Dərban və mühafiz (yaz söhbəti)
Страница 2 из 2 · 50%
– Duman, iydə dedin, kəndimiz gəldi durdu gözümün qabağında. Bizim yerlərin yazı, baharı həqiqətən gözəl olur... Bir azdan gül gülü, bülbül bülbülü çağıracaq. – Dərban yenə bir-iki qullab vurdu. – Körpə quzular, çəpişlər çəmənlikdə hoppanacaqlar, ora-bura dırmaşacaqlar... Çobanlar tütəklərini dilləndirib gözəl-gözlə havalar çalacaqlar, xanımxatın gəlinlər ağlı-qaralı qoyunları sağıb südünü badya-badya alaçıqlara daşıyacaqlar... Gözəl-gözəl qız uşaqları ətək-ətək quzuqulağı, yemlik, çaşır yığıb gətirəcəklər. – Demisinin söndüyünü görüb, külünü boşaltdı, cibinə qoydu. – Bəh, bəh! Hardasan, qadasın aldığım ulu dağlar, axarlı-baxarlı dərələr, başına dolandığım coşğun çaylar, durna bulaqlar? Demək olar ki, düşdü yadıma hamısı, ay Duman!
Mühafizin ağzı açıla qalmışdı, tikəsini də udmamışdı, yarımçıq dürməyini də, divara söykədiyi nizəsi kimi, ovcunda bərk-bərk tutub farağat dayanmışdı:
– Ə, danış, İman, sən mənim canım!.. Heç bilməzdim ki, sən belə yaxşı-yaxşı danışırsan!..
Dərban söhbəti dəyişdi:
– Ozanlar demişkən, elə birdən cuşa gəldim. Di yaxşı... ye görək.
– Süfrənin qulağından tutub mühafizə tərəfə çəkdi. Bir müddət heç biri danışmadı. Birdən bayırdan nə isə bir səs gəldi.
¹ Müşk və ənbərdən hazırlanan bəzək yağı
Mühafiz təzəcə su süzdüyü camı yerə qoyub özünü cəld bayıra atdı və tez də qayıtdı:
– Çor dəymiş südümü qaçırdı, dedim bə qaravulbaşıdı. Yoxsa gözünü yumub ağzını açacaqdı: “Zındıqoğlu, hara getmişdin? Zındıqoğlu, niyə qayda-qanunu pozursan?..”
Dərban soruşdu:
– Neçə dəfə istəmişəm xəbər alam, yadımdan çıxıb... Qaravulbaşı niyə sənə Zındıqoğlu deyir?
– Nə bilim! – Mühafiz çiyinlərini çəkdi. – Deyirlər guya babamın babası xürrəmilərə yaxın olub...
– Daha sözüm yoxdu. Dərban sözü dəyişdi. – Bəs eşikdən gələn səs nə idi?
– İt idi... rəbatlardakı yiyəsiz itlərdən.
Hər ikisinin üzündə təbəssüm göründü.
– İtnən dilənçi əlindən tərpənmək olur ki?
– Ə, İman, it dedik, itim yadıma düşdü. Bizim alabaşı deyirəm, sənin canın üçün həyətdən çölə buraxsaydın, yəqin ki, qurd basardı... Özü də çox vəfalı heyvandı... Mən qaçardım, o qovardı, o qaçardı, mən qovardım... Qışda həyətimizə yağan qarı ikimiz ayaqlayıb bərkidərdik. – Mühafiz köks ötürüb dərindən ah çəkdi: – Hə, belə-belə işlər!..
Dərban qarnını tutub güldü:
– Oyunun olsun, ay Duman.! – Nədənsə onun daz başına, çənəsi aşağı sallanan siçanquyruq bığlarına, vaxtından tez qırışıb mütənasibliyini itirən sifətinə dönə-dönə baxdı. Mühafiz də nə fikirləşdisə məxfərini götürüb başına qoydu.
Dərban söhbətini dəyişdi:
– Duman, xəbərdən xəbərin var?.. Deyirlər Əbubəkr oğlu Atabəy Məhəmmədlə şərt kəsmək istəyib...
– Ə, yox, eşitməmişəm. – Mühafiz gözlərini bərəltdi.
– Deyib ki, atabəy Məhəmmədə deyəcəyəm: Georginin üstünə qoşun yeritsin, Möminə xatun ananın qəbri üstündə türbə tikən deyiləm.
– Ə, sən də inanırsan, İman? Padşahnan şərt bağlamaq olar? Tikməz, o da cəzalandırar, saldırar zindana!..
– Saldıra bilməz. İndi Atabəy Məhəmmədin, ona işi düşüb, Əcəminin ki, ona işi düşməyib. – Dərban yekə-yekə əlavə etdi: – Alimdi, şairdi, memardı, istəsə şahı hər cür igidliyə təhrik edə bilər.
– Ə, nə deyim?
– Xəbərdən xəbərin var ki, Əli Şimşək yenə dinc oturmur?
– Nə eləyib ki,
– Rəisin adamlarına divan tutub. Deyib ki, Xanəgahın da, ona qonşu kəndlərin də camaatı vergi-zad verməyəcək. Gedin, başınız bədənizə ağırlıq eləməsin, yoxsa qulağınızı kəsib qoyarıq ovcunuza...
– Ə, Əli Şimşək də başını qoyub ətəyinə...
Söhbətə ara verdilər. Dərban yenə burnunu çəkib sinəsini qaşıdı:
– Onu da eşitmisən ki, mələkə Zahidə xatun Təbrizə varid olub?.. Bu gün-sabah gəlir bura. Özü də ərindən icazə almadan kəcavəsini birbaşa, heç yerdə dayanmadan sürdürür Naxçıvana... Deyirlər bu da Atabəy Məhəmmədin xoşuna gəlməyib. Amma Zahidənin belə-belə günahlarından həmişə keçir. Demək olar ki, bu dəfə də keçib. Çaparlar göndərib ki, culfaynan Mərənd arasında xatunu qarşılasınlar. Deyirlər ki, guya mələkə balaca xatunu da gətirir. Atabəy Məhəmmədi məcbur eləyəcək ki, qızı Cəlaliyyəni Naxçıvana iqtadar təyin eləsin.
– Vəssalam! – Mühafiz əlini dizinə çırpdı: – Ə, İman, deyərlər: iş ki, düşdü arvada, ölən günü sal yada... Nəfsləri də ki, kişilərinkindən qat-qat artıq. Görmədin bunların yanları dəlinmiş nənələri Həvva nəfsinin ucbatından yazıq Adəmin başına nə oyunlar açdı? Kişini yoldan çıxarıb gül kimi cənnətdən qovdurmadı?.. Hə, belə-belə işlər!
– Hə də, ərkəklərindən bay olmuşuq, qalmışdı dişiləri! – Dərban da mühafizin sözünə qüvvət verdi. – Deyirlər mələkə gələndən sonra Möminə xatun ananın qəbrinin yanlarında him açılacaq, Atabəy Məhəmməd həmişə şəhərin baş zərgərlərinin çəkdiyi çoxlu qızıl sikkə atacaq, sonra da tikiliş başlayacaq. Çox böyük bir sərdabə tikiləcək, Şeyx Yusifin sərdabəsi onun yanında heç bir şey. Qoz yanında fındıq...
– Ə, İman, varlığa nə darlıq. Padşahımızın var-dövləti ayaq tutub yeriyir. Deyirlər, sanamaq da olub müşkül iş... Bizim kimi soğan-çörək yemir, barmağının kirini sormur ki? – Mühafiz yana-yana deyindi, sol əlinin barmaqlarını bir-bir büküb əlavə etdi: – İlxı-ilxı at-qatır... naxır-naxır öküz-inək, buğa-buzov... sürü-sürü öyəc-qoç, qoyun keçi, quzu-çəpiş... xalisələrin¹ də iqtaların da, necə deyərlər, bir ucu Məğribdə, bir ucu Məşriqdə. Elə buna görə gürcü padşahının elçisinə deyib ki, hünərini görüm sizin Georginin, Naxçıvan tərəfə dönüb gözünün ucuynan baxsın. İlxılarımdan beş min köhlən at ayıraram, üstünə də beş min tərlan kimi oğlu mindirərəm, özüm də ağ kürənin belinə qalxıb düşərəm qabağa, onda kişidi gəlsin mənimlə döş-döşə. Onun yanından ikinci bir Georgi çıxarmasam, nə Atabəy Şəmsəddinin belindən gəlmişəm, nə də Möminə xatunun südünü əmmişəm!
¹ Geniş torpaq sahələri
– Amma mən onu bilirəm ki, quyu qalır, su axır...
Bu dəfə köşkdə sükut uzun sürdü. Mühafiz pəncərədən bayıra boylandı:
– Ə, İman, gör nə gözəl ay doğub, hər şey süd kimi ağappaqdı.
Dərban onun sözünü təsdiq etdi:
– Demək olar ki, bu gün ayın hilal çağıdı...
Mühafiz köks ötürdü və birdən yanıqlı bir səslə bayatı dedi:
Mən aşıq, sirdaşım var,
Torpağım var, daşım var.
Arazın sularında
Mənim də göz yaşım var...
Kimsə mühafizi səslədi.
– Duman, deyəsən bu qaravulbaşıdı..
– Ə, düz deyirsən, İman. Gəldi yenə dəyyus oğlu, dəyyus! – Mühafiz bir göz qırpımında özünü eşiyə atdı.
Dərban süfrəni büküb təam duası oxudu...
Uzaqlarda, dağların arxasında göy guruldadı. Arazın o tayında şimşək çaxdı. Bir azdan yaz yağışı başladı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-derban-ve-muhafiz-yaz-sohbeti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis!
Yurdun qədim məkanlarından biriCahan Pəhləvan Təbrizə girmədi, hava isti olduğu üçün gecəni yol gələn qoşuna sübh tezdən əmr verib Ruindəj qalasının ətrafındakı düzənlikdə əyləndirdi.Az vaxt ərzində çadırlar quruldu, atlar yançidar olundu, başlarına torba keçirilib örüşə buraxıldı. Ocaqlar qurulub qazanlar asıldı. Qoşuna səhər yeməyi üçün dinclik verildi.
MəsciddəNaxçıvana saraydan mürasilə gəlməsə də, Əcəmi Cahan Pəhləvanın Təbriz hakimi üzərindəki qələbəsindən xəbər tutmuşdu və bunu Azərşəhrdən gəlib Çuxur Sədə gedən elə bir adam danışmışdı ki, ona inanmaq olardı. Bu xəbər qan tökməyin, dava-dalaşın düşməni olan, sakit təbiətli memarda xoş bir sevinc doğurmuşdu.Evdə otura bilmədi, küçəyə çıxdı, Atabəylər meydanına gəldi. Gün əyildiyi üçün gözünə gəlib-gedən dəymədi. Came məscidinin qənşərinə çatanda ayaq saxladı. Məsciddə günorta namazı çoxdan qurtarmışdı. Baş şeyx Hatib ibn Mübarək evinə getməyə hazırlaşırdı. O, əlindəki Quranı öpüb gözlərinin üstünə qoydu, sonra minbərdə yer elədi, məscidin hücrələrini gözdən keçirdi, heç kim yox idi. Bir az əvvəl buradakı hay-küydən əsər-əlamət qalmamışdı. Kürəyinə zəncir vuranlar, sinələrinə döyə-döyə haray-həşir salanlar dağılışıb evlərinə getmişdilər. Əcəmi birdən qapını açıb içəri girdi. Hatib ibn Mübarək özünü itirən kimi oldu. Bildi ki, Əbubəkr oğlunun bu gəlişi səbəbsiz olmaz. Buna görə gözlədi ki, görsün o nə deyir – Əcəmi isə bilirdi ki, baş şeyxi hələm-hələm söhbətə sövq etmək o qədər asan iş deyil. Əvvəlan, “Allahın xidmətçisi” hər adamla söhbət etməyə həvəs göstərmir, ikincisi, baş şeyx Dəryanurdan sonra Əcəmidən uzaq gəzməyə, onunla üz-üzə gəlib kəlmə kəsməməyə ciddi təlaş göstərirdi...
Boz rəngGün əyilmişdi. Payız günəşi tala-tala boz buludların arasında gah itir, gah görünürdü. Bir azdan Ağrı dağının arxasına enəcəkdi, üfüqdə ancaq bir parça qızartısı qalacaqdı. Bu parça da sonra bir qırığa dönəcəkdi...Dağlara yavaş-yavaş qaranlıq düşəcəkdi... Keçmə payızın axşamından: qəmli-qüssəli, hüznlü-kədərli, səssiz-səmirsiz...
Стихи других поэтов
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
“Ey zahidi-bizövq o məscid ki, sənin var”Ey zahidi-bizövq o məscid ki, sənin var,Olsaydı mənim, mən onu meyxanə edərdim.
گر پخته نصیب پختگان استما سوخته ایم جام در ده