Söyüd ağacı
– Ey söyüd ağacı! Allah-təala məni sənə oxşadanda, ha budu, niyə demədin yazıqdı. Deyəydin ki, bədbəxt eləmə o yetimçəni... Bəlkə özü kimi eləsinə qismət oldu ki, ha budu, onun da heç kimi olmadı... Qoy bir övladları olsun, havadarları olsun, qocalanda əllərindən tutan olsun...
Şəhdigül həyətin aşağısındakı söyüd ağacının altında iki dizini də yerə qoyub başını yuxarı qaldırmışdı, ovuclarını ağaca söykəyib elə bil onunla bəhsə girmişdi. Birdən ayağa qalxdı, ev yananda Zəhranın Əcəmiyə bağışladığı balaca xalçanı yovşan süpürgəsi ilə təmizlədi, ikiqat büküb hovuzun yanına qoydu, təzədən nə fikirləşdisə söyüdün hovuzun üstünə uzanan budaqlarından tutub bərk-bərk silkələdi, o tərəf-bu tərəfə əydi, sındırmaq istədi, gücü çatmadı. Birdən həyətdə qəribə bir zümzümə qanadlandı. O, başını söyüdə söykəyib zümzüməsini elə bil ağıya çevirdi: “Əzizim, dillər haray, Sonalar, göllər haray. Fələk qəsdimə durub, haray, ay ellər, haray...”
Əcəmi darvazanı açıb içəri girəndə Şəhdigülü balaca xalçanın üstündə diz çöküb söyüd ağacıyla danışan görən kimi dayandı, əlindəki səndəl ağacı ilə yanağını qaşıya-qaşıya arxadan yaxına gəlib qulaq kəsildi. Şəhdigülün dilindən qopan sözləri eşidincə sarsıldı. Ehtiyatla yaxınlaşıb əlini Şəhdigülün çiyninə qoydu.
Şəhdigül diksindi və cəld kənara çəkildi. Əcəmini görəndə özünü bir uşaq kimi onun üstünə atdı, belini qucaqladı, başını sinəsində gizlədib hönkürdü.
– Sən ... sən nə edirsən, Şəhdi?!
Şəhdigül göz yaşları içərisində ancaq “heç...” deyə bildi.
Əcəmi onun saçlarını oxşadı, başın sinəsindən güclə qaldırıb əvvəlcə alnından, sonra yanaqlarından öpdü. Saçları nəm idi, ənbər iyi verirdi. Bildi ki, elə indicə yuyunub... Saçını bir də iylədi, təzə yuyulan qadın saçından xoşu gələrdi Əcəminin. Dəryanuru xatırladı, onun da saçından beləcə xoş bir iy gələrdi həmişə...
Şəhdigül isə gözünün qarasını bir yerdən sıxıb min yerdən boşaldırdı. Əcəmi gördü ki, övrəti toxtaya bilmir, fikirləşdi ki, qoy ağlayıb ürəyini boşaltsın. Ancaq Şəhdigül kirimək bilmirdi, çiyinləri Əcəminin ovucları içərisində daha bərk silkələnirdi...
– Bax, bu olmadı... Kirisənə, uşaq ki deyilsən?.. Bax, bu olmadı! – Əcəmi eyni sözləri təkrar edirdi: – Di yaxşı, kiri görək!.. Bax belə... Mənim ağıllı Şəhdim... Mənim ceyranım, turacım. – Zarafata keçdi. – Ha budu, kəkliyim...
Şəhdigülün dodaqları qaçdı və kiridi, başını Əcəminin sinəsindən götürüb onun üzünə baxdı. Elə bil deyirdi: gözlərimin, yanaqlarımın yaşını sil.
Şəhdigülün iri, qara gözləri qızarmışdı, göz yaşı yanaqlarını islatmışdı. Onun belə halı da Əcəmiyə xoş gəldi, səndəl ağacını qurşağına keçirib, əli ilə Şəhdigülün yanaqlarını sildi, kirpiklərinə barmağı ilə sığal çəkdi, sol qolunun altına alıb hovuzun başına gətirdi. Balaca xalçanın qatını açıb onu oturtdu, sonra özü əyləşdi.
