Kimsəyə qılmaz təməllüq həqpərəstan nan üçün,Çaki-ismət eyləməz alicənaban nan üçün,Abi-nayabi-ifafı tökməz insan nan üçün,Tərki-məslək eyləməz ərbabi-ürfan nan üçün.

Babi-ərbabi-qinadə durma, ey qeyrətpərəst,Eyləmiş səhbayi-istiğna onu məxmurü məst,Hali-riqqətbəxşinə rəhm etməz ol sağərbədəst,Olsun ər tənnuri-qəmdə qəlbsuzan nan üçün.

Kəsri-şə'ni-adəmiyyət qılmaz iffətpərvəran,Dünbəcünbani-riya olmaz həqiqətgüstəran,Qeydi-minnətdə yaşarmı hürr olan rövşəndilan?Rubəhə etməz təbəsbüs şiri-mərdan nan üçün.

Dürri-yektayi-həyanı satmayın nanparəyə,Gövhəri qoymaz bərabər, lə'li səngi-xarəyə,Nan bir xərmöhrə, ismət oxşar almazparəyə,Verməz əldən cövhəri çövhərşünasan nan üçün.

Zəhri-cansuzanədən kəmtərmi nani-imtinan,Atəşi-Nəmruddən keskin rüxi-xissətvəran,Nişi-əqrəbdən daha bədtər lisani-nakəsan,Bunlara etməz rica ülvinihadan nan üçün.

İzzlə getməz məzarə ən böyük bir şandır,Xəlqə minnətdarlıqdan mövt pək şayandır!Məncə əhrarənə ölmək mucibi-qüfrandır,İstəməm çəksin cəhənnəm ruhü vicdan nan üçün!

Nəfsi-paki abirusuzluq salar tə'sirdən,Abi olmaz isə kəskinlik gedər şəmşirdən,Ərzi-hacət etsə, getməzmi bəsalət şirdən?Eyləməz məhvi-bəsalət ölsə şiran nan üçün.

Şahbazi-e'tilapərvaz olurmu fəzləxar?Enməz alçaq yerlərə şahini-ülviyyətşikar,Olmaz ənqa dəsti-zağə dideduzi-intizar,Qafi-himmətdən düşərmi əhli-vicdan nan üçün.

Şe'ri-rə'nasında söylər arifi-Rumi Ziya,Olma gər insan isən üftadeyi-zərqü riya,Lə'n ola ol malə kim, kəsbində alətdir həya,Etməz insaniyyətin insan qurban nan üçün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов