Bizim alt otaqlardan birində İman Kişi adlı suçumuz olurdu. O, həm bizə, həm də yaxın qonşulara kəhrizdən iri mis sənəkdə su daşıyırdı, bunun da əvəzində ona hər sənəyin suyu neçə qəpiyə isə, pul, ya da xörəkdən-zaddan verirdilər. İman kişi evdə də, çöldə də eyzən öz-özünə danışırdı. Evdə olanda cındır keçə parçasının üstündə əyləşib kürkünü, ya şalvarını yamaya-yamaya hey özü-özü ilə danışırdı, mən də qabağında çömbəlib ona qulaq asırdım. O isə mənə fikir vermədən deyirdi:

– Yer oğlu bir qıy vurub qalxdı göyə.

Mən soruşurdum:

– İman kişi, kimdir Yer oğlu?

O mənə cavab vermədən bu cür anlaşılmaz şeylər danışır, bəzən gülməkdən qəşş edirdi. Haradansa əlinə keçmiş, vərəqləri saralıb didik-didik olmuş bir kitabı gözünün qabağına tutub, guya oxuyurdu:

– Quranın Quran olsun...

O, bu kitabı Quran hesab eləyərək həmişə başının altına qoyurdu. İman kişinin başqa qəribə işləri də vardı, məsələn, onun yanında qara daşın adını tutmaq olmazdı. Hirslənib həmişə əlində gəzdirdiyi ağacla adamın baş-gözünü əzərdi. Bunu bilən uşaqlar da küçədə onu görən kimi:

– İman kişi, qara daşa lənət! – deyə qışqırışıb ona sataşardılar.

İman kişi də onları qovub tuta bilmirdi, qara daşı belə müqəddəs hesab elədiyi halda qara toyuqla düşmən idi. Harada qara toyuq görsə idi, selbə ilə vurub qılçını sındırırdı. Ona görə də adamlar İman Kişini görən kimi, qara toyuğu qovub onun gözündən uzaqlaşdırırdılar. Mən bir dəfə soruşdum ki:

– İman kişi, niyə qara toyuqla düşmənsən?

Dedi:

– Qızbəs qara toyuğa cadu eləyib.

Qızbəs xala «harda aş, orda baş» olan, xeyirdə, şərdə həmişə birinci iştirak eləyən, qız-gəlinin qaşını alan, qadın toylarında məzəli sözlər danışıb qaravəlli çıxaran, gəlinlərə yengə olan bir arvad idi.

Bir dəfə biz artırmada oynadığımız zaman küçədə arvad qışqırığı eşidib, dal qapıya yüyürdük. Gördük İman kişi Qızbəs xalanın qolundan yapışıb ağacla budayır, arvad da bağırır. İman kişi qəzəblə deyirdi:

– Köpək qızı, camaatın toyuqlarına niyə cadu eləyirsən?

Qonşu kişilər yüyürüb Qızbəs xalanı güclə onun əlindən aldılar.

Bizim alt evlərdən birində də Kəklik xala adlı, saçları, kirpikləri, bütün bədəni dümağ, kasıb dul bir qadın olurdu. Kəklik xalanın dörd oğlu vardı. Kiçiyi on bir-on iki, böyüyü isə iyirmi yeddi-iyirmi səkkiz yaşlarında olardı. Arvad özü də, oğlanları da ona-buna günəmuzd işləyərək birtəhər dolanırdılar. İman kişi indi də Kəklik xalanı qaralamışdı. Nə üçünsə kişiyə elə gəlirdi ki, Kəklik xalanın gözləri görmür. Hey öz-özünə danışırdı:

– Zalım qızına deyirəm sən öləsən, öz sidiyindən tök, gözünü sidiklə yu, açılsın. Eləmir ki, eləmir...

İman kişinin xoşu gələn bir məxluq vardısa, o da mənim kiçik bacım Mahtab idi. O zaman Mahtabın üç-dörd yaşı olardı. İman kişi qonşuların suyunu verib evə gələn kimi biz də yüyürürdük onun yanına. Görürdün ki, İman kişi mənim anamın, qonşuların verdikləri xörəklərin hamısını saxsı çanaqda bir-birinə qatıb ağac qaşıqla yeyir. Bacım Mahtabı görən kimi:

– Gəl, papılı balam (bu «papılı» İman kişinin özünün icad elədiyi söz idi), gəl otur, – deyirdi.

Mahtab da onun qarşısında, köhnə keçə parçasının üstündə oturandan sonra İman kişi yeməkdən bir qaşıq onun ağzına qoyurdu, birini də öz ağzına. Evdə anamgilin zorla yemək yedirtdikləri Mahtab İman kişinin bu əcaib xörəyini ləzzətlə yeyirdi. Anam bunu görəndə özündən çıxırdı. Qızı qucağına götürərək qulağını çəkib, İman kişiyə acıqlanırdı:

– Sənə yüz dəfə demişəm, uşağa yemək vermə.

Ancaq İman kişi evə gələn kimi Mahtab yenə də gözdən oğurlanıb onun yanına qaçırdı. Yenə də İman kişi «papılı balam» deyə-deyə öz qaşığı ilə qıza həftəbecər yedirdirdi.

İman kişinin həyatı mənim üçün tamamilə yeni bir aləm idi. Bu aləm məni ona görə o qədər maraqlandırırdı ki, mənim özümün də bu həyatdan xaricdə bir aləmim yaranırdı. İman kişinin heç kəsi yox idi. Heç kəs onun haradan gəldiyini, harada, hansı ölkədə, hansı obada doğulduğunu bilmirdi. Hamı onu dəli hesab eləyirdi. Ancaq İman kişinin hey öz-özünə danışmağı, bəzən gülməyi, bəzən qəzəblənməyi mənə nağıllarda eşitdiyim cadugərlərin hərəkətlərini xatırladırdı. Fikirləşirdim ki, bəlkə bu kişi ayrı, tamam başqa bir dünyadan gəlib? Bəlkə, doğrudan da, qara daşa lənət oxumaq olmaz?! Bəlkə, Qızbəs xala həqiqətən də cadugərdir? Bəlkə, arvad, doğrudan da, qara toyuğa cadu eləyib? Əlbəttə, mən cadunun nə demək olduğunu bilmirdim. Ancaq bununla belə, o elə öz anlaşılmazlığı ilə məni vahimələndirirdi. Bu vahimələri qulluqçumuz Zinyətin Cin dərəsi haqqında danışdığı şeylər də gücləndirirdi.

Azca çopur, uzunburun bir qız olan Zinyət Bayram babamgilin obası Kürdobadan idi. Kürdobanın qışlağında «Cin dərəsi» adlanan yiyəsiz bir dərə vardı. Zinyət danışırdı ki, gecələr cinlər o dərəyə yığılıb toy çalıb oynayırdılar. And içirdi ki, qoca Mustafaoğlu Mehdi gecələr Haramılardan qışlağa qayıdanda neçə dəfə onları gözü ilə görüb, cinlər kişini tutub oturdublar ki, qonaq olub onların xörəklərindən yesin. Mustafaoğlu da əlini xörəyə uzadıb, «bismillah» deyən kimi cinlər də, xörəkləri də yox olub. Çünki cinlər Allahın adından qorxurlar.

Zinyət onu da deyirdi ki, cinlər hər adamın gözünə görünməz. Mən də fikirləşirdim ki, bəlkə bizim görmədiyimiz cinlər İman kişinin gözünə görünür və İman kişi eyzən onlarla danışır?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səriyyə

... Mən körpüsalanlar briqadasından ayrılmayacağımı qəti bildirəndən sonra, Adil bir də bu barədə danışmadı. Mənə qarşı daha mehriban, daha şən oldu. Tez-tez zarafat edir, axşamçağları mənimlə birlikdə meşəyə gəzməyə çıxırdı. Nə körpü barədə, nə də bizim briqada haqqında heç nə soruşmurdu. Lakin rayona köçmək söhbətindən dörd gün sonra biz körpünün böyük borularını bərkitdiyimiz zaman, motosikletdə bir oğlan gəlib buldozerçiyə bir zərf verdi. O da cəld açıb, içindəki balaca kağızı gözdən keçirdi. Buldozerçi gülümsəyərək kağızı Soltana uzatdı. O da alıb bərkdən oxudu. Bu, buldozerçinin birinci sahəyə dəyişilməsi barədə yol rəisi Adil tərəfindən verilmiş əmr idi. Soltanla Kərəmxanın nəzərləri bir anlıq mənə dikildi.– Bəyəm bizə buldozerçi lazım deyil? – deyə Kərəmxan soruşdu.

18 мин
Adil

O bu dəfə tennis oyunundan qəribə əhvali-ruhiyyə ilə qayıtmışdı. Elə bil, nə isə itirmişdi, nəyi isə xatırlamağa çalışırdı... Mənim suallarıma fikri dağınıq halda cavab verir, bunun xətrimə dəyə biləcəyini, yəqin ki, düşünmürdü. Buraya gəldiyimiz gündən bəri mən birinci dəfə idi ki, aramızda soyuq, qaranlıq bir divarın yavaş-yavaş qalxdığını aydınca hiss edirdim.Əli yanan ağzına təpər. Mən qəzəbin, acığın, gücün mənasız olduğunu anlayaraq gülür, zarafat edir, onun xoşuna gələcək sözlər danışmağa çalışırdım. Mən qapıda stolun dalında oturmuşdum. O da yanımda dayanıb sağ əlinin qeyri-iradi, yavaş hərəkəti ilə saçını darayır və uçurum üzərində hərlənən ağ qartala baxırdı.

11 мин
Səriyyə

... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?

57 мин
Qəribcan

Mən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.

15 мин

Стихи других поэтов