Страница 2 из 2 · 50%

– Nə olsun körpüsalanlardır! Müftə işləmirlər ki? Körpü salıb, pul alırlar.

– Sən də pul alırsan.

– Elədir. Ancaq mən mənəm. Onlar da onlar!

– Hər halda, onlar sənin kimi qorxaq deyillər.

– Mən qorxağam?

– Bəli, qorxaqsan!

– Mən nədən qorxuram?

– Rəislikdən çıxarılmaqdan! Karyerandan!

– Rəislik mənim vəzifəmdir. Mən öz ailəm qarşısında, cəmiyyət qarşısında məsulam, mən sənin kimi yelbeyin qadına xoş gəlmək üçün özümü uçuruma ata bilmərəm... Sən... Sən...

Mən qəzəbimi ifadə etmək üçün söz tapa bilmirdim. O isə mələk donuna girmiş iblis kimi gülümsəyib:

– Doğrudur, – dedi, – buna görə də hər yerdə özünü gözə dürtmək istəyirsən... Özün haqqında oçerklər yazdırırsan.

– Oçerkləri mən yazdırmıram! – deyə qışqırdım.

– Sən yazdırırsan! Əgər sən yazdırmasaydın, yanına gələn müəllifə deyərdin ki, məndən də artıq zəhmət çəkən adamlar var. Get, əvvəlcə onlardan yaz.

– Məsələn, kimdi onlar?

– Məsələn, onlar iki ayda görüləcək işi iyirmi beş gündə yerinə yetirən Soltan, Kərəmxan...

– Bəs o yekəpər buldozerçini niyə demirsən? Sən öz ərini gör kimlərlə müqayisə edirsən...

– Onlar «kimlər» deyil, Adil! Onlar mənim yoldaşlarımdır. Biz bir briqadanın adamlarıyıq. Mən onları çox istəyirəm. Sən onların heç birini təhqir eləyə bilməzsən.

Cavab vermədim. Daha doğrusu, cavab vermək iqtidarında deyildim. O, bütün gözəlliyi və amansızlığı ilə qarşımda dayanmışdı. Mən subay çağlarımda ideal ailə həyatı haqqında çox düşünərdim. Bu da sənə ideal ailə! Bu da sənin müqəddəs həyat yoldaşın! Sən onun səadəti üçün özünü oda-közə vurursan, o isə səni vəzifəbazlıqda, saxtakarlıqda təqsirləndirir. Bundan sonra gəl səmimiyyətdən, məhəbbətdən danış!

... Mən onu ilk dəfə texnikumun buraxılış imtahanında görmüşdüm. Əynində qolları dirsəkdən yuxarı idman köynəyi, ayaqlarında qısaboğazlı corab, yüngül məs var idi. Mən nazirlik tərəfindən imtahanda nümayəndəydim. Onun cavabları o qədər tərifli olmasa da, aydın və cəsarətli idi. O, tez-tez mənə baxaraq, yanındakı qıza nə isə deyirdi. Riyaziyyatdan şifahi imtahan verdiyi zaman orta məktəbdə mənimlə birlikdə oxumuş müəllim:

– Adil, – dedi, – bizim bu Səriyyə xanım almanca yaman bilir. Hötenin şerlərini sənə əzbərdən deyər.

– Doğrudanmı? – deyə mən gülümsəyərək qıza baxdım.

Sonra almanca soruşdum:

– Yol texnikumunda oxumaq sizin haradan ağlınıza gəlmişdir?

– Mən əvvəlcə, – deyə o da eyni dildə cavab verdi, – atamın məsləhəti ilə neft texnikumuna daxil olmaq istəyirdim. Ancaq orada riyaziyyatdan kəsildim. Sonra elə oldu ki, bura gəldim.

Almanca bilməyən müəllim dostum maraqla qulaq asaraq:

– Hə, necədir? – soruşdu.

– Çox gözəl bilir, – dedim.

Birdən qız:

– Siz də yaxşı danışırsınız, – deyə mənə baxıb gülümsədi. Və elə bil, bu bir cümlə ilə birdən-birə məni öz hökmü altına aldı. Mən almanca ondan haralı və kimin qızı olduğunu soruşdum.

O:

– Neyləyirsiniz?

– Elə-belə, maraqlanıram.

Mən başqalarını şübhəyə salmamaq üçün ciddi və işgüzar bir görünüş alaraq, yenə də almanca öz telefon nömrəmi ona söyləyib, xahiş elədim ki, buraxılış imtahanlarını verib qurtarandan sonra mənə zəng eləsin.

O, mənə baxmadan:

– Yaxşı, – deyə cavab verdi.

– Telefon nömrəsi yadınızdan çıxmadı ki?

O, telefon nömrəsini təkrar etdi.

«Siz də yaxşı danışırsız» sözləri o gecə yüz dəfə fikrimdən gəlib keçirdi və hər dəfə də mən onun əsmər bənizini bütün aydınlığı ilə görürdüm. Onun gülümsəyən qara gözlərinin dərinliklərində indiyə qədər mənə məlum olmayan bir aləm var idi. Bu aləmdə hər şey təzə və maraqlı idi. Mən çarpayımda uzanaraq gözlərimi qaranlıq divara zilləyib, bu aləmi həsrətlə seyr edirdim. O biri otaqda yatmış atam-anam sanki çox uzaqlarda qalmışdılar. Elə bil, mən bir də onları görməyəcəkdim. Mən özümdən başqa heç nə duymurdum, yalnız öz varlığımı və onun şiddətli arzusunu hiss edirdim. Mən bu arzuya qovuşmaq üçün hər şeyi vurub-dağıtmağa hazır idim. Mən acmış pələng kimi qəzəbli və narahat idim. Başımın altındakı balışı dönə-dönə o tərəf-bu tərəfə çevirirdim. Balışımın yumşaqlığı məni hirsləndirirdi. Birdən xatırladım ki, bu balışın içinə doldurulan quş tükdür. Vaxtilə həyatda olmuş, yaşamış quşların tükü!

Lakin o həyatın artıq mənə dəxli yox idi. Mənim indi görüb-duyduğum ailəmdə nə quşlar var idi, nə də bu mənfur yumşaq yastıqlar. Qalxıb işığı yandıraraq, güzgünün qabağına keçdim və diqqətlə özümə baxdım. Gündüz «almanca yaman bilir» deyə Səriyyəni mənə təqdim eləyən müəllim dostumu xatırlayaraq, onun kimi çirkin olmadığımdan dərin bir məmnuniyyət duydum. Səriyyənin almanca mənim telefon nömrəmi necə pıçıldadığını təkrar-təkrar eşidirdim. Mən həyəcanla otağın içində var-gəl edərək səhərin tez açılmasını istəyirdim. Damarlarımdakı həyat qüvvəsi heç bir zaman bu qədər tələbkar və amansız olmamışdı.

İşıqda tək qalmaq mənə ağır görünürdü. Elə bil, kimin qarşısında isə ifşa olunurdum. Əsəbi addımlarla irəliləyib çırağı söndürdüm. Təkrar qaranlıq divarlarla üz-üzə qalanda qədim yunanların sevgi allahlarını xatırladım. «Qəribədir, görəsən, insanlar bu allahları nə üçün uydurmuşlar? Onları buna nə məcbur etmişdir?»

Biz evlənən zaman mən növbəti məzuniyyət götürdüm və düz iyirmi dörd gün, demək olar, evdən çıxmadım.

Sonra... hər şey öz qaydası ilə getməyə başladı. Mən daha yunanların eşq allahları haqqında düşünmürdüm. Mən onları unutmuşdum. Lakin bu gün oçerk oxunandan sonra, Səriyyə körpüsalanlarla şərab içdiyini söyləyərkən, onu birinci dəfə gördüyüm günü yenidən xatırladım. Qanım yenidən coşdu, yenidən mənə elə gəldi ki, onu indicə görürəm, ona nə qədər bağlı olduğumu, onsuz bir gün də yaşaya bilməyəcəyimi bu qədər aydın hiss edirəm. Lakin onun bu lənətə gəlmiş körpüsalanlara münasibəti mənim üçün müəmma idi... Mən bütün gücümü toplayaraq bunu açıb-ağartmamağa çalışırdım. Ona görə də, onun hər axşam körpüsalanlarla tennis oynamasına, hətta onlarla ova getməsinə mane olmurdum. Bu maneçilik vəziyyəti daha da tündləşdirə bilərdi. Onun gözündə bu körpüsalanların əhəmiyyətini daha da artırardı. «Körpüsalanlar» dedikdə isə, istər-istəməz, gözümün qabağına dərhal buldozerçi gəlirdi. Yuxarıda dediyim kimi, mən Səriyyənin bu istefaya çıxmış kiçik leytenantı hər dəfə görəndə nə üçünsə narahat bir vəziyyət alaraq, tez mənə baxdığını duyur və bunu səbəbsiz hesab etmirdim. Lakin gerisini düşünmürdüm. Elə bil, qarşımda dərin bir uçurumun açıldığını hiss edərək geri qayıdırdım. Hətta bu gün o, körpüsalanlarla şərab içdiyini söyləyəndə də, mən şübhələrimdə uzaqlara getməkdən çəkindim. Mənə elə gəldi ki, bu sözü acığı tutduğu üçün deyir. Ancaq onun mənə nə üçün acığı tutmalı idi?

