Страница 1 из 2

Vaqe olur Qurbanın evində. Kasıb bir otaq. Qurbanın arvadı Səlimə oturub,qabağındakı
beşiyi yürüyür.

Səlimə.

Laylay dedim yatasan,

Qızıl gülə batasan,

Qızıl gülün içində

Şirin yuxu tapasan.

Laylay, balam, laylay,

Laylay, quzum, laylay,

Laylay, körpəm, laylay.

Allah, bu kişi görəsən niyə belə gec gəldi? Heç İndiyədək belə ləngidiyi yox idi. Əlbət odunu satılmır, nədi? Yazıq, kəsdirib bazarı ac-susuz. Barı heç olmasaydı gəlib çörək yeyib, yenə gedəydi. Allah, sən ona görünməz yerdən bir qapı aç. Yazığın əli-ayağı qabar olub. Odun daşımaqdan beli yağır olub. Allah pul yetirəydi, bir ikicə eşşək alaydı, bəlkə bir az yükü yüngülləşəydi. (Ah çəkib, qalxa-qalxa) Qoy bir durum görüm gəlirmi? (Qapını açıb baxmaq istəyir.) Allah, sənə şükür, budur gəldi. A kişi, niyə belə ləngidin? Bir azca şorba bişirmişəm, soyuya-soyuya qalıb...

Qurban (daxil olur, əlində dəsmala bağlı ət). Əh, Allah kəssin belə günü. Axşamadək erməni eşşəyi kimi işləyirsən, elə acsan, ac. (Əyləşir.)

Səlimə (mütəkkə gətirir). A kişi, sən Allah, quru yerə yıxılma. Qoy mütəkkəni qoyum başının altına.

Qurban (başını qalxızır). Rəhmətliyin qızı, öldüyüm yerdə heç bilmirəm sən məndən nə istəyirsən. Di mütəkkədir, nədir, qoy əl çək. Bir az zəhrimardan zaddan da nə bişiribsən, gətir yeyim.

Səlimə. A kişi, sən Allah, elə demə, bircə ayaqlarını da bura uzat, çarıqlarını çıxarım, ayaqların bir az sərinləsin.

Qurban (ayağını uzadır). Bu da ayaqlarım, daha nə kələyin var, işlət.

Səlimə (Qurbanın çarığını çıxarır). Ay Qurban, gəlsənəmi bir az su gətirim, ayaqlarını yuyam.

Qurban. İstəməz, lazım deyil.

Səlimə. Özün bil, nə deyirəm... Ay Qurban ayaqların nə pis qabar olub? Başına dönüm, gəl bir neçə gün oduna getmə, bəlkə ayağının qabarı sağala.

Qurban. Oduna getməyim, bəs zəhrimar yeyəsən? Dur, şorba deyirdin, gətir görüm heç yeyə biləcəyəmmi. (Səlimə gedir.) Səlimə yaxşı arvaddı, iş görəndir, xasiyyəti də pis deyil. Amma nə çarə qılım, ürəyimə yapışmır. Nə qədər xasiyyəti yaxşıdırsa, bir elə sifətdən məkruhdur. Üzünə baxanda adamın ürəyi ağzına gəlir. Barı bu kasıblığıma görə arvadım göyçək olaydı. Yenə dərd yarı idi. (Səlimə şorbanı gətirir.) Buraya gətir görüm, soyumayıbdır ki?

Səlimə (Qurbanın qabağına qoyur). Yox, soyumayıb. Mən elə bilirdim İndi buza dönüb, amma isti imiş. Bircə dad. (Qurban yeyir.) Yaxşıdırmı?

Qurban (yeyə-yeyə). Çox yaxşıdır. Ölənlərinin ehsanı olsun. Heç belə şorba olmaz. O dəsmalda da bir az ət var, onu axşama dolma bişir. Niyazı qonaq çağırmışam.

Səlimə (durur əti götürür). Yaxşı, niyə bişirmirəm, Allah səni həmişə qonaqlı, çörəkli eləsin. Çox yaxşı bişirərəm. Dünən aldığın kələmin də yarısı durur. Küpənin dibində də bir az gərək turşu olsun.

Qurban (daha yemir). Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Sabah tezdən qızdırarsan, yeyib gedərəm oduna. (Səlimə qabı götürüb çıxır.) A kişi, insan qəribə axmaq olarmış. İndi mənə bir deyən gərək, ay sarsaq, bu ac vaxtında sən nə edirdin arvadı? Mənim kimisi ya gərək evlənməsin, ya duldan-muldan birisini tapsın ki, bir parça çörəyi olsun. İndi bu günə dəyərmi? Səhər qazandığın axşama qalmır. Qara günlüyünə də bir şey artırıb geri qoya bilmirsən. Ancaq sənə qalan yüyürüb yortmaqla hamballıqdır. İndi nə qədər belimdə qüvvət, dizimdə güc var, odun daşıyıram. Bəlkə bu gün-sabah qocaldım, onda mənə kim çörək verəcək? Eh, dərdim o qədərdir ki, deməklə qurtarası deyil. (Uzanır.)

Səlimə (daxil olur.) Ay Qurban, yuxun gəlirsə, üstünə yorğan gətirim salım, bir az yat.

Qurban. Hə, yaxşı, gətir sal, yuxum gəlir.

Səlimə (yorğanı salır üstünə). Di yat, başına dönüm.

Qurban. Di o uşağı da götür oradan. Oyanar, zingildər, başımı aparar.

Səlimə. Yaxşı, götürüm. (Beşiyi götürüb gedir.)

Qurban. Qol-qıçım o qədər ağrıyır ki, deyəsən heç yata bilməyəcəyəm. (Yorğanı çəkir başına; sükut.)

Şamamacadu (eşikdən). Ay ev yiyəsi, ay ev yiyəsi. Yazığam, fağıram, bircə tikə çörək verin yeyim, acından ölürəm.

Qurban (qalxır). Məgər qoyarlar bir az dincimi alım. Şamama cadu. Ay ev yiyəsi...

Qurban (durur, qapıda). Nə deyirsən, ay nənə?

Şamamacadu. Nənə gözlərinə Qurban, ay oğul. Acmışam, bircə tikə mənə çörək ver yeyim. Belə sənin ömrün uzun olsun. Allah səni öz pənahında saxlasın, cavan qəddini yerə vurmasın.

Qurban. Ay nənə, vallah, mənim özüm də sənin kimi yoxsulam. (Pul verir.) Ala, ikicə qəpiyim var, verim apar.

Şamamacadu. Allah bərəkətini artıq eləsin. Qurbanın olum yorulmuşam, qoy bircə tikə gəlim evində dincəlim. Allah evini-eşiyini abad eləsin.

Qurban. Nə deyirəm, gəlirsən gəl.

Şamamacadu (girir içəri, oturur). Ay, ay...Vay, bədənim heydən düşüb. Nə yaman zad imiş bu qocalıq. Allahın bu ucuzca ölümü də gəlib məni tapmır. Qadan alım, bu ev sənindir?

Qurban. Hə, mənİmdir, neyləyirsən?

Şamamacadu. Heç, elə soruşuram. Allah abad eləsin. Bəs sən nə karın yiyəsisən?

Qurban. Nə karın yiyəsi olacağam? Elə mən də sənin kimi, sən də mənim kimi. Odunçuyam. Gedib gündə meşədən odun yığıb dalımda gətirib bazarda satıram, onunla bir tövr güzəran eləyirəm.

Şamamacadu. Heç gör Allaha rəvadır belə gözəl, qəşəng oğlan, özü göyçək, gözü göyçək gedib meşədən dalında odun daşıya?! Vallah, səni mən heç bəy oğluna, heç xan oğluna dəyişmərəm.

