Vəzir çox narahat idi. Yerində otura bilmirdi. Gah eşiyə çıxıb içəriyə qayıdır, gah pəncərələri məğribə açılan iş otağını ölçür, Ədilağa gölünə, Araza baxır, gah da kürsüdə əyləşib “Afərinnamə”ni əsəbi-əsəbi sağa-sola vərəqləyirdi. Vərəqlədikcə də öz-özünə deyinirdi: “Elə siz baş sındırın, riyazi qanunlar kəşf edin, göylərin sirrilə əlləşin, həyatda düzlüyün, doğruluğun labüdlüyündən yazın... Bəs dediyiniz ölçü, ədalət, vicdan hanı? Birdən səsini ucaldıb:

– Yoxdur, yalandır! dedi ixtiyar vəzir. – İnsan çox mürəkkəb məxluqdur. Onun əməlindən, felindən baş açmaq olmur. Ələlxüsus...

Birdən əlindəki “Afərinnamə” yerə düşdü, elə bil sarayda olduğunu indicə xatırladı, kitabı götürüb yerinə qoydu, sonra o biri pəncərə önünə gəldi. Buradan “Möminə xatun” apaydın görünürdü. Günəş onun bəzəklərinin üstünə düşüb ətrafda möcüzəli bir aləm yaratmışdı. Günün bu vaxtında abidə lap bəzəkli gəlinə oxşayırdı.

Tikən elə, bina edən elə bina etmişdi...

Fikirləşdi: “Ədiblər bu naxışların dünyəviliyini nəzərə alıb ona nəqşi-cahan desələr də, hökmdar abidənin sifarişçisi kimi o naxışları öz adıynan bağlayıb onları nəqşi-cahan adlandırsa da, o naxışlar Əcəmi naxışlarıdı, nəqşi-Əcəmidi... Bəs belə olduğu təqdirdə sən nə haqla, hansı ədalət naminə, memara şübhə ilə baxmağa başlamısan, Nüsrətəddin ibn Şəmsəddin?.. ürəyinə dolan bu şübhələr səni amansız bir hökm verməyə aparıb çıxara bilər... Sən Nizami kimi bir şairin sənət dostuna yazdığı məktubdan da şübhələnməyə başlamısan... Yox, bu nankorluqdur... Nankorluq deyil, cinayətdir!.. Ey ulu tanrı, sən hökmdarın ürəyinə yol tapan çirkin şübhəni qov!.. Qov çıxart onun son illərdə amansız olan qəlbindən!.. Mənə kömək ol, yol göstər... Əbubəkr oğluna bir zaval toxunmasın...”

* * *

...Sədəddin Əsəd dəbirin işlədiyi otağa gələndə gözünə çox pəjmürdə göründü. Qoca vəziri qapıda görən kimi dəbir ayağa qalxıb soruşdu:

– Cənab Sədəddin, nə xəbər?

Dəbirin təəccüblənməyə, vəzirə əyləşmək üçün yer göstərmədən belə sual verməyə haqqı var idi. Çünki həm Həmədanda, həm də Naxçıvanda bir yerdə işlədiyi, bir-birinə hörmət qoyub, ehtiram göstərdikləri illər ərzində həmişə dəbir onun otağına gedərdi. Bu, həm onun sarayda atabəy-əzəmin vaxtında icra etdiyi vəzifə çinin indərəcəsindən irəli gəlirdi, həm də Sədəddin Əsədə olan ehtiramının nəticəsi idi, həm də dəbirin mərhum anası onunla bir şəhərli idi – ərdəbilliydilər...

– Halım fənadı, dəbir...

Dəbir tez əl-ayağa düşdü, kürsü çəkib vəzirə əyləşmək üçün kömək etmək istədi:

– Nasazlamısız yoxsa?..

– Kaş elə... nasazlıyaydım! – vəzir əyləşdi, işarə etdi ki, o da otursun.

– Bəs axı... nə olub, cənab Sədəddin?

– Saray sahibi Əbubəkr oğlundan şübhələnməyə başlayıb... Sən bilirsən sarayda şübhə nə deməkdir?

– Mənim də ürəyimə dammışdı ki, hökmdar...

– İki gündür, gecələr yata bilmirəm, yaxınlıqda quyu da yoxdur ki, İsgəndərin dəlləyi kimi gedəm... bu qulaqlarım eşidənləri ora deyəm... Ürəyim sakitləşə...