Burada çox ehtiyatlı hərəkət etmək lazım idi. Ona görə də mən səhər durub işə gedəndə özümü axşam aramızda heç bir şey olmamış kimi şən apararaq:

– Səriyyə, – dedim, – bu gün bəlkə Gəncəyə getdim, sənə nə alım gətirim?

O da heç bir şey olmamış kimi:

– Nə istəyirsən, – deyə cavab verdi.

– Bilirəm, yəqin ki, «Mişka» yadına düşüb, – deyə zarafatla onun üzünə toxundum.

– Yox, yox, lazım deyil.

– Nə üçün? Sən ki, konfet xoşlayırsan.

– Daha istəmirəm. Şirin şeydən acığım gəlir.

Buna baxmayaraq, Gəncədən qayıdanda dörd-beş cür konfet və Səriyyə üçün yaxşı bir paltarlıq alıb gətirdim. O bu hədiyyələri əvvəlki həvəslə almasa da, hər halda, yaxşı qarşılayıb, təşəkkür elədi. Nahardan sonra mən mümkün qədər sakit bir ifadə ilə:

– Səriyyə, – dedim, – hər gün bura gəlib-getmək mənim üçün çətin olur. Ona görə də, bu qərara gəlmişəm ki, hələlik köçüb rayonun mərkəzində qalaq. Havalar da o qədər isti keçmir.

O mənə iti bir nəzər saldı:

– Bəs mənim işim nə olsun?

– İşin nə olacaq? Körpü sənsiz də salınar, – deyə mən qəsdən əsnəyərək cavab verdim.

– Yox, Adil, – dedi, – körpünü salıb qurtarmayınca heç yerə getmərəm.

Mən yenə də əsnəyərək biganəliklə:

– Özün bil, – dedim, – burada sənin üçün də narahat keçir.

– Eybi yoxdur. Mən heç bir çətinlik çəkmirəm.

Mən qəzəbimi güclə saxlayaraq gülümsədim:

– Yəni körpünün taleyi səni məndən çox maraqlandırır?

– Səni körpünün taleyi maraqlandırmır, Adil.

– Bəs nə maraqlandırır?

– Öz taleyin!

– Səriyyə, – deyə mehribanlıqla soruşdum, – niyə sən mənim gözümün içinə belə sözlər deyirsən?

– Mən ikiüzlülük eləməmək üçün briqada qarşısında and içmişəm, Adil! Ona görə də hiss elədiyimi deməliyəm.

– Hansı briqada qarşısında and içmisən?

– Körpüsalanlar briqadası qarşısında. Bizim qanunumuz belədir.

– Yaxşı, sözüm yoxdur. Məgər mənim taleyim sənin taleyin demək deyil?

– Bilmirəm, ancaq biz hələ bu körpüdən sonra yuxarı dağlarda ayrı bir körpü də salmalıyıq. Sən özün deyirdin ki...

«Doğrudan, mən deyirdim, lakin mən bu körpülərin bizim aramızda bu cür vəziyyət yaradacağını bilmirdim. Bu körpü səni məndən uzaqlaşdırır. Bu isə dəhşətdir... Sənin indiki əhvali-ruhiyyən mənim yuxuma da girməzdi. Sən nə yaman soyuq olmusan?! Nə yaman amansız olmusan?! Briqada qabağında and içmişəm... Briqada...»

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов