Adil
Страница 1 из 2
... Mən o dəhşətli fırtına buludlarının sıxlaşa-sıxlaşa bizim çadırımızın üzərinə yeridiyini görürdüm... Mən, hər şeydən əvvəl, öz hərəkətlərimi diqqətlə təhlil edirdim.
Oçerkdə deyilənlərin hamısı həqiqət idi. Mən dağların o biri tərəfindəki fermalara gedən yolu bacardıqca tez qurtarmağa can atır və bunun üçün əlimdən nə gəlirdisə eləyirdim. İş sahələrinə baş çəkmədiyim bir gün də olmurdu. Fəhlələrin məəttəl qalmaması üçün bütün materialları həmişə vaxtından bir neçə gün qabaq daşıtdırırdım. Adamların maaşını bir gün də gecikdirmirdim. İstər yerli idarələr, istərsə də mərkəz mənim işimdən çox razı idi. Mən hər ikimizin (Səriyyənin və özümün) həyatı qarşısında məsul idim. Bilirdim ki, bu çəkdiyimiz yol, eyni zamanda, bizim gələcəyimizə gedir. Sadəcə desək, əgər mən pis işləsəm, yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu cür müstəqil, məsul iş üzü görmərəm. Mən fatalist deyiləm. Bilirdim ki, hər gənc ailənin gələcək səadəti, birinci növbədə, ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. Mən boş xəyallara, təsadüflərə bel bağlayanlardan deyildim. Mən bütün şahmat fiqurlarının qabaqcadan əsaslı surətdə düşünülmüş möhkəm plan üzrə hərəkət etməsini istəyirdim, həyata qarşı həmişə hücumçu olmaq fikrindəyəm. Daha doğrusu, bu mənim prinsipim, əqidəm idi. Mən müdafiə mövqeyində dayanmağa nifrət edirdim. Ona görə də yola rəis təyin olunub gəldiyim ilk gündən işi elə qurdum ki, adi idarələrin qarşısında mən yox, idarələr mənim qarşımda başlarını itirirdilər. Mən smeta üzrə yola lazım olan materialları, məsələn, sementi, betonu, boruları dərhal daşıtdırır, qalanını isə vaxtından azı bir ay qabaq tələb edirdim. Onlar materialı tələb etdiyim vaxtdan gec verdikdə isə aləmi bir-birinə vururdum.
– Yoldaş Adil, xahiş edirəm, üçcə gün də dözəsəniz...
– Yoldaş Adil, siz nazirə nahaq şikayət eləmisiniz. Biz həmişə əvvəlcə sizin sahənizi təmin etməyə çalışırıq.
– Yoldaş Adil, olub-qalan taxtanı sizə verdik. Bir az səbir eləyin.
Lakin mən səbir eləmirdim. Bu barədə özümü tamamilə haqlı hesab edirdim: «Əgər hamı mənim kimi işləsə, vaxtında tələb eləsə, heç nəyə «yox» deyilməz. Vaxtında tələb etməmisənsə, vaxtında almamısansa, onda zəhmət çək cavab ver!»
Beləliklə, yolun çəkilişində, körpülərin salınmasında hər iş, mənim üslubuma uyğun olaraq, öz qaydası ilə gedirdi. Plan hər həftə nəzərdə tutduğumdan da artıq həyata keçirilirdi. Bununla belə, mən narahat idim. Çox narahat idim...
Biz Səriyyə ilə bir-birimizi istəyərək, neçə ay gəzib-dolanaraq evlənmişdik. Doğrudur, anam-atam bu işə narazı idilər. Onlar deyirdilər ki, mən adlı-sanlı ailədən olan, yaxşı təhsil görmüş bir qızla evlənə bilərəm. Xüsusən, anam ipə-sapa yatmırdı. Lakin evlənmək barədə mənim ancaq özüməməxsus gizli mülahizələrim var idi. Mən belə güman edirdim ki, istər ailə cəhətincə, istərsə də təhsildə, hətta xarici görünüşdə də qız oğlana nisbətən bir pillə aşağıda dursa yaxşıdır. O zaman sənin sözün (əlbəttə, əgər sən ədalətli və ağıllı bir ailə başçısısansa) daha kəsərli olar. Sən ailə barəsində öz fikirlərini (əlbəttə, haqlı fikirlərini) daha asanlıqla həyata keçirə bilərsən. Sən öz arvadına qarşı son dərəcə həssas və diqqətli olmalısan. Hər bir kiçik səhvi dərhal duyub ləğv etməyi bacarmalısan. Əks təqdirdə...
Bura gələndən bir neçə gün sonra mən onun buldozerçinin köynəyinə düymə tikdiyini görərkən əvvəlcə təəccüb etdim. Sonra anamın «yaxşı ailədən olan, yaxşı təhsil görmüş qız...» haqqındakı fikirlərini xatırlayaraq, ürəyimdə gülümsədim, «aha, yavaş-yavaş mətləb üstünə gəlirik» dedim.
Sonra o, körpüsalanlarla tennis oynamağa gedəcəyini söylədikdə, mümkün qədər sakit tərzdə narazılığımı bildirdim. Buna baxmayaraq, o getdi. Qayıdanda isə mən bu barədə ona heç bir söz demədim. Mən bilirdim ki, belə işlərdə ehtiyatla hərəkət etmək, aradakı pərdəni götürməmək lazımdır. Həyat çılpaqlığı sevmir. Səhəri gün o yenə də tennis oynamağa getdi və mən yenə də bir söz demədim...
Mən onun buldozerçini görərkən narahat vəziyyət aldığını hiss edirdim. Lakin bu barədə düşünməyi belə özümə ar bilirdim. Mənim arvadım... buldozerçi haqqında ayrı nə fikirdə ola bilərdi?!.
Mən Səriyyənin körpüsalanlarla ova getməsinə də etiraz eləmədim. Mən zor tətbiq eləyə bilməzdim, hər şeyi onun özünün başa düşməsi lazım idi. Doğrudur, onun öz iş yoldaşları ilə tennis oynamasında və ya ova getməsində heç bir qəbahət yox idi. Lakin mən onun getməsini istəmirdim. Mən yol rəisi idim. Həyat yoldaşım bunu anlamalı idi. Madam ki, mən getmirdim, demək, onun da getməsi lazım deyildi. Həkim xəstəni müşahidə eləyən kimi, mən də onun hərəkətlərinə fikir verir, haradan başlayacağımı bilmirdim. Hər şeydən əvvəl, xəstəliyin özünü düzgün müəyyən etmək lazım idi. Bunsuz müalicə mümkün olmazdı. Əgər mənim haqqımda oçerk oxunan zaman onun keçirdiyi ruhi vəziyyəti görməsəydim, əgər o, körpüsalanlarla şərab içdiyini mənə elə kinli-kinli söyləməsəydi, bəlkə də, mən indi bu çətin düşüncələrə qərq olmazdım. Oçerk oxunub qurtarandan sonra onun necə qızardığını, mənə necə baxdığını və körpüsalanlarla şərab içdiyini ağlasığmaz, heç gözlənilmədən, nə cür gizli bir qəzəblə söylədiyini indi də yadıma salanda ürəyim ağrıyır. Bu nə qəribə hal idi? O nə üçün birdən-birə mənə qarşı bu qədər kinli olmuşdu? Mən nə etmişdim? Qəbahətim nə idi? Əgər məni tərifləyirdilərsə, burada pis nə var idi? O nə üçün bunun əvəzində məni yandırmaq istəyirdi? Mən ki, onun əri, həyat yoldaşı idim. Mənim təriflənməyim onun təriflənməyi deyildimi? Bir də, axı məni havayı yerə tərifləmirdilər! Mən bu haqqı öz zəhmətimlə, işimlə qazanmışdım. Məgər, mən onun və onun gələcək uşaqlarının səadəti üçün əlləşib-vuruşmurdummu?
Birdən nəğmə səsi eşidildi. Arsız və yüngülxasiyyət oğlan olan Kərəmxan nə isə gülməli bir şey oxudu, sonra yoldaşları ağız-ağıza verib dedilər.
Ay Dadaş,
Atma daş –
Mən yaralıyam,
Şəkinin, Şirvanın
Mən maralıyam.
Onlar bu axmaq nəqəratı təkrar edib bərkdən gülüşdülər. Səriyyə içəridən çıxıb qapının ağzında dayanaraq, körpüsalanların çadırına tərəf baxdı və onun üzündəki gərgin ifadəni xoş bir təbəssüm əvəz elədi. Mən oxuyanlara tərəf işarə edərək kəskin istehza ilə:
– Deyəsən, içdiyiniz şərabın təsiri özünü indi göstərir, – dedim.