– Quyu mən... Deyin, ürəyiniz sakitləşsin, cənab Sədəddin...

Sədəddin Əsəd otaqda var-gəl etdi, birdən onu öskürək tutdu. Az qala boğulacaqdı...

– Deyəsən hökmdarın qəsdi başqadır, axı?..

– Hə, başqadır... Əcəmiyə daha inanmır.- Qəhərləndi vəzir.

– Hökmdarla söhbətinizi başqa birisi eşidibmi?

– Başqa birisi?

– Hə... üçüncü şəxs.

Sədəddin Əsəd fikrə getdi:

– Üçüncü şəxs... üçüncü... hə, hə... Biz söhbət edəndə o həbəş qulamı içəri girdi... Nüsrətəddin ibn Şəmsəddin üçün həb gətirdi.

– Demək söhbəti də eşitdi?

– Yəqinimdir ki, eşitdi. Səni başa düşürəm, dəbir... Əvvəl mən də belə bir fikrə düşdüm... Amma sonra fikrimdən çəkindim, yazığım gəldi günahsız zənci balasına...

Xeyli fikrə getdi dəbir, durub otaqda gəzişdi... Sonra vəzirə yaxın gəlib dedi:

– Bu işi mənə həvalə edin...

– Sənə ha?!

– Bəli, mənə...

Vəzirin az qala ağzı açıla qaldı.

* * *

...Gecədən xeyli keçmişdi. Göydəki ulduzlar bir-bir sönürdü. Elalnı dağı tərəfindən yazın ilk sazağı əsirdi. Şəhərin küçələri bomboş idi. Sarayın darvazası yanındakı dirəklərdə yanan şamdanlar söndürülmüş, küçələrdəki piy-çıraqların piltələri qaralmışdı...

Darvazanı döydülər. Əcəminin bütün fikirləri alt-üst oldu, qalxıb oturdu, qulaq asdı.

Bir də döydülər... O adət etdiyi kimi, alt paltarında otaqdan çıxdı, darvazaya yaxınlaşıb divarın o tərəfindəkinin kim olduğunu xəbər almağa macal tapmamış, əlləri arxasında bir-birinə sarıldı. Kimsə əlini atıb onun köynəyini əynindən çıxardı. Başına torba keçirdilər, ağzını, gözlərini bağladılar... İki nəfər onu bir göz qırpımında qaldırıb yəhərin üstünə qoydu. Çatı ilə ata sarıdılar. Atlılar bir an içərisində küçələrdən çapa-çapa keçib şəhərdən uzaqlaşdılar...

Bütün bu işlər elə cəldliklə icra olundu ki, Əcəmi nə müqavimət göstərdiyi adamları görə bildi, nə onu ata mindirənləri tanıya bildi. Atlar gah yorğa getdi, gah dördnala çapdı, gah yoxuşa dırmandı, gah enişə endi, gah daşlığa düşdü, gah çaydan keçdi. Ancaq Ziyaülmülk çisrini keçəndə Əcəmi başa düşdü ki, onu Arazın o tayına keçirirlər: “Bu xəyanət yenə Əbutahirin işi olmaya?..”

Əcəmi bunları fikirləşəndə alnına bahar günəşinin ilıq nəfəsi dəydi. Demək, səhər açılırdı. Təkcə səhər açılmırdı, uca hasarlı həyətin darvazası da açıldı, süvarilər kiminləsə pıçıltı ilə salamlaşdılar da...

– Sabahın xeyir, ustad...

Səs Əcəmiyə tanış gəlsə də, cavab vermədi, daxilən əsəbi olduğu üçün ələ salındığını, yaxud ona həqiqətən “xoş gəldin” edildiyini də ayırd edə bilmədi:

– Bu bənbələn oyunu nədi? – dedi. – Adamı qəfil bayıra çağırıb əlqolunu bağlamaq nakişilikdir!..

Gecəki qüvvətli qollar Əcəmini yenə bir göz qırpımında yəhərdən götürüb yerə qoydu, əllərini açdı, başına keçirilən torbanı çıxartdı.

Əcəmi qarşısında Əli Şimşəyi görəndə çaşıb qaldı:

– Əli, sənsən?!

– Mənəm... Bunları da tanıdın? Üzlərinin sarıqlarını açan cavanları göstərdi. Əli Şimşəyin qardaşları idi. Görüşdülər, qucaqlaşdılar. Astanada yaşlı bir qadın göründü, onları səhər yeməyinə dəvət etdi. Əcəmi ayağını sürüdü:

– Məni bu işdən hali eləməsəniz, əlimi süfrəyə uzadan deyiləm.

