet-ellerde-yadi-veten
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Süyuli-qəm ediyor qəlbimi xərab mənim,Cahanda sanki nəsibimdir iktirab mənim
Bir mütəəllim rəfiqimin fotoqrafına qarşı söylənmişdir[Rəşad]! Ey mayeyi-arami-canım!Sənə ayinədar olmuş cinanım.
Biz həqiqətə gülürük, həqiqət bizə ağlayırHəqiqəti görürüz biz xəyal şəklində,Hidayəti oxuruz həp zəlal şəklində.
Biz nə haldayıqƏcanib qıldı hər bir karın itmam,Biz isək əski tasdır, əski həmmam.