Bir pərdə

İştirak edənlər

Tarzən.

Onunövrəti.

Üç nəfər sazəndə.

Tarzənin otağı, sadə döşənmiş. Müqabildə bir çarpayı qoyulub. Tarzənin övrəti əyləşib
tikişlə məşğuldur. Qapıda taqqıltı eşidib, cəld qalxıb qapıya tərəf gedib açır. Tarzən-qoca
ağaca söykənərək daxil olur. Övrəti onun qolundan yapışıb gətirib çarpayının üstündə
əyləşdirir.

Ta rzən. Bir az su ver içim.

Övrət (su verir). A kişi, bu naxoş halət ilə bir belə harada idin?

Tarzən. Uzaq getmişdim. Əyləşmişdim bağda, təzə çıxan çiçəklərə, göy otlara tamaşa edirdim. Və özüm-özümə fikir edirdim ki, nə olardı, insan da ələfiyyat kimi qışda yuxuya gedəydi və Bahar gələndə gül-çiçək kimi açılaydı. Uşaqlar şad-xürrəm bağın xiyabanında hər tərəfə yüyürüşüb oynaşırlar. Onlara baxdıqca fikir edirdim ki, xudaya, görəsən bu uşaqların heç fikirlərinə gəlirmi ki, onlar da qocalacaqlar, əlil olacaqlar. İndi vəhşi ceyrantək yüyürən balalar bir vaxt mənimtək əli ağacsız yerdən qalxmayacaqlar. Bir vaxt var idi, mən də uşaq idim, cavan idim... İndi nəyə lazımam? Göz gedib, qol gedib, qabiliyyət gedib. Mən ilə bir çürük ağacın təfavütü yoxdur. Bir gün qəflətən yıxılacam. Və yıxıldım nə olacaq, dünyadan nə əskiləcək, kimə mənim ölməyim təsir edəcək?.. Ox, ox, ox... O tarı mənə ver görüm. (Övrət tarı verir, qoca istəyir çalsın, bacarmayıb qoyur yerə.) Yox, olmadı... Barmaqlarım mizrabı tutmayırlar. Ax keçən günlər! Məndən baş tar çalanmı tapılardı?! Şəhərlərdən teleqraf vurub məni aparardılar. Tarı sinəmə basıb, əvvəlinci mizrabı vuranda bütün camaatın nitqi batardı. Bir adamdan səs çıxmazdı. Çalıb qurtarardım, tarı qoyardım yerə, baxardım tarın təsirindən ayrılmayıb. Mənim rastımı bir zinəfs çala bilməzdi. İndi bir mizrab vura bilmirəm. Mənim başımdan pulu yağış kimi yağdİranlar haraya gediblər? Məni məclislərində görməkdən fəxr edənlər İndi salam da vermirlər. Qəribədir təbiətin qanunu. Heç bir memar öz tikdiyi binanı öz əlilə uçurmaz. Bəs səbəb nədir insan kimi gözəl bir binanı yapan təbiət onu təxrib edir? Mənim halətimə salır. Məni barmağı ilə göstərənlər necə olublar? Haraya gediblər? (Qapı döyülür.) Övrət, dur qapını aç, gərək bizim uşaqlar olsun, bağda gördüm, dedim gəlsinlər, bir az ixtilat eyləyək. Bir tək sənətkar sənətkarın qədrini bilib yaddan çıxartmaz. (Övrət qapını açır, üç nəfər sazəndə çalğı alətləri ilə daxil olurlar.) Gəlin, gəlin, məni gözəl şagirdlərim, ancaq siz məni yaddan çıxartmayırsınız.

Övrət. A kişi, bu nə halətdir səndə! Budur üç aydır yorğandöşəkdəsən, bu haləti səndə mən görməmişəm. Gəzib gəlibsən, bir az uzan, yoldaşların səninlə söhbət etsinlər. Yoxsa çox danışmaq səni daha da zəif salar.

Ta rzən. Mən özüm də bugünkü halətimi anlamayıram. İstəyirəm çalam, oxuyam, oynayam. Baharın günündəndirmi, havanın xoşluğundandırmı, cəmi İndiyədək yatmış hissiyatım oyanıb. Xub, mən uzanım. (Sazəndələrə) Siz də mən öyrətdiyim rastı çalın. (Uzanır, sazəndələr rast çalırlar.) Ax bivəfa fələk, nə yadıma düşdü: Şamaxıyaylağında yay fəsli, aydınlıq bir gecədə çayın kənarında məclis qurulub. Ay durub başımızın üstündə, işığı düşüb çaya. Göz yaşı kimi çayın suyu şırıltı ilə axır və ayın işığı suya düşüb rəngarəng nəqşlər göstərir. Mən həmin bu rastı çalıram. Çay kənarındakı bağın bülbülləri səssəsə verib tar ilə bahəm oxuyurlar. Mən dayananda onlar da dayanır, mən çalmağa başlayanda onlar da oxumağa başlayırlar. Gecə sakit, məclis guşhuş ilə qulaq verir, guya ay və göyün ulduzları, hamısı öz gərdişindən dayanıb mat-məbhut mənim çalğıma qulaq asırlar. Onda gördüm bir dənə bülbül mənim üstümə gəlib özünü tara çırpıb getdi. Dərhal Mahmud ağa, Allah rəhmət eləsin, qalxıb mənim alnımdan öpüb dedi: “Afərin sənə! Ölmə, yaşa!”. Budur ölməyib yaşayıram, budur ölməyib yaşayıram. (Sazəndələr şikəstəyi-farsa keçirlər. Tarzən hövlnak qalxır.) Çalın, çalın, bu saat dərunimdə başqa bir fərəh, başqa bir ruh hiss edirəm. Mən bu dəmdə qoca deyiləm, cavanam və cəmi cavanlardan cavanam. Çalan siz deyilsiniz! Yox, yox, mən çalıram! O mənim mizrabım, mənim barmağımdır. Bir tamaşa edin, ay enir aşağı, ulduzlar tökülüşürlər, bülbüllərin ağızlarından çıxan şərarələr ulduzların istiqbalına gedirlər. Dürüst baxın... Dürüst baxın! Göyün qapısı açıldı, oradan məlakələr əl çalıb, mənə afərin deyirlər. Eşidirsiniz, eşidirsinizmi? Baxın, bir mürəssə təxt mənim üçün enir. Təxtin hər tərəfindən iki mələk yapışıb. Mələklər əl edib məni özlərinə tərəf çağırırlar. Gəldim, gəldim, ay Allahın gözəl mələkləri, Şərqin ən namdar tarzəni sizə xidmət etməyə hazırdır. Gəlin, götürün məni, çəkin havaya... Əlvida, əlvida, yoldaşlar, daha yer məni görməz, mən göylərə lazım olmuşam, əlvida! (Yıxılıb ölür.)

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов