Bir əlim getsə də, bir əlim durur,Yarış meydanında hələ varam mən.Bir gülüm itsə də, min gülüm durur,Elə zənn etməyin son baharam mən.

Xəzan sarsıtmasın bağça-bağımı,Külək oynatmasın çilçırağımı,Tufan aparsa da bir budağımı,Çox qollu-budaqlı bir çinaram mən.

Həyatda gah qalxır, gah enir ata,Nə qədər sevinir, qəmlənir ata,Bir bala ucundan bədbəxt bir ata,Milyon balalarla bəxtiyaram mən.

Qanrılıb baxıram tariximizə,Saysız yağılarla durduq üz-üzə,Dözüm babalardan mirasdır bizə,Məğrur kişilərə minnətdaram mən.

Köksünü irəli gərən dostlarım,Hörmətlə qoluma girən dostlarım,Mənə başsağlığı verən dostlarım,Sizə cansağlığı arzularam mən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов