Страница 2 из 2 · 50%

– Başa düşdüm, hökmdar...

Cahan Pəhləvan vəzirə beytülmala əlavə sikkələr toplanmasına, əlavə vergilərin təyin edilməsinə, Naxçıvandakı Duzdağından duz aparan başqa yerli tacirlərdən rüsumların vaxtında alınmasına, xanədana mənsub ilxılarla qaçışda yüyərək olan ərəb atlarının sayının artırılmasına, zindana salınan oğruların bir neçəsinin əfv edilməsinə, təravətini itirmiş bəzi cariyələrin saraydan uzaqlaşdırılmasına əmrlər, sərəncamlar verəndən sonra zarafata keçib dedi:

– Vəzir, çoxdan istəyirəm səndən bir şey soruşam.

– Buyurun, hökmdar. – Sədəddin Əsədin də zehni açıldı.

– Sənin övrət məsələsindən başın yaxşı çıxır?

– Üzrxahlıq istəyirəm, hökmdar. Mən övrətlər barəsində təmamən bisavadam. Bunu mərhum atabəy-əzəmin özü də bilirdi.

Cahan Pəhləvan birdən qəhqəhə çəkdi:

– Onda dünyadan xəbərin yoxmuş ki, ay mağmun! Övrət fitnə-fəsadından başı çıxmayan kişi gərək başın dövlət işlərinə də soxmaya!

Sədəddin Əsəd yazıq-yazıq hökmdara baxıb çiyinlərini çəkdi:

– İnanın ki, düz sözümdür.

– Mən isə övrət barəsində çox şey bilirəm, vəzir... Və bu qənaətə gəlmişəm ki, Allah-təala övrətləri iki cür yaradıb, biri halal, biri haram. – Cahan Pəhləvan başından tacını götürüb taxtın üstünə qoydu, əllərini çoxu ağarmış cod saçlarına çəkdi. – Halal övrət adamın öz övrətidir, xərc çəkib aldığıdır. Necə ki, mülk alırsan, ev-eşik alırsan, at alırsan, mal-davar alırsan... Haram isə cavanlıqda divardan oğurluqla aşıb getdiyin, yaşa dolanda aldadıb evinə, otağına gətirdiyindi...

– Allah-təala sizi həmişə şad-xürrəm eləsin! Heç bir nigarançılığınız, narahatçılığınız olmasın... Həmişə süfrənizin başında, övladlarınızın üstündə olasınız.

– Mən sənin Eldəgəzlər xanədanına sədaqətinə inanıram, vəzir! Çünki mərhum atamın öz dilindən dəfələrlə eşitmişəm... Heç özüm də bilmirəm kefim niyə duruldu...

Sədəddin Əsəd ürəkləndi:

– Sizə xatırlatmağı özümə borc bilirəm ki, keçən görüşümüzdə səlcuqların sultanı barədə nəsə demək istədiniz, amma qardaşınız atabəy Qızıl Arslan gəldiyi üçün söhbəti saldınız təxirə.

Cahan Pəhləvanın sifəti yenə sərtləşdi, fikrə getdi, adəti üzrə taxtında yanını dəyişdi. Saray sahibi bir məsələ barəsində qəti fikir demək istəyəndə həmişə belə edərdi:

– Mən səlcuqilərə olan ehtiramımı axıra qədər saxlamaq niyyətindəyəm, vəzir. Bilirsən nəyə görə? Ona görə ki, səlcuq xanədanı təslim olmasaydı, hakimiyyətdən əl çəkməsəydi, mənim mərhum atam Şəmsəddin Edə söhbətin uzanmasın lazım bilmədiyi üçün başqa bir məsələni hökmdara xatırlatdı:

Qul karvanı barədə hökmünüz necədir?.. Bir də xəlifəyə göndəriləcək hədiyyə barədə fikrinizi bilmək vacib olardı.

Cahan Pəhləvan taxtından yenib pişgahda o tərəf-bu tərəfə var-gəl etdi. Bunu görən vəzir də dərhal ayağa qalxıb onun hüzurunda farağat dayandı:

– Xəlifəyə cariyə dindən də, dövlətdən də əzizdi... Həvadrəstlik¹, fisqu-figurluq² Qüreyşi nəslinin ən naqis cəhətidir. Xəlifənin atası tünbətün də belə olub, babası tünbətün də... Harun ər-Rəşid də, əl – Müstərişdi də, ən – Nəsiri də... Üstəlik babaları Məhəmmədin özü də. – Hökmdar dayandı, alnını ovuşdurdu: – Bir həftəyə qul karvanını yola salın çıxıb getsin... Amma bir nəfər də qız göndərməyin...

Bizə xəlifeyi – ruziyyəminin mərhəməti daha gərək deyil! Biz daha bundan sonra hər şeyi müstəqil məmləkət kimi özümüz həll etməli olacağıq. Mənim yeganə məramım Arazın sağ və sol sahillərində müqtədir bir dövlət yaratmaqdır. Qoy bunu dostlarımız da bilsinlər, düşmənlərimiz də... Mənə isə bu tac-taxt atamdan qalıb, mən onu qorumalıyam, hifz etməliyəm, öləndə də öz varisimə təhvil verməliyəm... Çalışıram ki, yaxşı hakim olam, mərhum atabəy-əzəmə layiq!..

– Hökmdar həzrətlərinə bəyan olsun ki, indi camaat çoxu məscidlərdə namaz qılanda “Əşədi Məhəmməd” sözünə görə peyğəmbərlə yanaşı, hökmdar barəsində də fikirləşir. Onların çoxu ali sözlərini Allah-təaladan sonra sizə aid edirlər. Camaatımız çox gözəl başa düşür ki, xalq küllən müqərrəb-dərgah³ olmasa, dövlət bərqərar olub möhkəmlənməz. Bu da hamıya əyandır ki, hökmdarın damarlarında atasının qanı axır. O, Şəmsəddin Eldəgəz kimi bir hökmdarın ilk oğlu, ləyaqətli xələfi, əvvəlinci varisidir. O istəsə öz qılıncının gücünə, ağıl və dərrakəsi ilə Azərbaycan Atabəylər dövlətinin ərazisini də, sərhədlərini də genişləndirər. Bu dövlətin ərazisi məşriqdən məğribə kimi uzanıb gedə bilər...

– Amma biz gərək yüz ölçüb bir biçək. Elə edək ki, rəiyyət narazı qalmaşın. – İxtiyar vəzirin mədhiyyəsindən xeyli xoşhal olan Cahan Pəhləvanın səsində birdən rəhm çalarları hiss olundu: – Mən bütün bəni-Adəmi sevirəm. Bu bəni-Adəmdən isə mənim üçün arranlılar daha əzizdir. Onların heç birinin başından bir tükün əskik olmasını rəva bilmirəm.

¹ Ehtiraslılıq

² Pozğunluq

³ Hökmdara yaxın

Sədəddin Əsəd istədi deyə ki, bəs onda bu sərtlik, bu cəzalar nə üçündür?.. Amma cürət etmədi.

Cahan Pəhləvan vəzirin ürəyindən keçənləri elə bil başa düşdüyü üçün fikrini bir az da geniş izah etməyə çalışdı.

– Hamıya aydındır ki, ələlxüsüs, sən ixtiyar vəzir çox yaxşı bilirsən ki, hökmdar öz məmləkətində qayda-qanun yaratmaq, asayişi bərpa etmək üçün sərt olmalıdır, yolundan azanları vaxtında cəzalandırmalıdır. Amma lazım gələndə, məqam çatanda öz qətiyyətini yağıların qəfil basqınlarından sinəsi ilə qorumalıdır. çalışmalıdır ki, heç bir əcnəbidən onun rəiyyətinə heç bir xətər toxunmasın. Deyərlər ki, hər bir ərkək öz komasının mühafizidir, hökmdar isə təkcə öz komasının yox, bütün məmləkətin mühafizidir... Yadımdadır, atabəy-əzəm də tez-tez deyərdi: hakimin ilkin borcu və məramı öz rəiyyətinin haqq-ədalət və sakitlik içərisində yaşamasın təmin etmək olmalıdır. Təəssüf ki, hər hakim buna nail ola bilmir.

– Dediklərinizə nail olmaq o qədər də asan iş deyil. Hakim bütün rəiyyəti razı sala bilməz. Yunan padşahı İsgəndər də bunu istəsəydi, nail ola bilməzdi. Bu cahandidə vəzirə inanın, hökmdar. – Sədəddin Əsəd səsinin ahəngini dəyişdi: – Daha bir məlumat. Naxçıvanın baş şeyxi Hatib ibn Mübarək dünən Həmədana gəlib. Daha doğrusu, mənim yanımda olub... Sizinlə görüşmək niyyətindədir. Deyəsən, Əbubəkr oğlundan yenə narazıdır...

