Məğribdə hikmət əhli izhari-sən'ət eylər,
Şəhbali-mə'rifətlə ehrazi-rüf'ət eylər,
Elmin səsi uxalmış, e'lani-sətvət eylər,
Fənnin rüudu yerdə e'lami-qüvvət eylər,
Yerdən göyə uçan səs ifhami-qüdrət eylər,
Parlar bu ildırımlar, ehraqi-zülmət eylər,
Hər gündə top dəhani ərzi-həqiqət eylər,
Məşriqdə qəflət əhli hala xəyalət eylər,
Zahid deyir ki, Məğrib icadi-bid'ət eylər,
Keçmişdə çox eşitdim bir böylə söhbət eylər:
Mö'min odur ki, daim izhari-zillət eylər.
Biruh ikən də durmuş xəlqə xitabət eylər:
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Məğribdə cayi-bala ərbabi-hikmətindir,
Yüksək olan məvaqe əshabi-fikrətindir,
Tə'zimlər o yerdə əhli-fəzilətindir,
Qiymətli rütbələr həp əşxasi-sən'ətindir,
Ən parlaq ehtiramat cinsi-lətafətindir,
Hürriyyəti-nəcibə xəlqin, cəmaətindir.
Məşriqdə sədri-məclis timsali-qəflətindir,
Şərq aləmində hörmət əhli-cəhalətindin,
Ən parlaq ehtiramat ərbabi-zülmətindir.
Sözlər də altun olmuş, ərkani-dövlətindir.
Bir irsdir xürafat, əhli-fəqahətindir,
Vaiz deyir ki, dünya əhli-zəlalətindir,
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Məşriqdə söndürən çox, parlarsa bir ziyakar,
Məşriqdə öldürən çox, canlansa bir dühakar,
Məşriqdə susduran çox, dil açsa bir rəhakar,
Çoxdur qanad qıranlar, pərlənsə bir zəkakar,
Məşriqdə xoş görünməz, kim olsa çox fədakar,
Əşxasi-namizacə xoş gəlməyir dəvakar,
Məşriqdə möhtərəmdir, – əfv eyləyin! – riyakar.
Olmuş düçari-təkdir Məşriqdə hər səfakar,
Məşriqdə azmı çıxmış ruhaşina, şəfakar?
Hala da Şərqin əhli nur əhlinə cəfakar,
Ciddən gözəl buyurmuş bir arifi-vəfakar:
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Məğribdə var maarif, Məşriqdə var cəhalət,
Məğribdə hürrdür xəlq, Məşriqdə var əsarət,
Şərq əhli çox donuqdur, Məğribdə var hərarət,
Məğrib işıqlı yerdir, Məşriq zəmini-zülmət,
Bizlər dəfini-zülmət.
Məğrib cahani-cuşan, Məğrib cahani-himmət,
Məğribdə var çalışmaq, Məşriqdə var ətalət.
Məşriqdə çox sönükdür idrakü əqlü fikrət,
Məğribdə əhli-fikrə qiymət qoyur cəmaət.
Qərbin gözü açıqdır, Məğribdə var bəsirət,
Kordur desəm əhali Məşriqdə, etmə heyrət!
Bax, cameə ləbaləb xabidəgani-qəflət,
Vaiz xürafələrdən etməkdədir hekayət,
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Balanişini-Məşriq, yainki canlı saya,
Gahi deyir öküzdən, gahi qoşar əsaya,
Şərh eyləyir cəhimi çox odlu, ayə-ayə,
Şeytan və cinnlərdən eylər uzun hekayə,

