Odla su arasında
Страница 1 из 2
Cahan Pəhləvan gecəni pis yatmışdı. Sübhə yaxın yuxuya getsə də, xoruz banı eşidib ayılmışdı. Səbəb də o olmuşdu ki, atabəy-əzəmi yuxuda görmüşdü. Görmüşdü ki, atabəy-əzəm taxta əyləşib, onu yanına dəvət edib. İçəri girəndə atabəy əzəm taxtdan durub, onun qənşərinə gəlir, sağ əlini oğlunun çiyninə qoyur. Sonra atdan yuxarı onu diqqətlə süzür. Axı, oğul atasından həm hündürdür, həm də qəddi-qamətli. Bu, hökmdarın xoşuna gəlir, onu sevindirir... Ürəyində Möminə xatuna razılıq edir: “Mərhəba südünə, ülya mələkə!..” Sonra deyir: “Mənə gətirilən səhih xəbərlərə görə Rey hakim cızığından çıxır. Və bizim xanədana açıqdan-açığa kin-küdurət bəsləyir. Onu yerin də oturtmaq gərəkdir. Hökmdar atanın ilkin oğlu kimi, Eldəgəzlər xanədanın gələcək ikinci hakimi kimi bu işi son görməlisən. Sənə həm inanıram, həm də qılıncına güvənirəm... Get, sənə uğurlar arzulayıram. Göstər özünü, qoy əmirlər, məliklər, rəislər sənin zərbi-dəstini indidən görsünlər... Amma unutma ki, müharibə çox pis şeydi, gərək onu tez qurtarasan. Yoxsa insanlar bir-birini qırmağa adətkar olarlar. Onlarda şəhərləri, kəndləri viran qoymağa, yandırmağa həvəs çoxalar, adamları qarət etməyə, soymağa meyli artar. Sonra bunun qarşısını almaq olar müşkil iş...”
Sonra müxtəlif vuruş səhnələrini görmüşdü. Moğlub olan Qütluq İnancın onun atının ayaqlarına düşməsi, dil çıxarıb yalvarması, qızını ona ərə verib düşmənçiliyi aradan götürmək istəməsi, gecə ciddi sifətli, süzgün baxışlı, məğrur duruşlu İnanc xatunun onun yanına göndərilməsi, evlənmələri şərəfinə düzəldilən eyş-işrət məclisi qırıq-qırıq nəzərində canlanmışdı.
Birdən işıq kimi diksinib ayılmışdı. Bir az sonra yenə mürgüləmişdi.
Bu dəfə kal bir yuxu görmüşdü. Görmüşdü ki, İnanc xatun ona şərbət içirmək istəyir. Elə bu vaxt atasının çoxdan ölmüş vəziri Şihabəddin Nişapuri içəri girərək onun əlindəki şərbəti vurub yerə tökür və deyir: “İçməyin, hökmdar, mələkəniz şərbətə zəhər qatıb...” Bu dəfə İnanc xatun ərinin ayaqlarına düşüb yalvarır. O isə əlini-əlinə vurur, içəri girən həbəş qulama deyir: “Cəllad gəlsin!.. Şihabəddin Nişapüri mane olur: “Əvvələn, mənə qulaq asın, sonra edam buyurun. Sizin yüksək adınızı və ləyaqətinizi xələldar edən zənən xeylağının boynunu vurdurmaq, həm də oğlanlarınız sizdən rəncidə olarlar. Allah-Təala öz ümmətinin bir qismini zənən xəlq edəndə əlilliyi və zəlilliyi də heydəri kimi onların qulaqlarından asıb, özü də müvəqqəti yox, daimi. Saray sahibi sual verir: “Bəs nə edim?” Şihabəddin Nişapüri deyir: “Ana üçün ən ağır cəza onu övladlarına həsrət qoymaqdır. Mələkəni saraydan qovun. Vəssalam...” Hökmdar çığırır: “Rədd ol get burdan!..”
Cahan Pəhləvan öz səsinə ayılmışdı və durub yatağında əyləşib fikirləşmişdi: “Bu yuxular məndən niyə əl çəkmir görəsən?”... təxtirabdan elə durub, elə düşüb, elə geyinmişdi ki, gec yatıb şirin yuxuya gedən Zahidə xatunun da, Cəlaliyyənin də xəbəri olmamışdı. Bayırda növbə çəkən mühafizə isə işarə etmişdi ki, yerindəcə farağat dayanıb növbəsini çəksin. Sonra sarayın həyətini gəzmişdi. Ay işığında apaydın görünən mərmər hovuzdakı balıqlara tamaşa etmiş, şəffaf suyu yuxarı millənən fəvvarələrə baxmışdı, həyətdəki sərv ağaclarına, müxtəlif güllərə nəzər yetirmişdi. Sonra mərmər pillələrlə yuxarı qalxıb pişgaha getmişdi. Bir müddət pəncərənin önündə dayanaraq həyətə baxmış, burada keçən uşaqlıq illərinin şirin-şirin xatirələrini yadına salmışdı. Xatirələr zəncir kimi uzandıqca uzanmışdı...
Birdən zəncirin halqası qırıldı, xatirələr də bir anın içərisində qeyd olub harasa çəkildilər.
– Sabahınız xeyir, əlahəzrata.
Cahan Pəhləvan dönəndə Xəlili qapının ağzında farağat dayanan gördü. O, başını sol çiyninin üstünə əyərək məlul-məlul ayaqlarının ucuna baxırdı.
– Hə, sənsən? – Bu dəfə niyəsə ona “İsfahan lotusu” demədi və çoxdan görmədiyi hərəmxana işlərinə baxan pişxidməti diqqətlə süzüb onun varlığına elə bil şübhə ilə baxdı. – Sən hələ saraydan mürəxxəs olmamısan?..
– Xeyir, əlahəzrata... Əvvəla, mən necə mürəxxəs ola bilərəm ki, hələ qulluğum baqidir sizin hüzurunuzda... Ali mənsəbin hər hökmünə can-başla beyət etmək onun müti qulu olan mənim üçün böyük şərəfdir. Bihəmdullah, adillik də sizdədir, bazillik də...
Cahan Pəhləvan sırtıq pişxidmətin tez-tez təkrar etdiyi bu sözdən elə bil darıxdı: – Qurtardın?
– Xeyr, hökmdar... Saniyən, yeni bir cariyə gətirmişəm ki, indiyə qədər saraya Bəsrədən, Şamdan, Kufədən gətirilən qul qızların ən gözəlidir... Özü də şüturban qızıdır... Yaradan elə bil özü təqdis edib bu afəti. Belələri ərkək üçün göydən düşmə olur, billah! Həmədan bazarlarında hərraca qoyulmuşdu, ən yuxarı qiyməti mən deyib almışam. Özümlə də hüzurunuza gətirmişəm. Qız sizin ən sevimli cariyyəniz olacaq. Mən buna əminəm. Məni anamın doğmasına əmin olan kimi...
– Anan səni doğunca qara daş doğaydı. – Cahan Pəhləvan keçib taxtda əyləşdi: – Deyirlər: “Həvəsdir, bəsdir...” Səninlə sövdamız qurtardı... Demişəm, səni razı salacaqlar. Beytülmaldan nə versələr... al, get! Daha səni buralarda görməyim. Naxçıvanın iqtadırı bundan sonra zənən xeylağı olacaq, ona hərəm lazım deyil!.. Demək bu işlərə baxan pişxidmət də lazım olmayacaq. Qandın?..
Xəlil hökmdarın qırımını görüb heç nə demədi, qapının ağzında necə qəfil görünmüşdüsə, eləcə də qeyb oldu.
Cahan Pəhləvan taxtdan durub pişgahda var-gəl etməyə başladı.
– Sabahınız xeyir, hökmdar.
Gələn Sədəddin Əsəd idi. Saray sahibi ixtiyar vəzirin salamını aldı, ona əyləşmək üçün yer göstərdi. Ancaq vəzir əyləşmədi, hökmdarın öz taxtına keçməsini gözlədi. Belə də oldu, hər ikisi eyni vaxtda oturdular, hökmdar öz taxtında, vəzir də sədr kürsüsündə. Cahan Pəhləvan istədi deyə ki, mərhum həmkarını gecə yuxuda görmüşəm, amma nə fikirləşdisə demədi. Daha doğrusu, son vaxtlar çox səksəkəli və qulağı səsdə olan saray sahibi fikirləşdi ki, vəzir yuxunu birdən pis niyyətlə yozar, bu da narahatçılığını, nigarançılığını bir az da artırar...
Hökmdarı fikirli görən vəzir yenə qabağa düşüb sözə başladı.
– Səni yenə narahat görürəm, bir səbəb var?
– Hökmdarların rahat vaxtı olub ki?.. – Cahan Pəhləvan yanındakı mizin üstündən tacını götürüb başına qoydu.
Sədəddin Əsəd fikirləşdi: “Təqsirin hamısı o başına qoyduğun tacdadır. Onun dəmirində, onun qızılında, üstünə düzülən daş-qaşındadır... O kimə qismət olursa təkcə rahatlığını yox, ağlını da, insanlığını da, insafını da, vicdanın da elə həmin gün əlindən alırlar... Tac, hökmdarı görünüşcə hamıdan yuxarı qaldırsa da, mahiyyətcə hamıdan aşağı endirir... Rəyasət insanı şərabdan da çox məst edir... Buna görə vicdanı da, insafı da tez itirilər. Bəlkə də Süleyman peyğəmbərdən sonra Yer üzünə vicdanlı, insaflı, rəhimli hökmdar gəlməyib... Və gəlməyəcək...
