Dördlüklər
Dərindir kamalın dəryası dərin,Onun dalğasında kükrəyən xəyal.Bu dünya mülkündə ürəksizlərin,Kamala yetməsi mahaldır, mahal.
İnsana məhəbbət duzum, çörəyim,İnsan səadəti arzum, diləyim.Bir gözdə qaralan buludu görsəm,Könül səmasında ağlar ürəyim.
Dünya bəxş etmədi mənə bir inci,Ömür çırağımdır yadlar sevinci.Mən küsə bilmirəm əvəzində sən,Məndən ömür boyu hey küs, hey inci.
Dağların başını duman almasın,İşıq da, günəş də olsun firavan.Dağların ürəyi-qəlbi dolmasın,Buludtək qaralıb, dolmasın insan.
Özünə kor baxan bir insanam mən,Cahanın özündə bir cahanam mən.Bir ömür yanmışam doğmaya, yada,Nədəndir həm yanan, həm yamanam mən.
Göylər tutulanda tutulur ürək,Ürəyim açılır üzünü görcək.Odlu günəşimsən parla uzaqdan,Köçmə, ürəyimdən ey arzu-istək.
El doğru deyibdir hər bir gecəninİşıqlı, ümidli bir gündüzü var.Görsəm, görməsəm də vüsalın sənin,Bir gün açılacaq hicranlı yollar.
Bir gün sona yetər ömür də, can da,Bir gün ürək qalar ahda, amanda.Tələs köməyinə şair könlümün,Gözləmir ömür də, gün də, zaman da.
Dünya belə gəlib, belə getməsin,Arzu tükənməsin, ümid bitməsin.Həyat yollarında itsin ömür-gün,Yollarda şerimin izi itməsin.
Qəlbim xəyalının otağındadır,Tənha bir bənövşə yarpağındadır.Eşitmir səsimi divanə könül,O, sənin sevginin sorağındadır.
Görüş həsrətində yanar ürəyim,Dustaqdır sinəmdə arzum, diləyim.Keçib xan Arazı görüşə gəlsən,Hicran kəməndindən çıxar biləyim.
Biz yorğun qəvvasıq, ayrılıq dəniz,Gözü yolda qaldı yaralı Təbriz.Qara buludlarda ildırım olaq,Gülək bu dünyaya qəh-qəhəylə biz.
Bilirəm bir axşam sən gələcəksən,Könül nisgilimi tən böləcəksən.Unudub kədəri, qəmi, qüssəni,Həsrətli köksümdə dincələcəksən.
Bulud sinəsini verdi dağlara,Yağış nəğmə dedi tər budaqlara,Buludtək zirvəyə verdim qəlbimi,İndi bulud ağlar, mən də ağlaram.
Əzəldən belədir, belədir cahan,Yamana yaxşıdır, yaxşıya yaman.Belə daş ürəkli, belə vəfasız,Belə etibarsız olarmı insan?
İnsan sədaqətlə yaransın qoşa,Ömür gözəl olsun, gözəl tamaşa.Dönsün laləzara ömür yolları,Dünya cənnət olsun, qoy başdan-başa.
Qaya çiçəyitək dalğınsan, gülüm,Nə yaman kövrəksən, şeyda bülbülüm.
Bu dünya dünyaya qalacaq tamam,Qoy mən də bir ağız danışım, gülüm.
Doğmadan doğmasan, əzizdən əziz,Burda Bakı şahid, orada Təbriz.Niyə hər sözümdən sınırsan belə,Bir arzu, bir dilək, bir ürəyik biz.
Bir xoş arzumsan, bir gözəl istək,Zərifdən zərifsən, kövrəkdən kövrək.Hər sözdən saralıb solursan belə,Sinəndə çiçəkmi, ürəkmi, ürək?
Gözəldir bu həyat, gözəldir varlıq,Vaxtsız tərk etməsin bizi cavanlıq.Ey tale, hökmünə baş əymərəm mən,Ey dünya, başıma eyləmə darlıq!
Dostdan vəfa adlı bir inci gəzdim,Dostdan hər söz üstə mən inciməzdim.Ömrümün, günümün sevinci yarım,Səndə kədəri yox, sevinci gəzdim.
Çiçəyim çırtladı sən gələn zaman,Gülür, qəlbim gülür, sən gülən zaman,Dağılsın göylərdən qara buludlar,Köçsün dünyamızdan bu qara hicran.
Məndən üz döndərdin, döndərdin yaman,Əsən yellər kimi ötdün yanımdan.Bu vəfasızlığı haraya yazım,Sən ki, əyilməyən dağlar oğlusan.
Gəlişi səhərin nəfəsi yarım,Səsi bu həyatın gur səsi yarım,Ömrümün səhəri, dan ulduzusan,Üzündə səadət şöləsi, yarım.
Üzündən ilahi bir nur saçılar.Könlümün evindən zülmət qaçılar.Hər səhər qarşıma sən çıxsan əgər,Bir nilufər kimi qəlbim açılar.
Məhəbbət yolları dolaşıq, uzun,Min bir çiçək dərim, bu yola düzüm.Yaşadım bir ömür vətəndən uzaq,İndi sənsizliyə de, necə dözüm?
Sənin də, mənim də könlümə qəmxar,Sonsuz arzulardır, sonsuz arzular.Sənin gözlərində qaldı sevincim,Mənim gözlərimdə kədər, intizar.
Gecə dünya yatar, bu cahan yatar,Dünya bir müqəddəs sükuta batar,Mənimsə yaralı qəlbimin səsiSəndən ayrıldığım dağlara çatar.
Gözümdə gözlərin qaldı, sevgilim,Könlümü tufana saldı, sevgilim,Könül mehmanısan gözlərim üstə,O gözlər səbrimi aldı, sevgilim.
Dənizlər, çaylartək coşaram yenə,Başımı başlara qoşaram yenə.Bəla məni gəzər, mən də bəlanı,Belə yaşamışam, yaşaram yenə.
Səhər dumanına bürünmüş sular,Araz axıb gedir yenə lal kimi.Arazın gözləri yaşlarla dolar,Gizlənər, görünər bir xəyal kimi.
Yenə ürəyimi qəm, qüssə sarmış,Niyə kövrək etdi bu dövran məni.Xəbərim olmadan çəkib aparmış,Sirlər dünyasına bu cahan məni.
Bahar buludutək dolmuş ürəyim,Nə dilim söz tutur, nə əlim qələm.Uçmuş xəyalımdan arzum, diləyim,Gözümdə elə bil bir heçdir aləm.
Xəzan yarpağıtək çöhrəm sapsarı,Tufanlar önündə pərişan mənəm.İtirdim gəncliyi, itirdim yarı,Cahanın özündə bir cahan mənəm.
Gəl çıx, ayrılığa dözə bilmirəm,Əlimi əlindən üzə bilmirəm.Səninlə gəzdiyim çölü, çəməni,Dolana bilmirəm, gəzə bilmirəm.
Ümiddən əlini üzməyir könül,Yolunu təlaşla gözləyir könül.Diksinir hər səsdən, hər titrəyişdən,Səni kölgə kimi izləyir könül.
Sən yaşıl baharsan, mən sarı xəzan,Bir ömür sevgilim ayrı dolansan,Yenə də sevincim sığmaz qəlbimə,Çünki, səninləyəm harada olsan.
Könlün dan yeridir, mən batan günəş,Sən yanar şimşəksən mən sönər atəş.Nə qədər dünyada canımda can var,Həsrət xəyalımla söhbət et, danış.
Yaxşı ki, sən varsan, ey tunc biləklim,Ey böyük arzulu, böyük diləklim.Yaşarsan mərd oğul, dağ oğul kimi,Qanımda, canımda, ey dağ ürəklim.
Üzü gözəl olur, qəlbi gözəlin,Zəriflik ağılla yaranır qoşa,Ürəklə, idrakla bu dünya özüGözəl laləzardır gör, başdan-başa.
Yarımış bacıyam iki qardaşa,Birisi Kamaldır, digəri Camal.Ağılsız yaşamaq mümkün olsa da,Ürəksiz yaşamaq mahaldır-mahal.
İncədən incəsən, sən inci yarım,Nə küs sözlərimdən, nə inci, yarım.Yanında batmaram bir də günaha,Ey dərdli könlümün sevinci yarım.
Sənə bircə bunda oxşarlığım var,Sənin baxışında yanar intizar,Mən səni gözlərəm, sən onu gülüm,Mən səndən, sən ondan səadət umar.
Həyata səsləyən dan ulduzusan,Günəşim, günümsən, şirin arzumsan,Necə ömr eləyim dünyada sənsiz,Səhərsiz, günəşsiz yaşarmı insan?
Dolanım başına pərvanə kimi,Qəlbimdə yaşarsan əfsanə kimi,Yalnız xəyalımın zinətisən sən,Özgə boynundakı dürdanə kimi.
Səni bir yaxınmı, uzaqmı, sanım,Həsrət xəyalınla gəzib dolanım,Məhəbbət odunun pərvanəsiyəm,Uzaqdan-uzağa alışım, yanım.
Söz var ki, insanı odlara qalar,Söz var ki, ürəyi həyata bağlar.Mən söz söyləyəndə namərdə, mərdə,Qoy sizə söykənim, sizə, a dağlar.
Sevgilim, gözünün haləsiyəm mən,Dərdini bal kimi böləsiyəm mən.Qışda günəşim ol, yazda dənizim,Qəlbində nur kimi yanasıyam mən.
Amalım, istəyim, niyyətim büllur,Hicranım, kədərim, həsrətim büllur.İçib məst oluram büllur misradan,Büllur ürəyimdir boşalır, dolur.
Gözəldir bu həyat, gözəldir varlıq,Eşqin nemətidir hər bəxtiyarlıq.Ey tale, hökmünə baş əymərəm mən,Ey dünya, başıma eyləmə darlıq.
Yox-yox, riyasızam bu göylər qədər,Mənə nə verirlər burda versinlər.Axirət gününə etiqadım yox,Qəlbimdə dil açan arzularım çox.
Pərvanə könlümə pərvanə yarım,Ey ömür incisi dürdanə yarım.Mənə həm yaxınsan, həm də ki, uzaq,Dillərdə dolaşan əfsanə yarım.
İllər yorğunuyam xəstəyəm, xəstə,Qoy kimsə gəlməsin məzarım üstə.Azad olacağam azad quş kimi,Qəmlərin əlindən qurtulmuş kimi.
Qəlbimdən silinsə illərin dağı,Eşqim yandıracaq soyuq torpağı.Tənha məzarımı döydükcə külək,Qəbrimdən qalxacaq mavi bir çiçək.
O mənim baharım, ömür yazımdır,O çiçək açmayan min bir arzumdur,Onun jaləsidir gözümün yaşı,Mən üsyankar idim taleyə qarşı.
Gül necə yaşayar çəməndən ayrı,El necə yaşayar vətəndən ayrı,Kim deyər yanaraq alışmadım mən,Düşmənlə düşmənəm, barışmadım mən.
Dağlar da yaşamaz dağlardan ayrı,Bağlar nisgil edər bağlardan ayrı,Sənsiz bu dərdlərə mən necə dözüm,Ömr edim sevgisiz çağlardan ayrı?
Ey tale, çarmıxa çəkmisən məni,Döyüşdük, vuruşduq, qəm yedik, yetər.Parçala sən məni, ya da mən səni,Gözləmək, intizar hər dərddən betər.
Bu qədər incimə, küsmə, sevgilim,Həyat bircə andır, inan bircə an.Bu qədər xətrimə toxunma gülüm,Könül sındırmağı, gəl sanma asan.
Ömür bircə andır, söyləyəndə mən,Deyirəm, anların bilək qiymətin,Həmişə, hər yerdə, hər an düşün sən,Anları saxlamaq, qaytarmaq çətin.
Arzular sonsuzdur, ömürlər qısa,Arzular bəzəyir çölləri, düzü.Demirəm, sevgilim, gəl bataq yasa,Həmişə səsləyir gecə gündüzü.
Hələ göz açmamış baharın qızı,Özünü öyməyə tapmamış macal,Payız bir don biçər – sarı-qırmızıBudur ömür-həyat, budur həsbi-hal.
Qəlbinə bu qədər güman gəlməsin,Mən yaxşı deyəndə yaman gəlməsin.Dəlidağ kimisən bu xasiyyətdə,İstərəm üstünə duman gəlməsin.
Könlümün, gözümün sevinci yarım,Olmasın heç kimin sevinci, yarım.Dedim Fərhad kimi, Məcnun kimi sev,Demədim bu sayaq küs, inci, yarım.
Vüsalsiz hicranın nə imiş adı?Necə doğma sanım ürəksiz yadı?Bir ömür yaşadım elsiz, obasızQırıldı könlümün qolu, qanadı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-dordlukler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
ای دل و دلدار من، راه بوصل از چه روست؟ای بت عیار من، راه بوصل از چه روست؟
Sanei-qüdrətdən siyəb xallarınSanei-qüdrətdən siyəb xalların,Arizində nə zindanə duşübdür.
Yarım kimi bir sərvqədü gülbədən olmaz.Yarım kimi bir sərvqədü gülbədən olmaz.Rüxsarına bənzər o gülün nəstərən olmaz.