Padşahın məhəbbəti
Bir məclisdə
Əşxas
PadşahSəid
ÖvrətiTəlxək
VəzirQulam
Tacül - üləma
Vaqe olur şahın sarayında.
Padşah və övrəti.
Övrət. Əzizim, əbəs yerə nə olub özünü bu hala salıbsan? Budur, tamam iki həftədir ki, sənin rahatlığın yoxdur. Gecələr gözünə yuxu getmir, hökumət işlərini bilmərrə buraxıbsan. Sən bu vaxtında məhəbbətdən dəm vurursan. Bu məgər padşaha yaraşan sifətdir ki, bir gədanın övrətinə aşiq olub, dərdindən özünü çürüdə-çürüdə yuxunu, çörəyini özünə haram edə?
Padşah. Bu danışıqların heç biri mənim qulağıma girən deyil. Sən özün övrət olduqda, buraya bir başqa övrətin gəlməyinə davam etməzsən. Buna rəqabət deyərlər. Bunu bilginən, əgər Səidin övrətini boşadıb almaq mənə mümkün olmasa, bütün hərəmxanadakı övrətləri qırdıracağam səninlə bir yerdə və axırda özümü həlak edəcəyəm. Mən sənə əmr edirəm: Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Səidi də razı etmək vəzirə tapşırılıb. Buna söz yoxdur ki, əsrin padşahıyam. Xahiş etsəm, bir anda Səidin başı boynundan götürülər və övrəti də fövrən hərəmxanaya çəkilər. Amma mən istəyirəm ki, həm mənim xahişim əmələ gəlsin, həm də məmləkətdə ədalətsizlik törəməsin. Get, nə təbdir edirsən et.
Övrəti. Sultanım, əzizim!
Padşah. Danışma, get, əmrimə itaət tələb edirəm. (Övrət gedir.) Qulam! (Qulam gəlir.) Get vəziri buraya çağır! Qulam baş əyib çıxır. Padşah ayağa durub bir-iki baş, mütəfəkkir, otaqda gəzinir. Sonra pəncərəni açıb təzə havadan nəfəs alıb bir ah çəkir. Vəzir daxil olur.
Və zir. Qibleyi-aləm, əmriniz?
Padşah. Səidlə söhbətiniz nə yerə müncər oldu?
Və zir. Qibleyi-aləm, heç vəchlə razı etmək olmur. Nə qədər nəsihət etdim, qulaq asmadı, hədsiz qızıl təklif etdim, qəbul etmədi. Axırda budur dörd gündür ki, burada zindandadır, quru çörəklə sudan başqa bir şey qoymuram verələr, bəlkə bu növlə razı etmək ola. Amma deyir bu zindanda çürüyüb ölərəm, övrətimi boşamaram.
Padşah. Adın vəzirdir, başında ağıl yox, tədbir yox. Get, möhkəm tədbirlər et. Üləmanı cəm elə və onlardan fitva al. Bilirsən mən nə deyirəm? Xəzinənin yarısı lazım olsa, ver, ancaq fitva al!
Və zir. Padşahım, üləma necə şəriəti poza bilər, vaxt ki, şəxs öz övrətini boşamaq istəmir.
Padşah. Pul versən yol tapılar. Get, nə qədər istəsələr pul ver. Get, təlxəyi mənim yanıma gətir, bəlkə bir qədər mənim fikrimi məşğul edə.
Və zir. Qibleyi-aləm! Böyük bir məmləkət sənin təhti-hökumətindədir. Əhalidə cavan qızlar var ki, Səidin övrətindən min dəfə vəcihəlidirlər, gəlin bu xəyaldan daşının. Ax, xudaya, nə olardı, bizim şikar yolumuz Səidin evinin qabağından düşməyəydi və qibleyi-aləm də onun övrətini görməyəydi!
Padşah. Get, vəzir, əmrimə itaət et! Təlxəyi göndər gəlsin. Vəzir baş əyib çıxır. Padşah fikrə gedib, ah çəkir. Birdən təlxək “hopp...” – deyib atılaraq içəri düşür, padşah diksinir.
Təlxək. Palçıq dizdən, su qurşaqdan, yerdən toz qopar, eşşək ağaca çıxar, camış başını qırxdırar, dəvə dəlləklik elədi. Qarışqa başını qırxdı. Qarışqa bir şıllaq vurdu, dəvənin gözü töküldü. Ha, ha, ha. Padşahım məni söhbətə çağırıb.
Padşah. Gəl, gəl, mənim əbləhim, təlxəyim, gəl bir qədər hədyan söylə, bəlkə ürəyim açılsın. O sözü necə dedin? Qarışqa şıllaq vurdu, dəvənin gözü töküldü? Ay axmaq, qarışqa şıllağından dəvə gözü tökülər?
Təlxək. Bəli, işlər, tərsinə dönəndə qarışqa şıllağı dəvə gözü tökər. İlanın quyruğunu basarsan, qayıdıb başındakı taca baxmayaraq çalar. Padşahım! Deyirlər, eşq divanəsi olubsan. Heç pis iş deyil. Padşah olub camaat fikri çəkincə, dəli ol, qoy camaat sənin fikrini çəksin. Vallah doğru deyirəm. Məcnun da Leyliyə aşiq idi, gedib meşədə əyləşmişdi, heyvanlarla üns tutmuşdu. Başında quşlar yuva tikmişdilər. Sən də get meşədə otur, başında quşlar yuva tiksinlər, hərdən-birdən Səidin övrətinə quşlardan məktub göndər. Vallahı yaxşı olar. Amma, bəşərt ki, məni də özünlə aparasan. Məsləhət də belədir. Çünki iki dəlinin qiyməti bir dəlinin qiymətindən artıqdır.
Padşah (onu çubuqla vurur). Dur, namərbut, rədd ol, dəxi də ovqatımı təlx elədin, get.
Təlxək. Qibleyi-aləm! Axmaq sözün doğrusu ağıllı sözün yalanından yaxşıdır. Qəzəbin tutub, qovarsan, mərhəmət üstə gəlib yenə çağırarsan yenə gələrəm. Şirin yalanları buraxıb, acı doğrulardan danışaram. Getdim, hopp, milçək bir şıllaq vurdu, dəvənin gözü töküldü. (Gedir.)
Padşah iki əli ilə başını tutub yumruğunu taxta çırpır. Sonra əl çalır.
Qulam daxil olur.
Padşah. Deginən rəqqasələr gəlsin.
Qulam baş əyib çıxır. Rəqqasələr gəlirlər. Musiqi çalınır, rəqqasələr rəqs edirlər.
Rəqqasələr gedirlər. Vəzir, Tacül-üləma və həmçinin
Səid daxil olurlar.
Və zir. Qibleyi-aləm, lazımi tədbir olubdur. Ağayi Tacül-üləma bir növ yol tapıb, ancaq iltifatınız olsa, bir dəqiqəliyə o biri otağa keçəsiniz. Məsələ həll olandan sonra təşrif gətirərsiniz.
Padşah gedir.
Tacül - üləma. Səid, görünür, sən Allahın ən bədbəxt və kor bəndələrindənsən. Vilayətin padşahı şikara gedərkən sənin övrətini görüb, ona eşq yetirib və əmr edir ki, sən övrətinin talağını verəsən və padşah onu özünə əyal etsin. Amma sən kor bəndə bunu qəbul etmirsən. Axmaq kişi, pul nə qədər istəyirsən verilir, rütbə istəyirsən hazır, məmləkətin gözəl qızlarından hər kəsi bəyənsən sənin üçün alsınlar və məmləkətdə möhtərəm şəxslərin biri ol. Belə bir nemətə sən öz axmaqlığından yaxın durmursan. Budur, neçə gündür zindanda əziyyət çəkirsən, nəyə lazımdır? Gəl, sən öz razılığınla övrətinin talağını ver, padşahi-aləmpənahı da özündən razı sal.
Vəzir (S ə i d ə). Bilginən ki, Səid, padşah əmr etsə, səni bir anda yox edərlər. Amma gör, qibleyi-aləm necə rəhmdildir ki, istəmir sənin övrətini zorla alsın.
Səid. Cənab vəzir! Ağayi Tacül-üləma! Padşahın mənim malıma, canıma ixtiyarı keçər. Mənim malımı zəbt etdirə bilər, öldürməyə, yandırmağa, dar ağacına çəkdirməyə muxtardır. Amma mənim namusuma heç kəsin əl atmasına haqqı yoxdur. Istər padşah ola, istər rəiyyət. Övrətə talaq vermək mənim ixtiyarımdadır. Mən də ölənə qədər talaq verməyəcəyəm.
Və zir. Sən bilginən ki, Səid, sənin övrətin bu saat buradadır. İndi ki sən öz inandında belə möhkəm durursan, övrətin həmişə burada qalacaq, özün də zindanda həmişəlik məhbus olub xörəyin duzlu su ilə quru çörək olacaq. Hər gecə də övrətin padşahın yatacaq otağına aparılmasını sənə göstərəcəklər. İndi ixtiyarın var.
Səid. Siz ədalətdən dəm vurursunuz! Buna ədalətmi deyirlər? Xudaya, bir belə insana zülm edərlər?
Tacül - üləma. Cənab Səid! Mən vəzirin bu sözlərini heç vəchlə xoşlamıram, çünki vəzir buyuran xilafi-şərr bir əməldir və xilafi-şərr əmələ heç vaxt gərək adil padşah mürtəkib olmasın. Amma mən işin səlahı üçün bir məsləhət görürəm. Sən gəl bu yüngül məsələyə razı olginən, həm padşahın xahişi bir növ əmələ gəlsin, həm sənin övrətin qalsın özündə, əlavə və zindandan qurtar və bir qədər də pul sahibi ol.
Səid. Buyurun, ağa!
Tacül - üləma. Söz yoxdur ki, sənin övrətin şərən sənin malındır, tamamən sənin ixtiyarındadır. Sənə mümkündür ki, övrətə olan ixtiyarının yarısını padşaha satasan. Əvvəla, böyük məbləğ alarsan və bu satışın nəticəsi bu olar ki, padşah ürəyində sənin övrətinə bir qədər ixtiyarı olduğunu hiss edib, adi halına gələr, məşğul olar məmləkət işlərinə və axırda tədricən ümuratın çoxluğundan sənin övrətinin fikri onun başından bilmərrə çıxar. Sən gəl, səlahi-məmləkət üçün bu yüngül təklifi qəbul et!
Səid. Əgər sən övrətimin həmişəlik evimdə qalmasına zəmanət edirsənsə, mən bu təklifi qəbul edirəm. Tacül-üləma. Zəmanət edirəm.
Vəzir. Mən də zəmanət edirəm. Cənab Tacül-üləma, siz bu beyişəri zəhmət qəbul edib, yazı vəzifəsini cari edin, mən də gedim padşaha müjdə verim. (Çıxır.)
Tacül - üləma (kağızı yazıb verir Səidə.) İmza et.
Səid. Siz alimin sözünə etibarən və səlahi-məmləkəti nəzərə alıb, imza edirəm. (İmza edir).
Vəzir, padşah daxil olurlar. Padşah əyləşir taxtın üstündə.
Və zir. Cənab Tacül-üləma, kağız hazırdır?
Tacül - üləma. Bəli cənab, buyurun. (Kağızı verir vəzirə.)
Vəzir (oxuyur). Cənab Tacül-üləma öz işini qurtardı. İndi mən öz işimə şüru edirəm. De görüm övrətini aldığın neçə müddətdir?
Səid. Üç ay tamamdır.
Və zir. Fitvanın mövcibincə, çünki sən ixtiyarının yarısını əlahəzrətə satıbsan, gərək övrətin üç ay padşaha mal olsun. Ondan sonra həmçinin ilin yarısını övrətə sən malik olacaqsan və yarısını padşah.
Səid. Nainsaflar! Bimürvətlər! Məgər siz mənimlə belə şərt etdiniz? Cənab Tacül-üləma, məgər sizin fitvanızın nəticəsi budur?
Tacül - üləma. Fitvanı belə də imza etmək olar.
Səid. Nainsaflar! Canilər!..
Və zir. Səid, çox söyləməyin yeri yoxdur, pul alıb mal satıbsan, danışıq fayda verməz. Əgər fitvanın əleyhinə söz söylərsənsə, qanuna görə qətlin vacib gələr.
Səid. Cənab vəzir! Siz unudubsunuz! Bu fitvadan başqa bir fitva da var. O da namus fitvasıdır. O da budur. (Özünü vurur.) Sizin qanunuza görə namusa təcavüz edənə edam cəzası verirlər. İndi mən sizing ixtiyarınızdayam. Mən öləndən sonra da övrətim azaddır. Məhv olsun zülm, yaşasın ədalət! (Padşahın taxtının üstünə yıxılır, ölür.)
Kitabxana.az · https://kitabxana.az/ru/works/haqverdiyev-padsahin-mehebbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bakı, Tağıyev teatrına 15 noyabr 1913-cü il, Ağdamdan*Müsəlman səhnəsinin təşkilatçısını, birinci aktyorunu, Aslan bəy, Hacı Qəmbər kimi ölməz tiplərin yaradıcısını qucaqlayıb öpürəm. Siz qırx il dərviş kimi ürəklərin qapısını taqqıldadaraq bizi intibaha çağırmışsınız. Sizin pyeslərinizə baxan xalq gülmüşdür. Sizin gülüşünüzün sayəsində məqsədə nail olduqlarını görənlər bu gün sevincdən ağlayırlar.
Hüseyn Mamayevə13 dekabr 1915-ci il*
“Qruziya” qəzetinəGürcü parlamenti üzvlüyünə daxil olmağım münasibətilə “Qruziya” qəzetinin 30-cu nömrəsində çıxan “Hümmət” partiyasının təzə üzvü məqaləsinin müəllifi “Musulmaninə” cavabımı hörmətli qəzetəmizin sütunlarında çap etmənizi acizanə xahiş edirəm.Hal-hazırda bildirirəm ki, mən heç vaxt “müsavat” partiyasının üzvü olmamışam və İndi də üzvü deyiləm. Mənim Zaqafqaziya seymi üzvlüyünə namizədliyim “müsavat” partiyası tərəfindən deyil, onun bitərəf cinahı tərəfindən göstərilmişdir. Əksinə, mənim namizədliyim “müsavat” partiyası tərəfindən rədd edilərək onuncu yerə itələnmişdir.
Əziz Şərifə1Əziz qardaşım Əziz!
Стихи других поэтов
thumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
ŞairYürüdüyün yollar ülgü yoludur,Tannsal əslinlə könlün doludur.
GörmədimVahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədim