Şükufəzari-ədəb nəfhəbəxşi-vicdandır,Ədəb çiçəklərinə gülstan--dəbistandır.

Təqdir qılın, əhli-vətən, işbu məqali,Ta kim, olalım zivəri-övrəngi-təali.

Baziçə zamanı deyil, ədvari-ədəbdir,Dövri-mədəniyyətdir, edək kəsbi-məali.

Rüxsarənüma dilbəri-dilpərvəri-ürfan,Afaqi tutub şəşəeyi-hüsnü cəmali.

Par-par yanıyor şəmsi-cahantabi-kəmalat,Əxz eyləyəlim biz dəxi zərrati-kəmali.

Hər millət edib elmlə ehrazi-məratib,Bu sayədə təhsil qılıb sərvətü mali.

Hər qovm maariflə bilir kəndi hüququn,Əlbəttə, hüquq əhli bulur cahü cəlali.

Zənciri-əsarətdə yaşar əhli-cəhalət,Məhkumların gün kimi bəsbəlli zəvali.

Elm ilə dərağuş olunur şahidi-nüsrət,Elm ilə zəfərpərvər olub avropali.

Biz də düzülək silsileyi-əhli-ülumə--Öyrənmək ilə elm, hünər, fənn, məali.

Təşkil edəlim «əncüməni-elmü maarif»,Təsis qılaq «Darfünün», «Məktəbi-ali»!

Məktəb nə demək? Bəhri-füyuzati-məani,Məktəb nə demək? Mədəni-almas, ləali.

Məktəb nə demək? Bir ülvi bürci-səadət,Məktəbdir edən bədri-ziyadar hilali.

Məktəbdir olan məsdəri-əsrari-tərəqqi,Məktəbdir olan mətləi-ənvari-təali.

Söylər sizə Hadi: oxuyun, milləti-islam!Xaməm də bu yerdə ediyor xətm məqali.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости