Səriyyə
Страница 1 из 9
... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.
Bəs ər-arvad necə?
Mənim köhnə neft ustası olan qoca babam həmişə deyərdi ki, insan dünyaya bir dəfə gəlir. Ona görə də həmişə namusla yaşamalıdır. Başqasının yanında alnıaçıq olmalıdır. Mən indi babamın sözlərini xatırlayıb düşünürəm ki, əgər bu dünyada namusla yaşamaq, aldatmamaq mümkündürsə, nə üçün belə etməyəsən?! Nə üçün bir damın altında yaşadığın halda, bir-birini aldadasan? Mən aldatmaqdan bir zövq duya bilmirdim. Mən ikiüzlülüyün, yaltaqlığın necə yarandığını hiss edirdim... və bu məndə ikrah hissi doğururdu.
Mən körpüsalanlarla birlikdə ilk məşğələni keçib qayıtdığım zaman Adil soruşdu:
– Bu gün nə öyrəndiniz?
Mən düz onun gözlərinin içinə baxdım və o, dərhal nəzərlərini aşağı saldı. Onun gülümsəyən üzü qızarıb pörtmüşdü.
– Hələ, elə-belə, kitablarla tanış olurduq... – deyə mən soyuq cavab verdim.
Birdən yuxarı dağlardan sərin külək əsdi. Sonra hava qaraldı, göy guruldayıb dalbadal ildırım çaxdı. Əvvəlcə tək-tək, sonra şiddətli dolu yağmağa başladı. Biz stolun üstündəki şeyləri yığışdırıb çadıra qaçdıq. Sonra qapının ağzında dayanıb tufana tamaşa etdik. Meşələr və uçurumlu dərə şaraqhaşaraqla dolmuşdu. Qoz boyda dolu dənələri daşlara, qayalara çırpılıb elə səs çıxarırdı ki, elə bil, minlərlə pulemyotdan birdən atəş açılırdı. Yerə düşmüş dolu tez-tez çaxan ildırım işığında şüşə kimi parlayıb qeyb olurdu. Üç-dörd dəqiqədən sonra dalı yağışa döndü. Çox çəkmədi ki, sellərin qıjıltısı eşidildi. Bizim çadırımız balaca dikdirdə olduğundan, içinə su dolmurdu. Lakin o tərəf-bu tərəfindən ağ köpüklü sel sürətlə axıb uçuruma tökülürdü. Mən özümdə qəribə bir ruh yüksəkliyi hiss edirdim.
Təbiətin qüdrəti məni heyran qoyurdu. Mən tufanın gurultusunu dinləyərək bir az qabaqkı düşüncələrimi xatırlayırdım və sanki mənim açıq, qəti və aydın yol tutmağımı təbiət öz gücü ilə məndən tələb edirdi. Hər cür ikiüzlülük, yalançılıq bu qüdrət qarşısında son dərəcə kiçik və mənasız görünürdü.
Birdən haradansa lap yaxında iki-üç dəfə bərk şaqqıltı eşidildi.
– Bu sel körpünün divarlarını uçurub dağıtmasa yaxşıdır, – deyə Adil yavaş səslə dilləndi və elə bu zaman mən yarıqaranlıqda üç nəfərin üzüaşağı, körpüyə sarı qaçdığını gördüm, mən də dərhal plaşımı başıma ataraq yüyürdüm.
– Hara? – deyə Adil arxadan qışqırdı.
Mən cavab vermədim.
– Divarlar oğul kimi dayanıb! – Yağışın və sellərin gurultusu içində Kərəmxanın şən səsi eşidildi.
Sel körpünün iri borularından güllə kimi çıxaraq qıjıltı ilə uçuruma tökülürdü.
Biz dördümüz də dayanıb «körpəmizə» baxırdıq.
Bizim plaşlarımızdan şırıltı ilə su axırdı. Mən borulardan çıxan selin uçuruma necə töküldüyünü yaxından görmək üçün irəli getmək istədim.