Döndərdi xəlqi “cinnə”, çıxmaz “mələk” arayə,
Atidən əl götürmüş, dönmüş də “həl'ətə”yə.
Yox iqtidarı ciddən təfsiri-“vəzzüha”yə.
Şəmsi-fünun doğmuş Məğribdəki səmayə,
Yoxmu əlaci-şafi zahiddəki əmayə?!
Baxdım gözü ağarmış Məşriqdə rəhnümayə,
Əqvami-Qərb şariq hakim ikən fəzayə,
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər.
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Şərqin zülam içində mədfunədir bənatı,
Şərqin bulutludur həp simayi-kainatı,
İştə bunun üçündür göz yaşlıdır həyatı,
Qərbin bu gündə parlar göylərdə şə'şəatı,
Avropa anlamışdır əlbət rəhi-nicatı,
Var çünki əhli-Qərbin yol göstərən dühatı,
Qərbin əlində vardır ati üçün bəratı.
Məşriqdə rəhnümamız əzbərləmiş sıratı,
Yox hissəsi zəkadən, vird eyləmiş zəkatı,
Xəlqi cənazə sanmış, daim qılar sələtı,
Elmi-həyatı bilməz, tə'lim edər məmatı,
Puşidəgani-qəflət tutmuş bütün cihatı,
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Məğribdə çox işıq var, Şərqin ziyası nerdə?!
Yüksəlmiş əhli-Məğrib, bax, minbəri-hünərdə,
Şərq əhli pərdə yapmış, Qərb əhli yapdı “pər” də,
Hala küsuf vardır “Xurşid”i-ləm'əvərdə,
Hala xüsuf vardır rüxsareyi-“Qəmər”də,
Yoxdur rüxi-“Diləfruz” “Firuzə”də, “Gövhər”də,
“Tuti” qəfəs içində, “Ceyran” da damlərdə,
“Leyla” ləyal içində, həmşirəsi “Səhər”də,
Artıq yetər, deyilmi, rubəndlər “Yetər”də?
Dünya behiştə dönsə, same'ləri füsürdə,
Ey xəlqi-zirpaya, bir bax nə var zəbərdə:
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Məşriqdə həbs edilmiş Yusif deyil, Züleyxa,
Məhbəsdədir “Pəri”lər, “Hurilər” ilə “Tuba”,
Solmuş əsarət ilə “Cənnət” ilə “Gülara”,
Dönmüş xəzanə “Gülrux”, solmuş “Baharü” “Ziba”,
“Gülgəz” həmişə ağlar, gülməz cəmali – “Səlma”,
“Səyyarə” dam içində, ən canlı bir müəmma?!”
Qalmış behiştə həsrət, adəm deyilmi “Həvva”?!
Yox asimani-rüf'ət, düşmüş yerə “Süreyya”,
Ey zahid, ey mübarək! Yek ləhzə didə begüşa!
Bengər beçəşmi-insaf, kon Qərbrə təmaşa!
Qəd əsrəqət minəl-Qərb, əşşəmsü vəzzühaha.
Ey rəhnümayi-Məşriq! Ma dər ləyali-zülma!
Şərqin nəcib ədibi Yusif gözəl deyir ya:
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


“Səyyarə” durdurulmuş, ziddi-təbiət iştə,
“Ülkər”, “Sitarə”, “Zöhrə”, “Zəhra”la “Zinət” iştə,
Səyyarə sabit olmaz, afaqi-xilqət iştə,
Qanuni-ləyazali fəyyazi-fitrət iştə,
Qərb əhli Şərqə söylər: xəsmi-həqiqət iştə,
Bizdə hanı “Nəzakət”? Küskün “Nəcabət” iştə,
Yüksəkmi atiyi-Şərq? Əhvali-“Rüf'ət” iştə,
Parlaq yanaqlı “Göyçək” şayani-zülmət iştə,
Var ahı, yox günahı, “Mə'sumə”, “İsmət” iştə,
Biz söyləriz: “Əzizə” bir canlı zillət iştə,
Bizlərdə çox bol ikən möhnətlə zəhmət iştə
Cənnətfürüşi-bihuş söylər ki, rəhmət iştə,
Gir cameə, gözəl bax, əshabi-cənnət iştə:
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.


Kərbi-bəladı Məşriq, “Zeynəb”, “Səkinə” nalan,
Matəmli “Şahcahan”lar, həp “Səltənət” pərişan,
Duzəx içində qalmış “Huri”, “Nəimə Sultan”.
“Şirin”ə təlxdir həp abi-həyati-dövran,
“Güllər” də xakə düşmüş, bərbaddır “Gülüstan”,
Solğun yanaqlı durmuş, bax, “Gülüzar”ü “Reyhan”,
“Azadə”lər əsirə, “Şayistə” zülmə şayan,
“Dilşad” hüznpərvər, qəmlər içində “Şadan”,
Bədbəxtdir “Səadət”, titrər bu halə vicdan,
Qalmış “Maral” vəhşi, “Nazəndə”lər girizan,
Məşriq “Sitarə”sizdir, sönmüşmü “Xavər”istan?!
Təqvanümayi-ə'ma əfsanəguyi-tufan,
“Məsciddə xəlq yatmış, vaiz nəsihət eylər,
Əfsürdə bir tərəfdə, əfsanə bir tərəfdə”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости