Страница 2 из 2 · 50%

Qurban. Qarı nənə, adını da bilmirəm.

Şamamacadu. Zərnigar.

Qurban. Zərnigar nənə, mən də Hafizə xanımı tanıyıram, irəlilər ona çox odun daşımışam. Sonra əri getdi iki qatır aldı, daha mənim ayağım kəsildi. Amma onu çox əzrayıl arvad söyləyirlər.

Şamamacadu. Yox, yox, Qurbanın olum, nökər sözüdür, inanma.

Hafizəxanım deyəndə, bir quzu kimi adamdır. Amma dələduz nökərlə arası yoxdur. Bu əyyamın nökərləri də elədirlər, ki, Allah göstərməsin, iki qəpikdən bacarsalar bir abbası oğurlarlar.

Qurban (gülə-gülə). Zərnigar nənə?

Şamamacadu. Nədir? Nənən sənə Qurban olsun.

Qurban (gülə-gülə). Gələsən bir tövr Hafizə xanımı mənə alasan, bəlkə mən də Qurban bəy olam.

Şamamacadu. Tahı niyə gülürsən? Elə bilirsən ona yaraşmırsan?

Qurban (gülür). Elə yaraşaram ki. Deyirəm, qarı nənə, gəl sən bir elə iş elə. Bəlkə sənin dövlətindən kasıblığın daşını tullayam.

Şamamacadu. Yəni doğru sözündür, yoxsa məni ələ salırsan?

Qurban. Çox da oldu doğru. Bu sözün bahasına kim bir qara pul verər?

Şamamacadu. Sən and iç ki, doğru sözündür, düzəltmək mənim boynumda.

Qurban (ucadan gülür). Ha-ha-ha, nənə, sən də məzəli adamsan ey. Dövlətli adam da deyiləm ki, elə bilim məndən pul çəkmək istəyirsən. Sən ki belə şeylərin ustadısan. Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən?

Şamamacadu. Sən belə güman etmə ki, sən məni oynadırsan deyibən, mən səni ələ salıb oynadıram. Mənə Zərnigar deyərlər, belə dilənçiliyimlə mən istəsəm dağı-dağ üstə qoyaram. Sən mənə and iç ki, zarafat eləmirəm, gör, mən nə işlər törədirəm.

Qurban. Ay qarı, deyəsən axı, sən gerçəkləyirsən?

Şamamacadu. Başına dönüm, elə bilirsən mən sənə havayı söz deyirəm? Üstüörtülü sözdən fayda yoxdur. Qoy açım sənə düzünü deyim. Doğrusu budur ki, mən dilənçi-zad deyiləm. Qorxdum ki, birdən söz açam, məni söyüb qovasan. Açığı, məni Hafizə xanım özü sənin yanına göndərib. O səndən ötrü dəli-divanədir. İstəyir ki, sən onu alasan.

Qurban. Ay qarı nənə, axır belə iş olmaz. Mən hara, Hafizə xanım hara? O deyəndə, bir dövlətli xanım, mən gədənin birisi. Belə zad olarmı?

Şamamacadu. Başına dönüm, sən nəyi axtarırsan! Arvad tayfası bir şeydir ki, gözü tutub ürəyi yapışandan sonra nə bəylik axtarır, nə rəiyyətlik.

Qurban. Qarı nənə, vallah, mən inanmıram. Sən deyəsən mənə sataşırsan.

Şamamacadu. Mən sənə sözün açığını dedim. Hələ özümə tapşırıbdır ki, səni özümlə aparam. Dur, ayağını geyin, gedək.

Qurban. Yaxşı, elə tutaq mən səninlə getdim. Hafizə xanım da mənə gəldi. Bəs mən bu külfəti neyləyim? Arvad çirkin isə də, hər nədir, bir dəfə keçib boğazıma. Əlində də bir uşağı var. Onları mən kimin ümidinə qoyum?

Şamamacadu. Ay başına dönüm, gör nəyin fikrini çəkir. Elə bilirsən, odunçuluqda qalacaqsan? Belə bəy olacaqsan, cibin dolu olacaq pulla. Həmişə əlin pulla oynayacaq. Belə özün də kef çək, arvadına da nə qədər sənin kefİndir xərclik ver.

Qurban. İndi deyirsən gedək?

Şamamacadu. Deyirəm, bir də üstündən.

Qurban (çarığını geyir). Nə deyirəm, gedək deyirsən, gedək. Amma sonra yalan çıxa, vay halına. (Kənara.) Əgər doğru olsa, qanıram, heç Səlimə də bir söz deməz. Inşallah, deyəsən Allah duamı eşidib, mənə çörək yolu açır. Xanım da bir gözəlin birisidir. Mən elə çoxdan arzu edirdim ki, Hafizə xanım kimi bir arvadım olaydı. Allah, İndi əlbəttə, mənə baxıb. (Şamamaya) Di Zərnigar nənə, bu da mənim çarığım, gedirsən, dur gedək, görək mənim başıma nə qəzavü qədər gətirəcəksən.

Şamamacadu (qalxır). Gedək, gözlərinə Qurban olum, gedək. Amma gərək əvvəlinci xələti mənə verəsən.

Qurban. Baş üstə... Can üstə... Di düş qabağa. Səlimə (məclisin dalından):

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Qızıl gülə batasan.

Qurban dayanır.

Şamamacadu. Daha niyə dayandın, vaxt keçir, gəl gedək, Hafizə xanımın acığı tutar.

Qurban. Bu saat. (İstəyir getsin, yenə səs eşidir).

Səlimə (eşikdən):

Qızıl gülün içində

Şirin yuxu tapasan,

Laylay, balam, laylay,

Qurban yenə fikrə gedir.

Şamama cadu. Dahi niyə fikrə getdin? Əgər istəmirsən, İndi

mən çıxım gedim işimə.

Qurban (fikirdən sonra). Gedək, gedək.

Çıxırlar.

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов