Страница 2 из 3 · 33%

Tubu. Hələ giley-güzarı qoy dursun. Əlində üç yaşında oğlun var, ölənəcən burada qalacaqsan. Sənə bir söz deyəcəyəm. Onun üçün çağırmışam.

Gülnisə. Əlimdə bir olmaya, səndən də ayıb olmasın, yüz uşaq ola, yenə burada mən cəhənnəm əzabı çəkəcəyəm.

Tubu. Di yaxşı, qulaq as, gör nə deyirəm. Sən ağa arvadısan. Lazımdır ki, sənin atan da ağanın yanında, camaatın gözünün qabağında sayılan bir adam olsun. Sənin atan qalıb qıraqda, Namaz hər yerdə quyruq bulayır. Atayın xatirəsi üçün gərək ağanın qılığına girib, Namazı buradan qovdurasan.

Gülnisə. Mənim bədbəxtliyimə səbəb elə mənim bu atamdır. Mən nə qılığa girərəm, nə ağaya söz deyərəm.

Tubu. Qızım, dəli olma, Həsən hər necə olsa, sənin atandır. Ona niyə kömək eləməyəsən?

Gülnisə. Mən Cahangir ağa ilə İndiyədək üz-üzə oturub danışmamışam və danışmayacağam da. Danışığa da gəlsəm, ona çox söz deyə bilərəm. Onun da axırı yaxşı olmaz. Odur ki, mən onunla danışmaq istəmirəm. Ana, bağışla məni. (Cəld gedir.)

Şahmarbəy (daxil olur, Tubu qaçır). Baho, Həsən! Xoş gördük, kefin necədir?

Həsən. Niyə, pis deyil.

Şahmarbəy. Cahangir ağa evdədirmi?

Həsən. Gərək evdə olsun.

Cahangirağa (sol qapıdan çıxır). Ya Allah, ya Allah, Şahmar bəy! Belə xəbərsiz gəlməkdə xeyirdirmi?

Şahmarbəy. Gəlməyimin xeyir olduğunu deyə bilmərəm, şər də deyil. Ancaq səninlə bir-iki kəlmə ayaqüstü danışıb gedəcəyəm. Konyakın varmı?

Cahangirağa. Konyaksız düşmənin olsun. Dövlətindən tapılar.

Həsən, Şahmar bəyə konyak gətir.

Həsən (sol qapını açıb). Namaz, Cahangir ağa konyak istəyir.

Şahmarbəy (Cahangir ağaya). Səninlə bir xəlvət söhbətim var. Lazımdır ki, burada kənar adam olmasın. Həsən, sən get həyətdə bir çubuq çək, sonra gələrsən.

Həsən. Cahangir ağanın məndən xəlvət söhbəti olmaz.

Şahmarbəy. Cahangir ağanın səndən xəlvət söhbəti olmaz, amma mənimki var. (Namaz konyak gətirir, pristav üç rumka içir.) Di haydı! Ikiniz də çölə zəhmət çəkin. (Namaz sol qapıdan gedir, Həsən həyətə çıxır.) İmdi mən gəlməyimdən niyyət nə olduğunu deyərəm.

Cahangirağa. Bəli, buyur.

Şahmarbəy. Sən kənddə oturubsan, dünyadan xəbərin yoxdur. Neçə vaxt bundan qabaq Rusiyada hamı dəmir yollar yatmışdı. Poçtteleqraf qulluqçuları tamamən işdən əl çəkib bikar oturmuşdular. Fabriklərdə işləyən fəhlələr işləri yatırmışdılar. Bunların xahişləri bu idi ki, gərək camaata hürriyyət verilsin.

Cahangirağa. Hürriyyət nədir?

Şahmarbəy. Yəni hər kəs nə istəyir danışsın, istədiyin yazsın. Bu gün birisi rusdur, sabah dönsün müsəlman olsun, ya erməni olsun, nə məzhəbə keçəcək keçsin. Belə-belə ixtiyarlar istədilər. Deyirlər, vəzirlər gərək öz işləri haqqında camaat vəkillərinə hesab versinlər. Daha belə işlər.

Cahangirbəy. Deməli, bundan sonra hər qor-qoduq çıxıb ağzına gələni dəyəcək, yazacaq, biz də gərək dinməz qulaq asaq. Bəs buna padşah nə deyir? O belə işlərə heç vaxt razı olmaz. Çox danışarlar, qoşununa buyurar, hamısın it unu kimi dağıdar. Axmaqlar, gör nə xəyala düşüblər!

Şahmarbəy. Elə dərd budur ki, padşah da bu ixtiyarı veribdir. Hətta üç-dörd il bundan qabaq tutduğum studenti də açıb buraxıblar. Yenə kəndbəkənd düşüb ağzına gələn hədyanlar danışırdı. Labüd qalıb təzədən tutub damlamışam. Qışqırır, çığırır, deyir: “Sənin məni tutmağa ixtiyarın yoxdur. Məni manifestə görə buraxıblar”. İmdi bu gecə onu şəhərə göndərəcəyəm, uşaqlara da tapşıracağam ki, onu yolda manifestə versinlər. Ha, ha, ha!..

Cahangirağa. Yox, bu yaxşı olmadı. Belə işlərin axırından xeyir çıxmaz.

Şahmarbəy. Advokat İbrahim bəy bir ağıllı adamdır. Deyir rus, yapon davasında basıldı. O səbəbdən məmləkətə belə şuriş düşüb. Deyir əgər rus padşahı bir dava da eləyib basılsa, onun özünü camaat taxtdan salıb, hökumət ixtiyarını öz əlinə alacaq.

Cahangirağa. Allah elə günləri göstərməsin.

Şahmarbəy. Mən, naçalnikin əmrinə görə, mülkədarları birbir görüb xəbərdar eləyirəm. Rusiyanın işləri şuluqdur. Hər yerdə rəiyyət tökülüb bəylərin mülklərini dağıdırlar, qarət eləyirlər, yandırırlar. Bəzi vaxt özlərini də öldürürlər. Oralardakı külək, olsun ki, buralarda əsə. Odur ki, sizə lazımdır rəiyyətlə bir növ müdara ilə dolanasınız və rəiyyəti üzə durğuzmayasınız. Yoxsa o oyunlar burada da çıxsa, camaatın öhdəsindən gəlmək çətin olar. Gərək qoşun gətirdəsən, camaatı gülləbaranla dağıda. Qoşun da güllə atarmı, ya atmazmı, məlum deyil. Çünki Rusiyada bir-iki yerdə qoşuna əmr veriblər ki, kəndlilərə güllə atsınlar, atmayıblar, deyiblər, biz hamımız kəndli balalarıyıq, öz kəndlilərimizi qırmarıq. Dünən Ehsan xanın yanında idim. Onunla da bu barədə çox danışdım. O da bu gün istəyirdi sənin yanına söhbətə gəlsin.

Cahangirağa. Deməli, Ehsan xan bu gün mənə qonaq gələcək?

Şahmarbəy. Bəli!

Cahangirağa. Onda binagüzarlıq lazımdır.

Şahmarbəy. Daha mən dayana bilmərəm. Gərək gedib sair mülkədarlarla da görüşüm.

Cahangirağa. A kişi, özün deyirsən Ehsan xan gəlir, gözlə gəlsin, bu gecəni burada keçirin. Bizim camaat dinc camaatdır. Ondan sarsaq iş baş verməz.

Şahmarbəy. Bu sözləri Rusiya mülkədarları da deyirlər. Rəiyyətə etibar olmaz. Hələ ki, xudahafiz!

Cahangirağa. Deməli, qalmağa heç təhərin yoxdur?

Şahmarbəy. Ara sakitləşsin, asandır, çox vaxt keçirəcəyik. Hə, yaxşı yadıma düşdü. Həsən kişinin qızı nə qayırır? Tasası yatıbdırmı?

Cahangirağa. Yatmayanda od olub məni yandırmayacaqdır ki!

Şahmarbəy. Qoçaqsan. Gül vurubsan. Xudahafiz. (Gedir.)

Cahangirağa. Xudahafiz.

Namaz (daxil olur). Ağa, sənə bir söz deyəcəyəm, ancaq acığın tutmasın.

Cahangirağa. Nə var, nə sözdür?

Namaz. Doğrusu, ağa iki qoçun başı bir qazanda qaynamaz. Bu evdə gərək ya Həsən otursun, ya mən.

Cahangirağa. Necə, istəyirsən ki, mən Həsəni qovum?

Namaz. Həsəni niyə qovursan? Həsən sənin arvadıyın atasıdır. Mənə izin ver, gedim özüm üçün bir kasıblıq tapım.

Cahangirağa. Mən sizin heç birinizi buraxa bilməyəcəyəm. Sənsiz, özün bilirsən, mənim tamam işlərim yatar. Həsən də ki... belə, başa düşürsən... Həsəni rədd eləsəm, gərək qızını da rədd eləyim.

Namaz. Onu sən bilirsən. Çörəyini mənə halal elə. Mən burada qala bilməyəcəyəm. On-on beş ildir sənə nökərçilik eləyirəm. Bundan sonra da gedib başqa bir çörək pulu axtaracağam.

Cahangirağa. Mən yenə deyirəm, nə səni və nə də Həsəni buraxa bilməyəcəyəm.

Namaz. Mən də qala bilməyəcəyəm.

Cahangirağa. Ay Namaz, buna, adamı divara qısnamaq deyərlər. Bir-iki gün dayan, bir fikir eləyim, sonra sənə cavab verərəm.

Na maz (ciddi). Fikir yeri yoxdur. Düzü, gərək Həsən də, arvadı da və qızı da buradan çıxsınlar. Mən Həsəni gətirib burada çörək yiyəsi eləmişəm, İmdi yeyib, kökəlib, qudurub. Minib mənim başıma. Mən də papağımı tərsinə çevirəndə qorxuram çox adam dolaşa. Mənim əlimin altında çox adamların işdəkləri var. Mən də ki, özün bilirsən, heç zaddan, heç kimdən qorxan deyiləm. Elə ki höcətə düşdüm, məndən ötrü qazamat, Sibir – hamısı birdir. Amma mənim dalımca dolaşanlara çox təfavüt elər.

Cahangirbəy. Ay Namaz, axır bu bir təklif deyil ki, sən eləyirsən. Doğrudur, mən nə Həsənin qızını arvad yerində, nə onun uşağını uşaq yerində sayıram. Sənin də insafın yoxdur? Bir neçə vaxt səbr elə, sonra yenə burada bir sən qalacaqsan, bir də mən!

Namaz. Camaat Həsənin əlindən dad çəkir. Pristavın da danışığını tamam-kamal eşitmişəm. Xalq mənim bircə sözümə məəttəldir ki, Həsənin də, arvadının da cürümünü çəksinlər. Əlavə, özün bilirsən ki, prokuror səni dolaşdırmağa mahna axtarır. Gedib özümü onun əlinə verib, sənin uğrunda tutduğum işlərin hamısının hesabını ona verəcəyəm. Ondan sonra məndən incimə. Daha qulluğundan mürəxxəs olaq. (İstəyir getsin.)

Cahangirağa. Hara gedirsən? Bir dayan, qulaq as, gör nə deyirəm. (Namaz dayanır.) A kişi, sən hirsli adammışsan. Al bu yüz manatı qoy qoynuna, bir-iki gün səbr elə, bəlkə sən deyəni elədim.

Namaz. Mənə nə yüz manat lazımdır, nə də yüz min manat. Ehsan xan neçə ildir səninlə qohum olmağa çalışır, özü də indicə gəlib evinə düşəcək. Günü bu gün Ehsan xanın qızına elçi düşüb, Həsənin özünü də, qızını da evdən çıxardacaqsan.

Cahangirağa. Bəs onun kəbini?

Namaz. Kəbinə qol çəkibsən?

Cahangirağa. Necə?

Namaz. Kəbində mən olmuşam. Onu mən bilmərrə boynumdan ataram, deyərəm kəbin saxtadır. Molla, Həsəndən rüşvət alıb, öz tərəfindən kəsib. Mən də ki, savadsızam, mollanın evinə getdiyimi kökündən danaram. Onda həm qızı başdan elərsən, həm uşağını qəbul eləməzsən. Aralıq soyuyandan sonra Həsəni çağırıb, bir-iki yüz manat xərclik verib yola salarsan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов