Страница 2 из 2 · 50%

Badisəba qapının çərçivəsinə söykənib oğlunun yaxın köməkçisi və səliqəli şagirdinə xeyli qulaq kəsildi, onun sadə peşəsinə ürəkdən bağlılığından fərəhləndi, xoşu gəldi.

– Sabahın xeyir, oğul...

Cəmilin bütün fikri-zikri ilk baxışdan könlünə yatan cariyə qızın – Zəhranın yanında olduğundan Badisəbanın sözlərini eşitmədi. Badisəba bir az da irəli gəlib sualını təkrar etdi.

Cəmil əlini işdən çəkdi, ustanın anasını başı üstə dayanan görən kimi cəld ayağa qalxdı, təzim edib ədəblə dedi:

– Xoş gəlmisən, Badisəba ana, sabahın xeyir olsun.

Badisəba dinmədi. Cəmil cəld küncdəki narbənd kötüyünü götürüb emalatxananın pəncərəsi qarşısına qoydu, palaz parasını üstünə saldı.

– Əyləş, Badisəba ana...

Badisəba keçib oturdu və nəfəsini dərəndən, emalatxananın içərisini diqqətlə nəzərdən keçirəndən sonra bir az ərklə, bir az da nigarançılıqla xəbər aldı:

– Sən bilirsən ki, dostun bu gecə evə gəlməyib?

Cəmil guya diksindi və birdən bic-bic qımışdı.

Badisəba başını qaldıran kimi Cəmilin sifəti ciddi bir görkəm aldı.

– Badisəba anaya deməyib hara gedəcək?

– Xeyir deməyib... Mən də bərk narahat olmuşam...

– Usta ki, uşaq deyil...

Badisəba onun sözünü kəsdi:

– Mənim üçün uşaqdı... Ana həmişə anadı, oğul. Övladı lap saqqallı kişi olsa da, onun üçün uşaqdı. – Badisəba yavaş-yavaş başını yırğaladı, yanaqlarına tökülən ağ saçlarını yanlara sığallayıb kəlağayının altında gizlətdi:

– Deyəsən, Badisəba ana doğrudan da narahat olub axı?

Allah-təala heç kimi dilə-dişə salmasın... Uşağımı dilə-dişə salıblar... Bir neçə gündü bütün şəhər əhli şeyx Hatibin padşaha bağışladığı hədiyyədən danışır. Hamıya da aşkardı ki, hədiyyəni sənin ustan düzəldib, onun əməlidi... Qorxuram bu xəbər onun bədxahlarının sayını çoxalda.

Cəmil özünü saxlaya bilmədi:

– Nənəm deyər: “Ay mənnən olandan sonra, barmağımın ulduzların gözünə”. Bir halda ki, hədiyyə padşahın xoşuna gəlib, başqaları ha atılıb-düşsünlər, bədxahlıq özlərinə qalacaq! İnan bu qomayıllı balasına, Badisəba ana!..

Badisəba suala sualla cavab verdi, özü də ötkəm səslə:

– Bədxah padşahın özü olsa, necə?

Cəmil onu başa düşmədi, dostunun anasını bu dəfə təəccüblə başdan-ayağa bir də süzdü: “Bu nə danışır?.. O gözəllikdə hədiyyə alan atabəy Şəmsəddin niyə ustadan bədgüman olsun?.. Deyəsən nənəm bunu da düz deyir ki, adam qocalanda ağlı yerindən oynayır, elə ağıllı, təmkinli oğulun anası niyə belə xamxəyala düşüb?..”

– Nə dediniz, Badisəba ana?

– Deyirəm bədxah padşahın özü olsa necə? Eldəgəz Şəmsəddin... Padşahların gözü əzəldən rəiyyətin yaxşı işini götürməz.

– Orası elədi...

Badisəba bu dəfə gözlərini qıyıb xəbər aldı:

– Bilirsən rəis kor Əhsənə niyə qəsd edib?

– Yox... bilmirəm...

– Rəisin çox ədəbsiz bir əməlini görüb... Bağışla ha, sən də mənim bir oğlum... Dili dinc durmayıb, gedib nökərlərdən birinə deyib, o da birinə... Axırda gedib rəisin ən yaxın adamlarından birinin qulağına çatıb... Şeytan da ölməyib ki... Həmişə bizim aramızdadı, kölgəmiz kimi bizimlə qarabaqara gəzir... Rəisin yaxın adamı da bir gün qoyub rəisin ovcuna.. Rəis də hayıf almaq istəyib. Guya şəhərdə şuluqluq salır deyə başından necə vurubsa gözlərinə qara su yenib. Sonra da deyib: “Allahdı, padşahdı, bunların pis işi aşkar olmamalıdı, onu heç kim görməməlidi, görsə də özünü vurmalıdı görməməzliyə. Binəva Əhsən də həmin gündən qapanıb komasına. Səhər çalır, axşam çalır. Camaat əl tutmasa acından ölər. Hə, oğul, böyüklərin əməlindən fələyin özü də baş çıxara bilmir. Dünyanın işləri olub nağıl!..

Badisəba bu dəfə gözlərini yumub başını xeyli silkələdi. Cəmilə elə gəldi ki, onun fikri yayındı və oğlunun gecə harda olduğunu unutdur. Bir azdan sonra ayağa durdu. Badisəba hazır kuzələrdən birini götürüb xeyli baxdı və yenə dərindən ah çəkib qapıya tərəf addımladı.

– Gedirsən, Badisəba ana?

– Hə... arxayın oldum... Sağ ol, oğul, məni nigarançılıqdan qurtardın, amma dostun gələndə de ki, bir evə dəysin.

– Mən ki onun harada olduğunu...

Badisəba onun sözünü kəsib barmağını silkələdi...

– Bilirsən, əlbəttə, bilirsən. Mən deyəndə ki, Əcəmi gecə evə gəlməyib, sən heç narahat olmadın. Bəs necə dostsan onda? Ona görə narahat olmadın ki, bilirsən harada olub gecə... Mən Əcəminin anasıyam ha, gomayıllı balası!..

Badisəba emalatxanadan çıxdı, Sarbanlar meydanına sarı getdi, sonra sola burulub gözdən itdi. “Əcəmi kimi oğulları elə belə analar doğa bilərlər”.

O, ustadı barədə fikirlərini götür-qoy edib qurtarmamışdı ki, Əcəmi gəldi. Şagird ustasına baxıb həmişəki kimi yenə bic-bic qımışdı. Əcəminin sifətində xoş bir təbəssüm görünsə də, yuxusuz və dalğın gözlərindəki yorğunluq dərhal özünü büruzə verirdi.

– Sabahın xeyir, Cəmil.

Cəmil köksünü ötürdü.

– Sənin də xoş keçən gecədən sonrakı ilk sabahın xeyir olsun, usta... Zəhranı da gördün?

– Xeyr, bu dəfə gözə görünmədi... Zəhra ağıllı qızdı, Cəmil... Dost, heç bilirsən həyat nə gözəl şeymiş!..

– Baxır kimə... hələ ki, mən həyatın gözəl olduğunu görməmişəm, usta...

Əcəmi şagirdlə söz güləşdirmək istəmədi:

– Görərsən, vaxt çatar, görərsən! İndi isə iş başına!

– Usta, əvvəlcə... bir evə dəyin, sonra...

– Nə olub ki?

– Narahat olma... heç nə olmayıb... Badisəba ana gəlmişdi... Arvadı da narahat etmisən, usta!.. Badisəba ana təkdi dünyada... Adının yanında “xatun” sözü olmasa da, yüz xatuna, min xatuna dəyən anadı sənin anan, usta!..

...Elə bu vaxt Zəhra qapıda göründü.

– Hə, indi buyura bilərsiz.

Cəmilin çənəsini söykədiyi bel əlindən çıxıb gərdənin içərisinə düşdü və o, dərhal xəyaldan ayıldı...

Əcəmi də yonduğu ağ əqiq daşını tut ağacının bacasına qoyub əllərinin tozunu təmizlədi.

– Nə yaman fikrə getmişdin? – soruşdu Cəmildən.

Cəmilin cavabı çox qısa oldu:

– Heç... elə-belə...

Hər ikisi otağa keçdi. Zəhra səliqəli bir süfrə açmışdı...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Karvan yola çıxır

Axşam idi, qaranlıq bir axşam. Şəhər elə bil indiyə kimi belə bir qaranlığa bürünməmişdi, onun üzərinə belə bir qatı zülmət pərdəsi çəkilməmişdi.Göz-gözü görmürdü. Elə bil kimsə göyə süpürgə çəkib ulduzları təmizləmişdi.

7 мин
Axşam əzanından sonra

Şəhər rəisinin ovqatı son vaxtlar çox təlx idi, qaşqabağı açılmırdı. Züriyyətsizlik, vəsi dərdi yaşa dolduqca onsuz da gödək olan boyunu bir az da aşağı basırdı.Cahan Pəhləvanın şəhərə varid olan gündən göstərdiyi laqeydlik onun gününü göy əskiyə döndərmişdi. İki gündən – bir etdiyi töhmətlərin, dediyi acı sözlərin isə sayı-hesabı yox idi: “Sən mərhum atabəy-əzəmin etimadını doğrultmursan”, “Şəhərdə özbaşınalıqdır, əxiliyə arxa çevirənlər peyda olub... Əsnaf əhli vergi verməkdən boyun qaçırır, “Bədəvilər, rahzənlər¹ oğurluq edirlər, şəhərdən çıxan karvanlara həmlə çəkib soyurlar”, “Başını isə görmək, şəhəri, ona tabe olan kəndləri idarə etmək əvəzinə həmbəzmlərə² qarışıb, mey və zənən düşgünü olub qalmısan... övrətin isə...”

9 мин
Əsrin onda biri

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

11 мин
Ovda

Cahan Pəhləvan bu dəfə ova az adamla çıxmışdı. Məqsədi son vaxtlarda hiss etdiyi baş ağrılarını yüngülləşdirmək, dağ havası ilə nəfəs almaq, sarayın dedi-qodularından uzaqlaşmaq, Həmədandan gələn bəd xəbərləri bir günlüyə də olsa unutmaq idi.Sədəddin Əsəd hökmdarın niyyətindən xəbər tutan kimi ona Əlincə tərəflərə getməyi məsləhət bilmişdi. Bu yerlərin təmiz havasından, sərin bulaqlarından, müxtəlif rəngə çalan dağlarından bildiklərini, eşitdiklərini təkrar-təkrar nəql edəndən sonra “Əlincə qələsinə bir də baxarsız, bəlkə sizin razılığınızla gələcəkdə beytülmalı oradan köçürməli olduq” demişdi.

18 мин

Стихи других поэтов