Əli Şimşək güldü:

– Sənin inadkarlığına mən çox yaxşı bələdəm, – dedi. – Siz içəri keçin. Mən bunu bəzi işlərdən agah edim...

Həyətdə Əcəmiylə Əli Şimşək qaldı.

– Di, danış, görüm.

– Nə danışım, mən səni ölümün ağzından qaçırıb bura gətirmişəm.

– Nə ölüm, necə ölüm?! – Əcəmi təəccüblə soruşdu.

– Adicə ölüm... Bir namərdin əliylə icra olunmaq üçün... Sarayın tapşırığı ilə yerinə yetiriləcək qəsd.

– Heç nə başa düşə bilmirəm.

– Buyur oxu... İndi hər şeyi başa düşərsən...

Əli Şimşək qoltuq cibindən dörd qat bükülmüş bir naməni çıxardıb ona uzatdı, Əcəmi naməyə baxan kimi Cəmilin xəttini tanıdı. İlk sətirləri oxudu: “Yalvarıram, oxuyandan sonra yandır, ələ keçməsin, unutma ki, biz ömrümüzü qumara qoyuruq...”

Əcəminin başı hərləndi, gözləri qaraldı: “Hökmdar dostundan yaman şübhələnib. Bu şübhədən qan qoxusu gəlir... Əcəmiyə ancaq sənin köməyin dəyə bilər. Ağıllı bir tədbir fikirləş. Elə elə ki, bu işdən heç kim xəbər tutmasın...”

Əcəmi məktubu axıra kimi oxumadı.

– Bəs məni niyə oğurluqla gətirmək nəyə lazım idi?

– Fikirləşdik ki, heç kim görməsin... Əcəmi qeyb olub, vəssalam!..

– Bəs soyundurulmağıma nə deyərsən?

– Belə lazım idi... Həyətindən qanlı köynəyini tapacaqlar. – Əli Şimşək dostunu bərk-bərk qucaqladı. – Ömrünün axır günlərini yaşayan saray sahibini inandırmaq üçün...

Əcəmi heç nə demədi. Başını qaldırıb Əli Şimşəyin üzünə baxdı. Əli Şimşək atəşzənə qov qoydu, bir dəfə vuran kimi qov közərdi, üfürdü, məktub yazılan Xorasan kağızının alışması çox çəkmədi. Əli Şimşək onu yerə atıb ayağı ilə əzdi.

– Hə, demək belə-belə işlər...

– Darıxma, qardaş, bir gün bax beləcə səhər açılıb Günəş doğanda görəcəksən ki, zalımların da ulduzları sönüb, tacı-taxtları tökülüb yerlə yeksan olub... Hə, indi keç içəri, bura özgə yer deyil. Çörəkdən sonra sənə deyiləsi sözlərim də var... Mən qayıtmalıyam, burada çox qala bilmərəm...

– Özünü gözlə, Əli... Sərvaxt ol...

– Hamını dərdli-sitəmli görəndə adam özünün qeydinə çətin qala bilə...

Əcəmi bir-iki addım atıb dayandı, əvvəlcə tutqun üfüqlərə, sonra Əli Şimşəyin yorğun üzünə baxıb dedi: “Ey zülmüylə xalqı ağlar qoyan zalım, sitəmindən ellər cana doyan zalım! Yerdə qalmaz məzlumların nahaq qanı, qisas günü öz qanına boyan, zalım!..”

– Səhv etmirəmsə, şer Qətran Təbrizinindir?..

Əcəmi həmsöhbətinə bir də diqqətlə baxdı, bu sadə kəndli oğlu onun nəzərlərində elə bil bir az da böyüdü.

– Əhsən!..

Əli Şimşək onun qoluna girdi, otağın qapısını göstərdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təşrif

Cahan Pəhləvan bir aya yaxın idi ki, Həmədandan çıxıb Azərbaycan Atabəylər dövlətinin tabeliyində olan şəhərlərə – İsfahana, Mazandarana, Xızıstana baş çəkəndən sonra ən böyük şəhərə – Gəncəyə gəlmişdi. Gəncə səfərindən sonra isə oradan birbaşa Naxçıvana təşrif gətirmişdi, özü də qəfil, təmtəraqsız, heç kimə xəbər vermədən, bir dəstə şəxsi xidmətçi və mühafizəçiləri ilə. Onsuz da Şərur məliki Oğuzun əhvalatından sonra bütün əmirlər, məliklər, rəislər ondan bərk ehtiyat edir, xüsusi mürasilələr¹ almamış, xüsusi çaparlar gəlməmiş hüzuruna təşrif gətirmirdilər, imkan daxilində sarayla əlaqədən, onun sahibi ilə ünsiyyətdən kənar qaçırdılar. Həm də Cahan Pəhləvan son vaxtlar yaman səbirsiz olmuşdu. Onun ova çıxanda təntiklik etməsindən, fərman verəndə tələsməsindən, hökm çıxaranda özünü dalıqaçaraq göstərməsindən, saray adamlarını tez-tez cəzalandırmasından, şuluqluq salan kəndliləri, hərbi qaydanı pozan döyüşçüləri zindanlara saldırmasından, saraydan, darülmülkdən kənarda söz-söhbət gedir, dedi-qodular artırdı. Bəziləri bunu şahın yaşlanmasına yozur, bəziləri əsəbiliyinin artması kimi baxır, bəziləri də Eldəgəzlər nəslindən olanların çox yaşamaması kimi mənalandırırdılar...Amma həqiqət bu idi ki, Əcəmi darıxan kimi, hökmdar da darıxırdı.

3 мин
Ay işığında

Aylı yay gecələrindən biri idi. Havadan elə bil od-alov yağırdı... Ancaq bir az keçəndən sonra hava yavaş-yavaş sərinlədi, Yəzdi-Kürd tərəfindən əsən meh bürkünü qovub içəri küçələrdən, həyətlərdən, sonra da şəhərdən uzaqlaşdırmağa başladı...Şəhdigül yataqlarını axşam həyətdəki kətildə salmışdı, bürküdən darıxdıqları üçün Əcəmi balaca kilimi də, yorğan-döşəyi də çiyninə alıb pilləkənlə damın üstünə qaldırmışdı. Onun dalınca pillələri qalxan ev sahibəsi yatacağı yer-yurd eləmiş, sonra ərinin yanına uzanaraq gözlərini bədirlənmiş aya dikib dərin fikrə getmişdi. Əcəmini yorğun bildiyi üçün onu sual-cavaba da tutmamışdı. Fikirləşmişdi. “İşinin qızğın çağıdı... tez gedib, gec qayıdır... qoy yatıb dincəlsin...” Ancaq Əcəminin döşəkdə tez-tez böyrünü dəyişdiyini görüb Şəhdigül yenə dinc durmadı:

7 мин
Pişgahda

Naxçıvandan təzəcə qayıdan Cahan Pəhləvanın yanına bəzi məliklər çağırılmışdı.Hamı təzim edib yerlərin tutandan sonra hökmdar adəti üzrə çənəsini sol ovucunun içərisindən qaldırıb pişgaha toplaşanları bir-bir nəzərdən keçirdi və birbaşa məqsədini bəyan etməyə başladı:

11 мин
Üz-üzə, göz-gözə

...Qədim Dvin ətrafındakı düzənlikdə Cahan Pəhləvanın qoşunu ilə Georginin qoşunu arasındakı döyüş get-gedə qızışırdı. Atabəy-əzəmin sağ olmadığını bilən Gürcüstan hakimi Azərbaycan Atabəylər dövlətinin möhkəmlənməsindən, Təbrizin, Marağanın Eldəgizlər xanədanının tərkibinə daxil edilməsindən bərk narahat olmuşdu və vədini pozaraq otuz minlik qoşunu ilə Dvin üzərinə yenə yürüş etmişdi.Cahan Pəhləvan qardaşının, oğlanlarının bu döyüşdə iştirakına razılıq verməmişdi. Onlar nə qədər təkid etsələr də, şah öz dediyinin üstündə durmuşdu: “Gürcüstan hakimi mənimlə təkbətək üz-üzə gəlmək niyyətindədir. Buna görə də mən necə istəyirəmsə, elə də olmalıdır... Mən sizinlə qardaş və ata kimi yox, hökmdar kimi danışıram. Hökmdarın dediklərini müzakirəyə qoymazlar, onun hökmlərinə düzəliş verməzlər. Mənim əmrim olmadan siz Təbrizdən kənara çıxmırsız. Demetre törəməsinin pişvazına özüm çıxacağam...”

16 мин

Стихи других поэтов