Müsibət
Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.
Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Hacı Səlimin övladı yox idi; onun işlərinə arvadının qardaşı baxardı; özü ildə bircə dəfə səyahətə çıxıb şöbələrinə və əmlakına nəzər yetirərdi.
Hacı Səlimin ölüm xəbəri, onun əsil vətəni olan şəhəri bir-birinə qatmışdı. Böyük bacısının evində böyük təziyə məclisi qurulub gələn camaata çay, qəhvə, plov verilməkdə idi. Axundlar qarınlarını və ciblərini hazırlamışdılar. Şəhərin arvadları dəstə-dəstə hacının böyük bacısı Pərinisənin evinə dolubboşalmaqda idilər. Şaxsey və şivən səsi asimana bülənd olmuşdu. Hacının dörd bacısı: Pərinisə, Gülnisə, Şərəfnisə və Mələknisə məclisin ortasında özlərini saç-saça bağlayıb başlarına, sinələrinə yumruq çırpıb “qardaş vay” deyirdilər. Ağıçı Şahbaz qızı Minanın bayatıları bir ağac yol gedirdi.
– Laylay qara beşik, illəllah qara beşik... Səndən neçə cavanlar gedib, səndən neçə igidlər gedib, səndən Hacı Səlim tək şahlara, xanlara baş əyməyən, yeridiyi yerə minnət qoyan, evi yurdsuzlar yurdu, qapısı köhlən atlı, dörd bacını yiyəsiz qoyan bir qardaş gedibdir. Xarab ev, xarab eşik... he...y!
Ağıçı Minanın səsinə arvadlar hamısı “he...y” deyib səs verirdilər və dalısınca “şaxsey-vaxsey”, “şaxsey-vaxsey” səsi ucalaşırdı. Bacıların hər birisi bir dil ilə qardaşını oxşayırdı.
Pərinisə – Oğul-qız üzünə həsrət gedən qardaş vay!
Gülnisə – Qoltuğunun hesab dəftərinə bacın qurban qardaş!
Şərəfnisə – Qapında dəstə-dəstə əli bağlı duran pirkeşiklərinə bacın qurban, qardaş!
Mələknisə söz tapmayıb “gözüm çıxsın, ay qardaş, bacın öləydi sənin bu gününü görməyəydi, ay qardaş; dörd bacın sənə qurban olaydı, ay qardaş” deyə sinəsinə, başına yumruq çırpırdı.
Pərnisə – Ay qardaş, mən səndən sonra dünyada qalmayacağam. Vallah, zəhər yeyib özümü öldürəcəyəm. Ay Allahı sevən, vurun məni öldürün. Qardaş hey, qardaş hey! Hardasan ay qardaş, bircə bacının səsinə səs ver!
Bacılar dördü də səs-səsə verib “qardaş vay” deyə başlarındakı tüklərin yarısını yolub yerə tökdülər. Gözlərin yaşları, dırnaqları ilə dartıb dağıtdıqları yanaqlarının qanı sifətləri uzunu axırdı. Yaxın qohumları, gələcəkdə böyük sərvətə malik olması bacılara yarananlar və yaltaqlıq edənlər hər tərəfdən bacıların qollarından tutub onları saxlamaq istəyirdilərsə də, fayda vermirdi. Bacılar dartınıb, onların əllərindən çıxıb üzlərini cırıb, saçlarını yolub başlarına yumruq çırpırdılar.
Bu minval ilə yeddi gün keçdi. Bu yeddi günün ərzində plov qurşağa çıxdı; şəhərin hamı mollaları, boynuyoğunları, arvadları, uşaqları hər gün ehsanda cəm olurdular.
Bir həftə keçdikdən sonra böyük bacı Pərinisənin əri öz arvadından və üç baldızından vəkalətnamə alıb Türküstana rəvan oldu.
Hacı Səlimin qaynı onu təziyə üçün gəlmiş bir qohumu qəbul edən tək istiqbal edib bir neçə gün ehtiram ilə müsafir saxladı. Axır müsafir, Hacı Səlimin bacıları tərəfindən vəkil olub gəldiyini və Hacı Səlimin əmlakının ona təhvil verilməsini tələb etdi:
– Söz yox ki, sizin bacınız öz şəri hissəsini qanun üzrə aparacaqdır.
Qalan pul və əmlak hacının bacılarına çatasıdır və mən də onların tərəfindən vəkil gəlmişəm.
Oğlan durub sandıqdan natariyus tərəfindən möhürlənmiş bir kağız çıxarıb müsafirinin qabağına qoydu. O kağızdan məlum olan bu idi ki, Hacı Səlim öz sağlığında cəmi pul və əmlakını öz arvadı Sənəm xanıma vagüzar edibdir.
İki gün sonra Hacı Səlimin bacılarına Türküstandan bu xüsusda bir teleqram gəldi. Teleqram Pərinisənin ərinin divanda iş başlamasının da xəbərini vermişdi.
Bacılar teleqramı oxuyub, qoydular ortalığa.
Pərinisə – İndi bunun adını nə qoyaq? İndi buna deyən gərək a... rəhmətlik, məgər heç bir dəfə də sənin fikrinə gəlmədi ki, mənim dörd bacım var, bu milyonlardan onlara da bir az saxlayım. İndi hər şey yola gedər, kişi gəlib məndən soruşmayacaqdırmı ki, “ölən qardaş sənin, mənim pullarımın təqsiri nə idi ki, plova verib gəlib-gedənlərin qarınlarına doldurdun?” Mən nə cavab verəcəyəm? O durub mənim qardaşımın goruna min dəfə söysə, mən nə deyə bilərəm? Bilirsiniz, bacılar, bu ziyan hamıya dəyibdir; xərci dörd yerə böləcəyik, hər kəs öz hissəsini gətirib ortalığa qoyacaq, yoxsa gücün hamısı böyük bacıya dəysin?
Gülnisə – Bir qəpik də verən deyiləm; mənim pulum haradandır?
Ərim bir kasıb kişidir, pulu haradan alır, gətirib ortalığa qoysun? Sənə kim deyirdi xərc çək, ərin qolunu çırmadı, girdi ortalığa; kabab qoxusuna getdi, gördü eşşək dağlayırlar. Ona biz nə eləyək?
Pərinisə – A bacı, belə niyə deyirsən? Məgər ölən... dilim qurusun... yenə ağzıma gələni demişdim... Məgər ölən qardaş sənin də deyilmi?
Gülnisə – Elə ölən qardaş dərin getsin, ciyərim yandı, qoy ürəyimi boşaldım. Hər bacısına bir on min manat qoysaydı, canı çıxardı.
Şərəfnisə – Mən də bircə qəpik verən deyiləm. Ərin gələr, bizim payımızı gətirər. Xərcini üstündən götürərsən. Bəs zakon heç demiyəcəkdir ki, bu... bu rəhmətliyin bacıları da var.
Pərinisə – Sən əmin ol, pul yük ilə gələcəkdir. Onun arvadı elə ustadır ki, onun əlindən bizə bir qəpik düşməyəcəkdir. Onu mən tanıyıram. O, mənim qardaşımı tovlayıb Türküstana aparanda, mən işimi bilmişdim. Mənim qardaşımın da qılığına belə girmişdi ki, bir sözü iki olmurdu.
Mələknisə – İndi belə qardaşın goruna söyməyib nə deyəsən?
Bacılar söylənə-söylənə durub dağıldılar.
Hacı Səlimin vəfatından qırx gün keçmişdi. Pərinisə pəncərədən baxıb dəstə ilə təziyəyə gəlməkdə olan arvadları görüb çıxdı qabaqlarına və dedi:
– Ana-bacılarım mən təziyə saxlamıram. Hacı Səlim var-yoxunu arvadına qoyubdur, gedin onun arvadını tapın, evində təziyə tutun. Gedin, bacılar, mənim daha sizə verməli çayım, qəhvəm yoxdur.
Bir neçə gündən sonra Pərinisənin əri Türküstandan əli boş qayıdıb gəldi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-musibet
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
“Sər bə zəmin düm bə hava mikünənd Yəni ibadət bə xuda mikünənd”.*Ramazan daxil olub, yarmarkalar... bağışlayın, səhv etdim... məscidlər açılıb, marallarım mətalarını hazırlayırlar. Yəni moizə kitablarını rəfdən alıb, tozlarını təmizləyir, başlayırlar əzbərləməyi.
Dəccalabad“Hərdəm bə libasi digər on mar bəraməd Gəh gürzə ilan şüd, Gəh mərsiyəxan-şüd,*Gəh afəti-can şüd,*
Yaşılbaş sona“Kür qırağının əcəb seyrəngahı var, Yaşılbaş sonası heyf ki, yoxdur”.*Vaqif
Qiraət“Zər ki, nə dər rahi-Nataşa büvəd Bari-giranist kəşidən bə cib”.*Yayın isti günlərindən birinin günorta zamanı idi. Məşədi Qulam dükanda əyləşib nahara hazırlaşırdı. Məcməyini qabağına qoyub üstünə bir dənə çörək, yarım çetver pendir qoyub qarpızı kəsməyə məşğul idi. Qarpız kəsməkdə Məşədinin yədi-beyzası var idi.
Стихи других поэтов
Ellər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Şadəm, gəl, ey sənəm, məni eşqində qanə çəkŞadəm, gəl, ey sənəm, məni eşqində qanə çək,Gər bavər etməsən, sözümü imtahanə çək.
Dədə Yediyarla I deyişməI deyişməD ə d ə Y e d i y a r