Lakin o, əvvəlcə, elə bil, məni eşitmədi. Sonra üzümə elə qəribə, soyuq bir nəzər saldı ki, elə bil, məni ilk dəfə görür və kim olduğumu xatırlamağa çalışırdı. Elə bil, mən tamamilə uzaq, yad bir adam idim. Bayaqkı şərab söhbətindən sonra bu, mənə ikinci ağır zərbə idi. Mən bir anlığa özümü alçalmış, təhqir olunmuş kimi hiss elədim. Mənə elə gəldi ki, hələ iyirmi yaşı tamam olmamış, orta təhsilli bir çilingər qızı mənə xeyli yuxarıdan baxır!.. Lakin bu duyğunun mənim üzərimdəki hökmü yalnız bir an çəkdi. Mən qətiyyətlə ayağa qalxaraq:
– Bilirsənmi nə var, – dedim, – işdən sonra onlara getməyi sənə qadağan edirəm.
O gülümsədi və birdən-birə mənə fövqəladə dərəcədə gözəl göründü. Onun təbəssümündə dərin bir məmnuniyyət var idi. Ona sillə vurmaqdan özümü güclə saxladım.
– Yox, Adil, – dedi, – mən «qadağan» sözünü xoşlamıram.
– Yaxşı, onlara getməyi sənə məsləhət görmürəm.
– Nə üçün? – deyə o elə arxayınlıqla soruşdu ki, elə bil, sualın cavabı ona əvvəlcədən məlum idi. O, dəhşətli dərəcədə cazibədar və qəddar idi!
– Bir özün düşün: cavan qadın subay oğlanlara qoşulub...
– Nə olsun? Yoxsa qısqanırsan?
Hiddətimi boğaraq:
– Əgər onlar mənim tayım-bərabərim olsaydılar, bəlkə də, qısqanardım...
O, təkrar gülümsədi, məmnun göründü.
– İndi ki, tayın-bərabərin deyillər, bəs niyə deyirsən?
– Sən mənim mövqeyimin tələb etdiyi yüksəklikdə dayanmağı bacarmalısan!
– Sənin mövqeyinin... Yox, Adil, mən sənin tələb etdiyin yüksəklikdə dayana bilmərəm. Mən onların yoldaşıyam. Biz dördümüzün də adını bir kağıza yazıb, hörgünün bünövrəsinə qoymuşuq. Biz bir briqadayıq.
– Sonra söz-söhbət olar. Gedər yuxarılara-zada çatar.
– Çatsın! Sən ki, məni tanıyırsan. Briqada ki, məni tanıyır.
– Bilirsənmi, Səriyyə, – deyə bu dəfə mülayim ifadə ilə izaha çalışdım, – biz həyatda hələ təzə-təzə ayaq tutub yeriyirik. Bizim haqqımızda pis bir fikrin əmələ gəlməsi bütün gələcəyimizə təsir eləyə bilər. Məni pilləkənin yarısından qayıdıb təkrar aşağı düşməyə məcbur edərlər, bir də yuxarı qoymazlar. Sən bunu başa düşməlisən!
– Başa düşürəm.
– Odur ha... Əsas məsələ budur. Yoxsa onlar kimdirlər ki, səni onlara qısqanım?
– Onlar körpüsalanlardır!
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-adil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İbrahim xanın iqamətgahı. On səkkizinci əsrin hərbi paltarında olan gənc Hüseynqulu xan iti addımlarla daxil olur.*Hüseynqulu xan** (*qonşu verandaya*)
On ikinci şəkilİbrahim xan öz otağında təkdir, hiss olunur ki, fikri uzaqlardadır. Səltənət bəyim daxil olub, atasının qarşısında diz çökərək, əlindən öpür.*Səltənət bəyim**
On üçüncü şəkilGeneral Sisyanovun qərargahı. General böyük çadırda var-gəl edir. Mayor Lisaneviç daxil olaraq hərbi təzim edir.*Lisaneviç**
On dördüncü şəkilSəhnə od-alov saçan döyüş cəbhəsinə çevrilir. İşıq gah vuruş meydanında qəzəblə atışan cavan Hüseynqulu xanı, gah düşmən cəbhəsində topun arxasında dayanmış Sisyanovu, gah da gizli yolla rus əsgərlərinə bələdçilik eləyən Vanyanı işıqlandırır.*Səltənət bəyim Hüseynqulu xanı axtarır.*