Страница 1 из 3

Səhnə iki parçadır: solda Cahangir ağanın evində bir otaq, sağda kənd meydançası.
Kəndlilər yolda o yan-bu yana ötürlər. Neçə nəfər kəndli, evin girəcəyində pillə üstündə
əyləşib söhbət edir. Otaqda Namaz və Həsən.

Namaz. Həsən! Axır sən mənimlə düz dolanmırsan. Qorxuram axırda aramızda bir dava düşə.

Həsən. Necə?

Namaz. Daha burada bir “necə” yeri yoxdur. Sən deyəndə bir qotur kəndlinin biri idin. Mən səni gətirib bu mərtəbəyə çıxartmışam. Cahangir ağa ilə bir süfrədə oturub xörək yeyirsən. İmdi sənin mənə badalaq qurmağının heç adı yoxdu. Mənim adım darğadır. Səndən qabaq ağanın sağ əli mən idim. Sən bu qapıya ayaq qoyandan bəri, mən bilmirəm mənim işimin adı nədir? Sən gəl mənimlə düz yola get. Yoxsa doğrudan dalaşarıq. Mənə də Namaz deyərlər. Özün yaxşı bilirsən ki, mən istədiyimi tikərəm və tikdiyimi də bir göz yumub açınca uçurdaram.

Həsən. Namaz, sən nahaq yerə məndən inciyirsən. Sən öz işindəsən, mən öz işimdə. Mənim qabağıma bir ətək qızıl tökələr, mən istəmərəm ki, sənin əlindən darğalığı alıb mənə versinlər. Mən ağanın qayınatası olub, üstümə darğa adı qoyum? Bu heç mənə layiq deyil. Deyirsən, sən məni çörəyə yetiribsən? Mənim qızım olmasaydı, görüm məni necə çörəyə yetirərdin? Mən qızımın səbəbinə bu çörəyə çatmışam. Mənə minnət qoymağın nahaqdır. Get, atam, öz işində ol, mən səni dİndirib söylətmirəm.

Namaz. Yaxşı danışmırsan. İmdiyədək ağa ilə işi olanların hamısı mənim yanıma gəlirdilər. İmdi isə heç məndən soruşan yoxdur ki, ayın neçəsidir. Yerindən qalxan birbaş sənin üstünə gəlir.

Həsən. Canları çıxsın, yüyürməsinlər. Mən heç kəsə nə elçi göndərirəm, nə də qənd başı.

Namaz. Yox, Həsən, doğrusu, belə getsə, aramıza inciklik düşəcəkdir. Bundan da ziyan çəkən sən olacaqsan.

Həsən. Mənə nə eləyəcəksən? Əlindən nə gələcək? Bu qapıda azdan, çoxdan çörək yeyirsən. Çox danışarsan, onu da əlindən alarlar. Dinməz otur yerində, mənə də sataşma!

Namaz. Belə?

Həsən. Bəli, belə!

Namaz. Onda görək! (Sol qapıdan gedir.)

Həsən. Görək! (Gedib yola çıxan qapını açıb, pillə üstündə oturanların birini çağırır.) Həzrətqulu, buraya gəl! (Həzrətqulu içəri daxil olur.) Səni bura mən çağırtmışam. Budur, neçə gündür ki, sənin heyvanların ağalıq yataqda otlayır, onun iznini sən kimdən alıbsan?

Həzrətqulu. Mənim heyvanlarım hər il payızda ağalıq yataqda otlar. İznini də darğa Namazdan alaram.

Həsən. Namaz nə adamdır, izin versin, ya verməsin? Bu saat heyvanlarını yataqdan çıxardarsan. Özüm də gəlib yatağın ziyanlığını yoluxacağam. Ziyanlığın hamısını sənin gönündən soyacağam.

Həzrətqulu. Həsən əmi, bu danışıq nəyə lazımdır? Mən müftə mal otarmıram. Cığcığa əsginazlar sayıb yataq almışam, heyvanlarımı niyə çıxardım, ziyanlıq niyə verim?

Həsən. Sən qabaqca bir ağzıyın danışığın bil. Mən hər adamın əmisi deyiləm ki, mənə Həsən əmi deyəsən. İkincisi, cığcığa əsginaz saymayıb, sarı qızıl saymış olasan, yenə sənin gönünü soyacağam. Yataq lazımdır, mənim yanıma gəl! Sözün var, mənə de! Namaz kimdir, nə adamdır? Bu saat gedib heyvanlarını yataqdan çıxaracaqsan. Yoxsa gəlib orada nə heyvan görsəm, hamısını güllələyib qıracağam!

Həzrətqulu. Axır mən pul verib aldığım yataqdan mənin heyvanlarımı sən nə haqla çıxaracaqsan?

Həsən. Sən çox qələt eləyib pul veribsən. Sənə yataq icarəyə verən də başını daşın yekəsinə döyüb. İmdi gəlib sənin heyvanlarını yataqdan çıxardanda görərsən! Yekə-yekə danışmağına bax! Di get!

Həzrətqulu. Axır, Həsən əmi...

Həsən. Axır-maxır yoxdur. Get deyirəm, get! (İtələyib çıxardır.)

Həzrətqulu (çıxıb, qapıdakı kəndlilərə). A başınıza dönüm, bu nə bəla olub bizim canımıza! İki yüz manat pul sayıb yataq icarəyə götürmüşəm. İmdi deyir, ya get heyvanlarını oradan çıxart, ya gəlib hamısını güllə ilə qıracağam.

Kəndli. Ondan nə desən çıxar. Onun kəsdiyi başın sorğu-sualı yoxdur. Varın isə beş, on, iyirmi manat apar, bas ovcuna, ağzı yumulsun. Onun qarnının ağrısı elə odur.

Həsən otaqda gəzinir və hərdən qapıya gedib kəndlilərin danışığına qulaq verir.

Həzrətqulu. Axır, pulum yoxdur, iyirmi manat haradan alım. Bir də, Həsə nin qırımı yaman qırımdır, pula-zada yaxın düşən canavara oxşamır.

Kəndli. Sən mən deyənə qulaq as.

Həzrətqulu. Kişi, deyirəm pulum yoxdur.

Kəndli. Mən verərəm. (Pul verir.) Al, apar ver!

Həzrətqulu. Yox, qardaş, mən bir də onunla üz-üzə gəlməyəcəyəm. Elə mənim əvəzimdən sən apar ver.

Kəndli. Çox yaxşı. (Kəndli içəri girir.) Həsən əmi, Həzrətqulu bir yaxşı qulluqdar oğlandır. Sən onun könlünə nahaq dəyirsən. Bilməyib, başa düşməyib. Həmişə yatağı Namazdan icarəyə götürüb, yenə onun yanına gedib. Qələt eləyib, bir də bundan sonra Namazın həndəvərinə dolanmaz. Bu iyirmi manatı da al tənbəkiyə ver, onun taqsırından keç.

Həsən. Sənin atan Məstalı kişi bir yaxşı adamdı. Sən də elə ona oxşayıbsan. Hər adamın yerini bilirsən, ədəb-ərkanla da danışırsan. Mən Həzrətquluya adam kimi söz deyirəm, deyir, cığcığa əsginaz vermişəm. Cığcığa adamın bəbəklərinə dürtərlər.

Kəndli. Daha bir qələtdir, eləyib, cahıldır, anlamayıb. (Pulu verir.)

Həsən (pulu alır). Bu səfər onu sənə bağışladım. Deginən gələcəkdə bir belə qələtləri eləməsin. (Orta qapıdan gedir.)

Kəndli (dalınca). Çox sağ ol, Həsən əmi, böyük inayət elədin. (Çıxır, Həzrətquluya) Pulları alıb ötürdü içəri. Di get işində ol.

Həzrətqulu. Axır, ay qardaş, nə vaxtacan bu Həsən kişi xalqın başına büyələkçi olacaq? Qızını ağaya verib, deyin, gərək xalqın başına minsin?

Kəndli. Belədir də! Nə eləməli?

Həzrətqulu. Tamam camaat onun əlindən cana doyub, Namaza min rəhmət! Mən bunu belə qoymayacağam. Aləmi bir-birinə qarışdıracağam. Qoy xalq hamı yığılıb gəlsin ağanın yanına, Həsənin qovulmağını istəsin. Ağa camaatı bir yerdə görüb söz deyə bilməyəcək. Qəbul eləməz, biz də papağımızı tərsinə çevirərik. Beş yüz ev camaatı qırdırmayacaqdır ki.

Kəndlilər gedirlər. Orta qapıdan Həsən çıxır. Dalınca arvadı Tubu.

Tubu. Hara gedirsən? Bir dayan görüm.

Həsən. Hara gedirəm, mən billəm. Nə istəyirsən məndən?

Tubu. Əməzək! Allah səni döysün. Sənin kimi kişilər görüm qara torpaq altında yatsın. Gör necə Allahdöymüşsən ki, bu dörd ildi Namaz kimi bir azğın gədənin də öhdəsindən gələ bilmirsən!

Həsən. Nə eləyim, ay arvad? Namaz ata-babadan bu qapıdadır. Mən dünən gəlmişəm. Onu necə qovdurum? Neçə dəfə ağaya demişəm, qulaq asmır. Gah da görürsən qulaqardına verir.

Tubu. İndi ki, sən onu qovdura bilmirsən, mən arvadlığımla onu qovdurum, sən də tamaşa elə. Mən gecəyazanı ağanın canına salışdırım, ondan sonra gör qovar, ya yox?

Həsən. Nə danışırsan, arvad “gecəyazan” nədir?

Tubu. Gecəyazan – hər kişinin arvadı. Mən imdi Gülnisəni öyrədərəm, o onu yaxşı qovdurar. (Gedib sol qapıdan çağırır.) A qız, Gülnisə, buraya gəl!

Gülnisə (gəlir). Nə deyirsən, ana?

Tubu Ay qız, sımsırığını niyə sallayıbsan? Nə vaxtacan qaşqabağın yerlən gedəcək? Nə vaxt bir sənin üzün güləcək?

Gülnisə. Xoş gün görənin üzü gülər. Axır mənim taqsırım nə idi, məni götürüb bu cəhənnəm odunun içinə saldınız?

Həsən. Yoxsa yamanlıq eləmişik? Ağa arvadı olubsan, xanımsan, qabağında qulluqçular durublar. Yoxsa tumanın balağını belinə sancıb alaq elədiyin günlərin xiffətini eləyirsən?

Gülnisə. Kaş ki, yüz alaq eləyəydim, daş daşıyaydım, bu cəhənnəm oduna yanmayaydım.

Həsən. Axmaq qızı axmağın danışığına bax! A qız, Tanrına niyə təpik atırsan? Süd gölünün içinə düşüb üzürsən, yenə sənə azdır?

Gülnisə. Istəmirəm bu süd gölünü. Ağaya ancaq mənim bu mürdəşir yumuş ağzım, burnum lazımdır. Mənimlə bir söz danışmaz. “Nə göyçək gözlərin var, nə qəşəng qaşların var, gərdənin mina kimidir. Boyun sərv ağacına oxşayır”. Bundan savayı bir söz eşitmirəm. Qulluqçular məni lağa qoyub gülürlər, məni gendən görəndə deyirlər: “Ora baxın, sərv ağacı gəlir”. Məgər belə günə davam eləmək asandır?

Tubu. Odur ki, axmaqsan. Ağa səninlə nə dillə danışır, sən də onunla o dillə danış. Arvadın gərək qılığı olsun. Sənin qılığın yoxdur, kişinin də gözünə girə bilmirsən.

Gülnisə. Mən onun gözünə girim? Mənim onun gözlərindən zəhləm gedir. Onun gözləri görüm kor olsun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов