Dağlar da insanlar kimi müxtəlif olur: alçaq-uca, mülayim-sərt... Naxçıvan dağlarının isə başqa bir xüsusiyyəti də budur ki, ilin müəyyən aylarında bir səhərlər, bir də axşamçağılar hərəsi bir rəngə çalır. Çox vaxt ayırd edə bilmirsən ki, bu qəribə rəngləri bu dağların üzünə hansı qəfil bir əl sürtür, onları kimin gözəgörünməz möcüzəli fırçası bu rənglərə boyayır. Elə dağ var, gələnə-gedənə sinəsi üstən cığır açır, yol verir. Elə dağ da var, qalaya-qəsrə çevrilib torpağa yad ayaq dəyməsinə, düşmən atlarının keçməsinə keçilməz sədd olur, qənim kəsilir, evindən-eşiyindən iraq düşən igidlərə havadarlıq edir, qoynunda daldanacaq verir.

Əli Şimşəyin dəstəsi həmişə bu dağlardan ən gözəllərini özünə məskən seçərdi. Bu il də onlar çiyin-çiyinə verib bir-birinə söykənən, pəhləvanlar kimi əzəmətlə yan-yana dayanan Əlincə dağlarında məskən salmışdılar. Bu dağların döşündəki hamar düzənlik cıdır meydanına oxşayırdı. Səma aydın, dağlar çənsiz-dumansız olanda, bura qalxıb məğrib

¹ Şərqdə öz səxavətilə məşhur olan ərəb əmiri və şairi tərəfə baxanda az qala bütün Naxçıvan torpaqları nəhəng bir süfrə kimi adamın qarşısında açılır; alçaqlı-ucalı təpələr, bu təpələrin yan-yörəsinə dolana-dolana bir-birini kəsən cığırlar, dərələr, gümüş kəmər kimi parıldayan sısqa çaylar...

Əli Şimşəyin dəstəsi həmin düzənlikdə məşq edirdi: kənd igidləri at çapır, qurşaq tutub güləşir, qılınc vurub qıy çəkirdilər...

Kənardan baxan olsaydı Əlincə dağlarının qoynuna sərilən güllüçiçəkli düzənliyi həqiqi cədəlgah zənn edərdi...

...Əli Şimşək mağaradan çıxdı, kənarda dayanıb başına toplaşan igidlərə xeyli baxdı. Dağlar kimi müxtəlif olan bu el qisasçılarını bir yerə bir məqsəd cəm etmişdi: xanəgahın və ona qonşu olan kəndləri kasıb-kusubuna, əlil-zəlilin qəmxar olmaq, bərk ayaqda onlara kömək əli uzatmaq, onların var-yoxunu talançılardan qorumaq, namusuna uzadılan əlləri kəsmək...

...İgidlərdən biri onu dalğın və fikirli görüb yanına gəldi və əlindəki iki qılıncdan birini torpağa sancmağı ilə geri tullanması bir göz qırpımına qədər çəkdi.

– Özünü müdafiə elə, Əli. – Xəbərdarlıq edən Mahir idi. Əli Şimşək kiçik qardaşının məramını dərhal anladı, qılıncını qəbzəsindən çəkib onu torpaqdan çıxardı və “rəqibi”nin üzərinə şığıdı. Süvarilər atlardan endilər, qurşaq tutanlar aralandılar, qılınc vuranlar kiridilər. Əli ilə qardaşı “vuruşan”yerdə ətdən divar çəkdilər. Bu döyüşdən əvvəlcə baş açmayanlar da get-gedə işdən agah oldular, böyük maraq göstərib, iki “rəqib”in, hansının qalib gələcəyini gözlədilər...

Qardaşlar get-gedə qızışırdılar, gah döş-döşə gəlir, çiyinləri ilə bir-birini geri oturdur, sonra qılıncların qəbzəsinə yaxın yerini bir-birinə söykəyib fırlanır, birdən geri çəkilib təzədən həmlə edirdilər. Əli Şimşəyin sərrast zərbələrinin qarşısını Mahir bəzən məharətlə alır, gah başına, gah ayaqlarına enən zərbələri xüsusi cəldliklə zərərsizləşdirdi... Sinə-sinəyə dayanıb bir də geri çəkiləndə Əli Şimşək qılıncını torpağa sancdı, Mahirin əlindəki qılınc havadan asılı qaldı.

Əli Şimşək qardaşını bərk-bərk qucaqlayıb bağrına basdı. Yavaşca pıçıldadı:

– Mərhəba, qardaş...

Dövrə vurub dayananlar böyük sevinclə əl çaldılar. Əli Şimşək kənarda dayanan qardaşı Tahirə baxıb yerə sancılan qılıncı göstərdi.

– Nağıllarımızda kiçik qardaşlar daha igid olurlar... Göstər görüm məharətini...

Tahir sıçrayıb ortaya atıldı. Qılıncı yerdən çəkib Mahirə “hücum” etdi. Aralarında birbaşa vuruş başladı. Qılıncların səsi elə bil dağlara dəyib əks-səda verdi...

Elə bu vaxt haradansa eşidilən bir haray səsi qılıncların səsinə qarışdı. Səs get-gedə yaxınlaşdı:

– Əlii!.. Haradasan, Əlii!..

Hamı qulaq kəsildi. Birdən Əli Şimşəyin işarəsi ilə cavanlardan bir neçəsi xəncəri, qılıncı cəld belinə bağlayıb üzüaşağı götürüldü. Əli Şimşək cəld dikdirə qalxdı, ətrafı gözdən keçirib səs gələn tərəfə boylandı. Cavanlar gələn adamın başının üstünü kəsdirmişdilər və onu araya alıb yoxuşu qalxırdılar. Əli Şimşək dikdirdən endi və qəfil qonağın pişvazına çıxdı. Birdən gələni tanıdı: qonşu bənənyarlı bənna idi. Salamlaşdılar, qucaqlaşdılar, hal-əhvallaşdılar. Bənna işarə edib Əli Şimşəyi kənara çəkdi.

– Dünən şəhərə getmişdim... Şaqulumu itirmişəm, malam da sınıb... Əbubəkr oğlunun dostu Cəmilə rast gəldim. Qoymadı xərcə düşəm... Mənə təzə mala da verdi, şaqul da... Qazanxan kəndində iş götürdüyümü bilən kimi rica etdi ki, burdan keçəndə sənə bir baş çəkim... Rica etdi sənə deyim ki, sərvaxt olasan. Niyə ki, rəis bu həftənin içərisində Əlincə ətrafı kəndlərin üstünə yenə qoşun göndərəcək. Onun məqsədi də bu ilin taxıl vergisini verməkdən imtina edənlərin var-yoxunu əllərindən alıb aparmaqdı... Cəmilin bu xəbəri göndərməsi, mənim bu xəbəri gətirdiyim qorxulu olsa da, yenə də özümə borc bildim... Di salamat qal...

Əli Şimşək bənanyarlı bənnanı yeməyə dəvət etdi, amma qoca razılıq vermədi. Əli onu ata mindirib yola salmaq istəsə də, bənna rəva görmədi. Bənənyarlı gözdən itəndən sonra Əli Şimşək sal daşın üstündə əyləşdi, açıq səmaya baxdı. İki boz qartal Əlincə dağlarının zirvəsində dolanırdı... Hamının intizar dolu nəzərləri Əli Şimşəyə dikilmişdi. O, ayağa durdu, sal daşın üstünə çıxdı və əli ilə işarə edib kənd qisasçılarını yanına çağırdı...

* * *

Xanəgah və ona yaxın kəndlərin vergidən boyun qaçıran kasıb-kusubundan zorla alınan mal-qaranı, var-yoxu yüklənmiş ulaq-qatırı qabağına qatıb şəhərə tərəf sürən bir neçə nəfər darülmülk süvarisi yoxuşdan Pir Çüvar düzənliyinə təzəcə enmişdilər ki, Əshabi-kəhf dağını ikiyə bölən dərədəki dağdağanlıqdan çıxan bir dəstə atlı onların başının üstünü aldı. Qışda mağaralardan tükünü tüləyən, yaz-yay aylarında Əlincə dağlarının döşlərindəki bol otu, gül-çiçəyi yeyib sığırlarını ətə-qana dolduran kürən və qaşqa kəhərlərin, alapaça və boz ayqırların üstündə şux əyləşmiş kənd qisasçılarının səs-küyü bir an içərisində Pir Çüvar düzənliyini ağzına götürdü. Bir az sonra bu hayküyü at kişnərtisi, qılınc səsləri əvəz etdi. Çox da uzun sürməyən bu döyüşdə Əli Şimşək iki süvarini vurub atdan saldı, üç mühafizi yaralayıb şil-küş elədi. Atdan enib Mahirlə qız-gəlinlərin bağlı qollarını açdı...

– Mal-qaranı bir yerə toplayın! Ulaq-qatırı kənara çəkin... Qızlarımızdan, gəlinlərimizdən yorulanları ulaq-qatırlara mindirin... Rəisin bu binamuslarının atlarını götürün. Özü də bu kəsə yolunan geri qaytarın. Mahir, Tahir, İldırım, Cavanşir, siz bunları qabaqda aparın... Biz burada bir az ləngiyəcəyik... Başa düşdünüz?

