Страница 1 из 3

Cahan Pəhləvan sərdabənin açılışından sonra xəstəliyindən Həmədana dönməmişdi. Şirazlı təbibi-xünkarın dedikləri düz çıxmamışdı: hökmdar bimarü-rəncur idi. Sarayda da, şəhərstanda da, söz-söhbət gəzirdi ki, şahın halı gün-gün xarablaşır.

Hökmdarın xəstələnməsi, atabəy-əzəmdən sonra üz-gözləri öyrəşmiş vəliəhdin onları əbədilik tərk etməsi ehtimalı bir sıra məliklərin, sarayın xəlvətiyyəsinə yaxın olan varlıların ciddi narahatlığına səbəb olmuşdu. Sarayın daxilində də bayırında da söz-söhbətə bir an belə ara verilmirdi:

– “Yəqin ki, qardaşını yerinə vəsiyyət edər...”, “Mən bu əqidəyəm ki, oğlanlarından birinə etibar edər taxt-tacı...”, “İnanmıram, oğlanları fərsizdir...”, “Bəlkə türk qızının doğduğuna bel bağlaya, Əbubəkrə?”, “Deyirlər çox istəyir həmin vəliəhdi...”, “Qardaşlar səlcuq sultanları kimi bir-birilərinin qəsdinə durmasalar yaxşıdı...”, “Taxt-tac çox köpəkoğlu şeydi”. “Ən böyük iştəha İnanc xatunundur deyirlər... Hələ onu da deyirlər ki, nə Mahmuda, nə də Əmir əmirana ülya-mələkə qalanda belə yerikləmirmiş, nəinki indi taxt-tac üçün yerikləyir...”

Sarayda isə hamı özünü bikef aparır, damağı aşağı gəzib dolanırdı. Gizli-gizli bir-birinə qaş-göz eləyənlər də, təkliyə düşən kimi pıçıldaşanlar da yox deyirdi...

İnsanın ölümünə, kim olur-olsun, sevinmək, onun işıqlı dünyadan köçməsinə şad olmaq ən rəzil, ən namərd işlərdən biridir. Amma şahların, padşahların ölümünə sevinənlər də olur. Bəzən belə ömürlər bir millət üçün toy-bayrama da çevrilir.

Bu da şahların, padşahların bir bədbəxtçiliyidir...

Yer üzünə hələ elə hökmdar, elə rəyasət sahibi gəlib-getməyib ki, onun ölümünə bütün bir ölkə həqiqətən yas tutsun, bütöv bir millət kül halında onun hüzuruna dursun, ondan ötrü sidq-ürəklə göz yaşı töküb qəm-qüssəyə batsın...

Bu da hökmdarların, rəyasət sahiblərinin bir bədbəxtliyidir...

Sədəddin Əsəd bunları fikirləşdikcə qəlbi üşənirdi, saray sahibinin verəcəyi son hökmü səbirsizliklə gözləyirdi. Amma necə? Nə təhər? Heç vəchlə bir qərara gələ bilmirdi. Qalmışdı odla su arasında. Qulağı daim səsdə idi. Günlər isə bir-birini əvəz edirdi.

Elə bu vaxt dəbir içəri girib xəbər verdi ki, Əbubəkr oğlu sağ-salamatdır. Hər şey yaxşı olub...

Sədəddin Əsəd özünü saxlaya bilmədi, ayağa durub onu qucaqladı:

– Mərhəba, dəbir! – dedi. – Hökmdar şübhələnməsə yaxşıdır...

Eşikdə külək yalquzaq kimi uğuldayırdı. Yazın ilk həftələrinə məxsus sazaq adamın iliyinə işləyir, əlini, üzünü dalayırdı. Bəlkə də buna görəydi ki, adamlar küçələrdən şər qarışana kimi çəkilib getmişdilər.

Şəhərdə tam sakitlik idi.

Cahan Pəhləvan axşamlar əmr etmişdi ki, onu tək buraxsınlar. Hamı da xəstə hökmdarın dediklərinə tabe olmuşdu... Hətta təbibi-xünkara da demişdi ki, gedib dincəlsin.

Onu da əlavə etmişdi ki, guya özünü yaxşı hiss edir, lazım olsa həbəş qulam onu gəlib çağırar; onu da demişdi ki, bəlkə heç çağırmaq lazım olmadı. Təbibi-hünkar da şübhəli-şübhəli fikirləşmişdi: “Deyən qafil deyil, dedirdən qafildir...”

...Hökmdar arvadları İnanc xatunu da, Qüteybə xatunu da qardaşı və oğlanları ilə Həmədana, Təbrizə yola salmışdı. Yanında Zahidə xatunu və Cəlaliyyəni saxlamışdı.

Ağrıları sakitləşib azacıq ara verən kimi nədənsə övrətləri barədə xatirələri beyninə doldu. Axı kişiyə öz ömür yoldaşından yaxın adam olmur. Əlbəttə, ömür yoldaşı bir olsa...

“...İnanc xatunla elə-belə yaşadım. Ürəklə yox, bədənlə... o da bunu qandı, başa düşdü. Mənə həm uşaqlarının atası kimi baxdı, həm də öz atasını məğlub edən bir cəngavər kimi... Ürəyinin dərinliyində mənə qarşı bir kin-küdurət də gəzdirirdi həmişə... Əlinə fürsət düşsə inanmıram ki, alar atasının intiqamını məndən... Məndən ala bilməsə də qardaşımdan, türk qızından, anaları kəniz olan övladlarından mütləq alar... Yatağa girəndə nə qədər mütidirsə, əvəz çıxmanda bir o qədər qəddardır. Sevməyi də bacarır, nifrət etməyi də... Güləndə ürəkdən gülür zalımın qızı, ağlayanda da ürəkdən ağlayır. Kəsməyinə isə söz ola bilməz: cəllad kimi kəsir xəlifeyi-ruyi-əzminin nəvəsi... Var-dövlət üçün sinov gedir, rəyasətə sahib olmaq üçün hər şeyindən keçər... Çox çalışdı ki, məni ancaq özü üçün hifz edib saxlasın, ondan başqa heç bir zənən xeylağı ilə üz-üz, nəfəs-nəfəsə olmayım, bacarmadı... İt qursağı yağ götürməz... Rey hakiminin özü kimi də elə satqın övladı olar... Övrət var – gözdən qızar, övrət var – sözdən...Ay İnanc, İnanc!.. Ömründə hər şeyi bildin, bircə şeyi bilmədin. Bilmədin ki, bu dünya beş günlük imiş, vəfasız imiş... Sənin məhəbbətin, sənin sədaqətin kimi saxta imiş, namərd imiş... Buna bel bağlamağa, etibar etməyə dəyərmiş, tüpürmək gərək bu dünyanın üzünə!..”

Qonşu otaqda Zahidə xatunun öskürək səsi eşidildi. Bu o demək idi ki, yatmamışam, oyağam... Nə vaxt çağırsan, hüzurunda hazır olacağam...

Cahan Pəhləvan da öskürdü. Bu da bir işarə idi... Əvvəlcə fikri dağıldı, xeyli müddət xəyalından keçənləri bir yerə cəm edə bilmədi. Elə bil Qüteybə xatunun da səsi qulağına gəldi: “Deyəsən, nəsə demək istədi...”

“Sənsən, səlcuq nəvəsi?.. Hə, səni də həmişə kiçik sultanlara atabəylik edən Eldəgəzlər nəslinə səlcuqilərin töhfəsi bilmişəm... Amma sən səmimi övrətsən, həm də yaxşı anasan... Mənim Əbubəkrimin anası... itaətkarlığın, mehribanlığın xoşum gəlib həmişə. Sevincini hamı ilə bölüşməyi bacarırsan. Dərdini, qəm-qüssəni gizli saxlaya bilirsən... Ülyamələkəni həmişə özünə rəqib bilmisən və ondan intiqam almaq istəmisən, amma bunu bir dəfə də olsun büruzə verməmin... Özünü elə göstərmisən ki, baş mələkə öl desə ölərsən, qal desə qalarsan... Ay öldün ha! İnanc xatunun həm xoş, həm bəd sözlərini həmişə incə bir təbəssümlə qəbul etmisən, amma içərində olan qəzəbi, kini heç kim bilməyib məndən başqa...”, “Mən bilmişəm, amma açıb ağartmamışam...”, “Elə bax, buna görə də səndən xoşum gəldi, cariyə xatun... Yadındadı, sənə zifaf gecəsi “ cariyə xatun” deyəndə kəklik kimi qaqqıldayıb güldün?.. Sonra dedin: “Cariyyədən də xatun olar?” Dedim: “Bəs kimdən olar?” Dedin: “Rey hakimin qızı İnancdan. Səlcuq sultanın nəvəsi Qüteybədən... Mənim nə əslimə, nə də nəslimə “xatunluq düşür”. “Yadındadı onda sənə nə dedim?” “Yadımdadı...” Dedim: “Sabah qazını çağırıb əmr edərəm nigah əqd edər, kəbinimizi kəsər. Əqdnaməni də mücrünə qoyub saxlarsan... Sonra da mənə bir oğul doğarsan... Sənə də hamı “ cariyə xatun” deyər... Qadın qadındı... kim olur olsun. Elə kəndli qızı var ki, on şah, on beş də padşah qızına dəyər... Elə şah, padşah qızı var ki, bir dəllakın qabil qızını əlinə su tökməyə yaramaz... Qadının gözəl sifəti olsun, mütənasib əndamı olsun, təmiz ürəyi olsun. Daha heç nə lazım deyil... Al, özünə övrət elə... Bir qadın kimi sənin hər şeyin yerində idi. Məni də sənə bağlayan bunlar oldu, Zahidə. Səninlə keçirdiyim günlərə həmişə xoş günlərim kimi baxmışam... Bəxtin orda gətirdi ki, mənim kimi zərbi-dəsti olan kişinin övrəti oldun, yoxsa ülyə-mələkə İnanc xatun sənin tükünü didərdi. İstədiyi məqamda səni aradan götürərdi. Bir də bəxtin orda gətirib ki, həm oğul anasısan, həm də qız...”

