Şair, hücreyi-iştiğalı və düşüncələri
Kiçikcə bir oda içrə zavallı bir məxluq –
Yaşar... və çox gecələr olduğu otağı soyuq.
Soyuq ləyalı yaşar ateşin xəyalilə,
Düşünmədə gecələr qəlbi-pürməlalilə.
O guşədə qonulan çarpayədir yatağı,
Deyil də nəfsinə aid, kirayədir otağı.
Asılmış əlbisəsi bir tərəfdə divarə,
Şu əskilər yaxışar böylə əski divarə.
O yanda bir çamadan keçmişin nəzirəsidir,
Zavallının bu oda hücreyi-fəqirəsidir.
Yazı stolunun başında
Önündə bir-iki qəzte və yığın övraq,
Nücumi-zahireyi-şe'rə fikridir afaq...
Qələm əlində, önündə bəyaz övraqi,
Xəyali-tairi şair riyazi-afaqi.
Əli mülasiqi-pişani, kəndi fikrətdə,
Stol başında durur vəz'i-şairiyyətdə.
Şikar edən kimi zərrin qanadlı əş'arı,–
Dönər geriyə haman dəm xəyali-təyyarı.
Əsir edən kimi əş'arı dami-övraqə–
Uçar, gedər yenə fəshətsərayi-afaqə.
Gedər, gəzər yenə tutsun tüyuri-əş'arı,
Uçar, uçar da fəzayə xəyali-səyyarı.
Neçin? Yarın onu qoysun nigahi-ixvanə,
Ədəb ziyafəti versin ədəbpəsəndanə.
Aşar üfüqlərini kainati-nasutun,
Girər şəfəqlərinə şe'rgahi-lahutun.
Dilər ki, anlaya bilsin sərari-əzəli –
Və bəlkə bir gör bilsin cəmali-ləmyəzəli.
Bilirsə mənşəi-imkanı dincələrmi xəyal?!
Hüdudi-fikri-bəşər yox, budur həqiqəti-hal!
Şu kainatı gəzər kim, həyatpərvərdir,
Görər o qızları kim, sənihatmənzərdir.
O kainat ki, ənvarlə donanmışdır,
O düxtəran ki, əş'ardan yaranmışdır.
O kainat ki, şe'rafərin lövheyi-bal,
O düxtəran ki, fikrim qədər güşadəcamal.
O kainat ki, hər qönçəsi birər əş'ar,
O düxtəran ki, çeşmində şe'rlər qaynar.
Bu kainat nədir? Kainati-xülyadır,
Bu qızlar isə təcəllinümuni-rö'yadır.
Zavallı şairə bax! Uğraşır xəyal ilə,
Həqiqəti buraxıb, oynayır zilal ilə.
Cahan həqiqətə aşiq, bu da xəyalnəvərd,
Zavallı! Ah, zavallı! Nasıl böyük bir dərd!
Həqiqətən payı yoxkən mətai-dünyadən,
Götürməyir yenə əl bəxtsiz bu xülyadən.
Nə qəmlidir, nə ələmli, həyatın, ey şair!
Edərmi şad səni sənihatın, ey şair?
Xəyalini bürüyübdür zilali-ilhamın?
Bir az düşün də, ziyasız deyilmi əncamın?
Təxəyyülata qapılma, bir az da kəndinə bax,
Fərağət olmağa hala əlində yox bir otaq.
Cahanə öyrədiyorsan ticarəti-sövda,
Bir az da öyrən özün, ey qünudeyi-xülya!
Bu kargaha müdir olmağın deyil caiz–
Ki, kəndini oluyorkən idarədən aciz!
Özün gəzib duruyorkən bir özgəyə möhtac,
İdareyi-bəşəriyyət sənə deyil möhtac.
Dolaşmağın nə gərək şe'rgahi-lahuti,
Dolaş iş istər isən kargahi-nasuti.
O boşluğu dolaşınca, dolu cahanı dolaş,
Həyat bunda, əməl bunda, bunda kəsbi-məaş!
O boşluğu nə qədər gəz, həqiqəti-əş'ar –
Sənin xəyalın əlində olarmı hiç şikar?
Bu şe'rlər həpsi sayeyi-xəyalətdir,
Həqiqi şe'r nədir? Kəsbi-karə qeyrətdir!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hadi-sair-hucreyi-istigali-ve-dusunceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.
Nizaminin övladına nəsihətiEy on dörd yaşa ermiş nuri-çeşman!Oğul! Kəsb eylə elmi-dinü əbdan.
Zahirpərəst alimlərəSərf qıldıq ömrü əndər qilü qal,Olmadı hasil bizə ondan kamal.
Təraneyi-zəfərMilləti-Təbriz, xuda yarınız,Həqq ola imdadrəsi-karınız!
Стихи других поэтов
Qız, belə gəzməyin aşıq öldürür,Telindən tel ayır sat mənə, Dilbər!
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,