Страница 1 из 2

– Olar?

– Buyurun, buyurun... həmişə siz gələsiz. Mənim bacımın əhvalı necədir? – Əcəmi əl verib Cəmillə görüşə-görüşə Zəhra ilə salamlaşdı, onun kefini xəbər aldı, hal-əhval tutub qızları soruşdu.

– Dostum Cəliləddin necədi?

– Yaxşıdı, əmisi. – Zəhra cavab verdi.

– Cəliləddin yaxşı baladı, qoçaq oğlandı oğlun, Cəmil. Xoşuma gəlir. Ona gərək yaxşı bir hədiyyə bağışlayım, məndən yadigar saxlasın.

Zəhra bu dəfə kövrək-kövrək dedi:

– Əmisinin sağlığı ən böyük hədiyyədir Cəlaləddin üçün.

Əcəmi giley-güzara keçdi:

– Mən heç güman etməzdim ki, dostumun yadından belə tez çıxa bilərəm... Novruz bayramından sonra bir-birimizi görmürük, arayıb-axtarmırıq.

– Haqlısan, Əcəmi. – Cəmil təslim oldu. – Bilirsən ki, qış bu il uzun sürdü. Çörəyimiz vədə başına çatmadı, özümü ora-bura vurmalı oldum...

Söhbət ehtiyacdan düşən kim Əcəmi kiridi. Gətirdiyi sovqatı yer-yurd eləyən Zəhra ərinə tərs-tərs baxdı. Cəmil sözünün ardını demədi. Bunu hiss edən Əcəmi çox ehtiyatla soruşdu:

– Yenə mənim bacım nə əziyyət çəkib?

Cəmil səhvini düzəltməyə çalışdı:

– Bilir ki, sən qoyun qatığını çox istəyirsən. Çox gətirməyib, bircə səricdi. Bir az da sac lavaşıdı... Bilir ki, sən təzə buğdanın lavaşını daha çox xoşlayırsan. Nübardı...

– Deyirəm axı, otaq doldu ətirnən, mənim basımın əllərinin ətri də üstəlik.

Əcəminin nəzərləri birdən ona maddım-maddım baxan Zəhranın sifətində ilişib qaldı...

– Zəhra da neçə dəfə məni danlayıb ki, Əcəmi qardaşımı soruşub-eləmirik. – Cəmil əvvəlki söhbətinə qayıtdı. – Düzünü axtarsan, elə özüm istəmirdim səni narahat edəm. Bilirdim ki, başın qarışıqdı. Elə-belə gizli-gizli orda-burda gedən söhbətlərə qulaq asırdım... Məsciddə, karvansarada, kömürçüxanada, nə bilim, zərgər dükanında, kuzəçi yanında deyilənləri götür-qoy edirdim. Bu günlərdə Came məscidinin qənşərində dəbir Asiman Mirzəyə rast gəldim. O mənə hər şeyi ətraflı danışdı...

Cəmil danışanda Əcəminin xəyalı keçmişə uçmuşdu. Onu buna Zəhra məcbur etmişdi. Dəryanurla görüşdüyü günlərdə, şıltaq, zarafatcıl, deyib-gülən bir cariyyə kimi tanıdığı Zəhra indi yaşa dolmuş, ana olandan sonra xeyli oturuşmuş, sifətinə anlaşılmaz bir məsumluq pərdəsi çəkilmiş, gözlərinə hansı bir nigarançılığınsa qayğısı kölgə salmışdı. Ancaq o bu görkəmində bir az gözəl, bir az da cazibədar görünürdü. Anası Badisəbanın bir sözü yadına düşdü Əcəminin: “Qız xeylağı ki, ana oldu, onun sifətinə başqa bir gözəllik qonur...”

...Cariyə qız Dəryanurdan sonra baş şeyxin evində qalmaq istəməmişdi. Ev sahibi də hirslənərək onu qarlı-çovğunlu bir qış gecəsində evindən qovmuşdu... Şaxta qılınc kimi kəsən həmin gecə Zəhra nədənsə Cəmilə pənah gətirmişdi. Somayıllı məhləsinə gedib onun qapısını döymüşdü. Külək qarı sovura-sovura bir yalquzaq kimi küçələri dolaşan həmin gecə Cəmil Zəhraya sidq ürəklə qayğı göstərmiş, sübhə yaxın isə əhd-peyiman bağlamışdılar...