Qurban. Nə qayırım, ay qarı nənə? Əlbət Allahın məsləhəti belədir. Dədəm öldü, mən də qaldım on altı, on yeddi yaşında. Bir az ondan-bundan dədəmin pulu var idi, mənim yiyəm olmadı, o pullar da batdı. Dədəm məni məktəbə qoymuşdu, yaxşı da oxuyurdum. Ta sonra, elə ki, dədəm öldü, mən də tək uşaq, oxuya bilmədim. Çıxdım, qaldım ac-susuz. Nökərçiliyə getmək arıma gəldi. Axırda əlacım kəsildi, başladım odunçuluğa. Bir az da pul qayırmışdım. Qonşular yığıldılar ki, bəs sən atanın yurdunu boş qoyma. Götürdülər məni evləndirdilər. Olan-qalan pul da, bir otuz manat olardı, toya xərc olundu getdi. İndi də ha çalışıram, işim dönüb eşşək quyruğuna, nə uzanır, nə gödəlir.

Şamamacadu. İndi, qadan alım, evlisən?

Qurban. Bəli, demək olar ki, evliyəm.

Şamamacadu. Barı arvadın da sənin kimi gözəldirmi?

Qurban. Eh, ay qarı nənə, gözəl olsaydı dərdim yenə az olardı, haradan oldu gözəl. Xalq dəli olmuşdu ki, mənə gözəl qız verəydi? Gözəl qızın gözəl də yeri olar.

Şamamacadu. Əgər sözün doğru isə, heyf. Sənin kimi oğlanın lazımdır ki, bir mələykə sifətdə arvadı olsun.

Qurban. Çarə nədir, ay qarı nənə? Qismətdən artıq yemək olmaz. Mənim də bəxtimə beləsi çıxıb.

Şamamacadu (fikirli, yer eşir). Qadan alım, bayaq dedin ki, dədəm məni məktəbdə oxudub. İndi heç az-maz yazıdan-pozudan başın çıxırmı?

Qurban. Niyə, qarı nənə, az-çox bilirəm. Farsidə bir bekara savadım var. Amma bu əyyamda, belə şeylərin bahasına qiymət verən yoxdur.

Şamamacadu. Başına dönüm, bəs onda sən niyə böyük bəylərin birisinə qulluq eləmirsən? Yenə heç olmasa səni darğadan-zaddan edərlər. Əlinin də qələmi dahı sənə xeyir verər.

Qurban. Qarı nənə, bayaq dedim, irəlilər ar eləyirdim. İndi də mənim əlimdən odunçuluqdan başqa bir iş gəlməz.

Şamamacadu. İndi ki əlindən odunçuluqdan bir ayrı iş gəlməz, nə eləyək, çox gözəl, heç bu da pis deyil. Bir dövlətli adama nökər ol. Eşşəkdən, qatırdan alsın versin işlət. Ayda da sənə məvacib versin.

Qurban. Qarı nənə, vallah, əlacım kəsilib, nökərçiliyə də gedərəm, hərçənd adama bir az ar gəlir... Mənim dədəm, mənim babam heç kəsə gedib baş əyməyibdir. Həmişə öz əllərinin zəhmətini yeyiblər. İndi mən gedim kimə ağız açım?

Şamamacadu. Mən sənə bir yaxşı adam taparam ki, sənə pul verər, paltar da verər, çörək də. Amma ikicə qatırı var, onları işlət.

Qurban. Yaxşı, tap, elə bu saat gedərəm. Kİmdir o adam?

Şamamacadu. O adam Hafizə xanımdır. Qatırçısı qaçıb, bu saat bərk adam axtarır.

Qurban. Ay qarı nənə, sən Hafizə xanımı haradan tanıyırsan?

Şamamacadu. Niyə tanımıram, başına dönüm? Dilənçi babayam, tez-tez gedirəm, çörəkdən-zaddan verirlər. Elə İndi oradan gəlirəm. Qapıdaca durmuşdum, gördüm səsi gəlir, deyir: “ Ay balam, bu qatırçı da qaçdı, heç bilmirəm necə eləyim?”. Elə gəl sən get onun yanına.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов