Bizim təzə evə köçməyimiz və dəftərxana kağızlarının göyə sovrulması
Страница 2 из 2 · 50%
– Axı niyə qırasan? Soldat olanda nə olar? – deyə atam həyəcanla dedi. – Onun da ata-anası var, vətəni var. O durub öz xoşu ilə gəlməyib ki, bura.
Qarnı özündən yarım metr qabağa çıxan erməni dərzi Santi təsdiq etdi:
– Elədi, elədi... A balam, yazıq deyillərmi?..
Səhərdən bəri uzaqdan səs-küy, at ayağının tappıltıları eşidilirdi. Sonra bu səslər bir-birinə qarışıb boğuq bir uğultuya çevrildi... Sonra getdikcə yaxınlaşan güllə səsləri eşidildi.
Atam dedi:
– Yəqin ki, qoşun girdi şəhərə!
Məşədi Qurban qəlyanını ağzından götürüb sakit səslə nökərlərinə əmr etdi:
– Tüfənglərinizi götürün çıxın yola.
Sonra bağdan o tərəfdəki hündürlüyü göstərib dedi:
– Yoldan keçən qoşuna güllə atmayın. İşdir, əgər görsəniz ki, evlərə hücum-zad olur, onda bir təkini də sağ buraxmayın. Heylə olsa, biz də gələcəyik!
Hərəsi iki-üç patrondaş bağlamış beş oğlan tüfənglərini götürüb sevinclə yüyürdülər yala, elə bil ki, toya gedirdilər.
Sonra Məşədi Qurban nə fikirləşdisə, qəlyanının külünü yerə çırpıb, uzun, şal pencəyinin cibinə qoyaraq iti addımlarla evə girib, iki kəmər patron və gödək bir beşatılan götürüb onların ardınca getdi. Atam arxadan səsləndi:
– Məşədi, biz də gələkmi?
– Yox, – deyə kişi cavab verdi, – siz arvad-uşağın yanında olun.
Atışma getdikcə şiddətlənirdi. Dərzi Santi lap dilxor olmuşdu:
– Keçmə siz türklərin də belə işlərindən. Ay canım, qoyun yazıqları çıxıb getsinlər dayna...
Baqqal Məşədi Əlibala yana-yana təsdiq etdi:
– Vallah, düz deyirsən, Santi. Hökumət ki, yıxıldı, gədə-güdənin öhdəsindən gəlmək olar? Hərə bir tüfəng götürüb qalxıb atın belinə, qorxumuzdan dükanımızda oturub çax-çuxumuzu da eləyə bilmirik.
Mənim isə gözüm Məşədi Qurban əmigilin tüfənglənib getdiyi yalda idi, gözləyirdim görək nə vaxt onlar atışmağa başlayacaqlar... Amma onlar atışmırdılar.
Atam dedi:
– Görünür, qoşun atışa-atışa yoluna davam edir, şəhərlə işləri yoxdur.
Dərzi Santi hərarətlə dedi:
– Canım, o yazıqlar öz başlarının hayındadır. Axı şəhərlə nə işləri var?.. Sizinkilər dinc durmurlar da.
Məşədi Qurbanın Xorasandan alıb gətirdiyi arvadı Zəhra xala da arvad-uşağa ürək-dirək verib deyirdi:
– Qorxmayın, heç nə olmayacaq.
Zəhra xala milliyyətcə fars olub, ucaboylu, qaragözlü, əsmər bir qadın idi, özünün də azərbaycanca qəribə, şirin ləhcə ilə danışmağı hamıya xoş gəlirdi, qonum-qonşu xətrini çox istəyirdi.
Axşama yaxın atışma tamam kəsildi. Məşədi Qurban əmigil yaldan qayıdıb gəldilər.
Həmin günün səhəri dəhşətli bir hadisə oldu. Anam bağın aşağısında, çəpərin yanında durub o biri həyətdə dayanmış özü kimi cavan bir qadınla söhbət edirdi. Böyüklərin hər söhbətini eşitməyə marağım olduğu üçün mən də onların yanında oynayıb nə barədə danışdıqlarını bilmək istəyirdimsə də, heç nə başa düşmürdüm. Birdən elə bir gurultu eşidildi ki, yer titrədi, evin şüşələrindən bir neçəsi sınıb töküldü.
– Ora bax, ora bax! – deyə anam çəpərin o biri üzündəki cavan qadına qışqıraraq, əli ilə göyü göstərdi və mən də baxdım: tüstü basmış şəhərin üstünə daş, torpaq, aydın seçə bilmədiyim cürbəcür şeylər tökülürdü. Anam mənim əlimdən tutub evə tərəf qaçdıqda, indicə düz onun dayandığı yerə gurultu ilə yekə bir daş düşdü. Əgər anam ikicə saniyə oradan gec aralansaydı, daş düz onun üstünə düşəcəkdi... (Görünür, tale onu daha dəhşətli əzablar üçün saxlayırmış).
Şəhərdən qorxunc səslər eşidilirdi. Bir azdan gördük ki, Məşədi Qurban əminin nökərlərindən kimi çiynində bir yeşik patron, kimi dörd-beş tüfəng, kimi cürbəcür parça topları gətirdi. Nökərlərdən birinin isə qaşları, kirpikləri odda ütülmüşdü, üzündə, əllərində yanıq yerləri vardı. Amma paltarından su axırdı. Atamgil onları dövrəyə alıb sorğu-suala tutmuşdular. Məlum oldu ki, çar zamanından qalmış silah anbarını adamlar dağıtdıqları zaman kiminsə papirosundan dinamit çəlləyinə od düşüb, anbar partlayıb... Üz-gözü yanıb ütülmüş oğlan deyirdi:
– Camaat anbardakı şeylərin üstünə elə tökülüşmüşdü ki, ağız deyəni qulaq eşitmirdi. Adamlar bir-birinə macal verməyib, nə bacarırdı, dartışdırıb aparırdı. Bu vaxt birdən elə bir gurultu eşidildi ki, mən əvvəlcə nə olduğunu başa düşmədim. Gördüm ki, od-alov dünyanı bürüdü, sonra elə bil ki, məni bu cəhənnəmin içindən göyə tulladılar. Göydə alovlanan adamlar «Allah, sən saxla! Ya Allah» deyə qışqırırdılar. Hiss eləyirdim ki, mənim də çuxam yanır... Sonra, elə bil, məni yerə çırpdılar. Qalxıb özümü atdım Çərəkənə (həmin hərbi anbar Çərəkən deyilən arxın qırağında tikilmişdi), yoxsa yanacaqdım.
... Sonra atamgil şəhərdən xəbər gətirdilər ki, hərbi anbarın partlaması nəticəsində yüzlərlə adam həlak olub... Sonra həlak olanlar arasındakı tanışları sadalayırdılar...
Sonra biz öz evimizə qayıtdıq. İkinci mərtəbəyə çıxanda gördük ki, artırmaya açılan qapıların yuxarı tərəfləri güllədən dəlmə-deşikdir. Atam qapıları nəzərdən keçirib anama dedi:
– Fikir verirsən, bütün güllələr qapıların yuxarı tərəfinə dəyib, soldatlar gülləni havaya atırmışlar. Demək, qoşun bizim adamları vurmaq fikrində olmayıb, başlarının üstündən havaya atırmışlar ki, çıxıb getmələrinə mane olmasınlar.
Mən düşüb bağımızın qalın yerindəki həmin iri tut ağacının yanına qaçaraq onun da xeyli yarpağının dəlik-deşik edildiyini, bəzilərinin qırılıb yerə töküldüyünü gördüm. «Demək, bunları da qoşunun atdığı güllələr qırıb töküb» – deyə düşündüm və birdən mənə elə gəldi ki, tut ağacı da sükut içində dayanıb kədərlə mənə baxır. Elə bil ki, məndən soruşur: «Axı, bu nə işdi?» Elə bu gündən də mənimlə bu tut ağacı arasında mehriban ünsiyyət başladı. Mən də heç vəchlə başa düşmürdüm ki, nə üçün o soldatlar uzaq-uzaq yerlərdən gəlib İranla bizim aramızda olurdular. İndi niyə çıxıb gedirdilər? Niyə bizim camaat onları qırmaq istəyirdi? Nə üçün o qədər barıtı, dinamiti, patronu yerin altındakı anbarda gizləyib saxlayırdılar ki, onlar da partlayıb adamları göyə sovursun? Yazıq adamlar... Lakin elə bu anda da mənim həmin həlak olan adamlara acığım tutdu. Axı onlar nə üçün anbarı dağıdırdılar? Oradakı şeylər ki, onların deyildi. Məşədi Qurban əminin öz nökərlərini anbardan qarət şeyləri daşımağa göndərməsi buradaca yadıma düşdü və bu əhvalat mənim gizli bir maraqla tamaşa elədiyim ucaboylu, enlikürək, qartalburun Məşədi Qurbanı sanki gözümdən saldı. Sanki onun təmkini, əzəməti yox olub getdi. Mən həyatımda birinci dəfə olaraq adamların daxilində nə isə mənə məlum olmayan yırtıcı – qorxulu bir şeyin varlığını hiss eləyirdim... Və mən bu gərgin hisslərlə yarpaqları güllədən deşik-deşik edilmiş tut ağacına baxırdım. Mənə elə gəlirdi ki, o da mənim fikrimdən keçənləri düşünür... O da təəccüb edir və elə yenə buradaca aşıqların Qaçaq Nəbi haqqında oxuduqları bir mahnı yadıma düşdü:
Nəbinin bığları eşmə-eşmədi,
Papağı güllədən deşmə-deşmədi...
Demək, Nəbinin düşmənləri buradan gəlib-keçən soldatlar kimi, gülləni havaya atırmışlar, düz onun başına atmırmışlar! Sonra da... Sonra da öz yoldaşı Nəbini yatdığı yerdə namərdliklə vurub öldürüb... Namərdliklə! Tez-tez Bayram babamdan eşitdiyim «mərdlik», «namərdlik» sözləri mənim xəyalımda sehirli bir qüvvəyə malik idi. Amma indi, elə bil, o sözləri bürüyən duman yavaş-yavaş çəkilirdi: mən mərdliyin, namərdliyin nə demək olduğunu anlamağa başlayırdım. Nağıllarda eşitdiyim mərd qəhrəmanlar bütün faciəvi çalarları ilə xəyalımda canlanırdı və onlar mənim ürəyimi məhəbbətlə kövrəldirdi.
Qardaşlarının Məlikməmmədi quyuya salmaları məndə onlara qarşı sonsuz bir nifrət doğururdu, zümrüd quşunun Məlikməmmədi zülmət dünyasından belində gətirib işıqlı dünyaya çıxarması məni sevindirirdi. Mən igid Nəbinin də, Məlikməmmədin də çöhrələrini gözümün qabağına çox aydın gətirdiyim halda, Nəbini yatdığı yerdə vuran, paxıllıq ucundan Məlikməmmədi quyuya salan namərdlərin nə şəkildə, nə üzdə adamlar olduqlarını heç vəchlə təsəvvür eləyə bilmirdim. Onlar xəyalımda bəzən əcaib, eybəcər məxluqlar kimi, bəzən buynuzlu divlər şəklində, bəzən də vahiməli bir tüstü içində canlanırdılar, amma mən Məlikməmmədin, Qaçaq Nəbinin, kasıblara əl tutması ilə məşhur olan igid Qaçaq Süleymanın nəinki gözəl çöhrələrini (mənə elə gəlirdi ki, onlar ancaq gözəl ola bilərlər) aydın görürdüm, hətta mən onları özümə olduqca yaxın adamlar hesab edirdim. Mən saatlarla onlar haqqında düşünüb xəyala dalırdım. Mən bu qəhrəmanları həmişə də, nə isə, fövqəladə bir fədakarlıq göstərdikləri halda, məsələn, divlərin tilsimə salıb dustaq elədikləri halda, gözəl bir qızı, ya xəyanətlə quyuya salınmış cavan oğlanı xilas etmələri şəklində təsəvvür edirdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-bizim-teze-eve-kocmeyimiz-ve-defterxana-kagizlarinin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən görürdüm ki, şəhərimizin cavanlarından bir hissəsi qırmızı komandirlər kimi ot rəngli parçadan köynək-şalvar geyinib, enli kəmər bağlayırlar. Dəstə-dəstə gəzərək bərkdən danışıb-gülürlər. Hələ desən, tüfəng götürüb milislərlə birlikdə dağlara, meşələrə qaçaq-quldur dalınca da gedirlər. İclas eləyib bəylərin, kapitalistlərin əleyhinə qəzəbli nitqlər söyləyirlər. Bu cavanlara «komsomol» deyirdilər. Elə bil ki, mənim özümdə də bəylərə, kapitalistlərə qarşı gizli bir kin varmış və bu kin indi zahirə çıxırdı. Komsomollarda hiss etdiyim mübariz ruh məni həvəsləndirirdi, sanki məni o axına qoşulmağa çağırırdı. Elə bil ki, məndə həyata potensial halında olan fəal müdaxilə qüvvəsi birdən-birə hərəkətə gəlib özünü göstərmək istəyirdi. Bir gün mən də cəsarətlə atama dedim:– Komsomol olmaq istəyirəm.
Gözlənilməyən sevgiDarülfünunda dərslərin başlandığının dördüncü günü idi.Foyedə gənc bir oğlanla yaşlı bir qadın dayanmışdı. Hamı maraqla onlara baxırdı. Uca boyu, enli kürəyi olan bu qadın qara yun parçadan uzun tuman, ətəkli arxalıq geymişdi. Qara, sürməli gözləri sükutla baxır, günəşdən yanmış üzü soyuq bir qayğı ifadə edirdi. O, kimsəyə baxmadan nə haqqında isə düşünür və çubuq çəkirdi. Yanındakı ucaboylu oğlan olduqca şux geyinmişdi, lakin son dərəcə çirkin idi. Üzü çopur, burnunun ortası yəhər kimi yastı idi. Dodaqları qaba surətdə irəliyə doğru uzanmışdı. Cod və bozumtul kimi görünən saçları alnında bir bucaq təşkil edir və az qala burnuna qədər uzanırdı.
Apardı sellər SaranıÖlüm qanadlarını Gülnarın üzərinə gərdiyi zaman o, Soltanını yanına çağırıb, gözlərindən öpdü...– Mən gedirəm, əzizim, – dedi, – günlərinə qəm qatma. Bu qoca dünya əzəldən belədir. Bilirəm, evlənəcəksən, cavansan. Amma Saramdan muğayat ol. Qoyma ögey ana sitəmi çəksin. Əgər xoşbəxt olsa, qəbrimin üstünə gəl... mənə de.
Su dəyirmanıO gecə mən birinci dəfə idi ki, kəndimizin üst tərəfindən keçən dəyirman arxının yanında dayanıb onu gözləyirdim. Göy qübbəsini bəzəyən saysız-hesabsız ulduzlar və onların arasındakı üçgünlük Ay arx boyu düzülmüş söyüdlərin təzə açılan yarpaqlarını zəif-zəif işıqlandırırdı. Aşağı dərənin qaranlığında yalnız taxtapuşu seçilən dəyirmandan işıq gəlirdi. Mənim gözlədiyim qız atasına – dəyirmançı Musa dayıya axşam yeməyi aparmışdı. Mən bunu gündüz özündən öyrənmişdim. Ona görə də, indi burada dayanıb, gözümü dəyirmandan gələn cığıra zilləmişdim. Yarım saatdan bəri idi ki, həyəcan və intizar içindəydim. Əslinə baxsan, yarım saat deyil, düz yarım il idi. Yarım il idi ki, hər gecə mən bu cür həyəcan və intizar içində səhərin açılmasını gözləyirdim. İndi isə burada, ulduzların altında səhəri deyil, onun özünü gözləyirdim. Təzə açılmış söyüd yarpaqlarının xışıltısını, dəyirman çarxının üzərinə tökülən bahar suyunun coşğun şırıltısını dinləyərək onu gözləyirdim.Mən də, bu gözəl yaz gecəsi də həyəcan və səadət içindəydik. Biz ikimiz də, mən də, bahar da, mənim arzularım da, baharın açdığı bu söyüd yarpaqları da gənc idik. Bizim üzərimizdən fırtına keçməmişdi. Biz həyəcan və coşğunluq içində irəliyə can atırdıq. Biz arzu və ehtiraslar selinə düşmüşdük! Biz təzə gəldiyimiz bu dünyaya nə isə yeni bir şey, yeni bir gözəllik bəxş etmək həvəsi ilə çırpınırdıq. Biz bu barədə düşünmürdük, lakin bu, belə idi. Bizim fərəhimizdəki sirr bundan ibarət idi. Bu, böyük və əzəmətli həyatın əbədi qanunlarından biri idi!..
Стихи других поэтов
Nə anladıq bu gəlmaqdan,Bu altı aylıq qonaqdan?
Ver müjdəmi, ey dil ki, nigarın gələcəkdirVer müjdəmi, ey dil ki, nigarın gələcəkdir,Qönçədəhanü laləüzarın gələcəkdir,
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat