Səriyyə
Страница 3 из 9 · 22%
Soltan təkrar soruşdu:
– Nə oldu?
Buldozerçi ağrının şiddətindən zorla cavab verdi:
– Daş dəydi.
Onun yanında iri bir daş düşüb qalmışdı. Ayağından isə qan axırdı. Soltanla Kərəmxan onun qoltuğuna girdilər və biz çox çətinliklə onu çadırlarına aparıb çarpayısının üstündə oturtduq. Sonra mən:
– Dayanın, yaraya əl vurmayın, bu dəqiqə gəlirəm! – deyib öz çadırımıza yüyürdüm. Və Bakıdan gətirdiyim balaca əczaxananı götürdüm. Adil nə isə soruşdu. Lakin mən ona cavab vermədən körpüsalanların yanına qaçdım. Buldozerçinin ayağından qan sel kimi axıb çadırın ortasında göllənmişdi. Mən onun qanlı corabını qayçı ilə kəsib tulladım. Yaranın ətrafını spirtlə yuyub təmizlədim. Bir parça cunaya yod töküb yaraya basdım. Mən çiliklənmiş sümükləri əlimin altında hiss edirdim. Buldozerçi dinmirdi. Mən yaranı sarıyıb qurtarandan sonra Kərəmxan soruşdu:
– Qərib, yenə ağrıyır?
– Ağrıyır.
Soltan bir qədəh konyak töküb ona uzatdı:
– Al, vur getsin. Deyirlər, cəbhədə yaralılara hərdən belə şey verirmişlər.
Buldozerçi konyakı alıb içdi.
Mən:
– İndisə, paltarınızı dəyişin. Yaş paltarda olmaz, – deyib bayıra çıxdım.
Yağış hələ də tökürdü. Bir-iki dəqiqədən sonra:
– Səriyyə, gələ bilərsən... – deyə Soltan içəridən səsləndi.
Mən çadıra girərək buldozerçiyə:
– Bir az dincəlin, sonra rayon mərkəzinə, həkimə getmək lazımdır, – dedim.
– Əşi, orada nə var ki, həkimə getsin... – Kərəmxan zarafatyana cavab verdi.
Mən:
– Yox, – dedim, – getmək lazımdır.
– Düzdür, həkimsiz olmaz, – deyə Soltan təsdiq etdi.
Mən öz çadırımıza gəlib:
– Adil, – dedim, – buldozerçinin ayağı bərk yaralanıb, onu rayon mərkəzinə aparmaq lazımdır. Sən işə gedəcəksən?
– Gedəcəyəm.
– Onda buldozerçini də maşına qoyarıq.
– Mən yolda iş sahələrinə baş çəkəcəyəm. Telefon olan yerdə zəng edərəm, xəstəxanadan maşın göndərərlər.
– Yox, Adil, gec olar, onu tez, lap bu dəqiqə aparmaq lazımdır.
– Yaxşı, sən deyən olsun.
Adil etiraz eləmədi və o geyinib qurtarana qədər mən çayını-çörəyini hazırlayıb stolun üstünə qoydum. Sonra özüm də paltarımı dəyişib «QAZ-69»a əyləşərək, ağacların arasından keçib lap körpüsalanların çadırına yaxınlaşdım. Soltanla Kərəmxan buldozerçinin qoltuğuna girərək, maşına çıxartdılar.
– Qəriblə kim gedəsidir? – deyə Kərəmxan Soltandan soruşdu.
– Mən! – deyə cavab verdim.
– Bəlkə bizdən də birimiz gedək? – Kərəmxan Soltana baxdı.
Buldozerçi mənə müraciətlə:
– Sizə əziyyət olar, – dedi, – qoyun uşaqlardan biri getsin.
– Mənə heç bir əziyyəti yoxdur, – dedim, – uşaqlar burada qalmalıdırlar. Bu tufanda yarımçıq körpünü yiyəsiz qoymaq olmaz.
– Doğrudur, – deyə Soltan təsdiq etdi, – Səriyyənin getməsi yaxşıdır.
Mən təkrar maşını öz çadırımızın qabağına gətirdim. Adil sükanın arxasında oturmaq istədi. Lakin mən durmadım.
– Nə təfavütü var, – dedim, – ya sən, ya mən.
O dinmədi. Buldozerçidən də heç nə soruşmadı. Biz tərpəndik. Yağış eyni şiddətlə tökürdü. Yolda tez-tez dumana düşüb çıxırdıq. Mən yaralını incitməmək üçün mümkün qədər ehtiyatla sürürdüm. Rayon mərkəzinə çatanda, Adil düşüb öz idarəsinə getdi və gedərkən:
– Xahiş edirəm, – dedi, – maşını tez qaytar, bəlkə mənə lazım oldu.
Mən onun arxasınca baxaraq, heç bir söz demədim və birbaş rayon xəstəxanasının qabağına sürdüm. İnstitutu təzə qurtarmış cavan bir oğlan olan baş cərrah şəfqət bacısının müşayiətilə yaranı müayinə etdikdən sonra dərhal infeksiya əleyhinə iynə vurdu. Sonra məni öz otağına apararaq:
– Bilirsinizmi, – dedi, – yara çox ağırdır. Barmaq sümükləri də sınıb.
Sonra özünə güvənən ötkəm bir ifadə ilə əlavə etdi:
– Eybi yoxdur, sağaldarıq. Cərrahiyyə əməliyyatı çox mürəkkəb olacaq. Ancaq çalışarıq müvəffəqiyyətlə qurtarsın.
– Cərrahiyyəni kim eləyəcək?
– Mən!
Əvvəl heç bir söz demədim. Lakin o, həddindən artıq gənc idi... Utanmaq yeri deyildi.
– Bəlkə Bakıdan professor çağıraq?
Həkim bərk qızararaq, mənə acıqlı bir nəzər salıb:
– Əvvəla, – dedi, – o şeyi ki, özümüz eləyirik, ondan ötrü şəhərdən adam çağırmırıq. İkincisi, bu cür havada aeroplan gələ bilməz. Aydındırmı?
– Yox, aydın deyil.
– Nə aydın deyil?
– Cərrahiyyənin müvəffəqiyyətlə keçəcəyinə siz əminsinizmi?
– Əminəm. Daha nə soruşursunuz?
– Daha heç nə.
– Yaralı sizin nəyinizdir?
– Yoldaşım.
– Onun üçün bu qədər narahat olursunuz? – deyə o gülümsədi.
Görünür, kinli oğlan deyilmiş. Özü də mənim «yoldaşımdır» sözünü «ərimdir» mənasında başa düşüb... Mən də onun səhvini düzəltməyərək:
– Yaxşı, – dedim, – əməliyyatı nə vaxt başlamaq fikrindəsiniz?
– Sabah səhər saat doqquzda.
– Bəlkə bu gün...
– Bu gün iki cərrahiyyə əməliyyatı aparacağam, – deyə o, qürurla cavab verdi, – vaxtım yoxdur.
Sonra zəngi basaraq, gələn şəfqət bacısına əmr verdi:
– Yaralını qəbul eləyin.
Şəfqət bacısı ilə birlikdə mən də çıxdım. Buldozerçini palatada yerləşdirdikdən sonra soruşdum:
– Bəlkə ürəyin bir şey istəyir, Qərib?
– Heç nə lazım deyil...
Sonra şəfqət bacısına:
– Su istəyirəm, – dedi.
– Su yaxşı deyil, – şəfqət bacısı gedib bir stəkan çay gətirdi.
Sonra termometr qoydu. Mən səbirsizliklə on dəqiqə gözlədim. Şəfqət bacısı termometri götürüb əvvəl özü baxdı, sonra mənə verdi. Otuz doqquzdan xeyli ötmüşdü. Buldozerçi hərarət barədə heç nə soruşmadı, biz də demədik.
– Siz çox zəhmət çəkdiniz, sağ olun, – deyə o mənə müraciət elədi, – uşaqlara deyin nigaran olmasınlar.
– Mən hələ qayıtmıram.
– Bu gün getmirsiniz?
– Yox.
– Nə üçün?
– Burada bir-iki günlük işim var. Hələlik, sağ olun! Səhər gələcəyəm.
Mən təkrar baş cərrahın yanına qayıdıb, hərarətin çox yüksək olduğunu söylədim. Cavan həkim gülümsədi:
– Eybi yoxdur, əlbəttə, hərarəti olacaq. Çox ağır yaradır. Bu saat tapşıraram, penisillin vurarlar.
– Hələlik, doktor, – deyib çıxdım və maşına oturub, Adilin idarəsinə getdim.
Əhvalatı ona danışıb əlavə etdim ki:
– Mən bu gün evə qayıda bilməyəcəyəm. Buldozerçini tək qoyub getmək olmaz.
– Nə üçün? Bəyəm xəstəxanada adam-zad yoxdur?
– Adam var. Ancaq mən cərrahiyyə əməliyyatının nəticəsini bilməmiş getmək istəmirəm.
O, dərindən nəfəs alaraq, mənim üzümə baxmadan:
– Yaxşı, – dedi, – nə cür istəyirsən... Ancaq harada qalacaqsan?
– Hələlik manikürçü qadıngilə gedərəm. Ya onlarda qalaram, ya da mehmanxanada. Sən get evə, narahat olma. Səhər birlikdə qayıdarıq.
Mən gözləyirdim ki, o deyəcək: «İndi gedək evə, səhər yenə gələrsən. Onsuz da mən hər gün işə gəlib-gedirəm». Lakin o belə demədi. Mən onun çox pərt olduğunu hiss edirdim.
– Hələlik, Adil! Bu gün naharı burada yeyib gedərsən.
O dinmədi.
Məni görərkən dərhal ayağa duran gənc katibənin böyründən keçib pillələri düşdüm.
Manikürçü qadının evi həmişəki kimi sərin, təmiz və səliqəli idi. Biz gilənar mürəbbəsi ilə çay içib, oradan-buradan söhbət elədik. Manikürçü qadının qızı baş cərrah Eyvazlını çox tərifləyirdi.
– Cavanlığına baxmayın. Yaman istedadlıdır. Hələ əlindən bir xata çıxmayıb, deyirlər, çox yüngül əli var.
– Görək sabah bizim buldozerçinin başına nə gətirir, – deyə mən zarafat elədim.
Axşam mən mehmanxanaya getmək istədim. Ev sahibləri buraxmadılar. Qonşudan xəstəxanaya zəng eləyib buldozerçinin vəziyyətini soruşdum. Gündüz gördüyüm şəfqət bacısı telefona gəlib cavab verdi ki:
– Vəziyyəti elə siz gördüyünüz kimidir.
– Ağrıdan şikayət eləyir?
– Heç bir şeydən şikayət eləmir. Gözünü yumub sakit uzanıb.
– Penisillin vurdunuzmu?
– Vurduq.
O gecə mən səhərə qədər Qəribi yuxuda öz buldozerinin üstündə oturub selin-suyun içində əlləşən gördüm.
Səhər manikürçünün qızı ilə birlikdə xəstəxanaya getdik. Tanış şəfqət bacısı mənə dedi ki:
– Baş cərrah sizin yaralı barəsində o biri həkimlərlə konsilium edir.
– Məgər vəziyyəti nə cürdür ki?
– Bilmirəm... – deyə şəfqət bacısı tutularaq cavab verdi.
Mən icazə-filan almadan otağa girdim. İçəridə qızğın mübahisə idi. Məni görərkən susdular.
Baş cərrah mənə ciddi bir nəzər salaraq:
– Bilirsinizmi, – dedi, – biz sizin yoldaşınızın ayağını pəncədən kəsmək qərarına gəlmişik.
– Nə üçün?
– Çünki barmaq tərəfindən qanqren başlanıb. Ayrı çarə yoxdur. Əgər gözləsək, sonra qıçını kəsmək lazım gələcək.
– Yaralı sizin qərarınızı bilirmi?
– Bilir.
– Nə deyir? Razılıq verir?
– Yox, razılıq vermir. Bu saat onun fikri ilə hesablaşmaq olmaz. Qızdırması çox yuxarıdır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ilyas-efendiyev-seriyye-3
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səhəri gün heç gözlənilmədən Bayram babam Qızılbaşoğlu Alı ilə gəldi. Babam qaçarağı və nəcib cinsdən olmağı ilə məşhur kəhər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş uzunboğaz çəkmə var idi. Babam həmişə yaxşı geyinərdi, uzun, təpəsi gen papağı ən bahalı dəridən olardı.O, atdan düşən kimi birinci mənim üzümdən öpdü və onun çallaşmış, qumral bığlarından gələn papiros iyi məndə sevincli bir hiss oyatdı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq nə Fatma nənəmlə salamlaşdı, nə də dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi əmələ gətirdi, kişilər onun başına toplaşdılar.
Möhnət qocanın söylədikləri. Qızyetərlə çoban Mahmudun əhvalatı necə nağıl oldu?..Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:– Sarıyataqlı Dəlisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmalı arvadını o ki var kötəkləyib dedi:
Muradın söylədikləriMöhnət qocanın söylədiyi bu misraların «Qızyetərlə çoban Mahmud» nağılına nə dəxli vardı? Nə üçün Möhnət qoca bu misraları heylə ürəkdən, heylə dərdli-dərdli deyirdi? Və bu sözləri söylərkən tamaşa elədiyi dağlarda nə görürdü? Kimləri görürdü? Yoxsa dağlardakı dumanda yox olub gedən cavanlığını, cavan sevgilisini görürdü?Mən birinci dəfə olaraq Möhnət qocanın və dumanlı dağların nisgilini duyurdum, amma anlaya bilmirdim ki, bu nisgil, bu qəribə kədər nədən ibarətdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd eləmirdim. Axşamlar gün batıb çıraqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.
Gödək Nisə qırx adamı bir-birinə necə qırdırdı...Güney güzdəklilər Qayaburnu bağlarından dördtəkərli öküz arabalarında hey üzüm daşıyırdılar. Qayaburnu bağları uzun yalın o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarda, demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardı və bu yerlərin arasında çağ-çəpər qoyulmamışdı. Mən də həmişə təəccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini necə tanıyır? Ancaq elə tanıyırlar ki, heç kəs kəsin bir ağacını belə səhv salmırdı. Qocaların danışdığına görə, Güney Güzdəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yəni bizim tayfaya. Əhməd xoca əslən Ərzurumdan imiş. Necə olub ki, heylə uzaq məmləkətdən gəlib çıxmışdı bura? Heç kəs bilmirdi.Yəqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.
Стихи других поэтов
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır