Страница 1 из 2

– Ə, nətərsən, ə?

– Necə olacağam? Demək olar ki, pisdən pis.

– Ə, niyə, İman?

– Belə də gün-dirilik olar, Duman? Batıb getdik ha!

– Yenə nə olub, ə?

– Nə olacaq, qaradan da betər rəng? Nə ev-eşik üzü görürük, nə arvad-uşaq... Səfərdə olan bəzirganları keçmişik. – Gödəkboy dərban oyalandı, burnunu çəkib sinəsini qaşıdı.

– Ə, yoxsa kənddən sarı darıxırsan?

Darıxırsan da sözdü? Rəsmən burnumun ucu göynəyir.

– Ə, elə demə, İman, sən mənim canım! Ürəyim sızladı. Dərdimi təzələmə. Sən elə nisgilli danışanda mənim də yadıma kənd düşür.

Səhər-axşam bu saray divarlarının dibindəyəm, sağa-sola, qabağa-dala gedib-gəlməkdən lap bezikmişəm. Dönüb olmuşam kəca və atı. Mühafiz gözlərini bir nöqtəyə dikib, siçanquyruq bığlarını eşdi: – Ola rahat bir hücrə, xalçadan, kilimdən salınmış bir yer... Qolunun altında qotazlı mütəkkə... Qabağında da açalar təmiz qələmkar dəstərxan, üstündə də ləziz-ləziz yeməklər. Ortaya da qoyalar bir kuzə yaxşı şərab... Hökmdar içənin özündən... Və sənnən də əyləşə üz-üzə bir afət...

– Hacı, salamməleyküm... Qatıq töküldü...

– Ə, sən, zarafat elə, İman! – Mühafiz də şirin-şirin xəyallardan ayrıldı, yenə giley-güzara başladı: – Ə, yoxsa bu da bir kişilikdi? Yenə sən divarın içəri səmtindəsən. Amma mən saraydan çıxan, saraya gələn ərkan adamlarının qabağında o qədər quruyub durmuşam ki, lap dönüb olmuşam bel sapı. Bir zənən xeylağı dönüb gözünün ucuynan da mənə baxmır. “Yamana, ay yamana, Oxu qoyduq kamana. Eşşəklər arpa yeyir, At həsrətdi samana...”

– Hövsələmizə soğan doğrama görək, sən Allah! Görmürsən yaz gəlib! – Dərban yenə sinəsini qaşıdı.

– Ə, İman, kasıba nə yaz, nə yay?..

– Elə demə, Duman. Kasıbın yazda dərdi-səri azalır. Daha fikir eləmir ki, arvad-uşaq ac qalar. Niyə də ac qalsın? Səhər çıx kövşənə, nə qədər istəsən yığıb gətir pencər-püncəri. Qazayağı, şomu, xatınbarmağı, cincilim... Qaynat, tök uşağın qabağına...

– Ə, elə demə, İman, bəni-adam çörəksiz dolana bilməz...

Bir müddət heç biri dinmədi. Dərban sarayın əsas darvazasının içəri üzündəki balaca köşkün taxçasına qoyduğu bağlamanı gətirib açdı.

– Demək olar ki, haqlısan Duman. Çörəksiz kişinin başı qonşu yanında həmişə aşağı olar. Çörəksizlik kişini arvad-uşaq yanında da xəcil edər... Yaxın gəl, adama bir tikə çörək yeyək. – Bir neçə sac lavaşı və bir dəstə göy soğan çıxartdı, dəstərxanın bir ucundakı düyünü açıb soğanın üstünə duz səpdi.

Mühafiz dedi:

– Ə, İman yaz gələndə adamın könlünə bilirsən nə düşür? – Özü də cavab verdi: Bulağın gözündən dərilən qaragöz yarpız, Arazın qırağından, qamışlığın içindən bir-bir yığılan mərəsöyüd. Təzəcə mayalanıb quyruq kimi tir-tir əsən qoyun pendiri, özü də qara qoyunun südündən. Bir də cil-cil toyuğun yumurtası! Bəh, bəh!..

Dərban onun sözünü kəsdi:

– Duman, nağdını qoyub nisyənin dalınca qaçma. – Əbasının cibindən tütün kisəsini çıxarıb demisini doldurdu, sonra çaxmaq daşının üstünə qov qoydu, ancaq nə fikirləşdisə yandırmadı.

Mühafiz nizəsini divara söykədi, başından məxfərini götürüb köşkün balaca pəncərəsinin yanına vurulmuş çubuq mıxdan asdı, əlilə siçan quyruq bığlarını eşdi, daz başındakı bir qom tükə tumar çəkib boynunun ardına aşırdı. Sonra soğan dürmələyib iştahla yeməyə başladı:

– Ə, İman, deyirəm yaxşı ki, sən varsan, yoxsa Kəniseyi Babək haqqı lap ürəyim partlayardı. Yenə axşamlar hərdənbir hənirtini eşidib yalqızlığımı unuduram.

– Elə demə Duman. Elə mən də sən gündəyəm. Demək olar ki, iti yalağın yanına bağlayan kimi məni də gör neçə ildi bağlayıblar bu darvazanın astanasına. Oturmaqdan yancaqlarım döyənək olub. Bəni-Eldəgəzləri, onların xəlvətiyyəsinə mənsub olanları görən kimi durub-oturmaqdan qılçalarımın suyu çəkilib. Gələnə baş əy, gedənə baş əy... Darvazanı aç, darvazanı ört. Lap zəndeyi-zəhləm gedib. Cariyə qaçır – cavab ver. Hələ bəxtim orda kəsdi ki, o həyasız Cahannur saraydan pişxidmət Xəlillə çıxıb, yoxsa indi hardaydım, özüm də bilmirəm.

Mühafiz əli ilə gözlərinin yaşını sildi:

– Ə, bu soğan lap zəqqum kimidi ki!..

Dərban mühafizin sözünə əhəmiyyət vermədi:

– Görürsən saray nə yatıb? – Keçə papağını götürüb dizinə keçirdi, bir barmağının dırnağı ilə əmgəyini qaşıdı.

– Ə, kim də yatsa, – mühafiz soğanı dürməyin arasından çıxarıb konara atdı, – heyvərə Həsən yatan deyil. Güdükçüləriynən, xəbərçilərinnən, qulaqçılarınnan indi rəbat itləri kimi ora-buranı sümsünür. Axı adam satmaq üçün, onu-bunu güdaza vermək üçün, dəyyus rəsmən yerikləyir. – Mühafiz bir an fikrə getdi. – Dədəmin durnaboğaz bir dayısı vardı. Adına uzundraz Nəcəf deyirdilər. Uzundraz Nəcəfin də ciyəri yanmış bir övrəti vardı. Adına gəzəyən Narış deyərdilər... heç bilirsən dədəmin dayısına nə eləyirdi? Elə ki, başladı yerikləməyə, düşərdi kəndi qapı-qapı gəzərdi. Hansı həyətə girdi, deyərdi: “Aaz ey, ciyəri yanmış, bucağınızdan bir pay gətir, qoy uşaq sənə oxşasın”. Hərə də əlindən qopanı verirdi. Biri deyərdi: Narış qoy mənə oxşasın. o biri deyərdi: “Narış, qoy mənə bənzəsin”. Qarnı cırılmış Narış da qapıları beləcə gəzə-gəzə düz on üç qız doğdu, hamısı da uzundraz Nəcəfə oxşadı. Birini də alan olmadı. İndi də heyvərə Həsən. – Mühafiz lavaşından yaxşı bir dürmək də tutdu. – Hə, belə-belə işlər, İman... Ə, bir də bilirsən kim oyaq olar?

– Kim? – Dərban demisini yandırıb bir neçə qullab vurdu.

– Şəhər rəisinin qısır arvadı Nəsrin xatun. – Mühafiz bic-bic göz vurub güldü.

– Qoy görək, sən Allah! – Dərban bu dəfə demisinin tüstüsünü daha dərindən sümürüb sinəsinə çəkdi.

– Ə, düz sözümdü! – İnan mənə, sən mənim canım! Dəyyusun qızı kişi görəndə, bax, o şam kimi əriyib gedir. – Mühafiz balaca taxçadakı şamı göstərdi. – Xoşuna gələni az qalır Batabat baldırğanı kimi soyub lüt qoya. Deyirlər onu da deyib ki, mənə kişi gərəkdi... İstər şah olsun, istər gəda. Bu şərtlə ki, qüvvətli qolları olsun, isti sinəsi olsun, hərarətli dodaqları olsun, orama-burama uzanan əlləri olsun... Elə kişi var başımı verərəm, elə kişi var başını vuraram. Uf da demərəm əfəl kişilər üçün... İnanmırsan? Ə, beləcə deyib, Kəniseyi-Babək haqqı!

– Bu çox ağ oldu..

– Ə, mən gördüklərimi, eşitdiklərimi danışıram sənə, İman... bu dəyyus qaraulbaşının özü... bir neçə dəfə məni çağırıb qaravulxanada öz yerinə qoyub. Mən də demişəm bə mənə etibar edib... sonra öyrənmişəm ki, sən də yatandan sonra özünü verir Nəsrin xatunun yanına, soxulur təxti-xabına...

– Nə deyim, ay Duman...

– Mən inanıram. Ə, sərban dəvəsinin ovsarını əlindən buraxmayan kimi dəyyusun qızı da əlinə düşən-kişini buraxmır... Deyirlər: deyib ki, mənim bu kişilərnən davam qiyamətəcəndi. Necəki, nəfəsim gedib-gəlir, gərək diz çökdürəm onları qarşımda bir-bir! Hələ onu da deyirlər ki, bir vaxt Əcəmiyə vurulubmuş... Azca qalırmış kişini yoldan çıxarsın, amma Əbubəkr oğlu usta çıxıb, ətək ələ verməyib.

– Anqırsın tayını tapsın! – Dərban deyindi. – Əbubəkr oğlu ifallı, abırlı adamdı, elə bihəyalara üz verməz. Elə də xam-xam danışırsan ki, guya bu sırtıq saray xanımlarını tanımırsan!..

– Ə, elə tanıdığım üçün danışıram da!.. Görmürsən Şərur məliki Oğuz da son vaxtlar rəisgilə ayaq açıb... İki günün bir günü qonaq gəlir, onları qonaq aparır... Deyəsən, dəyyusun qızı məlikin də saqqızını oğurlayıb...

– Elə danışırsan ki, gərək onu atalar itlərə ki! – Dərban əsəbləşdi:

– Bilirsən, bir əmirin övrəti başlayır əyri yola getməyə, özü də Nəsrin xatun kimi qısırmış... Yeyib-içib harınlayıbmış... Bunu bilən əmir hökm verir ki, bütün zinətlərini üstündən çıxardın – qızıl küşvərəsin də, sinəbəndin də, bazubəndin də, zümrüd xalxalların da... Xataydan, atlasdan, ipəkdən, qanovuzdan tikdirib geydiyi bütün paltarlarını soyundurun, qızıl darağını, güzgüsünü, hərəmisini, araxçınını əlindən alın, hənasını, irasığını, qımızını zibilliyə tullayın... Bircə dəst köhnə qaravaş paltarı geyindirib aparın qul bazarına, özü də kim istəsə müftəcə verin götürüb aparsın. Və deyin ki, niyə müftə veririk... Bir gün də sənin Nəsrin xatununu beləcə edərlər, Duman.

– Ə, elə demə, İman. Sən mənim canım! Heyifdi!.. Bir dəfə yasəmən rəngli Təbriz ipəyindən tikilən çələbiyyəsində görmüşəm o afəti... Hörüklərinə vurduğu qaliyə¹ də par-par yanırdı... Ağzım bir həftə açıla qalıb. Ə, İman, həqiqi sözümdü. Gecələr burada gəzişəndə gördüm darvaza harda qalıb, mən gedib haralara çıxmışam... – Mühafiz siçanquyruq bığlarını eşdi: – Bu gün-sabah havalar qızacaq, iydələr də çiçəkləyəcək... Gəl onda bu cariyələrin, lap elə rəisin qısır xanımı Nəsrin xatunun qabağında dur görüm, necə durursan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dərban və mühafiz (yay söhbəti)

– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!

14 мин
Yurdun qədim məkanlarından biri

Cahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.

20 мин
Məsciddə

Naxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...

11 мин
Boz rəng

Gün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...

8 мин

Стихи других поэтов