Adları çəkilən kənd qisasçılarından ən əvvəl Tahir göydəmir atın yəhərinə sıçradı.

İşin nə yerdə olduğunu bilən qız-gəlin birdən Əli Şimşəyə tərəf qaçıb onun ayaqlarına döşəndilər, onların çoxu sevincini gizlədə bilməyib ağladı.

– Allah səni bizə çox görməsin, qardaş!

– Ömrünüz uzun olsun, ay halal südəmmişlər!

– Yüz yaşayın!

– Min yaşayın!

– Var olun! Var olun!..

Əli Şimşək geri çəkilmək əvəzinə, onlara bir az da yaxın gəldi, qız-gəlinin qolundan yapışıb gah onu, gah bunu ayağa qaldırdı. Eyni sözləri təkrar edə-edə dedi:

– Bax, bu olmadı... Bax, bu olmadı...

Elə bu vaxt Əli Şimşək birdən zarıyıb zorla qəddini düzəltdi. Kimsə oxu sol kürəyinin altına saplamışdı...

Hamı özünü itirdi. Mahir qaçıb ayaq üstə zorla dayanan Əlinin kürəyindən oxu çəkib çıxardı, onu otların üstünə uzatdı... Zərbə çox sərrast idi. Əli Şimşək bircə kərə gözlərini açıb-yumdu. Deyəsən, Əlincə dağlarının zirvələrində dolaşan boz qartallara baxdı. Nəsə demək istədi, bacarmadı. Bircə kəlmə kəsə bildi:

– Tahir... hanı?

Hamının gözü yan-yörəni gəzdi. Bu vaxt uzaqda bir atlını qovan Tahiri gördülər. Onun qılıncı bir anın içərisində qalxıb endi. Bir az sonra kəsilmiş bir baş Əli Şimşəyin ayaqları altına atıldı. Bu, yaxınlıqda böyük-böyük daş qalağının arxasından ox atıb, sonra alapaçanın yəhərinə sıçrayaraq aradan çıxmaq istəyən sarayın qaraulbaşının başı idi.

Pir Çüvar düzənliyində birdən səs-səsə qarışdı; haray çəkərək ağı deyib hönkürən qızlar-gəlinlər idi...

El-oba yolunda vuruşan bir igidə xəyanət edilmişdi...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Allah, Peyğəmbər, Xəlifə

Məhəmməd öləndən sonra onun varisləri xeyli fikirləşməli, götür-qoy etməli oldular. Əhmədi-mürsəlin, Qasimi rəhmətin¹ adını yazmaq, irsini qorumaq, buyurduğu qayda-qanunları hifz edib saxlamaq lazım idi. Doğrudur, daha meraca² gedib-gələn yox idi, amma rəsullahın³ xətəmun-nəbiyin⁴ yer üzərində kölgəsi daim gəzir, ruhu gecə-gündüz dolanır, nəfəsi bir addımda duyulur, Qüreyşi övladları vaxtlı-vaxtında boy atıb böyüyürdülər...Götür-qoy çox çəkmədi, baş sındırmaq da bir o qədər lazım olmadı: varisləri özlərini “xəlifə” elan etdilər, dövlətlərinə isə “xilafət” adı qoydular. Əllərinə Allahın müqəddəs kitabını – Quranı alıb başlarının üstünə İslamın yaşıl ələmini tutub atlarını dördnala obadan-obaya,

15 мин
Şəhdigül

...Pəncşənbə günü idi. Əcəmi tezdən durub iş yoldaşlarının təzədən düzəltdikləri evinə, həyətinə nəzər yetirdi. Sərdabədə işi dayandırıb gecə-gündüz bilmədən tikib-quran, təmir aparan həmkarlarının ünvanına ürəyində də olsa dönə-dönə xoş sözlər dedi. Hamıdan çox əziyyət çəkən Cəmilin ata-anasına rəhmət oxudu, bütün qab-qacağın yuyub təmizləyən, pal-paltarını təzələyən Zəhraya xoşbəxtlik arzuladı. Və yenə də sevindi ki, yaxşı olub darvazaya xətər toxunmayıb... Yanğın tez söndürülməsəydi, alov yəqin ki, onu da qarsacaqdı, üstündəki naxışları korlayacaqdı. Hamı da fikirləşəcəkdi, hökmdarın ayağı düşmədi... Şəmsəddin oğlu nəzərlədi Əbubəkr oğlunu...Əcəmi bunları fikirləşə-fikriləşə həyətində bir az qurdalandı, sonra bazara getdi. Məqsədi qonşu uşağı Rəşidin şikəst nənəsi Xədicə qarıya qovun, üzüm alıb gətirmək idi. Alıb evə qayıtdı. Rəşidi səsləyib aldıqlarını ona verdi, sonra tut ağacının altındakı yanı qarsalmış kötüyün üstündə oturub dincini almaq istədi. Anası Badisəba yadına düşdü.