Səhərisi məhəllədəki mehrabda mollaya kəbin siğəsi oxutdurandan sonra cəmil bu kasıb komanın kişisi, Zəhra isə övrəti olmuşdu...

– Asiman Mirzənin danışığından sonra tamam arxayın oldum.

– Cəmil söhbətə ara verdi, Əcəminin fikrini dağınıq görüb bir müddət dinmədi, ancaq Zəhra Əcəminin ürəyindən keçənləri onun ilk baxışından oxumuşdu. O bilirdi ki, Əcəmi onu hər dəfə görəndə Dəryanuru xatırlayır, uğursuz ilk məhəbbəti üçün içəridən yanıb-yaxılır, havayı ötüb keçən gəncliyinə heyifslənir... – Mirzə yenə basıb-bağladı?..

Öz aləmində olan Əcəmi sualına cavab almasa da, təkid etmədi. Zəhra sağ əlinin şəhadət barmağını dodaqlarına yaxınlaşdırıb Cəmilə gizli işarə etdi ki, üstünü vurub bərkinə getmə. Bir az keçsin hər şeyi özü açıb deyəcək. Zəhra düz tapmışdı. Əcəmi əvvəlcə sağ əlinin barmaqları ilə enli qara qaşlarını bir müddət yanlara sığalladı, sonra əlindəki səndəl ağacının ucu ilə gödək qara saqqalını tumarladı.

– Hə, belə-belə işlər. – dedi və birdən elə bil başqa bir aləmdən öz dünyasına qayıtdı: – Anamın qəbrini ziyarət etməyə getmişdim... Axı mən boynuma çətin bir iş götürəndə ana xeyir-duasına ehtiyac hiss edirəm... Və həmişə də qəbiristanlığa gedirəm... Əl-ayaq çəkiləndən sonra anamın qəbrinin aşağısında böyük bir daş var, onun üstündə otururam... Ürəyimdən keçənləri danışıram, o da mənə xeyir-dua verir... Deyərlər: tale səni dünyanın harasına atsa da, gərək öz beşiyini unutmayasan...

Əcəmi bir dəfə səndəl ağacının ucu ilə alnını sakit-sakit qaşımağa başladı. Zəhra Cəmilə baxdı, elə bil demək istədi ki neçə ildir dostluq etməyinə baxma, mən Əcəmini səndən az tanımıram. Axı kişiləri, onların ürəyindən keçənləri oxumaq üçün qadın gözlərində başqa bir həssaslıq var...

– Bəlkə... bir də mənimlə gedək? – dedi Cəmil.

– Yox. – Əcəmi etiraz etdi. – Xeyir-duanı bir dəfə istəyərlər... Mən istədim, o da verdi... Səninlə isə... bundan sonra bir yerdə olacağıq... özü də bilirsən neçə il?.. On il, düz on il. Əsrin onda biri... Bu müddəti Cahan Pəhləvan özü təyin edib. Zəhranın sifətində ötəri bir təbəssüm göründü. Bunu Əcəmi də gördü, Cəmil də.

Zəhra dinməsə də, ürəyindən həm xeyirxah baiskara – Möminə xatun anaya, həm də ev sahibinin atasına – Əbubəkr kişiyə dönə-dönə rəhmət oxudu. Axı Cəmil daha iş dalınca düşməyəcək, bir parça çörək üçün bu gün bir kəndə, sabaha başqa kəndə, bu gün bir şəhərə, sabah başqa şəhərə ayaq döyməyəcəkdi...

– Bəlkə... çıxıb həyətdə söhbət edəsiz, mən ev-eşiyi bir yığışdırım. – Zəhra təvəqqə etdi. Onun bu təvəqqəsində bir bacı qayğısı vardı. Bu, Əcəminin xoşuna gəlsə də, də, öz ev-eşiyində onsuz da xeyli əziyyət çəkən anaya qıymadı.

– Yox, yox, əziyyət çəkmə! – Əcəmi Zəhranın təklifinə qəti etiraz etdi...

– Nə əziyyət! Mənim üçün xoşdur, həm də borcumdu... Bacı qardaşa bəs nə vaxt lazımdır? – Zəhra da sözünün üstündə durdu.

“Bacı” kəlməsini eşidən kimi Əcəminin qaşları düyünləndi, fikrə getdi. Qulaqlarında anası Badisəbanın ölüm ayağında dediyi sözlər təkrar olundu: “Səni tək qoyub gedirəm, oğul... Analar əbədiyyət evinə köçəndə bu dünyada qalan övladlarından nigaran olurlar...

Bircə bacın olsaydı, qəbirdə rahat yatardım... Bilərdim ki, tək deyilsən... Muğayat olanın var, qeydinə qalanın var, bişirib-düşürənin var... Amma nə eləyim, görünür Allah-təala belə məsləhət bilib. Çalış heç olmasa məndən sonra tək-tənha yaşama... Tənhalıq böyük dərddi, oğul...”

– Novruz bayramından qabaq gələndə yığışdırmısan, bəsdi da! – Əcəmi xəyaldan ayrıldı.

– Ay qardaş, o, üç ay bundan qabaq idi. – Zəhra təəssüfləndi və birdən nə fikirləşdisə ərklə əlavə edib dedi: – Bax, deyirəm: bu, ev-eşiyini axırıncı dəfə yığışdırmağımdı!

Cəmillə Əcəmi bir-birinə baxıb gülümsədilər.

Cəmilin xoşuna gələn bu idi ki, Zəhranın məzəmmətini, deyəsən, ev sahibi bu dəfə çox mülayimcə qəbul edirdi...

Həyətə çıxdılar. Hovuz su ilə dolu olsa da, kərdilər çoxdandı ki, suvarılmamışdı.

– Deyəsən, başın daşa-kərpicə o qədər qarışıb ki, gülləri unutmusan? – Cəmil tut ağacına söykənən beli götürdü, hovuzun gilifinə tıxanan kötüyü çəkib çıxartdı, su balaca arxla axıb birinci kərdinin içərisinə doldu.

– Mən gülləri heç vaxt unuda bilmərəm, Cəmil... Güldü, gülüşdü, səsdi, musiqidi, bunlar təbiətin ən böyük möcüzələrdi. Deyərlər hürdüyünə görə iti qurddan ayırıb hörmətə mindiriblər. Səsinin gözəlliyinə görə gül razı olub ki, bülbül onun başına dolansın... Sən kərdiləri suvar, mən də bu yarımçıq işimi qurtarım... Qonşunun uşağına, Rəşidə söz vermişəm. Ona at düzəldirəm... Özü də daşdan. – Əcəmi bir az aralandı və ağacın altında əyləşib balaca daş parçasını tişə ilə yonmağa başladı.

Cəmil suyu ikinci kərdiyə ötürdü, çənəsini belin sarına söykədi, burula-burula axan suya tamaşa etməyə başladı. Cəmilin də dünyada ən çox xoşuna gələn şey su səsiydi... Özü də onun üçün fərqi yox idi – çaydan axan səsdi, ya arxdan... Onun da yadına ev sahibinin anası düşmüşdü. Görünür, bu da səbəbsiz deyildi. Bu balaca, ancaq səliqəli həyətdə hər şey Badisəbadan danışırdı, otaqda olan hər şeydə Badisəbanın nəfəsi duyulurdu. Divara vurulan əlvan naxışlı xalçanın ilmələrində isə elə bil Badisəbanın qayğılı gözlərinin işıqları ilişib qalmışdı... Suya baxa-baxa xəyala getdi.

...Badisəba dulus emalatxanasına girəndə Cəmilin başı öz işinə qarışmışdı. O, palçığı əlində müxtəlif şəkillərə sala-sala yoğurur, gomayıllı cavanların toylarda tez-tez oxuduqları qədim bir mahnının havasını öz-özünə zümzümə edirdi. Mahnının sözlərini adda-budda bildiyindən çox yerdə özündən toxuyur, hətta yerli-yersiz Zəhranın adını da mahnıda vəsf olunan kəkliyin adı ilə əvəz edirdi: “Zəhra harda? Qayada. Ay Ərzüman, Ərzüman...”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 мин
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 мин
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 мин
Ovda

Cahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.

18 мин

Стихи других поэтов