* * *

Hardansa, gecənin dərinliyindən uşaq səsi gəldi. Eşikdəki sazaq ağlayan uşağın səsini şəhərin hansı məhəlləsindəsə qovub saraya gətirdi. Cahan Pəhləvan diqqətlə qulaq asdı. Səs gah uzaqlaşdı, gah yaxınlaşdı...

Görünür, ana oyandı, döşünü körpəsinin ağzına toxunduran kimi, o da kiridi... Axı körpənin ana südündən başqa dava-dalaşı nə ola bilər?..

“Yadındadı, Zahidə xatun, bizim Özbək də ağlayan uşaq idi... Süd əməndə bir dəfə əlimi uzadıb döşünü onun ağzından zornan dartıb çıxardım... Bir şivən qopardı ki, peşman oldum. Dedim: “Bundan yaxşı iqtədar olacaq.” Dedin: “İqtədar nədir?” İzah elədim ki, “iqtədar” nədir... Sənin də xoşuna gəldi... Soruşdun: “Yəni doğurdan da mənim oğlum da şah olacaq?” Dedim: “Niyə olmur, cariyə xatun... Oğlun da olacaq, qızın da...” Birdən niyəsə uşaq kimi ağladın, sonra güldün... Sən mənim yadımda həmişə beləcə də qalacaqsan, mənim cavan mələkəm...” Saray sahibinin qulaqlarına bu dəfə durna səsi gəldi. Diqqətlə qulaq asdı. Fikirləşdi: “Bəlkə mənə elə gəlir?.. İndi nə duma?.. Yox, durna səsidi... Yəqin köçüb gəlirlər... Axı bir azdan yaz başlayır... Bax, Həmədana da durnalar beləcə tez gələrdi, hələ yaz girməmiş... Onların işini Zahidə hamıdan tez bilərdi... Mənim Zahidə durnam... hara getdim durna kimi uçub dalımca gəldi. Bu gecə vaxtı Naxçıvana uçub gələn durnalar kimi nə gecə bildin, nə gündüz... Zahidə durna... Göyərçin qızım Cəlaliyyənin durna anası... Biz bir-birimizi çox istəmişik. Mənim nə qüsurum olubsa, bir ər kimi, qızının atası kimi, üstünü vurmayıb... ürəyi açıqdır, ürəyində nəyi varsa dilindədir... Xəbis deyil, paxıl deyil, birinin qarasınca bu gün deyincə sabah yadından çıxır, birinə bu gün acığı tutubsa, sabah onu bağışlayır... Aza da qaildi, çoxa da... Bütün qayəsi, qayğısı bir odur ki, həmişə yanında olsun, ikincisi odur ki, özünə oxşar qızı Cəlaliyyəni həmişəlik xoşbəxt eləsin... Deyir: “Nə olar hökmdar qızı olanda... O qədər bədbəxt şah, padşah qızları gəlib-gedib bu dünyaya... Mənim Cəlaliyyəm onlardan olmasın... Bizdən sora da xoş keçsin hər günü, ayı, ili...”

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Odla su arasında

Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.

14 мин
El-oba naminə

Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

6 мин
Dərban və mühafiz (qış söhbəti)

Böyük çillə təzəcə çıxmışdı. Kiçik çillə bütün gücünü toplayıb şəhər əhlinə öz zərbi-dəstini göstərirdi.Allahın elə ildə iki dəfə bu yerlərin sakinlərinə qəzəbi tuturdu: yayın ortalarında güclü istisi ilə, qışın ortalarında sərt soyuğu ilə.

9 мин
Qəfil küləklər əsəndə

Günəş məşriqdən neçə dəfə çıxıb məğribdə neçə dəfə doğub qürub etdi – heç kəs hesablamadı, neçə-neçə bulaqlar birləşib çaylara qovuşdu, heç kim baş açmadı, dəryalara nə qədər təzə sular axdı – heç kim fərqinə varmadı, neçə-neçə gündüz gecəni qovdu, neçə-neçə gündüzün gecə üzünə zülmət pərdəsi çəkdi – heç kim bilmədi.Əcəmi də günəşin doğub batmasına tamaşa edə-edə, bulaqlardan su içə-içə, çaylardan adlayıb neçə-neçə gecəni gündüzə, gündüzü gecəyə qata-qata, nağıllarda deyilən kimi, neçə-neçə yollardan keçdi, aşırımlar aşdı, keçdikcə də, aşdıqca da saçlarına düşən dən çoxaldı, illər çin-çin olub yaşının üstünə qalandı...

14 мин

Стихи других поэтов