Страница 1 из 2

Cahan Pəhləvan alnını sol ovcunun içinə qoyub fikrə getmişdi. Bu, hökmdar üçün artıq bir adət halına keçmişdi. O, belə dərin fikrə gedəndə nə barədəsə sərt bir tədbir görəcəyini, yaxud fərman verəcəyini kəsdirirdi.

Qulam içəri girdi və adəti üzrə dinmədi, qəbul otağının aşağısında dayanıb hökmdarın dərin düşüncələrdən nə vaxt ayrılacağını gözlədi. Elə bu vaxt hardansa dəvə karvanının son zınqırov səsləri eşidildi. Görünür, tacirlər Naxçıvan düzündən kifayət qədər yük götürmüş dəvələrini yenə şəhərin içərisinə sürüb culfa yoluna çıxarırdılar. Cahan Pəhləvan bu səsi eşidən kimi alnını ovucunun içərisindən götürdü. Bundan istifadə edən qulam tez baş endirdi və:

– Hökmdar...

Onun sözü tıxanıb boğazında qaldı. Cahan Pəhləvan adəti üzrə sağ əlini yuxarı qaldırdı və sərt bir hərəkətlə onu susmasını işarə etdi. Qulamın elə oradaca yadına düşdü ki, sarayın təzə sahibində karvan zınqırovlarının səsini eşitməyə xüsusi bir maraq vardı. Ancaq bu qara, kor-kobud ərəb bir neçə dəfə baş sındırıb xeyli-götür qoy etmişdisə də bunun sirrini araşdıra bilməmişdi. Hətta dünyagörmüş qocalardan adda-budda eşitdiyi sözləri də yadına salmışdı: “Padşah var ki, atını dədəsindən çox istəyir...”, “Padşah var ki, səhərlər xoruz döyüşünə baxmamış nahar eləməz...”, “Padşah filankəs naharını həmişə ova apardığı tulasıynan bir yerdə yeyərmiş...”, “Padşah filankəs çiynində qızılquş görməyincə bir yerə ayaq basmazmış...”, “Padşah filankəs fərmanlarını bir qayda olaraq qəfəsdə saxladığı bülbüllərin səsini eşidəndən sonra imza edib möhür basarmış...”, “Padşah...”

Qulam atından, tulasından, qızılquşundan, xoruzundan, bülbüllərindən ayrı düşmüş padşahlar barədə eşitdiklərini götür-qoy etdiyi vaxt Cahan Pəhləvan bütün qayğı və fikirlərindən əl çəkib zınqırov səslərinə qulaq kəsilmişdi. O elə bil gözəl bir mahnı dinləyirdi, çünki hökmdarın qəzəbli sifətində müəmmalı bir sevincin cizgiləri özünü büruzə verirdi...

“Bu hökmdarlar da qəribə məxluqdurlar, vallah! Ə, dəvə özü nədi ki, onun zınqırovunun səsi də nə ola! Zın...zınq..zınq...”

Karvan uzaqlaşdı, zınqırov səsləri də itib-batdı. Cahan Pəhləvan başını yavaş-yavaş qaldıran kimi qulam bayaqdan bəri tıxanıb boğazında qalan sözünü tamamladı:

– Hökmdar, memar Əbubəkr oğlu gəlib.

– Əvvəla, vəzarətxanadan Sədəddin cənablarına de bura buyursun. O buyurandan sonra Əbubəkr oğlunu yanıma gətirərsən.

Hökmdarın alnı yenə sol ovcunun içərisinə endi. Qulam baş endirib otağı tərk etdi. Onun çıxması ilə Sədəddin Əsədin otağa girməsi bir oldu. O, adəti üzrə hökmdarı salamladı, onun sağ tərəfindəki kürsüsündə əyləşdi və heç bir sual vermədi. Çünki hələ vəzir tezdən bilirdi ki, Cahan Pəhləvan memar Əbubəkr oğlunu yanına dəvət edibdir.

Qapı açıldı, qulam Əcəmini içəri buraxıb qapıları yenidən örtdü. Əcəmi sol əlini sinəsinə qoyub hökmdarı salamlayandan sonra keçib göstərilən yerdə əyləşdi, nədənsə kuzəçi Dərgah kişinin bir dəfə dediyi sözlər yadına düşdü: “Hökmdar yanına getməyin, düşəri də olar, düşməzi də... Hökmdar dediyin dəyənək kimi bir şeydi, qardaşoğlu... Dəyənəyin də ki, iki ucu olur... Birindən xeyir görərsən, birindən ziyan çəkərsən...”

Cahan Pəhləvan aram-aram danışmağa, özü də nədənsə filosofluq etməyə başladı:

– Biz millətimizin müqtədir, qabil adamlarını daim hifz edib qorumalıyıq. Ona görə qorumalıyıq ki, alimsiz, ədibsiz, memarsız, xanəndəsiz millət olmaz. Hətta kənkansız da, bənnasız da, daşyonansız da keçinmək müşküldü. Amma bir məsələ var ki, hansı sənətin, peşənin ardınca getməsindən asılı olmayaraq sənətkar qabil olmalıdır... Və özünün əsil qədir-qiymətinə layiq görülməlidir. Gəncəli şair Nizami çox doğru deyib ki, insan papaqçı da olsa gərək kamil papaqçı ola. Mən Əbubəkr oğlunu da Nizami kimi qabil bir sənətkar hesab edirəm. Və əminəm ki, gəncəli şairin şer aləmində olan böyük gələcəyi kimi, naxçıvanlı memarın da memarlıqda böyük gələcəyi olacaq. – Cahan Pəhləvan danışığa ara verdi, özünü Əcəmiyə daha yaxın göstərmək üçün səsinin ahəngini dəyişdi: – Hələ mərhum atabəy-əzəm üçün hazırladığın hədiyyənin üstündəki nəbati naxışları görəndə mən bu qənaətə gəlmişdim. O vaxtdan məndə belə bir inam yaranıb ki, ustad Əcəmi həmin hədiyyənin sabah iki dəfə, birisi gün beş dəfə böyüyünü yarada bilər. Və lazım gəlsə bir-iki ildən sonra on dəfə, bir neçə ildən sonra yüz, min dəfə böyüyünü...

Sədəddin Əsəd hökmdarın öz niyyətini çox ustadlıqla, həm də eyhamla bildirməsini o saat başa düşdü və Əcəmini ayıq salmaq üçün bir-iki ağız öskürdü.

– İnsan olmağın birinci əlaməti elə öz həmcinslərinə xidmət etməkdir. Yenilməzlərin, qorxmazların etimadını doğruldanlar ölməzdirlər. Belələri sənə etimad göstərəndə, adını hörmətlə çəkəndə adamın ürəyi, bax, o Elalnı dağı boyda olur! – Əcəmi pəncərədən baxıb uzaqlarda, aydın səmanın altında, tutqun çəhrayı rəngə çalan dağı göstərdi. Hökmdarın da, vəzirin də nəzərləri şərqə, gündoğar tərəfə dikildi.

– Sənətkar üçün dağ azdı, ona daha yüksək zirvə gərəkdi. – Sədəddin Əsəd söhbətə qoşuldu.

– Əlbəttə, böyük hökmdar da, möhtərəm vəzir də haqlıdırlar. – Əcəmi saray sahibinin qabağından qaçmaq istəmədi: – Amma mən Elalnının adını əbəs yerə çəkmədim. Mən bu dağa baxanda yadıma müdrik Qorqud Dədə düşür. Mənə elə gəlir ki, ürəyinə oxşayan bu bağı elə bil kimsə onun sinəsindən çıxarıb və başı üstə bu doğma yurdun bir parçasına salıb. Elə bil kimsə deyib ki, ey Qorqud dədə yurdunun igidləri, heç nədən qorxmayın, böyük bir insanın, ulu bir məxluqun ürəyi həmişə sizin yanınızdadır...

Cahan Pəhləvan memarın şairanə, ancaq müəmmalı sözlərinə, diqqətlə qulaq assa da, soruşdu:

– Sən inanırsan ki, yer üzündə Qorqud dədə adlı müdrik qoca yaşayıb?

– İnanıram. Müdrik adamlar qondarma ola bilməzlər. Mənə elə gəlir ki, Qorqud dədənin ruhu da daim bu yerlərdə dolaşır... Ləyaqətli adamları heç vəchlə məcbur etmək olmaz ki, yaxşını “pis” kimi, pisi “yaxşı” kimi qələmə versinlər... İnsan oğlu öz əməlinin övladıdır. Sözün doğrusunu de, atını min çap... sənə zaval yoxdur. Ata-babaların bizə vəsiyyəti belədi, hökmdar.

– Deyəsən, Əbubəkr oğlu bu gün filosofluq etmək niyyətindədi? – Səddəin Əsəd söz atıb gülümsədi.

– Qoy danışsın... Bu yerlərin sadə adamlarından da müdrik söz eşitmək mənə xoş gəlir.

Əcəmi Cahan Pəhləvanın dediklərindən razı qalsa da, vəzirin sözlərini də cavabsız qoymadı.

– Əgər vəzir cənabları həqiqətən danışanda onu filosofluq adlandırırsa, qoy o deyən olsun. Amma mənim istədiyim odur ki, qoy ayılsın qəflət yuxusundan insan, çünki o hər şeyə qadirdir, bütün varlıqlardan ucadır. Çünki həm güclüdür, həm də qabil, həm zəkalıdır, həm də qüdrətlidir. Ona rəva görmək lazım deyil ki, ağlına xəyanət edib yalanlara inansın, müti olub naqislərə boyun əysin.

– Belə çıxır ki, Əbubəkr oğlu insanlar arasında heç bir fərq qoymur?

Cahan Pəhləvan memarın qəribə mühakimələrinə maraq göstərdi və vəzirə baxıb gülümsədi.

– İnsanlar arasındakı düzlüyü və əyriliyi, aqilliyi və nadanlığı biz özümüz yaradırıq, əfsanələrə inansaq, biz hamımız bir babanın – Adəmin, bir nənənin – Həvvanın törəmələriyik... Buna görə də təbiətin nəyi varsa onun övladları arasında bərabər bölünməlidir... Xeyirxah, aqil atalar öz var-dövlətlərini övladları arasında tən bölüblər. Özləri də bölməyə vaxt tapmasalar, dünyadan köçəndə belə vəsiyyət ediblər: “Nəyim varsa düz bölün, dədə malı kimi!..” Dostum Nizaminin də belə bir kəlamı var: “Öylə bir ixtiyar olsaydı məndə, qoymazdım bəndəyə möhtac bir bəndə...”

Sədəddin Əsəd bu an imkan tapıb Əcəmiyə başı ilə işarə elədi ki, daha danışma, hökmdarın yanında diligödəklər, başını tez-tez sinəsinə endirənlər, yalana da, doğruya da, “bəli, bəli” deyənlər udublar həmişə...

Cahan Pəhləvan taxtında yanını dəyişdi. Sol əlilə gödək saqqalını sığalladı və heç nə demədən susdu. Və birdən əlini əlinə vurdu. Qulam bir göz qırpımında qapının ağzında hazır oldu.

– Denən yemək otağında yaxşı bir süfrə açsınlar... Mən bu gün ustad Əcəmiylə birlikdə nahar edəcəyəm!

Qulam heç nə demədən baş endirib getdi. Nahar edənlərin sırasında adı çəkilməyən vəzir:

– Mən... mürəxxəs ola bilərəmmi, hökmdar? – deyib ayağa qalxdı.

– Əyləş... Fərman hazırla. Dövlət adından. – Cahan Pəhləvan fərmanın qısa məzmununu dedi: – Möminə xatun ananın sərdabəsinin, daha dürüst desək, qəsr-abidənin tikilişinə başlansın. Bu tikiliş üçün beytülmaldan lazımi qədər vəsait ayrılsın... Ümumi qaydadan kənar, müstəsna olmaq şərti ilə, onu tikənlərə çəkilən xərcin beşdə biri qədər yox, dörddə biri qədər... zəhmət haqqı ödənilsin. Məqbərənin özülünün qoyulması gələn həftənin pəncşənbə günü icra edilsin. Və sərdabə...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üz-üzə, göz-gözə

...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”

16 мин
Dərban və mühafiz (payız söhbəti)

– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.

9 мин
Xeyirxahlıq

Yay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...

10 мин
Zaman – nəhrdir

Bir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...

3 мин

Стихи других поэтов