– Bəs niyə belə tez durmusuz?
– Yata bilmirəm, vəzir. – Özünü axıra kimi saxlaya bilmədi. – Gecələr pis-pis yuxular görürəm...
– Çalışın yatın...
– Hər şeyi özümə tabe eləyə bilərəm, bircə yuxuya gücüm çatmır... Onun sinəsini əlimə keçirib özümə sarı darta bilmirəm... Sən demə yuxu hakimlikdən də güclü imiş.
– Əlbəttə, hökmdar. Dünyada yuxudan güclü heç nə ola bilməz. Onun qarşısında bütün bəni-Adəm acizdir... Yuxu da ölüm kimi bir şeydir...
Sədəddin Əsədin son sözləri hökmdarın xoşuna gəlmədi. Son vaxtlar ən çox zəhləsi gedən sözlərdən biri də “ölüm” sözüydü.
– Demək, istədiyi vaxt məni də yaxalaya bilər, səni də.
– Kim?
– Dediyin o yuxu, o ölüm.
– Sizə qıymaram, hökmdar. Amma mən səmtə nə vaxt meyl etsən mən hazır. – Ölümdən söhbət salan Sədəddin Əsəd öz-özünü məzəmmət edəndən sonra zarafata keçib Cahan Pəhləvanın könlünü ovutmaq, onu qarmaqarışıq fikirlərin əlindən almaq istədi. – Hökmdara belə bədbinləşmək olmaz. Hakim bu gün dünyadan əl üzmək istəsə vəzir, vəkil, rəiyyət gərək dünən, ya da srağagün köçüb getmiş olaydılar axirət evinə... Bir də sizə nə olub, hökmdar? Maşallah, sağlam, gümrah! Adam sizə baxanda əlavə bir ömür də yaşamaq istəyir.
– Yoxsa ürək-dirək verirsən, Sədəddin?
Cahan Pəhləvan adətinə görə qəribsəyəndə, kövrələndə vəzirə adı ilə müraciət edərdi.
Xeyr, hökmdar... Düz sözümdü!..
Came məscidindən “Allahü-əkbər” sədası eşidildi. Müəzzin şəhər əhlini sübh namazına dəvət edirdi. Sədəddin Əsəd qalxıb pəncərənin tağını açdı. Açan kimi də minarədən axıb gələn güclü səs içəri doldu: “Allahu-əkbər, Bismil-lahirəhmanir-rəhm. Qül hüvəllahü əhəd, allahüssəməd... allühümməsəlli ola Məhəmmədin və ali Məhəmməd...”
Vəzir birdən nə fikirləşdisə pəncərənin tağını qapadı və qayıdıb öz kürsüsündə əyləşdi.
Cahan Pəhləvan taxda dirsəklənib fikrə getmişdi. Vəzir öz hərəkətini ürəyində pislədi. “Deyəsən qaş qayırdığım yerdə yenə göz çıxartdım!..” Müəzzin “əla Məhəmməd”, “ali Məhəmməd” sözlərindən xoşu gələn zənn etdiyi halda atabəy Məhəmmədi deyəsən bir az da kədərləndirmişdi...
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-odla-su-arasinda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”
Dərban və mühafiz (payız söhbəti)– Ə, nətərsən, ə?– Nətər olacam, demək olar ki, pisdən də pis.
XeyirxahlıqYay təzə girsə də, havalar isti keçirdi...Günəş düz günorta yerində dayanmışdı. Bəlkə də buna göyrəydi ki, müəzzinlər şəhər əhlini tələm-tələsik zöhr namazına dəvət edib minarələrin şərəfələrindən enərək özlərini məscidlərin, mehrabların sərin hücrələrinə vermişdilər...
Zaman – nəhrdirBir bulağa bir çöp atırsan aram-aram axıb gedir. Bir çaya xəşəb² salırsan sular onları öz axarında aparır.Zaman da nəhrdir. İnsanlar öz mürlərinin illərini çöp kimi, xəşəb kimi bu nəhrə tökürlər. Əcəmi də beləcə tökdü ömrünün neçə-neçə ilini bu həyat nəhrinə. Əvəzində də torpaq üstündə ölməz bir yadigar ucaltdı...
Стихи других поэтов
Uzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
KönülDərdli könül, söylə nə ahü-zardır,Coşğun dəniz kimi üsyan eylərsən.
Olmusan can verməyə amadə, xoş gəldin, oğulOlmusan can verməyə amadə, xoş gəldin, oğul,Get boyun qurbanı, ey şəhzadə, xoş gəldin, oğul.
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,