7 мин
Bu xatirə yenə Əcəmi dilindəndir

“...Yetim böyümüşəm, rəhmətlik İbrahim, ha budu, mənə həm ata olub, həm də qardaş. Özümün isə bəxtimi allahtala əzəli gündən qara yazıb... Bir gün gəldi ki, xalam oğluna nişanladılar məni. Əslində mən getmək istəmirdim, qardaşım tək-tənha qalırdı, o halında... Amma sözündən çıxa bilmədim. Xalam oğlu da, ha budu, dinc bala deyildi. “Vur ölüm, haqqımı ver”in biriydi. Gedib qoşuldu qaçaq-quçağa. Toyumuz olmamış vurub öldürdülər... Yazıq hələ əlimdən də tutmamışdı, üz-üzə durub bir kəlmə belə kəsməmişdik... Bizim kənddə də, ha budu, adət var: hansı qızın toyu olmamış nişanlısını başına bir qəzavü-qədər gəldi, o qızın adını daha heç bir oğlan dilinə gətirməz. Gətirsə də, ata-anası razı olmaz... Deyər qarabəxtdi... O ki, qaldı Şahab meydanında gördüyün övrətə, rəhmətlik anamın siğə bacısıdı. Gözümü açandan Xəzangül arvadı özümə doğma xala bilmişəm. Körpə də, ha budu, onun nəvəsiydi... “Qızlar bulağı”na su gətirməyə məni İbrahim göndərmişdi... İndi bəxtimdən ha budu, yüz kərə, min kərə razıyam. Görüm Cəmil qardaş da, Zəhra bacı da “neynim, necə eləyim” deməsinlər. Məni sənə ürcah elədiklərinə görə işləri həmişə avand olsun...”Şəhdigülün nisgilli taleyindən, cavan yaşında başına gələn müsibətlərdən hali olandan sonra bu sadə, ürəyi açıq qıza məhəbbətim birə-on qat artmışdı. Artmışdı deyəndə ki, bu məhəbbəti aramızda, əslində, rəhmətlik bənnanın bacısı özü yaratmışdı. Onun qayğısı, mehribanlığı, uşaq kimi sadəliyi, qəlbinin güzgü kimi təmizliyi, üstəlik, gözəl səliqə-sahmanı məni ona elə bağlamışdı ki, görən deyərdi biz neçə illərin ər-arvadıyıq. Dəryanurdan sonra qəlbimdə yaranan boşluğu özüm də hiss etmədən pünhan-pünhan, qətrə-qətrə doldururdu Şəhdigül.

18 мин
Əli Şimşək

Əcəmi Şəhdigülü qaynanasının siğə bacısı Xəzangül arvadın yanında qoyub rəisin tapşırığını yerinə yetirmək üçün atını dağlara sarı sürdü, özü də elə yerlərdən sürdü ki, tez-tez bulağa rast gəlsin. Əcəmi hələ cavanlıq çağlarından bilirdi ki, Əlincə silsiləsinə gedən cığırların, yolların kənarlarında suyu diş donduran neçə-neçə bulaqlar çağlayır... Onun isə uşaq vaxtından bulaqlardan xoşu gələrdi, buludların göz yaşından, gül-çiçəyin, şəbnəmindən yaranıb gah bu daşın altından qaynayan, gah o qayanın dibindən pıqqıldayan bulaqlardan... Dizini yerə qoyub bulaqların göz yaşı kimi duru suyundan içəndə, pıçıltısına qulaq asanda ürəyinə xoş arzular dolardı.İndi də bulaqlara baş çəkə-çəkə, dupduru sularından içə-içə gəlib çıxdı Əlincənin ətəklərinə. Sal qayanın altından çıxan Xanəgah bulağının başında atını əylədi, səndəl ağacını qurşağına keçirib süfrə açdı. Şəhdigülün dəsmala bükdüyü pendir və çörəyi iştahla yedi. Amma bulaqdan ayrılmaq istəmirdi. Sal daşın üstündə əyləşdi. Nəzərləri uzaqlara zilləndi. Uzaqda dumana bürünmüş Əlincə qalası görünürdü.

17 мин

Стихи других поэтов