– Bu qoca, Naxçıvanla Həmədanın arasını niyə su yolu eləyib?

– Nə deyim...

– Yaxşı... qoy sabah təşrif gətirsin... Amma ikilikdə o qoca tülkünü başa salmalıyıq ki, Əbubəkr oğlu nə molladır, nə də şeyx. Əcəmi memardır, filosofdur... şairdir... Mənim isə belə şəxslərə böyük ehtiramım, böyük hörmətim var!.. Əcəmi təkdir, Hatib ibn Mübarəklər isə çoxdur. İtlərə atılacaq qədər çox!..

Həbəş qulam özünü içəri saldı:

– Atabəy, Xilat hakimi Ərman şahın şəxsi çaparı gəlib... Sizi təsili görmək istəyir...

Cahan Pəhləvan vəzirin üzünə baxa-baxa dedi:

– De, gəlsin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Qəbullar

Birinci qəbul**Şəhər rəisi Eldəgəzlər dövlətinin ikinci hökmdarı şərəfinə böyük bir ziyafət düzəltmişdi. Cahan Pəhləvan cənublulara məxsus qanıqaynar naxçıvanlılardan arxayın olandan, atabəy-əzəm üçün elan etdiyi matəm günləri başa çatandan və Həmədandan Naxçıvana qədər uzanan yolların yorğunluğu yavaş-yavaş canından çıxandan sonra bu fikrə gəlmişdi. Bir də rəyasəti ələ keçirəndən, cavan bir dövlətin bütün qayğılarını, məmləkətin dərd-sərini çəkməyi boynuna götürəndən, iki ay içərisində iki əziz adamına – Anası Möminə xatuna və atası Atabəy Şəmsəddinə saxladığı matəm günlərindən ürəyinə dolan kədəri özündən uzaqlaşdırmaq üçün ova çıxmağa, dağ havası almağa, əylənməyə, kef etməyə nəsə bir ehtiyac duyurdu...

29 мин
Hökmdarın qəzəbnak vaxtı

Qonşuluq barədə bədxahlığın, bədgümanlığın əsasını hələ neçə-neçə il əvvəl gürcü çarı dördüncü Baqrat qoymuşdu. O, heç bir əsası olmadan Arrana düşmən nəzərilə baxmışdı. Öz sələfinə xilaf olmayan dördüncü David isə Azərbaycan üzərinə qoşun yeritmiş, nahaq qanlar tökmüş, iki qədim qonşuları bir-birinin üstünə qılınc qaldırmağa məcbur etmişdi. David Gəncəni tutmuş, yerli əhalidən çoxlu əsir alıb aparmışdı.Onun ölümündən sonra taxt-taca sahib olan birinci Demetre qəflətən basqın edərək gəncəlilərin üstünə yenidən qılınc qaldırmış, onları talan etmiş, geri dönəndə isə çoxlu qənimət aparmışdı. Əsir götürdüyü on min gəncəlinin çoxunu qılıncdan keçirmişdi...

5 мин
Dərban və mühafiz (yaz söhbəti)

– Ə, nətərsən, ə?– Necə olacağam? Demək olar ki, pisdən pis.

11 мин
Kuzəçi, dəmirçi, zərgər

Əcəmi sübh tezdən durmuşdu. Həyətdə bir az qurdalandı... Ancaq heç nəyə əl vurmağa həvəsi yox idi, yeməyə də onun kimi. Buna baxmayaraq müxtəlif söyüd, iydə şivlərindən müxtəlif rənglər vurub toxuduğu səvərələrdən bir balacasını götürüb həyətə çıxdı. Elə bu vaxt kor Əhsənin udunun həzin sədaları səhərin mehinə qarışıb onun həyətinə doldu, qulaqlarına axdı. Kor Əhsən yenə muğam çalırdı, qədim bir muğam...Əcəmi gedə bilmədi, ağacın altındakı kötüyün üstündə əyləşib axıra kimi qulaq kəsildi. Muğam qurtarıb, ud susandan sonra səvərəni sol qulağına keçirdi, darvazanı kilidlədi və yola düzəlib bazara getdi.

20 мин

Стихи других поэтов