– Hə, indi mənim Şəhdim desin görüm nə olub?
Şəhdigülün dodaqları səyridi, üzündə təbəssümlə ağlamağın qarışığından doğan ani cizgilər göründü, yenə “heç” dedi.
– Yaxşı, demirsən, demə... Mən bu fikirdəyəm ki, sənin məndən gizlin heç bir işin olmayacaq, amma indi görürəm ki...
Şəhdigül cəld özünü yığışdırdı və Əcəminin sözünü bəlkə də birinci dəfəydi ki, kəsdi:
– Mənim... səndən heç bir gizlin işim yoxdur... Bunu, ha budu, Allah-təala özü də bilir.
– Bəs onda niyə danışmırsan?.. Axı mən narahat oluram... Özün bilirsən ki...
– Yox, narahat olma sən, əzizim... İndi hamısını danışaram. – Şəhdigül kəlağayısının ucu ilə gözlərini, yanaqlarını sildi. – Onsuz da axşam hamısını sənə yerbəyer deyəcəkdim. – Əcəmiyə qısıldı, qolunu onun qoluna keçirdi, başını çiyninə dayadı. Bir müddət beləcə qaldılar. Şəhdigül handan-hana söhbətini davam etdirdi: – Mənə dedilər ki, ha bunu, Gomayıllı məhəlləsindəki qoca bir qarı var, özüdə təbibdən çox bilir... Özünü ona göstər.
– Niyə xəstəsən? – Əcəmi təəccüblə soruşdu
– Yox, xəstə deyiləm... Şəhdigül həya edib başını aşağı saldı, kəlağayısının uclarını bir-birinə düyünləyib açdı: – Ha budu, bir ilin gəliniyəm, amma hələ uşağa qalmıram... Zərniyar xalam bilir...
– Nəyi bilir?
– Bilirsən... Uşaq vaxtı dağa gedirdik. Mənim on bir-on iki yaşım olardı. Anamın tərkinə minmişdim, ha budu nə oldusa anam atdan düşdü. Anam düşən kimi ata nə oldusa üzü aşağı götürüldü, mən özümü saxlaya bilmədim, yəhərdən aşıb arxası qatda daşların üstünə düşdüm. Bir həftə belimə yuxa döşədilər... Yaşlı arvadlar kimi olmuşdum... Obada qonşu kənddən qoca bir arvad var idi. Ha budu, deyirdilər onun ayağı biləni təbiblərin başı bilmir. Atam anama dedi ki, denən bir öyəc verirəm qışda qovurmalıq edər, qoy qızı sağaltsın. O da qırx gün bildiyi dava-dərmanı elədi. Havalar soyuyub arana enəndə, ha budu, anamnan xeyli pıçıldaşırdılar. Bircə onu eşitdim ki, anama dedi: “Qızınınki qalıb xaliqə...”
– Elə bu? – Əcəmi onun başını köksünə sıxdı. Əslində, Əcəminin özünün də bu xəbər ürəyincə olmadı. O da istərdi ki, övlad sahibi olsun, arxası olsun, ocağının tüstüsünü, çırağının işığını özündən sonra alışdıran, yandıran bir varis qoyub getsin. Ancaq nə etmək olardı, kimsəsiz, uşaq kimi, ürəyiaçıq sadə bir kənd qızını övladsızlığa görə eşiyə salmaq, evdən qovmaq dünyada baş verən ən rəzil işlərdən biri olmazdımı?
Bu azdı? Ha budu, sənin də çırağını yandıran olmalıdı, ya yox? – Şəhdigül Əcəminin ürəyindən keçəni deyib başını aşağı saldı, elə bil özünün böyük günahını yumaq, qəbahətini təzələmək üçün yol axtarırdı və həmin yolu da elə o anda tapdı və tapan kimi də deməyi üstün tutdu: – Əcəmi... bilirsən nə var? Gəl sən təzədən evlən... Mən sənin komana özüm gəlmişəm... qoy özüm də çıxım gedim... Kənddə qonşumuzda gözəl bir gəlin var. Adı da elə mənə oxşayır: İncəgül... Ərini ilan çaldı, öldü... Bir oğlu olmuşdu, o da qızılcadan öldü. İndi tək-tənha yaşayır. Onu al... bir övladın olsun...
– Kəs! – Əcəmi birdən hirslənib özündən çıxdı. – Bunun danışdığı sözə bax!.. Utanmaz! Elə bir oturuşmuş qarıdı... Hovuzun kənarından durub getdi. Həyətin baş tərəfində xeyli qurdalanandan sonra gəlib otağa qalxan səkidə oturdu.
Şəhdigül Əcəmini hirslənən görməmişdi, daha doğrusu ona elə gəlmişdi ki, hirslənməyi, başqasına acı söz deməyi bacarmayan kişilərdəndi. İndi Əcəmini hirslənən görəndə təəccüb etdi və onu da yəqin etdi ki, ərinin qəlbinə dəydi. Fikirləşdi: “Haradan gəldi bu axmaq fikir mənim ağlıma?.. Adam da ərinə deyər ki, evlən?.. Yaxşı, birdən o mənə desəydi gəl təzədən ərə get, Şəhdigül, mənim xoşuma gələrdi?.. Gör nə böyük qələt eləmişəm, kül mənim başıma!.. Birdən ürəyinə elə gələr ki, məndən yaşca böyük olduğu üçün peşmanlamışam? Aman, Allah! Nə işdi bu, tutdum mən?..”
Şəhdigül hovuzun kənarından durdu, böyük günah sahibi kimi özünü danlaya-danlaya Əcəmiyə yaxınlaşdı, birdən diz çöküb onun dizlərin qucaqladı, Əcəmi onu qaldırdı, çəkib səkidə yanında oturtdu.
– Bağışla, Əcəmi... Bilmədim, sənə elə sözlər dedim... Şeytan aldatdı məni... hə, hə... ha budur, şeytan aldatdı... Allah haqqı ...Sənin canına!.. – Şəhdigül bilmədi nə etsin, hansı mehribanlığı göstərsin ərinə. Əcəminin də hirsi soyudu. Fikirləşdi. “Görəsən, yer üzündə elə kişi tapılar ki, sizin nəvazişinizə biganə qala bilsin, ay Allahın yazıq şəhdigülləri...”
– Bağışladım... Əvvəlinci və sonuncu söhbət olsun. Bildin?..
– Bildim.
Əcəmi özü rəsmi danışdığı üçün cavabı da rəsmi oldu. Birdən qanı qaynadı və Şəhdigülü qucaqlayıb bağrına basdı, üzündən gözündən öpdü, öpdü. Şəhdigül də nazlandı, xumarlandı... Bütün söhbətlər yaddan çıxdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/huseyn-ibrahimov-esrin-onda-biri-soyud-agaci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şahların, padşahların sarayları başqa bir aləmdir. Gərək o saraylara düşəsən ki, görəsən orada nələr olur, nə sirlər gizlənir, hansı möcüzələr baş verir.Saraylarda adamlar da müxtəlifdir. Müxtəlifdir xasiyyətlər də, əməllər də. Müxtəlifdir iştahlar da, əxlaqlar da. Bu saraylar görəsən nə vaxt, nədən ötrü peyda olublar əzəl-axır məkanımız Xak üzərində, onlara kim daşıyıb şəffaf-şəffaf Abı, ocaqlarında kim yandırıb qızmar-qızmar Atəşi, kim gətirib onların işığlı-qaranlığlı küçələrinə həzin-gur Badı?.. Bu saraylarda adamlar öz mənliklərini, öz izzəti-nəfslərini itirdikləri kimi adlarını da itirirlər. Birinə hökmdar deyirlər, birinə vəzir; birinə mələkə deyirlər, birinə cariyə; birinə əş-şeyx ər-rəis deyirlər, birinə qazi; birinə münadi deyirlər, birinə nədim; birinə məşşatə deyirlər, birinə kəniz; birinə mühafiz deyirlər, birinə dərban; birinə qulam deyirlər, birinə pərdədar...
Yollar, yollar...Pəncşənbə günü idi. Səhər yenicə açılırdı.Tutqun üfüqün boz yanağına təzə-təzə narıncı xal düşür, qədim Həmədanın üzərinə sallanan qatı bulud karvanı şəhərin söykəndiyi Əlvənd dağlarına tərəf sürünür, sonra göy qübbəsinin ətəklərində çin-çin olur bir-birinin üstünə qalanırdı. Məğribin zülmət örpəyi çoxdan pardaxlanmışdı...
Xufdən söhbətiNaxçıvan şəhərinin rəisi içəri girəndə baş şeyx Hatib ibn Mübarək başdan-ayağa xalı döşənmiş otağın ortasında əyləşib, qarşısındakı rəhilin¹ üstünə qoyulan qalın kitabın növbəti vərəqini əlfəcinlə çevirdi, onu öpüb gözlərinin üstünə qoydu, sonra öz-özünə “Əşhədü ənna lailahə illəllah, əşədü ənna Muhəmmədən rəsul Allah” deyib pıçıldadı. O, rəisə özünü elə göstərmək istədi ki, guya Quran oxuyur. Əslində rəhilin üstündəki “Vis və Ramin”² idi.Rəis başını tərpədib salamlaşdı, baş şeyx mane olmasın deyə ehtiyatla keçib yuxarı başda, pəncərənin önünə qoyulan və üstünə kiçik güllü xalça salınan dibacədə³ əyləşdi.
Bu xatirə Əcəmi dilindəndirGecə pis yatmışdım. Son vaxtlar belə hallarım tez-tez olurdu. Bəlkə də buna görəydi ki, tək-tənha ömür sürürdüm. Anam sağlığında dönə-dönə eşitdirsə də, evlənmək istəmirdim. Bir də fikirləşirdim ki, adamlar bəzən özünə peşə seçən günü daim subay qalacaqlarını da qət edirlər. Bu gün burada, sabah orda işləyənə hansı qız ərə gəlib övrət olar? Mənim peşəm də belə idi. İlk məhəbbətim üzüdönük çıxandan sonra isə adamlardan uzaq gəzməyə, qadın xeylağından birdəfəlik kənar qaçmağa çalışırdım. İki-üç il olardı ki, rəhmətlik atam Əbubəkr kişi kimi dulusçuluğu atıb bənnalığa başlamışdım. Amma qarşıma məqsəd qoymuşdum ki, axıra kimi bənna olub qalmayam. Axı oğullar atalardan, atalar babalardan irəli getməsələr, millət tərəqqi etməz... İnsan övladı da qəribə məxluqdur. Hərəsi bir şeyin vurğunudu əzəli gündən. Biri gülün, biri çiçəyin, biri də ömür-gün sirdaşı bir göyçəyin, bir mələyin... Mən də ağlım kəsəndən kərpicə, daşa vuruldum, meylimi onlara saldım. Axı daş bizim ulu babalarımızın, nənələrimizin ilk evi, ilk silahı olub. Adəm Həvvaya rast gələndə, yəqinimdir ki, dünyanın ilk kişisi kimi gəlin otağını daşdan hörüb, palçıqdan çatıb. Arvad qeydinə qalanda, övlad qayğısı çəkəndə əlinə daş alıb ov dalınca gedib. Sonra daşdan dəstər, yemək qab-qacaq düzəldib, ocaq çatmaq üçün çaxmaq itiləyib. Bəlkə elə bu işıqlı aləmin ilk övrəti Həvva üçün ilk bəzək şeylərini də daşdan yonub bizim min-min yaşlı, min-min dərdli-sərli babamız Adəm... Demək, bəşər övladının ürəyində ilk məhəbbət elə torpağa, daşa oyanıb. Daş olmasaydı biz ulu-ulu əcdadımızdan da, qədim-qədim sələflərimizdən də xəbər tuta bilməzdik, onların əməlindən agah ola bilməzdik. Daşdan tikdikləri kar qalalara, kor bürclərə baxıb onların ürəyindən keçənlərdən xəbər tuturuq, yaxşıları yamanlardan, mərdləri namərdlərdən, igidləri qorxaqlardan ayırd edirik həmişə. Axı xeyirxahlar daşdan, palçıqdan öz bildikləri kimi, namərdlər də öz tikdikləri kimi istifadə ediblər. Bəziləri gözoxşayan saraylar, qəsrlər tikiblər, bəziləri qan çanağı, ölüm teşti olan zindanlar, həbsxanalar... Lal daşlar bəzən insan övladına bərli-bəzəkli gəlin otağı olub, bəzən də qaranlıq sərdabə... Belədi yaşı bəlli olmayan bu qoca dünyanın gərdişi ilk yaranışdan, ilk binadan. Nə eybi, qoy ədiblər gördüklərini, şahidi olduqlarını, sevdiklərini, nifrət etdiklərini əşara çevirib nəzmə çəksinlər, alimlər təbiəti gizli-gizli öyrənsinlər, mənsə ürəyimdən keçənləri daş kitabələrə köçürtdüm, dilsiz daşlara həkk etdim – bir çoxuna imarətlər inşa etdim, qəbirlər üzərində sərdabələr tikdim, axırda isə şəhərimizin ən mötəbər şəxsi, böyük şeyx Yusifə öz borcumu ödədim......Elalnının arxasında Günəş şəfəq atan kimi durub geyindim, həyətə endim. Səhərə yaxın azacıq yağış çiləmişdi. Havada mülayim bir sərinlik var idi. Darvazadan çıxdım, dar küçə ilə üzüyuxarı qalxıb, Pir Osman meydanına gəldim. Saraydan əlavə məscid-minarələrin, qala divarlarının üzərində də ipək bayraqlar dalğalanırdı. Amma dəmirçixanalardan, misgər, nalbənd, xarrat dükanlarından çəkic-zindan səsləri gəlmirdi, dulus emalatxanalarının bacalarından tüstü çıxmırdı, küçələrdə halva, saqqız, göyərti satanların cır səsləri qulaqlara dolub beyinlərə işləmirdi... Şəhərin üzərinə çökmüş sükutu az sonra məscidlərin minarələrinə qalxıb camaatı səhər namazına dəvət edən müəzzinlərin “Allahu əkbər” sədaları pozmağa başladı... Məscidlərdə isə öz işlərində idi mollalar. Onlar əş-şeyx ər-rəis Hatib ibn Mübarəkin tapşırığına əməl edərək Eldəgəzlər sülaləsinin ayrı-ayrı şəxslərinin ünvanlarına təriflər deyir, nimdaş xirgə geymiş, əli kəşküllü, təbərzinli dərvişlər küçələrdə qəsidələr söyləyir, təsbehli, göy qurşaqlı seyidlər atabəy-əzəmdən sonra taxta əyləşən Cahan Pəhləvanı bir hökmdar kimi, bir sərkərdə kimi, bir insan kimi tərifləyib göyə qaldırırdılar...
Стихи других поэтов
ای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
Etdi dollak yüzün dün xəti-tərdən xaliEtdi dollak yüzün dün xəti-tərdən xali,Oldu ayinəyi-dü jəngi-kədərdən xali.
GedirsənMal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsən
MəniƏlvan çiçəkləri ətir qoxulu,Yaşıl çəmənləri səhər yuxulu.