– Yaxına getməyin, – Soltan qolumdan yapışdı.
Mən yerimdə dayandım.
Selin yuxarıdan uçurub gətirdiyi qayalar gurultu qopara-qopara uçuruma yuvarlanırdı. Yağışdan nə dərənin dibi, nə də yandakı dağlar görünürdü. Biz körpü divarlarının və yenicə bərkidilmiş boruların möhkəm dayandığına əmin olandan sonra, onlar öz çadırlarına, mən də özümüzünkünə qaçdım. Adil qapının ağzında dayanıb papiros çəkirdi. Məni gören kimi üzündəki acıq dərhal mülayim bir ifadə ilə əvəz olundu və o, qəsdən gülümsəməyə çalışaraq soruşdu:
– Hə... necədir?
– Yaxşıdır... – deyə mən qısa cavab verib, böyürdən sivişərək çadıra girdim. Sonra su içində olan plaş və ayaqqabılarımı çıxardıb, saçlarımı, üzümü quruladım.
Yağış eyni şiddətlə davam edirdi. Meşənin içində körpüsalanların işığı bəzən görünür, bəzən də dörd-beş dəqiqə yox olurdu. Biz adama bir stəkan kofe ilə bir-iki şəkərçörəyi yeyəndən sonra işığı söndürərək, soyunub çarpayımıza uzandıq. Qapının açıq yerlərindən üzümə sərin su zərrələri səpələnirdi.
Mən uzun zaman oyaq qaldım.
Adilin də oyaq olduğunu hiss edirdim.
Biz susurduq.
Yağış eyni şiddətlə çadırı tarap-turup döyəcləyirdi. Çadırın o tərəf-bu tərəfindən axıb uçuruma tökülən sellərin iti qıjıltısı eşidilirdi. Biz hər yandan tufanla əhatə olunmuş halda susurduq.
Mən təbiətin qüdrətli səsini dinləyirdim. Yəqin ki, Adil də o səsi dinləyirdi. Bəlkə də dinləmirdi. Bəlkə də Adil tamam ayrı şey haqqında düşünürdü. Biz bir-birimizdən bixəbər idik. Yağış isə yarpaqları eyni qüvvətlə vururdu. Sellər axıb uçuruma tökülürdü. Tufanın şiddətində bir ahəngdarlıq vardı və mən bu ahəngin xoş təsiri altında yuxuya getdim. Gecənin bir aləmi dəhşətli gurultuya oyandım.
– O nə idi?! – deyə çadırın qapısında dayanmış Adildən soruşdum.
– Deyəsən, bizdən bir az aşağı, üstündə böyük yemişan ağacı olan qaya uçdu...
– Sən yatmamışdın?
– Yox.
– Nə üçün?
– Elə-belə, yuxum qaçmışdı.
– Üstündə yemişan olan qaya uçsa, yolu bağlayar ki...
– Elədir...
– Gecən xeyrə qalsın!
– Sağ ol!
Mən dərhal yenə yuxuya getdim.
... Səhər tezdən oyandığım zaman Adil çadırda yox idi. Geyinib bayıra çıxdım. Göyün üzü zanbaq kimi gömgöy idi. Günəş yaş yarpaqları, çiçəkləri, otları və körpünün divarlarını gur işığa qərq eləmişdi, çaylaq dolusu köpüklü su axırdı. Lakin dərədən o yana uzaq dağlar qaramtıl duman içindəydi. Görünür, ora hələ də yağırdı.
... Uçuruma tökülən suların şırıltısı dərənin dibindən axan dağ çayının qıjıltısına qarışırdı.
... Bizdən bir qədər aşağı, üzərində tək yemişan ağacı olan əyri qaya uçub yolu tutmuşdu. Adil və körpüsalanlar dayanıb sükut içində baxırdılar. Dağların o tərəfindəki fermalara gedən yeganə yol bağlanmışdı.
... Böyük bir yük maşını gəlib yol kəsilən yerdə dayandı. Həddindən artıq kök və gülərüzlü şofer oğlan düşüb yola tökülmüş qayaların üstündən aşaraq bizim yanımıza gəldi.
– Naçalnik, – deyə o, gülümsəyərək Adilə müraciət elədi, – biz neyləyəcəyik? Fermalara un aparıram. Camaat gözləyir.
– Düzələr, – deyə Adil sakit halda cavab verdi.
Sonra buldozerçiyə tərəf dönərək onun üzünə baxmadan soruşdu:
– Maşın sazdırmı?
– Bəli!
– Yolu təmizləmək lazımdır.
– Oldu!
– Tək siz öhdəsindən gələ bilərsinizmi? Bəlkə rayondan başqa buldozer də gətirdək...
– Məncə, lazım deyil, – buldozerçi yola tökülmüş daş qalağına baxa-baxa cavab verdi.
Bu qısa söhbət zamanı mən Adilin buldozerçi ilə mülayim söhbətindəki gərginliyi hiss edirdim. Hiss edirdim ki, bu mehribanlıq sünidir və Adilə çox baha başa gəlir. «Öz hisslərimizi bir-birimizdən gizlətməyə bizi nə məcbur edir? Dünya bina olandan indiyə qədər davam edib gələn bu ikiüzlülük insanları təngə gətirməmişdirmi?»
... Buldozerçi iri-iri qaya parçalarını qabağına qatıb düz uçurumun qırağına gətirir və oradan aşağı yuvarladırdı. Daşlar dəhşətli gurultu qopara-qopara, nəhəng qayaların üzərindən atlana-atlana dərəyə gedirdi.
Bu eynilə ilk dəfə mənim bura gəldiyim zaman gördüyüm mənzərə idi. Lakin buldozerçi ondakı kimi hər dəfə uçuruma yaxınlaşdıqca, mənə baxıb istehza ilə gülümsəmirdi.
İndi buldozerçinin üzündə işgüzar qayğıdan başqa heç bir ifadə yox idi. Adil bir qədər tamaşa eləyəndən sonra dönüb çadıra getdi. Yol bağlı olduğundan, yəqin ki, bu gün işə gedə bilməyəcəkdi. «QAZ-69» o biri tayda qalmışdı.
Buldozerçi düz üç saat aramsız işlədi. Yolun ortasında təl atılmış qayalar qurtarmaq bilmirdi.
– Düş, bir tikə çörəkdən-zaddan ye, – deyə Soltan buldozerçiyə müraciət etdi.
O, maşını saxlayıb düşdü. Sonra yaylığını çıxardıb onu təzə görürmüş kimi bir neçə saniyə baxdı, alnının və boynunun tərini sildi. Bu yaylığı, o birilərininki ilə birlikdə mən yuyub-ütüləmişdim.
– Gedək balaca bir qəlyanaltı eləyək, – Soltan yeni gəlmiş yük maşınının şoferinə də təklif etdi.
– Nəyiniz var? – Kök oğlan körpüsalanlarla yüz ilin dostuymuş kimi açıq-saçıqlıqla soruşdu.
– Ev yiyəsinin olanından, – deyə Soltan gülümsədi, – çay, pendir, təzə buğda yuxası.
– Yox, dadaş, mən sizi qonaq eləməli oldum...
Şofer azı yüz iyirmi kilo ağırlığına uyuşmayan bir cəldliklə daşların üstündən tullana-tullana o taya keçib yük maşınına qalxdı. Sonra böyük bir zənbillə geri qayıdıb, üç iri parça kolbasa, iki balıq konservi, beş şüşə pivə və bir kömbə çörək çıxartdı.
Kərəmxan:
– Ə, qardaşlıq, – dedi, – sən dünyanı yığıb gətirmisən ki.
– Nə olacaq? Gəlin oturun.
Şofer cibindən bükülü bir qəzet çıxarıb ora-burasına baxaraq:
– Təzə olsa da, maraqlı bir şey yoxdur, – deyə otun üstünə sərdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Стихи других поэтов
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır